Böyük II Yekaterina
Spartadan qaçmış sərkərdə Pavsanidən soruşduqda ki, “Axı niyə Spartada
qalmayıb, oradan qaçdın?” sözlərinə Pavsani cavab verdi ki, “həkimlər adətən
sağlam adamın yox, xəstə adamın yanında olurlar”.
Plutarx
Həyatda bir şey çox qiymətlidir – həqiqəti qoruyub saxlamaq və ədalətli
hərəkət etmək.
Mark Avreli
Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi Böyük Pyotrun işini davam
etdirdi. Pyotr Rusiya üçün “Avropaya pəncərə” açmışdı, Yekaterina isə qapıları
taybatay açdı. Pyotr Avropanı məcbur etmişdi ki, güclü və müstəqil Rusiyanın
mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada böyük bir Avropa dövlətinə bənzər
səltənət yaratdı. Pyotr Qərb mədəniyyətini tətbiq etmək üçün qədim Rusiya
mədəniyyətini məhv etmişdi. Yekaterina isə Avropanın təsirinə məruz qalmış milli
58
mədəniyyət, həm də həqiqi rus mədəniyyəti üçün bünövrə yaratdı. Taxt-taca
yiyələndikdən bir qədər sonra II Yekaterina I Pyotra indi “Mis atlı” kimi tanınan
heykəlin qoyulmasını sifariş verdi. Postament kimi istifadə edilən nəhəng daş iki
ilə abidənin qoyuldugu meydançaya gətirildi. Heykəldə Böyük Pyotr şahə qalxmış
atın üstündə təsvir edilir, Avropaya ölkəsindən ilk dəfə qapı açan bu adam rus
xalqını da belə yüksəkliyə qaldırmaq istəyirdi. Yekaterina hesab edirdi ki, o, dahi
sələfinin işini davam etdirməlidir. Böyük Yekaterina adını qazanmış bu qadın
Böyük Pyotrun heykəli qoyulduqda, Rusiya tarixində öz rolunu dəqiq şəkildə
qiymətləndirdi – heykəlin üzərində bu sözlər nəqş olunmuşdu: “ Petro Primo
Catharina Secunda” (“Birinci Pyotra İkinci Yekaterinadan”).
Pyotr və Yekaterinanın adları əksər rusların şüurunda daim, hətta iki əsr
sonra belə birləşmiş qaydada qalmışdır. Pyotr özünə dərin ehtiram qazanmışdı,
mənşəcə alman olan Yekaterinaya isə ruslar valeh olmaqda davam edirdilər. Bu
qadın əslində hakimiyyəti uzurpasiya yolu ilə ələ keçirmişdi, əxlaqca pozğun idi,
lakin milli iftixarın mənbəyi kimi qiymətləndirilirdi. Qeyri-ruslara məxsus olan
yerlərdə isə Yekaterina çox az hallarda nəcib şəxsiyyət hesab edilirdi. Çünki onun
hökmranlığı altında Rusiya xeyli güclənmişdi və bu, digər böyük dövlətlərə
təhlükə törətmək üçün kifayət idi və o, faktiki olaraq kəskin vasitələrə məhəl
qoymayan bir hökmdar idi. Qərbin təxəyyülündə nəhəng, geridə qalmış, həm də
cəzbedici olmayan ölkəni idarə edən bir şəxsiyyət idi. Yekaterinanın bir prinsipial
şərəfi ondan ibarət idi ki, ingiltərəli I Elizabet və kraliça Viktoriya kimi öz adını
tarixin həmin dövrünə vermişdi, öz ölkəsinin inkişafında həlledici bir epoxanın
sinoniminə çevrilmişdi.
Sofiya Fridrixa Avqusta fon Anhalt-Tserbst 1729-cu ilə Ştettində anadan
olmuş, o qədər də yaxşı tanınmayan alman hökmdarının qızı idi, həm də anası
tərəfdən Holştetin hersoqlarına qohum idi. 14 yaşı olanda Böyük Pyotrun nəvəsi və
Rusiya taxt-tacında Böyük Knyaz Pyotr kimi olacaq Karl Ulrixin arvadı olmaq
üçün seçilmişdi. Yekaterina 1744-cü ildə Rusiyaya gəldi, Böyük Knyaginya
Yekaterina Alekseyevna titulunu qəbul edib sonrakı ili qohumu olan oğlana ərə
getdi. Nikah olduqca uğursuz idi. Sonrakı 18 il bu qadın üçün aldanma, alçalma və
ümidlərinin puç olması ilə dolu idi.
Rusiya həmin vaxt Böyük Pyotrun qızı, imperatriça Yelizaveta tərəfindən
idarə olunurdu, onun 20 illik hakimiyyəti monarxiyanı xeyli dərəcədə
sabitləşdirmişdi. Özünü çox sayda əyləncələrə, dəbdəbəyə və öz sarayına daha çox
Avropa sarayının zənginliyini vermək arzusuna həsr etməklə Yelizaveta
Yekaterina üçün əslində elə bil ki, hamar bir yol hazırlayırdı.
Lakin Yekaterina, əgər əri tam normal olsaydı, imperatriça ola bilməzdi. Əri
müstəsna dərəcədə əsəbi, üsyankar, küt, güman ki, impotent olmaqla, sərxoşluğa
meylli idi. O, prussiyalı II Fridrixə çox ciddi, hətta fanatik qaydada sitayiş edirdi. II
Fridrix isə imperatriça Yelizavetanın düşməni idi.
İmperatriça Yelizaveta Petrovnanın ölümü Yeddi illik müharibədə
Prussiyanın vəziyyətini yüngülləşdirdi. Rusiya Avstriya və Fransa ilə ittifaqda
Prussiyaya qarşı vuruşurdu. Yeni imperator III Pyotr isə ağır vəziyyətdə olan
Prussiyaya qarşı hərbi hərəkətləri dayandırdı və II Fridrixlə sülh müqaviləsi
59
bağladı. III Pyotrun ağılsız hərəkəti müharibənin sonunu dəyişdirdi. Fransa
Kanadada və Hindistanda Prussiyanın müttəfiqi olan Böyük Britaniyanın xeyrinə
demək olar ki, bütün müstəmləkə ərazilərini itirdi. 3 fevral 1762-ci ildə Fransa
Fontenbloda Böyük Britaniya ilə sülh bağlamağa məcbur oldu. Prussiya Avropa
dövləti kimi öz mövqeyini möhkəmləndirdi və buna görə səfeh rus imperatoruna
borclu idi.
Ərindən fərqli olaraq Yekaterina aydın düşüncəli və ambitsiyalı idi. Onun
fərasəti, xarakterinin çevik olması və Rusiyaya məhəbbəti xeyli dəstək qazanırdı.
Bu qadın alçaldılmışdı, boğaza yığılırdı və sarayda ona şübhə ilə yanaşılırdı.
O, geniş mütaliə etməkdə bir rahatlıq tapırdı və özünü bir hökmdar kimi
gələcəkdəki roluna hazırlayırdı. Azacıq gözəlliyə malik olmasına baxmayaraq,
Yekaterina xeyli lətafətə, yaxşı qabiliyyətlərə və qeyri-adi enerjiyə malik idi.
Ərinin sağlığında onun ən azı üç məşuqu var idi. Əgər bu qadının etdiyi işarələrə
inanılsaydı, onun üç uşağından heç birinin, hətta açıq varisi Pavelin də atası heç də
öz əri olmamışdı. Onun həqiqi ehtirası yalnız ambitsiyası idi. III Pyotr hökmranlıq
etməyi bacarmadığı vaxtdan o, gördü ki, ərini məhv etmək və Rusiyanı idarə etmək
üçün hətta özünün ilkin imkanları belə kifayətdir.
İmperatriça Yelizaveta 1762-ci ilin yanvarında öldü. Yelizavetanın
ölümündən sonra yeni imperator olan III Pyotr prussiyalı II Fridrixə sitayiş
qaydasında yanaşırdı və onunla ittifaq bağladı. II Fridrix isə Rusiyaya nifrətini
gizlətməyə heç bir cəhd göstərmirdi və yalnız doğma Almaniyasını sevirdi. Özünü
saysız-hesabsız ağılsız hərəkətlərlə biabır edən Pyotr həmçinin arvadından
uzaqlaşmağa hazırlaşırdı. Yekaterina yalnız zərbə endirməli idi. O, ordunun,
xüsusən Sankt-Peterburqda olan polkların dəstəyinə malik idi, burada onun
məşuqu Qriqori Orlov öz postunu yerləşdirmişdi.
Saray, hər iki paytaxtdakı – Moskva və Sankt-Peterburqdakı ictimai rəy də
Yekaterinanın tərəfində idi. O, kübar cəmiyyətinin “maariflənmiş” elementləri
tərəfindən dəstəklənirdi. O vaxtdan qadın öz liberal görüşlərinə görə tanınırdı və
Rusiyada ona ən mədəni şəxslərdən biri kimi vurulmuşdular.
Qvardiya zabitlərinə arxalanan III Pyotrun arvadı II Yekaterina 1762-ci ildə
onu taxt-tacdan devirdi. Qəsdin uğuru III Pyotrun siyasətindən, xüsusən Prussiya
ilə sülh bağlanmasından və onun Yeddi illik müharibədəki keçmiş müttəfiqlərə
qarşı çıxış etməsindən yaranan narazılıqdan qidalanmışdı. O, həm də pravoslav
kilsəsini protestant qaydasında islahata uğratmaq istəyirdi. Böyük II Yekaterinanın
hökmranlığı 34 il davam etdi və bu Rusiya imperiyasının tarixində “qızıl era” oldu.
Mütləqiyyət hakimiyyətini möhkəmləndirən Yekaterina həm də “maariflənmiş
absolyutizm” ruhunda iri islahatlar apardı. Onun dövründə Rusiya dövlətinin
ərazisi xeyli genişləndi.
9 iyul 1762-ci ildə Yekaterina başçılıq etdiyi polklarla hakimiyyəti götürmək
naminə Sankt-Peterburqa girdi, özünü imperatriça və Qazan kilsəsinin avtokratı
elan etdi. III Pyotr devrildi və səkkiz gün sonra öldürüldü. Güman ki, Yekaterina
onu öldürmək barədə göstəriş verməmişdi, bu işi onu dəstəkləyənlər görmüşdülər.
İctimai rəy isə buna görə qadını cavabdeh hesab edirdi.
60
Böyük Pyotrun altı varisi saray mühafizəçilərinin toruna düşmüşdü, bu
altıdan axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina Rusiyanı öyrənmişdi
və mühafizəçilərin rəğbətini qazanmışdı. Pyotr kübar fraksiyası tərəfindən
öldürülmüşdü. Böyük II Yekaterina bütün Rusiyanın avtokratı kimi meydana çıxdı.
1762-ci ilin sentyabrında Yekaterinaya tac qoyuldu, Moskvada böyük
mərasim keçirildi, bu şəhər çarların qədim paytaxtı idi. O, hökmranlığını 1796-cı
ilədək II Yekaterina titulu altında Rusiya imperatriçası kimi davam etdirdi.
Yekaterina, fərdi zəifliyinə baxmayaraq, bütün hökmdarlardan yuxarıda
dayanırdı. Qəbul etdiyi ölkəyə özünü bütünlüklə həsr etməklə o, Rusiyanı
çiçəklənən və qüdrətli dövlət etmək məqsədini güdürdü. Rusiyada olduğu ilk
günlərdən o, qayda-qanunlu və ədalətli idarəetməni qurmağı arzu etmişdi. Maarifi
genişləndirmək, Versala rəqib olan saray yaratmaq, Fransa modelinin təqlidindən
yuxarıda dayanan bir milli mədəniyyəti inkişaf etdirmək istəyirdi. Onun
əvvəlcədən olan layihələri icra edilmək üçün o qədər çox idi ki, hətta əgər o, bütün
diqqətini onlara versəydi də, onları tam əhatə edə bilməzdi.
Onun praktiki cəhətdən ən təzyiq göstərən problemi dövlət xəzinəsini
yenidən doldurmaq idi, axı Yelizaveta öləndə xəzinə boş idi. 1762-ci ildə o,
ruhanilərin mülkiyyətini dünyəviləşdirdi, onlar Rusiyadakı torpaqların və
təhkimçilərin üçdə birinə sahib idilər. Rusiya ruhaniliyi dövlətin maaş verdiyi
funksionerlər qrupuna endirildi, onlar Böyük Pyotrun islahatları ilə aldıqları azacıq
qüdrəti də itirdilər.
Yekaterinaya qarşı yönələn dövlət çevrilişinə görə və III Pyotrun şübhəli
ölümündən sonra digər xalqlarla olan işlərdə ehtiyatlılıq və ölkədə sabitliyi
bərqərar etmək tələb olunurdu. O, Rusiyanın köhnə düşməni Prussiya ilə, həmçinin
ənənəvi müttəfiqləri olan Fransa və Avstriya kimi dövlətlərlə dostcasına
münasibəti davam etdirirdi. 1764-cü ildə o, Polşa ilə problemi müəyyən qədər həll
etdi. Krallığın dəqiq sərhədləri itirilməklə, üç qonşu dövlət onun ərazilərini ələ
keçirməyə can atırdı. Yekaterina öz köhnə məşuqlarından biri olan Stanislav
Ponyatovskini Polşaya kral edə bildi. Bu zəif adam bütünlüklə özünü yalnız həmin
qadına həsr etmişdi.
1772-ci ildə isə Polşanın ilk bölünməsi baş verdi. Rusiya, Avstriya və
Prussiya Pospolita Reçinin ərazisinin bir hissəsini öz aralarında böldülər. Prussiya
Qərbi Pomeraniyanın böyük hissəsini və Böyük Polşanın bir hissəsini, Avstriya
Qərbi Qalisiyanı, Polşa Sileziyasını aldı, Rusiyaya isə Şərqi Belorusiya və
Livoniyanın Polşaya məxsus hissəsi keçdi. Polşanın sonrakı bölünmələri isə 1793-
cü və 1795-ci illərdə baş verdi.
Yekaterinanın islahat sahəsindəki cəhdləri məmnunluq əmələ gətirmək
səviyyəsində deyildi. İngilis və fransız liberal filosoflarının şagirdi kimi o, tezliklə
yəqin etdi ki, Monteskyenin və Jan Jak Russonun təbliğ etdikləri islahatlar Avropa
təcrübəsində kifayət qədər çətin olduğu halda, anarxiyadan əziyyət çəkən və geridə
qalmış Rusiya reallığına bütünlüklə yaramır. 1767-ci ildə o, bütün əyalətlərdən
olan nümayəndələrdən yaradılmış komissiyanı topladı, bura bütün siniflərdən
(təhkimçilər istisna olmaqla) olan adamlar daxil idi. Məqsəd xalqın həqiqi
arzularını öyrənmək və onları konstitusiyada əks etdirmək idi. Müzakirələr bir aya
61
qədər çəkdi və heç nəyə nail olmadı. Yekaterinanın komissiyaya Təlimatı
Konstitusiya layihəsindən və qanunlar məcəlləsindən ibarət idi. Bu, Fransada
ictimaiyyət üçün çox liberal hesab edilə bilərdi, Rusiyada isə ölü yazı kimi qaldı.
İslahat barədə öz cəhdlərinin uğursuzluğunu görən Yekaterina öz siyasətini
dəyişmək üçün Türkiyə ilə müharibə bəhanəsindən yapışdı. Böyük Pyotrun
hökmranlığı dövründən Osmanlı imperiyası Rusiyanın ənənəvi düşməni idi.
Yekaterinanın təbəələrində müharibə qızğın vətənpərvərlik hissləri alovlandırırdı.
İlk hərbi qələbə də onu sevindirməyə bilməzdi. 1770-ci ildə qraf
A.Q.Orlovun komandanlıq etdiyi rus donanması Qərbi Anatoliya sahilinə
yaxınlıqdakı Çesmen buxtasına (Xios adası yanında) türk donanmasını darmadağın
etdi.
Çesmendəki qələbə imperatriçaya hərbi şərəf gətirsə də, Türkiyə hələ də
məğlub olmamışdı və vuruşmaqda davam edirdi. Bu nöqteyi-nəzərdən Rusiya
əvvəlcədən düşünülməmiş çətinliklərlə üzləşdi.
Birincisi, Moskvada dəhşətli taun xəstəliyi yayıldı. Müharibənin gətirdiyi
çətinliklərlə yanaşı, həm də özündən bir bədgümanlıq və kütləvi təşviqat ab-havası
yaratdı. İmperator III Pyotru öldürdüklərini iddia edən Don kazaklarının Rusiyada
1917-ci il inqilabına qədər olan tarixdə ən böyük üsyanı baş verdi. Ural regionunda
başlanan hərəkat tezliklə geniş cənubi-şərq əyalətlərinə yayıldı və 1774-cü ilin
iyununda Puqaçovun kazak qoşunları Moskvaya hücum etməyə hazırlaşırdı. Bu
nöqteyi-nəzərdən Türkiyə ilə müharibə Rusiyanın qələbəsi ilə başa çatdı və
Yekaterina öz zədə almış qoşunlarını üsyanı yatırmağa göndərdi. Məğlub olan və
əsir götürülən Puqaçov 1775-ci ilə edam edildi. Terror və xaos isə tezliklə
unudulmadı. Yekaterina bu vaxt başa düşdü ki, xalqa yazığı gəlməkdənsə, xalqın
hakimiyyətdən daha çox qorxması yaxşıdır, onları azad etməkdənsə, o, təbəələrinin
qandallarını bərkitməlidir.
Hakimiyyətə yüksəlməmişdən əvvəl Yekaterina təhkimçiləri azad etməyi
planlaşdırırdı, iqtisadiyyatın, kənd təsərrüfatının isə 95 faizi onlara əsaslanırdı.
Təhkimçi öz ağasının mülkiyyəti idi, kübarların taleyi onların sahib olduğu
torpaqla deyil, “canla” müəyyən olunurdu. Hakimiyyətin reallığı ilə ziddiyyət
yarandıqda Yekaterina tezliklə gördü ki, təhkimçilərin azad olması heç vaxt onların
sahibləri tərəfindən dözümlülüklə qarşılanmayacaqdır, axı onlar dəstək üçün bu
sahiblərdən asılı idilər. Kim ölkəni qaydasızlıq şəraitinə atsa, kömək adlanan şeyi
bir dəfəlik itirəcəkdir. Yekaterina çətinlik hiss etmədən özünü qaçılmaz şərlə
barışdırdı, öz diqqətini mütəşəkkil və möhkəmlənən sistemə verdi. Bu sistemi o,
qeyri-bəşərililiyinə görə məhkum edirdi. O, ukraynalılar üzərinə də təhkimçilik
qoydu, həmin vaxta qədər onlar azad idilər. Tac torpaqları adlanan torpaqları öz
favoritləri və nazirləri arasında böldü. O, müəyyən dərəcədə muxtariyyətdən
istifadə edən çox sayda kəndlilərin vəziyyətini ağırlaşdırdı.
Onun hökmranlığının sonunda Rusiyada az sayda azad kəndli var idi,
təhkimçi kəndlilərin üzərindəki daha ardıcıl nəzarət hesabına onların vəziyyəti
Yekaterinanın idarəçiliyinə qədər olan dövrə nisbətən daha pis idi.
Rusiya əhalisinin 95 faizi Yekaterina hökmranlığının nailiyyətlərindən
birbaşa heç bir vəchlə fayda götürmədi. Çox hallarda onların məcburi əməyi
62
nəhəng xərcləri maliyyələşdirirdi. Bunlar isə böyüyən iqtisadiyyat, hərbi işlər,
mədəni layihələr üçün tələb olunurdu. Bu məsələdə o, özünü yaxşı inzibatçı kimi
göstərirdi və iddia edə bilərdi ki, xalqın axıtdığı qan və tər heç də əbəs deyildir.
1783-cü ildə Krımın Rusiya imperiyasının tərkibinə daxil olması barədə
imperatriça II Yekaterinanın manifesti yarımadaya sahib olmaq uğrunda Rusiya və
Osmanlı imperiyalarının uzun müddət davam edən rəqabətinə son qoydu. 21 iyul
1774-cü ildə Rusiya və Türkiyə arasında bağlanmış Küçük-Kaynarçı sülhünə görə
Rusiya Krım ərazisindəki bir neçə qalanı aldı. Krım artıq Osmanlı imperiyasının
vassalı deyildi. Lakin türklər öz əlaltılarının Krım xanı elan edilməsinə nail
oldular. Rusiya hökuməti Krıma qoşun yeritdi və xan taxtına öz namizədi olan
Şahin-Gireyi oturtdu. Krım faktiki olaraq Rusiya taxt-tacının hakimiyyətinə keçdi,
Osmanlı imperiyası Qara dənizin şimal sahilindəki öz strateji platsdarmından
məhrum oldu. Rusiya imperiyasının mərkəzi quberniyalarından köçürülmüş
ailələrlə Krımın məskunlaşdırılmasına başlandı.
Rusiya Türkiyəni məğlub edən 1774-cü ildə, müharibədə xüsusilə
fərqlənmiş Qriqori Potyomkin Yekaterinanın məşuquna çevrildi və kiçik
kübarlığın bu qulluqçusunun parlaq karyerası başlandı. Onun fərasəti və
qabiliyyətləri ambitsiyalarına tam uyğun gəlirdi. O, Yekaterinanın yeganə
favoritlərindən biri kimi geniş siyasi rol oynayacaqdı. Adəti üzrə imperatriça
biznesi həzz məsələlərinə qatmırdı, o, nazirlərini, demək olar ki, həmişə
qabiliyyətlərinə görə seçirdi. Potyomkində isə o, qeyri-adi bir adam tapdığına əmin
idi. Onu sevə və ona hörmət edə bilirdi, onunla hətta öz hakimiyyətini də
bölüşdürürdü. Nazir kimi o, qeyri-məhdud səlahiyyətlərə malik idi, onların iki il
davam edən eşq macəraları başa çatdıqdan sonra da, Yekaterina hökmranlığının
qeyri-adi dəbdəbəsi üçün Potyomkinə də müəyyən etimadın bir hissəsi verilməli
idi.
Qriqori Aleksandroviç Potyomkin 1791-ci ildə öldü. O, Krımın Rusiyaya
birləşdirilməsi planının hazırlanması və həyata keçirilməsinin təşəbbüsçülərindən
biri idi, buna görə “Tavriyanın şöhrətli knyazı” titulunu almışdı. Yeni qalalar və
limanlar salmışdı, bunlara Xerson, Sevastopol, Yekaterinoslav daxil idi. Qara
dənizdə hərbi və ticarət donanmasının qurulmasına rəhbərlik etmişdi.
İmperatriçanın Potyomkin ölənə qədər ona münasibəti dəyişilmədi, bərabər
olaraq qaldı. Onlar bir-birilərini tamamlayır və başa düşürdülər. Ambitsiyalı nazir
öz hökmdarına ehtiramını onun mənafelərinə özünü bütünlüklə həsr etməsi ilə
ifadə edirdi. Təkcə 1783-cü ildə Krımın türklərdən alınıb Rusiyaya anneksiya
edilməsinin baş müəllifi kimi Potyomkinin işi ölkənin ərazisini Qafqaz dağlarından
Cənubi-Qərbi Rusiyadakı Buq çayına qədər genişləndirdi. Rusiya Qara dənizin
şimal sahilini əlinə keçirdi və elə mövqedə idi ki, Osmanlı imperiyasının
mövcudluğuna təhlükə törədə bilər, Aralıq dənizində özünə dayaq nöqtəsi qurmaq
imkanına sahib olardı.
Yekaterina həmçinin Avstriya ilə ittifaqı bərpa etmək yollarını arayırdı.
Avstriya Türkiyənin qonşusu və düşməni idi. Prussiya və İngiltərə ilə ittifaqını
bəyan etmişdi, onlar isə Rusiyanın ambitsiyalarından təşvişə düşürdülər. Həm də
Yekaterinanın hökmranlığı ərzində ölkə Avropa müharibəsinə cəlb edilmədi, çünki
63
imperatriça bir sıra Qərbi Avropa millətləri ilə ciddi-cəhdlə bağlanan ərazi
razılaşmalarına sadiq olaraq qalırdı.
Yekaterinanın şöhrəti 1787-ci ildə Potyomkin tərəfindən təşkil edilmiş
Krıma səyahət vaxtı öz kulminasiya nöqtəsinə çatdı. “Min bir gecə”
nağıllarındakına bənzər bayram atmosferində imperatriça ölkəni dolandı ki, yeni
əyalətləri öz mülkiyyətinə götürsün. Avstriya imperatoru, Polşa kralı və saysız-
hesabsız diplomatlar onu şərəfləndirməyə və Kidn çayındakı “Kleopatra
donanması” kimi məşhurlaşan bu təmtəraqdan həzz almağa gəlmişdilər. Çünki
Yekaterina və onun sarayı müəyyən qədər su ilə hərəkət etdi. Öz adını daşıyan
şəhəri müqəddəslik haləsində təqdis etdi və elan etdi ki, bütövlükdə o,
Konstantinopola çatmaq niyyətindədir.
Avropanın bütün tac gəzdirən başları kimi Yekaterina Fransız inqilabından
ciddi surətdə qorxu hiss etdi. Krallığın ilahi hüququ və kübarlıq sərt sual qarşısında
cavab verməli olmuşdu və baxmayaraq ki, Yekaterina “maarifçiliyin dostu” idi,
lakin özünün imtiyazlarının məhdudlaşdırılması barədə onun heç bir niyyəti yox
idi: “Mən kübaram, bu mənim sənətimdir”. 1790-cı ildə yazıçı A.N.Radişşev
təhkimçiliyin sui-istifadələrini açıq tənqid edən əsərini çap etdirməyə cəhd etdikdə,
ölümə məhkum edildi, sonra bağışlansa da, sürgünə göndərildi. İstehza orasında idi
ki, Radişşev ideyalarını Yekaterinanın 1767-ci ildəki Təlimatına çox yaxın bir
şəkildə ifadə etmişdi. 1767-ci ildəki Təlimatında o, təhkimçilik institutu, işgəncə
və ağır cəza məsələlərinə toxunurdu, qanun qarşısında bütün adamların bərabərlik
prinsipini müdafiə edirdi. Lakin bir il yarım davam edən danışıqlar çox az real
dəyişikliklər əmələ gətirdi.
Polşa da Fransanın nümunəsindən fərəhlənərək, liberal konstitusiya üçün
təşviqat aparmağa başladı. 1792-ci ildə inqilab təhlükəsi bəhanəsi ilə Yekaterina
qoşunları göndərib sonrakı ili Qərbi Ukraynanın əksər hissəsini anneksiya etdi,
Prussiya da Qərbi Polşanın böyük ərazisini tutmaqla öz məsələsini həll etdi. 1794-
cü ildə Tadeuş Kostyuşkonun başçılıq etdiyi milli üsyan qalxdı, Yekaterina Polşanı
Avropanın xəritəsindən, onu Rusiya, Prussiya və Avstriya arasında 1795-ci ildə
bütünlüklə bölməklə sildi.
Yekaterinanın son illəri XVI Luinin edam edilməsi ilə narahatlıq çalarına
büründü. İnqilabi ordular irəli gedir, radikal ideyalar yayılırdı. İmperatriça belə bir
fikirə gəldi ki, onun yararlı varisi yoxdur. O, hesab edirdi ki, oğlu Pavel səriştəsiz
və tarazlığı pozulmuş bir adamdır. Onun nəvəsi Aleksandr isə hökmdarlıq üçün
çox cavan idi. 17 noyabr 1796-cı ildə Yekaterina Sankt-Peterburqda zərbə
vurmasından öldü.
Yekaterinanın hökmranlığının sonunda Rusiya qərbə və cənuba tərəf öz
ərazisini 200 min kvadrat mil genişləndirdi. Rusiya hökmdarlarının Bosfor
boğazını (bu Qara dənizi Egey dənizi ilə birləşdirirdi) ələ keçirmək barədəki qədim
arzuları bu vaxt cazibədar bir məqsədə çevrilmişdi. Öz idarəçiliyinin sonunda
Yekaterina iddia edirdi ki, o, 29 əyaləti öz inzibati islahat planı hesabına yenidən
qurmuşdur. O, bir çox layihələrə investisiyalar qoymuşdu. Yüzdən çox yeni şəhər
salınmışdı. Köhnə şəhərlər genişləndirilmiş və müasirləşmişdi. İstehlak üçün
mallar istehsalına başlanmışdı, ticarət genişlənmiş və kommunikasiyalar inkişaf
64
etdirilmişdi. Bu nailiyyətlər hərbi qələbələri və onun parlaq sarayının şöhrəti ilə
birlikdə, axırıncıya Avropanın böyük zəkaları cəlb olunurdu, ona tarixdə ehtiram
olunan bir yer bəxş etdi. Təsadüfən deyildir ki, Volter öz rus tanışlarından birinə
yazdığı məktubda II Yekaterinanı “şimal ulduzu” adlandırmışdı və əlavə edirdi ki,
“Mən yalnız üç şeyə: azadlığa, dözümlülüyə və sizin imperatriçanıza pərəstiş
edirəm”.
Yekaterina isə öz növbəsində böyük filosofa ehtiramını ifadə edirdi: “1746-
cı ildən mən sizə olan böyük bir borcun altındayam. Ondan əvvəlki dövrdə mən
romanlardan başqa heç nə oxumamışdım, lakin sizin əsərləriniz təsadüfən mənim
əlimə düşəndən onları oxumağı heç vaxt dayandırmadım və sizə nisbətən pis və az
təlimat verən kitabları bir daha arzulamadım”.
Rusiya imperatriçası Deni Didronu ölkəsinə dəvət etdi və gəlib çıxanda ona
təlqin etdi ki, “adamla adam kimi” mülayim qaydada danışaq. Didro bunu etdi və
uzağa gedən siyasi və maliyyə islahatları barədə məsləhətlər verdi. Lakin
Yekaterinanın maarifçilik islahatı bədbincəsinə qarşılanırdı. O, Didroya deyirdi:
“Əgər mən inansam ki, hər şey mənim səltənətimdə aşağı tərəfə dönəcək:
qanunvericilik, inzibatçılıq, maliyyə - bunların hamısı baş-ayaq olacaq, onda
onların hamısı praktiki olmayan nəzəriyyələrə ev qurmağa çevriləcəkdir”.
Maarifçilik islahatı Yekaterina üçün reallıqdan daha çox bir arzu olaraq qaldı. Ona
görə də daha böyük qüdrət və daha çox əhəmiyyətə sahib olmaq üçün müharibələr
aparmağa başladı.
Yekaterinanın tənqidçiləri onun enerjisini və inzibati qabiliyyətini etiraf
etməklə yanaşı, hökmranlığının nailiyyətləri üçün onun öz tərəfdarlarına borclu
olduğunu iddia edirlər. Rusiya cəmiyyətinin tarixi inkişafı isə imperatriçanın
xidməti idi. Onlar Yekaterinanı qadın kimi mühakimə etdikdə isə, onunla olduqca
sərt davranırdılar.
Onun şəxsi həyatı, etiraf edildiyi kimi, heç də nümunəvi deyildi. O, 67
yaşında gözlənilməyən ölüm anına qədər gənc məşuqlara malik idi. Potyomkinlə
sevişməsi başa çatdıqdan sonra o, bəlkə də imperatriçanın morqanatik əri idi, rəsmi
favoritlər ən azı bir düjin dəfə dəyişilmişdi. O, qəşəng, elə bir əhəmiyyəti olmayan
gənc oğlanları seçirdi, onlar birinin dediyi kimi, yalnız “qızlar saxlayırdılar”. Ona
görə də, çox vaxt onun böyük işləri əvəzinə qüsurlu əxlaqı yada salınır. Latın
aforizmində deyilirdi: “Ağıllı adam öz meyllərini idarə edir, səfeh adam isə onun
köləliyində olur”. Yekaterinanı səfeh adam adlandırmaq ədalətsiz olardı.
İmperatriça məhəbbət anlarını yaşamaqla yanaşı saysız-hesabsız əyləncələri
sevirdi, lakin onlar bu qadını başqalarından ayırırdı. O, öz oğlu Paveli sevmirdi, bu
adam isə qanuni varis idi və ana onun taxt-tacını tutmuşdu. Digər tərəfdən o, öz
nəvələrinin vurğunu idi, xüsusən də böyük nəvəsi Aleksandrın. Yekaterina istəyirdi
ki, məhz bu nəvəsi onu taxt-tacda əvəz etsin. Dostluğunda o, loyal və əliaçıq idi,
adətən öz düşmənlərinə rəhmdillik göstərirdi. Bu sahədə “ clementia”nı –
“rəhmdilliyi” öz həyat devizi etmiş Qay Yuli Sezara bənzəyirdi. Avropanın ən
görkəmli zəkaları isə onun barəsində bütövlükdə şişirdilmiş təriflər söyləyirdilər.
Volterin və Didronun dostu olmaqla, o, bu filosoflarla məktublaşırdı. O,
ədəbiyyatın himayəçisi və Rusiya mədəniyyətini irəli aparan idi. O, özü də yazırdı,
65
elmləri təqdir edirdi, məktəblər yaradırdı. Rəssamlıq nümunələrini toplayırdı, özü
də hər şeyə ehtirasla yanaşırdı.
Yekaterinanın tam açıq şəkildə memuarlarını və məktublarını oxuduqca, biz
canlı və hər şeyə nüfuz edən bir ağılı müşahidə edirik. O, özünün maarifçilik
prinsiplərini və Rusiyanın kədərli feodal gerçəkliyini müəyyən mütənasibliyə
gətirməyə və barışdırmağa çalışır. II Yekaterina tikirdi, fəth edirdi, ölkəni islahata
uğradır və onun həyatını təşkil edirdi, qururdu. Bu məsələlərdə o, heç də orijinal
nümunə ola bilməzdi, çünki XVIII əsrin bütün böyük monarxları özlərini belə
aparırdılar.
I Pyotrun vəfatından 18 il sonra Avropanın bu qızının Rusiyaya gəlməsini,
o, özü çarın sivilizasiyaya və böyüklüyə doğru hərəkətinin davamı kimi hesab
edirdi. Naməlum ölkəyə yollanan və imperator hissiyyatı ilə, ağalıq ambitsiyaları
və Prussiya kralının intriqaları ilə cuşə gələn bu yeniyetmə qız böyük macəralar
yoluna qədəm qoymuşdu.
Yekaterina məhəbbəti lazım olan yerlərdə axtarmırdı. “Özüm haqqında deyə
bilərəm ki, qadın ağlı ilə deyil, məhz daha çox kişi ağlı ilə fərqlənən həqiqi
centlmenəm”. O, Potyomkinə yazmışdı: “Bəla orasındadır ki, ürəyim bir saat da
olsun sevgisiz yaşamaq istəmir. Məni həmişəlik öz yanında saxlamaq istəyirsənsə,
onda bərabər dərəcədə öz sevgini və dostluğunu göstər, hər şeydən daha çox yalnız
məni sev və mənə həqiqəti de”.
Rusiyada baş çıxarmaq, onu idarə etmək asan məsələ deyildi. Yenicə
dünyaya gəlmiş ABŞ kimi Rusiya da quldarlıq ölkəsi idi. Rus tarixçilərindən fərqli
olaraq Qərb tarixçiləri, Qərb ictimaiyyəti təhkimçiliyi quldarlığın bir növü hesab
edirlər. İngiltərə bu kölə sistemindən hələ XIV əsrdə uzaqlaşmışdı. Bu ona görə
quldarlıq hesab olunur ki, təhkimçilik quruluşunda təhkimçi kəndlilər özəl
mülkiyyət hesab olunmaqla, onu satmaq və almaq olardı.
Amerikanın bani-ataları kimi, Yekaterina tezliklə Maarifçilik epoxasına
özünün entuziazmı ilə quldarlıq arasındakı paradoksla barışmaq məcburiyyətində
qaldı. O, Volterlə və Avropa maarifçiliyinin digər nəhəngləri ilə yarım açıq
yazışmasında insan haqları məsələsini müzakirə edirdi. Bu yazışma da ictimai
intellektin və diplomatiyanın incisinə çevrildi. Fransız ensiklopedisti Deni Didro
bir neçə ay Sankt-Peterburqda Yekaterinanın qonağı olmuşdu, həm də imperatriça
Didronun kitabxanasını almışdı. O, həmin dövrdə Avropada satışa çıxarılan köhnə
dahi rəssamların kolleksiyalarının bir hissəsini almaqla avropalılara göstərdi ki,
“Şərqdə qardan və canavarlardan başqa da nəsə vardır”.
Yekaterinanın şəxsi həyatının mürəkkəbliyi ucbatından onu tarixçilər daha
çox qınayırlar. Yekaterinanın bütün ömrü boyu 12 məşuqu olmuşdur. Onlardan
bəziləri ilə o, uzun müddətli, ehtiraslı və tam sədaqətə əsaslanan münasibət
saxlayırdı. Onlardan bəziləri dahi şəxsiyyətlər idi. Məsələn, Qriqori Orlov
Yekaterinaya ağlı taraz olmayan əri III Pyotru devirib, öldürməkdə kömək etmişdi.
Digəri, Qriqori Potyomkin Rusiyanın cənubunda türklərdən nəhəng ərazilər
almışdı. II Yekaterina öz məşuqu Potyomkini “epoxanın ən böyük orijinalı”
adlandırırdı. Onun digər məşuqları yaxşı görünüşü olan gənc kişilər idi, lakin bu
münasibətlər uzun sürmürdü.
66
Ancaq Yekaterina epoxasında hər bir şəxsi iş də siyasət hesab olunurdu, bu
qadın da öz məşuqlarından çoxu ilə intim əlaqələri kəsildikdən sonra da onlardan
istifadə etməsini davam etdirirdi. Onlardan biri olan Stanislav Ponyatovskini
Polşanın kralı etdi və məhz onun vaxtında polyakın doğma vətəni parçalandı, sonra
isə Rusiya imperiyasının tərkibində əridi.
Lakin belə seriya şəkilli təknikahlılıq heç də Yekaterinanın hissiyyatı ilə
izah olunmur. O, sevmək və sevilmək istəyirdi. O, iyrənc əri ilə emosional
vakuumda yaşayırdı. Potyomkinə yazdığı məktubdan görünür ki, ona təkcə fiziki
məmnuniyyət deyil, həm də ağıllı və sevilən dostluq ünsiyyəti lazımdır. O, 16 yaşı
olanda psixi vəziyyəti ümid doğurmayan yeniyetməyə ərə getmişdi və bu ər
doqquz il ərzində nikah çarpayısında ona toxunmamışdı. Sonralar Fransa kralı
olmuş XVI Lui də gənc arvadı Mariya Antuanetta ilə yeddi il ərzində intim
yaxınlıq etməmişdi, bu onun cinsi orqanındakı fəsadla əlaqədar idi və yalnız qaynı,
gələcək Müqəddəs Roma imperatoru II İosifin təkidindən sonra üzərində
cərrahiyyə əməliyyatı aparılmasına, əslində özünə sünnət olunmasına razılıq
verdikdən və əməliyyat uğurla başa çatdıqdan sonra gözəl xanımı ilə əsl ər-arvad
münasibətləri saxlaya bilmişdi.
Yekaterinanın üç uşağını elə doğum anında qarayaxa və qısqanc ögey nənə
olan Rusiya imperatriçası Yelizaveta onun əlindən almışdı. Yaşa dolduqca o,
gənclik fəvvarəsini axtarmağa maraq göstərmişdi. O, özünü gənc qadın kimi
aparmaq istəyirdi, bunu ehtirasla və cavan kişilərə uymaqla eyniləşdirirdi.
Yekaterina təkcə Rusiyanın tiranı deyildi, həm də canı və qanı olan bir qadın idi.
Bir imperatriça kimi isə o, öz ölkəsinin sərhədlərini genişləndirməyə can atır
və buna əsasən nail olurdu. Bu məsələdə də o, Böyük Pyotrun ləyaqətli varisi
olduğunu bir daha sübuta yetirdi.
Dostları ilə paylaş: |