Uinston Çörçill
Anaksandriddən soruşduqda ki, niyə spartalılar müharibədə təhlükədən
qorxmurlar, o, dedi: “Səbəb orasındadır ki, biz həyata hörmət edirik, lakin
başqaları kimi ona görə qorxmuruq”.
Plutarx
Yüksəkliklər ildırımı özünə çəkir.
Metsenat
Uinston Çörçill müəllif, natiq və dövlət xadimi olmaqla 1940-cı ildən 1945-
ci ilədək müharibə dövründə baş nazir kimi Britaniyanı məğlubiyyət həddindən
qələbəyə gətirib çıxarmışdı. Çoxları məğlubiyyətin qaçılmaz olduğunu düşündüyü
bir vaxtda bu müdrik və cəsarətli insan nəticədə qələbə çalacaqlarına ümidini bir
an da itirməmiş, İkinci Dünya müharibəsində faşistlər üzərindəki zəfərin
müəlliflərindən biri olmuşdu. 2002-ci ildə Bi-bi-si kompaniyasının apardığı rəy
sorğusuna görə Uinston Çörçill tarixdə ən böyük britaniyalı adlandırılmışdır.
Birinci Dünya müharibəsindən əvvəl sensasiyalı qaydada həyatda görkəmli
rol oynamağa cəhd etməklə, müharibənin özündə və ondan sonrakı on illikdə
qeyri-sabit mühakimə yürüdən bir şəxs şöhrəti qazanmışdı. Nəticədə siyasi
cəhətdən şübhəli olduğu güman edildiyindən o, 1930-vu illərdə tənha şəxsiyyətə
çevrilmişdi. Bu, Adolf Hitlerin bütün dünyaya ünvanlanmış çağırışına qədər davam
etdi və onu 1940-cı ildə milli koalisiyanın liderliyinə aparıb çıxardı. Franklin
Delano Ruzvelt və İosif Vissarionoviç Stalinlə birlikdə o, II Dünya müharibəsində
müttəfiqlərin strategiyasını işləyib hazırladı. Müttəfiqlik pozulduqdan sonra o,
Sovet İttifaqının ekspansionist xarakterli təhlükələrinə görə Qərbi dəyişdirməyə
86
girişdi. O, Mühafizəkarlar partiyasını 1951-ci ildə yenidən hakimiyyətə qaytardı və
1955-ci ilə qədər baş nazir oldu. Bu vaxt isə xəstəlik ucbatından istefa verməyə
məcbur oldu.
Çörçill 30 noyabr 1874-cü ildə Oksfordşirdə Blenheym sarayında müvafiq
doğum vaxtından bir qədər əvvəl anadan olmuşdu. Onun damarlarında ingilis
dilində danışan iki xalqın qanı axırdı, sülh və müharibə dövründə onların birliyinin
inkişafı bu siyasətçinin daimi niyyəti kimi özünü göstərəcəkdi. Atası lord Randolf
Çörçill, meteor timsallı tori siyasətçisi olmaqla, birbaşa I Malboro hersoqu Con
Çörçillin törəməsi idi. Axırıncı isə XVIII əsrin əvvəllərində Fransa kralı XIV
Luiyə qarşı müharibədə parlaq qələbələr çalmış, onları yalnız yüz il sonra
Napoleonun hərbi uğurları ilə müqayisə etmək olardı, ona görə də həmin
müharibənin qəhrəmanına çevrilmişdi. Onun anası Cenni Cerom Nyu-York
maliyyəçisi və at qaçışı həvəskarı Leonard Y.Hersinun qızı idi.
Gənc Çörçill bədbəxtliklərdən də keçmişdi və kədərli, həmçinin laqeydliklə
üzləşmiş uşaqlığa malik olmuşdu, yalnız sevimli dayəsi xanım Everestin təsiri ilə
xilas ola bilmişdi. O, daha az nüfuzlu olan Herrou məktəbinə daxil oldu, burada
onun təhsildə nəzərə çarpan nöqsanları atasının uşağı ordu karyerasına yönəltmək
barədəki qərarına haqq qazandırırdı. Yalnız üçüncü cəhddən sonra o, Sand-Horst
royal hərbi kollecinə qəbul imtahanlarından keçə bildi və təhsil illərində 130 tələbə
arasında 20-ci dərəcəyə yüksəldi.
1895-ci ildə atasının faciəli ölümü ilində o, orduda xidmətə daxil oldu. İlk
öncə onun fəaliyyəti Kubada başladı, buradan o, iki ay ərzində Kubanın İspaniya
ağalığından azad olub, müstəqilliyə nail olmaq uğrundakı mübarizəsi barədə qəzetə
məqalələr verirdi. 1896-cı ildə onun polku Hindistana yollandı, burada o, şimali-
qərb sərhədində əsgər və jurnalist kimi xidmət etdi. Hindistanın şimali-qərbindəki
dağlıq Malakand vilayətində puştun tayfalarının üsyanı yatırdılarkən (1897-ci il) o,
hər iki tərəfin qəddarlığının şahidi oldu. “Malakand cəbhə qüvvəsinin əhvalatı”
kimi yazısını genişləndirməklə, oranı tərk etməsi onun müəllif karyerasının
başlanğıcı kimi diqqəti geniş cəlb etdi. O, bu işini bütün ömrü boyu davam etdirdi.
1898-ci ildə o, “Savarola” əsərini yazdı, bu, puritan romanı idi, baş qəhrəman
Savarola obrazında özünü təsvir edir. Sonra lord Kitçenerin Nil ekspedisiya
qüvvələrinə qoşuldu, yenə də həm əsgər, həm də müxbir rolunda çıxış etdi. “Çay
müharibəsi” isə Sudanda aparılan kampaniyanı parlaq şəkildə təsvir edirdi.
Sandhörstdən sonrakı beş il Çörçillin maraqlarının genişləndiyini və kamala
çatdığını göstərdi. Hindistandakı darıxdırıcı həyat onu cana doydururdu, lakin
əyləncə üçün olan vaxtını kitab oxumaq proqramını həyata keçirmək üçün yaxşıca
istifadə edirdi. 1899-cu ildə o, öz qələmi ilə dolanmaq məqsədilə və siyasətə
girmək üçün ordudan tərxis oldu. İngiltərəyə qayıtdıqdan sonra mühafizəkar kimi
İcmalar Palatasına seçilmək üçün Oldhamda mübarizə apardı. O, seçkini uduzdu
və Cənubi Afrika müharibəsində “The Morning Post” (London) qəzetinə xəbərlər
yazmaqda təsəlli tapmalı oldu.
Cənubi Afrikaya gəlişindən sonrakı ayın içində burların tələyə saldığı zirehli
qatarı xilas etməkdə iştirak etdiyinə görə şöhrət qazandı. Ancaq bu vaxt o, özü əsir
götürüldü. Lakin bir ay sonra hərbi dustaqxanadan qaçanda şöhrəti iki qat artdı.
87
Hərbi qəhrəman kimi Britaniyaya qayıtdıqda, 1900-cü ildəki “Xaki” seçkisində
Oldham əleyhinə mühasirə qurdu, mühafizəkarlar Cənubi Afrika müharibəsində bu
yaxınlardakı qələbələrinə görə bunu belə adlandırırdılar. Çörçill bu dəfə məqsədinə
nail oldu. İndi o, parlamentdə idi, öz yazılarına və mühazirə turuna görə 10 min
funt sterlinq qazanması da ona yaxşı köməklik göstərmişdi və artıq siyasətə yol
açmaq mövqeyində idi.
Yalnız Çörçillin oğlan uşağı lətafəti İcmalar Palatasında diqqəti cəlb etdi.
Lakin onun nitqi qüsurlu idi və heç vaxt bu qüsuru bütünlüklə yox edə bilmədi. Bu
qüsur psixoloji utancaqlığından irəli gəlirdi. O, öz çıxışları ilə fərqləndiyini
göstərirdi, onların üstündə nəhəng ağrılar keçirirdi, ekspromt çıxışları isə ona daha
asan başa gəlirdi. Mühafizəkarların lideri lord Balfur onun haqqında demişdi ki, o,
“ağır, lakin çox mobil olmayan (hərbi) topdur”. O, atasının cəzbedici tərcümeyi-
halını “Lord Randolf Çörçill” əsərində (1906-cı il) yazdı. Həm də göstərirdi ki,
onun özü toriliyi fərqli qaydada icra edir.
1904-cü ildə mühafizəkarlar hökuməti özünün müstəmləkə katibi Cozef
Çemberlenin tarixə açıq müdaxilə etməsi dilemması qarşısında qalmışdı. Çorçill
azad ticarət tərəfdarı olmaqla, “Azad Ərzaq Liqasının” yaradılmasına kömək
edirdi. 1904-cü ildə o, Palatanın döşəməsi ilə addımlayıb, liberallar arasında
oturdu, burada o, Çemberlenə və Balfura qarşı öz cəsarətli çıxışlarını təzələməli
oldu. 1906-cı il ümumi seçkilərində o, Mançesterdə yaxşı qələbə çaldı və yeni
liberal hökumətdə nazirlik karyerasına başladı, müstəmləkələr üzrə dövlət katibinin
müşaviri oldu. O, tezliklə Cənubi Afrikada barışıq və özünüidarə siyasətini
müdafiə etdiyinə görə etimad qazandı. 1908-ci ildə baş nazir Herbert H.Askvitin
başçılığı altında hökumət yenidən qurulduqda, Çörçill Ticarət Şurasının
prezidentliyinə irəli çəkildi, ticarət və sənaye naziri vəzifəsini tutdu. O, sosial
islahatlar aparılmasının yenilməz tərəfdarı idi, 1908-ci ildə o, Minimum əmək
haqqı barədə qanunun qəbul edilməsinin təşəbbüsçüsü oldu. Həmin ili o, gözəl
Klementina Höznerə evləndi.
1909-cu ildə Çörçill Büdcə Liqasının prezidentinə çevrildi. Həqiqətən də o,
öz sinfinin xaini adlanmaqla, torinin düşmənçiliyini qazandı. Onun 1910-cu ilin iki
baş seçkisindəki kampaniyası ona geniş populyarlıq gətirdi. Kabinetdə onun
mükafatı daxili işlər katibi vəzifəsinə irəli çəkilməsi oldu. Burada o, dustaqxana
islahatında mahiyyətcə nailiyyətlər qazansa da, özünü sənaye buntlarını və zorakı
tətilləri yatırtmağa həsr etdi. Bu onu ictimai qaydanın təşkilatçısı olmaq
həddlərindən uzağa apardı. Buna görə də o, ağır haqq ödəməli oldu.
O, 1910-cu ildə Daxili işlər naziri vəzifəsini icra edəndə Londonda zərgərlik
mağazası qarət edilmişdi. Qarət vaxtı iki polis nəfəri həlak olmuş, biri isə
yaralanmışdı. Cinayətkarların bir evdə olduqları məlum olduqda, əməliyyat
başlandı. Onlar qızğın müqavimət göstərirdilər, bir polis öldürüldü, ikisi isə
yaralandı. Çörçill hadisə yerinə gəlib əməliyyata rəhbərliyi öz üzərinə götürdü.
Evdə sığınacaq tapmış cinayətkarlarla atışma nəticəsində orada yanğın başlandı.
Çörçill yanğını söndürməyi qadağan etdi. Ev yanıb qurtardıqda uçuqların altından
iki yanmış cəsəd tapıldı. Bandanın başçısı isə qaçmışdı. Balfur Çörçillin qəzetdəki
şəklini gördükdə demişdi: “O, (Çörçill) və fotoqraf özlərinin çox qiymətli həyatları
88
ilə risq etmişlər. Fotoqrafın nə etdiyini mən başa düşürəm, görən bu ləyaqətli
centlmen orada nə edirmiş?”
1911-ci ildə o, Admiralteyə keçdi, bu keçid formal qaydada vəzifədən aşağı
salınma idi, çünki Daxil İşlər Nazirliyi üç daha vacib hökumət idarələrindən biri
hesab olunurdu.
1911-ci ildə Mərakeş limanı Aqadirə hərbi gəmi göndərməklə Almaniyanın
provokasiya xarakterli hərəkəti, bu limana Fransanın iddiası mövcud idi, Çörçilli
inandırdı ki, istənilən fransız-alman böyük konfliktində Britaniya Fransanın
tərəfində olmalıdır. 1911-ci ilin oktyabrında Admiralteyə keçəndə, o, ləngimədən
hərbi donanmanı hazırlıq dərəcəsinə qaldırmaq inamı ilə hərəkət etdi. Onun birinci
vəzifəsi donanmanın müharibə qərargahını yaratmaq idi. Çörçill Britaniyanın
alman hərbi-dəniz qüvvələrini möhkəm şəkildə üstələməsi üçün Britaniya tarixində
ən iri hərbi-dəniz xərclərinə nail olmaqdan ötəri Kabinetdə uğurlu qaydada
mübarizə apardı. Birinci Dünya müharibəsindən əvvəlki narahat illərdə digər
siyasətlər üçün hökumətin məsuliyyətinə şərik olmaqdan özünü uzaqlaşdırdı. Onun
vərəsə kimi qəbul etdiyi İrlandiyaya baxışın əksinə olaraq, daxili idarəetmədə sidq-
ürəklə liberal siyasəti həyata keçirirdi.
Birinci Dünya müharibəsi Çörçill üçün təəccüblü bir şey deyildi. O, artıq
hərbi-dəniz qüvvələrini səfərbərlik sınağından keçirmişdi.
Almaniyaya müqavimət göstərmək lüzumuna Kabinetin bütün nazirlərindən
ən çox təkid edən də o, idi. 2 avqust 1914-cü ildə öz üzərinə məsuliyyət
götürməklə, müharibə elan edilən günə tam hazır olmaq üçün o, hərbi-dəniz
qüvvələrini səfərbər etmək əmrini verdi. Müharibə Çörçillin bütün enerjisindən
istifadə etdi. 1914-cü ilin oktyabrında Antverpen təslim olduqda o, şəxsi qaydada
şəhərin müdafiəsini təşkil etməyə atıldı. Şəhər işğal edildikdə ictimaiyyət yalnız
arzuları puç edən məğlubiyyəti görməli oldu. Müqavimətin, demək olar ki, bir
həftəliyə uzanması Belçika ordusunun aradan çıxmasına, həlledici La-Manş boğazı
limanlarının xilas olunmasına şərait yatardı.
1915-ci ildə Çörçill Dardanel ekspedisiyasının möhkəm tərəfdarına çevrildi,
bu, Qərb cəbhəsində baha başa gələn pat vəziyyətindən çıxmaq yolu idi. Birinci
dəniz lordu Fişer bu planı bəyənmirdi. Kampaniya boğazlara hücum etmək və
Rusiya ilə birbaşa kommunikasiyaları açmaq məqsədini güdürdü. Donanma
hücumu uğursuz olduqda və admiral de Robel tərəfindən geri çağırıldıqda, Askvit
Çorçilldən çox de Robeli dəstəklədi.
Çorçill ağır siyasi hücuma məruz qaldı, hücumlar Fişer istefa verdikdən
sonra daha da gücləndi. Departamentin işləri ilə möhkəm məşğul olduğundan
Çörçill tufan üçün tam hazır deyildi. Mühafizəkarlar Lankaster hersoqunun xeyrinə
Çorçillin Admiralteydən uzaqlaşdırılmasına israr etdilər. Burada ona Qalliopoli
kampaniyasına görə xüsusi məsuliyyət qoyuldu (boğazlara qurudan hücuma görə),
lakin ona birbaşa səlahiyyət verilmədi. Əlavə qüvvə olduqca az idi və çox gecikmiş
idi. Kampaniya uğursuz oldu və itki çox ağır idi. Payızda evakuasiya əmri verildi.
1915-ci ildə Dardaneldə britaniya-fransız hücumu uğursuzluğa uğradıqda,
Uinston Çorçill Dəniz naziri vəzifəsindən getdi və hərbi xidmətə qayıtdı. Baş nazir
Herbert Henri Askvit Kabineti yenidən təşkil edib, milli koalisiya hökumətinə
89
çevirdi. Çörçill Fransada 6-cı Royal Şotland Fuzilerlərinə polkovnik-leytenant
rütbəsində daxil oldu. 1916-cı ildə özəl üzv kimi parlamentə qayıtdı. 1917-ci ilin
martında Dardanel komissiyasının məlumatı dərc olundu, sənəd onun biabırçı
məğlubiyyət üçün ən azı başqa kolleqalarından heç də çox qaydada məzəmmət
olunmağa layiq olmadığını nümayiş etdirdi.
Çörçillin 1917-ci ilin iyununda Hərbi sursat naziri təyin edilməsi torilərin
etiraz tufanı ilə qarşılaşdı. Kabinetdən xaric edildiyindən, Çörçillin rolu, demək
olar ki, bütünlüklə inzibatçılıq idi. Onun güclü enerjisi tank istehsalından və onun
inkişafından uzağa gedirdi (tank istehsal edilməsi təşəbbüsü ilə o, hələ
Admiralteydə olanda çıxış etmişdi). Bu həmin silahdan istifadəni xeyli
sürətləndirdi və Qərb cəbhəsindəki ağır vəziyyətə son qoydu. Müharibə qurtaranda
Çörçill xidmət departamentinə qayıtdı. 1919-cu ilin yanvarında o, Müharibə katibi
(Müdafiə naziri) oldu, həm də Royal Hava Qüvvələri üçün məsuliyyəti öz üzərinə
götürdü. Burada o, çox həvəslə çalışırdı, “on il qaydası” ideyası üçün işləyirdi.
Buna görə Britaniya sonrakı on il ərzində hansısa iri müharibə aparmayacaqdı.
Müdafiə naziri vəzifəsində onun əsas məşğuliyyəti inqilabi Rusiyaya müttəfiqlərin
müdaxiləsi idi. Çörçill qızğın anti-bolşevik idi, Kabineti bölünməkdən və sərbəst
qaydada təşkil olunmaqdan qoruyurdu. Ona görə də leyboristlərin acı
düşmənçiliyini qazandı. 1920-ci ildə isə axırıncı Britaniya qüvvələri Rusiyadan
geri çəkildikdən sonra, Çörçill orduları Ukraynaya müdaxilə edən Polşaya
göndərdi.
1921-ci ildə Çörçill Müstəmləkə Nazirliyinə keçdi, burada onun əsas marağı
Şərqdəki ərazilərin mandatları ilə əlaqədar idi. Bu zonada baha başa gələn
Britaniya qüvvələrinin saxlanması əvəzinə o, dayaq nöqtəsi kimi hərbi-hava
qüvvələrindən istifadə etdi. Ərəblərin işlərini həll etməkdə o, məşhur casus
T.E.Lourensin məsləhətinə arxalanırdı. Fələstin üçün o, yəhudilərlə ərəblərin
münaqişəli vədlərini miras götürmüşdü. 1922-ci ildə o, “Ağ Kağız” yazdı, bu,
Fələstini yəhudilərin milli vətəni hesab edirdi. Bu vaxt həm də ərəblərin
hüquqlarını tanımaqda davam edirdi.
Hələ də davam edən İrlandiya probleminin həlli üçün Çörçill heç vaxt vəzifə
məsuliyyətini daşımalı olmamışdı. 1921-ci ildə irland müqaviləsinin bağlanması
üçün danışıqlarda fəal rol oynamışdı, ona görə də yeni irland hökumətinə tam
dəstək verdi. İrland lideri Maykl Kollinz demişdi: “Uinstona deyin ki, onsuz biz
heç vaxt heç nə etməyəcəyik”.
1922-ci ilin payızında türklərin qiyamı Dardanel neytral zonasını yenidən
işğal etmək vəzifəsini qoydu. Az saylı Britaniya qoşunu Çanakda (indi Çanakkala
adlanır) bu zonanı qoruyurdu. Çörçill onlara qarşı möhkəm dayanmaq lüzumunu
irəli sürürdü, lakin Kabinet ictimai rəyi əsas götürərək belə qərara gəldi ki, baş
döyüş risqli olacaqdır. Siyasi qarmaqarışıqlıq hökuməti viran qoydu, Çörçill daha
pis itkilərdən birinə çevrildi. Əlavə qüvvələrin qəflətən hücumunu o, seçkilərə iki
gün qalmış başlamağı bacarmadı. O, seçkilərdə 10 min səslə alçaldıcı qaydada
məğlub oldu. O, özünün dediyi kimi, nəticədə bütünlüklə “vəzifəsiz, kreslosuz,
partiyasız və hətta hansısa əlavəsiz” qaldı.
90
Siyasi gücsüzlük Çörçilli fırçaya və qələmə qaytardı. Onun rəsmləri heç vaxt
istedadlı həvəskar səviyyəsindən yuxarı qalxmadı. Lakin yazıları bacarığı ilə
birlikdə onu siyasətin tələb etdiyi müstəqillik brendi ilə təmin etdi. Avtobioqrafik
müharibə tarixi olan “Dünya böhranı” əsəri 20 min funt sterlinqlik qazanc gətirdi.
Bu vaxtdan etibarən o, Keltdə yamağa başladı. O, siyasətə qayıtdıqda anti-sosialist
səlibçi idi, lakin 1923-cü ildə Stenli Bolduin proteksionist proqram ilə aparıcı
mühafizəkar olduqda, Çörçill Lesterdə azad, liberal tacir idi. O, 4 min səs itirdi,
azlıqdakı leyborist hökumətini dəstəkləmək barədə Askvitin qərarı Çörçillin daha
sağ tərəfə keçməsinə səbəb oldu.
1924-cü ilin ümumi seçkilərində o, asanlıqla qələbə çaldı. Bolduin Çörçillə
icraiyyə kansleri vəzifəsini təklif etdi. Çörçill təklifi qəbul etdi.
Sonrakı beş ildə Çörçillin erkən liberalizmi yalnız sərt laisser-faire
(hökumət müdaxilə etmədən) iqtisadiyyatının tərəfdarı olmaqda üzə çıxdı. O,
maliyyə işləri üçün təbii istedada malik deyildi, görkəmli iqtisadçı Con Moynard
Keyns onu amansız qaydada tənqid edirdi, qəbul etdiyi məsləhət isə ortodoks və
zəruri xarakter daşıyırdı. İlkin hərəkəti qızıl standartını bərpa etmək oldu. Bu
məhvedici tədbir olmaqla deflyasiyaya, işsizliyə və 1926-cı ilin ümumi tətilinə
aparan şaxtaçıların tətilinə yol açdı. Çörçill ümumi tətilə kvaziinqilabi tədbir kimi
baxırdı və danışıqlarla məsələnin həllinə böyük müqavimət göstərirdi. Onun relikt
xüsusiyyətli radikalizmi həm də Səhiyyə naziri Nevil Çemberlenə sosial
xidmətlərin ehtiyatlı genişlənməsi sahəsində müttəfiqlik etməsi idi, bu, əsasən dul
qadınların pensiya təminatını əhatə edirdi.
1929-cu ildə hökumət yıxıldıqda Çörçillə tori-liberal birləşməsi xoş gəldi və
Bolduinin azlıqdakı leyborist hökumətini qəbul etmək qərarına təəssüfünü bildirdi.
Hindistan liderləri ilə Dəyirmi Masa konfransının aparılmasını Bolduinin təsdiq
etməsinə görə Çörçill kölgə kabinetindən çıxdı və özünü Hindistan qanuni
hökuməti əleyhinə ehtiraslı, bəzən isə hay-küylü kampaniyaya atdı. Bu qanun
Hindistana dominyon hüququ verirdi.
Beləliklə, 1931-ci ildə milli hökumət formalaşdı, buna dəstək verən
olmasına baxmayaraq, Çörçill onun şurasının qurulmasında nə ələ, nə də yerə
malik olmadı.
Bu situasiyada o, yüngüllük tapdı. Bunun faydasını öz əsəri olan “Malboro:
onun həyatı və dövrü” təsvir edir və XIX əsr tarixçisi Tomas Babinqton Makaleyin
tənqidinə qarşı öz əcdadını güclü surətdə reabilitasiya edir. Hitler Almaniyasının
təhlükəsinin böyüdüyünə görə də onun qayğısı və Hindistana görə onun təşvişi
artırdı. O, alman təhlükəsinin ciddi olduğunu ardıcıl olaraq qeyd edirdi. Royal
Hava Qüvvələri ilə Lyuftvaffenin bərabərliyə çatmasının qarşısını almağa ciddi
ehtiyac olduğunu diqqətə çatdırırdı. 1935-ci ildə Bolduin baş nazir vəzifəsini
tutduqda, o, Çörçillin vəzifədən getməsini təkid etdi və ona hava hücumundan
müdafiə üzrə məxfi komitədə üzvlüyün müstəsna imtiyazını verdi. Bu onu bəzi
həyati milli problemlərin həlli üzərində işləməyə qadir etdi. Lakin Çörçill bu
sahədəki cəhdlərində elə də böyük uğur qazanmadı.
1935-ci ildə İtaliya Efiopiyaya müdaxilə edəndə böhran xeyli böyüdü,
Çörçillin isə buna pis hazırlaşdığı üzə çıxdı. O, iki istəyin arasında qalmışdı, bu,
91
Millətlər Liqasının, kollektiv təhlükəsizlik konsepsiyası üzrə qurulması və Benito
Mussolininin Hitlerin ağuşuna atılmasından irəli gələn qorxu idi. İspan vətəndaş
müharibəsi (1936-1939-cu illər) dövründə bu məsələyə müdaxilə etməmək fikrinə
özünü inandırmışdı. İlk anda Fransisko Frankonun müdafiəçisi, sonralar isə onun
tənqidçisi oldu. 1936-cı ildə VIII Eduard taxt-tacdan istefa verdikdən sonrakı
böhran vaxtı o, əbəs yerə Bolduinin kral hadisəsinin ictimai tərəfdarı olmasının
əleyhinə çıxdı.
Nevil Çemberlen Bolduini əvəz etdi, Kassandraya oxşar Çörçill ilə
Mühafizəkarlar partiyasının liderləri arasındakı uçurum genişləndi. Çörçill ardıcıl
olaraq Almaniyanın təcavüzkar qisası haqqında məlumat verirdi və hadisələr bu
prosesin getdiyinin düzgünlüyünü təsdiq edirdi. Lakin onun xəbərdarlıqlarına
ardıcıl olaraq məhəl qoyulmurdu. Onun bir ovuc ardıcılı da siyasi cəhətdən kiçik
bir qüvvə olaraq qalırdı. Çemberlen onlara əhəmiyyət verməməkdə özünü daha
təhlükəsiz hesab edirdi. Bu vaxt Almaniyanın Çexoslovakiya üzərinə təzyiqi
artırdı.
1938-ci
ilin sentyabrında Hitlerlə Münxen sazişi bağlandıqda,
Çexoslovakiya natsistlərə qurban verildi. Çörçill təkid edirdi ki, bu, “ümumi və
yumşala bilməyən bir məğlubiyyətdir”. Baş nazir Nevil Çemberlen və onun fransız
kolleqası Eduard Deladye Hitlerlə belə mənfur sazişi imzalamışdılar. Çemberlen
Londona dönərkən özünü məşhur baş nazir Bencamin Dizraeli kimi aparmaq
istəmiş, sazişi hava limanında nümayiş etdirərək, sülh gətirdiyini bəyan etmişdi.
Bu açıq aldanma idi. Dizraeli isə 1878-ci ildə Berlin konfransından uduşla
qayıtmışdı, Kipr adası Böyük Britaniyaya verilmişdi və Londonda o, təntənə ilə
qarşılanmışdı.
Çörçill isə Çemberlen hökumətinin Hitleri sakitləşdirmək siyasətini kəskin
tənqid edirdi və Münxen sazişi imzalandıqdan sonra İcmalar Palatasındakı
çıxışında demişdi: “Sizin müharibəni və şərəfsizliyi seçmək imkanınız var idi. Siz
şərəfsizliyi seçdiniz, indi isə siz müharibəni alacaqsınız”. 1939-cu ilin martında
Çörçill və onun qrupu həqiqi milli koalisiyanın yaradılmasını təkid etdi və ölkədəki
bu istəyə görə onu millətin sözçüsü kimi tanıdılar və onun vəzifəyə qaytarılmasını
təbliğ etməyə başladılar. Sülh az müddət ərzində dayana bildi, Çemberlen isə bütün
belə əqidələrə məhəl qoymurdu.
Düşündükdə görünür ki, Çörçillin bütöv əvvəlki karyerası müharibə
dövründəki liderliyə hazırlanmaq olmuşdu. Sarsılmaz vətənpərvər; öz ölkəsinin
böyüklüyünə və Avropadakı, imperiyadakı və dünyadakı tarixi roluna inanan
romantik; özünü fəaliyyətə həsr etməklə çağırışlar və böhranlar əsasında mübarizə
aparan; tələbə, tarixçi və müharibə veteranı; uzun müddətli siyasi sürgündə
olmasına baxmayaraq və ya məhz bu səbəbə görə dəmir bədənə malik olan;
taqətdən düşməyən enerji və bütövlüklə özünü cəmləşdirən bir adam kimi o, elə
görünürdü ki, bütün qabiliyyətlərlə elə bolluqla qidalanmışdır ki, zaman gəldikdə
Britaniyanın və dünyada onun dərdlərinin xilası naminə onları bədxərcliklə israf
etməkdən çəkinməyəcəkdir.
3 sentyabr 1939-cu ildə Britaniya Almaniyaya müharibə elan etdiyi gün
Çemberlen Çörçilli Admiralteydə - köhnə vəzifəsinə qaytardı. Donanmaya siqnal
92
yollandı: “Uinston geri qayıdır”. 11 sentyabrda Çörçill prezident Franklin
D.Ruzveltdən teleqram aldı və ona “Donanma personu” imzası ilə cavab verdi. Bu
vaxtdan onların arasında tarixi yazışma başlandı. Nəhayət, Çörçillin yorulmaz
enerjisi bütün administrasiyada hiss olundu. Onun bütün cəhdlərinə baxmayaraq,
apatiyada olan ingilis-fransız Antantasını “telefon müharibəsi” kimi adlanan dövr
ərzində gücləndirmək səyləri uğursuzluğa uğradı.
Almanlar 1940-cı ilin mayında Norveçi tutmamışdan əvvəl Avropa
müharibəsi staqnasiya (durğunluq) mərhələsində idi. Narvik və Trondheym
ekspedisiyaları dəniz qüvvələrinin köməyindən asılı olduğu və bu kömək
göstərilmədiyindən uğursuzluqla üzləşdikdə, Çörçill Birinci Dünya müharibəsində
taleyüklü məsələ olan Dardanel və Qalliopoli xatirələrini yada saldı. Buna
baxmayaraq bu vaxt əsasən Çemberlen məzəmmət edilirdi və Çörçill onu müdafiə
etməyə səy göstərdi.
10 may 1940-cı ildə almanların Çökək ölkələrə (Niderlandlara) müdaxiləsi
norveç fiaskosunun başına dəyən çəkic zərbəsinə bənzəyirdi. Çemberlen istefa
verdi. O, Xarici işlər naziri lord Halifaksın özünün varisi olmasını istəyirdi. Lakin
Halifaks müdrikcəsinə bu vəzifədən imtina etdi. Bu əvvəlcədən məlum idi ki,
yalnız Çörçill milləti birləşdirə və ona başçılıq edə bilərdi. Həmin zərurət öz
təsdiqini tapdı və Çörçill baş nazir oldu.
Leyborist partiyası isə anti-sosializminə görə Çörçillə köhnə qaydada
inanmırdı. Koalisiya hökuməti radikal sağ və sol qüvvələrdən başqa bütün
elementlərdən təşkil edilmişdi. Ona beş nəfərlik müharibə hökuməti başçılıq edirdi.
Bura əvvəlcə Çemberlen və Halifaks, həm də Leyborist partiyasının liderləri –
Klement Ettli və Artur Qrinvud daxil idi. Tred-yunion lideri Ernest Bevinin əmək
naziri təyin olunması bu həyati cəbhə ilə əlaqəyə təminat verirdi. Lloyd Corca da
təkliflər edildi, lakin o, onlardan yayındı.
Çörçill özü həm də üstəlik İcmalar Palatasında, Müdafiə Nazirliyində
liderlik edirdi. Bu nümunə müharibə vasitəsi ilə dəstəklənirdi. Baş nazir öz
diqqətini cəmləşdirmişdi, o, heç vaxt kollektiv rəy əleyhinə çıxmırdı. Bütün
bunlarda parlament həyati əhəmiyyətli rol oynayırdı.
13 mayda Çörçill İcmalar Palatası qarşısında ilk dəfə baş nazir kimi dayandı.
O, qarşıdakı çətin yol barədə parlament üzvlərini xəbərdar etdi.
“Mən qandan, ağır zəhmətdən, göz yaşlarından və tərdən başqa heç nə təklif
etmirəm”. Çıxışında o, özünü və bütün milləti qazanılacaq qələbəyə qədər
müharibənin bütün çətinliklərini dəf etməyə həsr olmağa çağırdı. Məqsədin
sadəliyinin arxasında onun sadiq qaldığı dəqiq strategiya dayanırdı. Bütün
müharibə dövrü diqqət buna cəmlənmişdi. Hitler Almaniyası düşmən idi. Heç nə
bütün Britaniya xalqını almanları məğlubiyyətə çatdıracaq vəzifədən yayındıra
bilməzdi. Kim qələbə məqsədini güdürsə, hətta qoy lap kommunistlər olsun,
müttəfiqlik üçün qəbul ediləcəkdi. Bu cəhddə heç bir müqayisəyə gəlməyən
müttəfiq isə, istər müharibə olur ya olmasın, əlbəttə ki, Birləşmiş Ştatlar idi. Onun
dəstəyini almaq və ona tərəfdar çıxmaq Çörçill düşüncəsinin mərkəzi prinsipi idi.
Çörçill qələbə mehrabına hər şeyi qurban verməyə hazır idi. Parlamentin qəbul
etdiyi qanuna görə “adamlar, onların xidmətləri və mülkiyyəti Tacın
93
sərəncamında” olmalı idi. Bu, Britaniya tarixində hökumətə fövqəladə hakimiyyət
vermək demək idi.
Alman aviasiyasının Böyük Britaniya şəhərlərini “yer üzündən silməyə”
hazır olduğu barədə Hitlerin hədəsindən bir neçə gün sonra, alman hərbi-hava
qüvvələri güclü hücuma keçdilər. Lakin almanlar ingilislərin müqavimətini qıra
bilmədilər. Almaniya öz məqsədlərinə nail ola bilmədi.
Çörçill bu qərara gəldi ki, natsizmə heç bir güzəştə getmək olmaz. O,
inanırdı ki, Britaniyanı qəti qələbəyə apara bilər: “Mən düşünürəm ki, bunların
hamısı barədə böyük işləri görməyi bilirəm”. O, elə bil ki, Böyük Uilyam Pittin
sözlərini təkrar edirdi. Böyük Uilyam Pittə 1756-cı ildə başlanan Yeddi illik
müharibə bir dövlət xadimi kimi ali imkan verdi. Müharibə ağır itkilərlə və
siyasətin xeyli qarışıqlığı ilə başlandı. O, bəyan etdi: “Mən əminəm ki, bu ölkəni
xilas edə bilərəm və başqa heç bir kəs bunu bacarmaz”. Bu özünə güvənmənin
arxasında hər iki halda yüksək potensiala və ondan səmərəli istifadə etmək
bacarığına tam əminlik var idi.
Fransanın sürətli məğlubiyyəti ilə üz-üzə gəldikdə Çörçill bir neçə dəfə
fransız hökuməti ilə görüşmək üçün oraya səfərlər etdi ki, Fransanı müharibədə
saxlamağa cəhd etsin, bunun yüksək nöqtəsi 16 iyun 1946-clı ildə məşhur ingilis-
fransız ittifaqının təklif edilməsi oldu. Bütün bunlar uğursuz cəhdlərə çevrildikdə
Britaniya döyüşü başlandı. Çörçill atəş xəttində olurdu, qərargahlara gedir,
təyyarələrdən müdafiə batalyonlarını və sahil müdafiə qüvvələrini yoxlayırdı,
“blits”(ildırım sürətli) müharibənin bombalarının zərər vurduğu yerlərə və ya
qurbanlar səhnələrinə nüfuz edirdi. Daim siqarını tüstülədir, iki barmağı ilə
qələbəni bildirən “V” işarəsi (victory – “qələbə”) ilə adamları salamlayır, yaxud da
radio ilə xalqa açıq məlumatlar verirdi. Bu söhbətlərində o, yumor hissindən də
qalmırdı. Millət onu öz ürəyində gəzdirirdi: hər ikisi “özlərinin ən yaxşı saatında”
idilər.
Digər ağrılı və daha mübahisəli qərarlar Çörçillin üzərinə düşürdü. Fransız
donanmasına hücum edildi ki, onun Hitlerə təslim olmasının qarşısı alınsın.
Müdaxilə təhlükəsi qorxulu olduqda, Şərqi Aralıq dənizində qüvvələri
gücləndirmək barədə qərar qəbul olundu. Yunanıstana da qoşunlar göndərildi, ağır
başa gələn qurbanlar verildi. Krit adasından evakuasiya digər Qalliopolini yada
salırdı və belə hadisələrə görə Çörçill parlamentdə ağır atəş altına düşürdü.
Britaniya Karib boğazını Birləşmiş Ştatlara verməyə və əvəzində lend-lizin
tətbiq edilməsinə görə Çörçill lovğalanırdı ki, “Bizə alət verin və biz işimizi başa
çatdıracağıq”. 1941-ci ilin avqustunda Nyu-Faundlenddəki Plasentiya körfəzində
Çörçillə Ruzveltin dramatik keçən görüşü münasibətləri möhkəmləndirdi. Atlantik
Xartiyası qəbul olundu, bu, Birləşmiş Ştatlarla Britaniya arasında ümumi prinsiplər
barədə bəyanat idi.
Hitler Sovet İttifaqına qəflətən hücum etdikdə, Çörçillin cavabı sürətli və
ikibaşlı idi. 22 iyun 1941-ci ildəki radio ilə çıxışında kommunizmin hansısa
tənqidini dilə gətirməkdən imtina etdi və israrla dedi ki, “Rusiyanın təhlükəsi
bizim təhlükəmizdir” və Rusiya xalqına kömək göstərmək vədini verdi. Bu “böyük
alyans” yaratmaq barədə onun siyasəti olmaqla, Sovet İttifaqını və Birləşmiş
94
Ştatları birləşdirirdi. Lakin 1942-ci ilin mayına kimi qarşılıqlı kömək barədə 20
illik ingilis-sovet paktı barədə danışıqlar aparıldı.
7 dekabr 1941-ci ildə yaponların Pörl-Harbora hücumu Çörçillin gözündə
müharibənin bütün perspektivini dəyişdirdi. Nəhayət o, Vaşinqtona (Kolumbiya
mahalı) yollandı və Ruzveltlə birlikdə ingilis-amerikan razılaşmalarını
möhkəmləndirdi. Müharibənin bütün təhlükələrinə qarşı birləşmiş komandanlıq
yaradıldı. Təməl strategiya razılaşdırıldı ki, Almaniyanın məğlubiyyəti
Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət daşıyacaqdır. Böyük alyans
artıq mövcud idi. Çörçill özünü onun memarı hesab edə bilərdi. Onun qorunub
saxlanması Çörçillin sonrakı üç il yarımlıq dövr üçün başlıca marağına çevrildi.
Onunla Ruzvelt arasındakı ehtiram və bağlılıq həlledici əhəmiyyətə malik
idi. Çörçill təkbaşına, Stalinin aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin”
1942-ci ildə açılması təklifindən imtina etdi. 1942-ci ilin avqustunda Moskvaya
uçub Stalinlə görüşdü və onun narazılığının ağırlığını xeyli müddət daşımalı oldu.
8 avqustda Çörçill Moskvaya səfərinin yekunları barədə Britaniya parlamentində
çıxış edərkən demişdi: “Rusiyanın bəxti gətirmişdir ki, aqoniya vəziyyətində
olanda onun başında belə bir sərt rəhbər dayandı. O, belə ağır, çətin dövrlərə
yarayan görkəmli şəxsiyyətdir. Bu adam tükənməz dərəcədə cəsarətli, hökmlü, öz
rəylərində açıq və hətta sərtdir. Lakin o, yumor hissini də qoruyub saxlamışdır, bu
isə bütün adamlar və xalqlar üçün, xüsusilə böyük adamlar və böyük xalqlar üçün
vacibdir. Stalin özünün soyuqqanlılığı, müdrikliyi ilə, həm də hansısa bir
illyuziyasının tamamilə olmaması ilə mənə yaxşı təsir bağışladı. Mən ümid edirəm
ki, onu inandırmağa müvəffəq oldum ki, bu müharibədə biz sədaqətli və etibarlı
silahdaşlar olacağıq, ancaq bu, nəhayət etibarilə, sözlə deyil, işlərlə sübut edilir”.
1945-ci il noyabrın əvvəlində Çörçill İcmalar Palatasındakı nitqində
demişdi: “Mən bu həqiqətən böyük insan barədə yüksək heyranlıqdan başqa şəxsən
hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin atasıdır, dinc dövrlərdə ölkənin
taleyini idarə etmiş, müharibə dövründə isə qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu
sözləri o, Stalinə ünvanlamışdı.
Tədqiqatçılar güman edir ki, Çörçillin Stalinə münasibəti kəskin qaydada
neqativ idi. Stalin barədə tərifli sözləri isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə
söyləmişdir, o vaxt isə situasiya tam başqa cür idi.
Çörçill vətənə atəş altında döndü. İyun ayında Şimali Afrikadakı Tobruk,
onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim oldu. 1942-ci il Kabinet sola
tərəf bəzi dəyişikliklərə məruz qaldı.
Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni
bir görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada keçirildi. Stalin
Moskvada qalmağın vacib olduğunu əsas götürərək konfransda iştirak etmədi.
Ruzvelt və Çörçill müttəfiqlərin qoşunlarının 1943-cü ilin iyulunda Siciliyada
sahilə çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi, onun xeyrinə
idi. Ruzvelt İtaliya, Yaponiya və Almaniyanın danışıqsız təslim olmasını və
ideologiyanın məhv edilməsini tələb etdi. Bu ideologiya ilə digər xalqların işğal və
qul edilməsi məqsədindən irəli gəlirdi. Beləliklə, müttəfiqlər hansısa bir alman
hökuməti ilə, hətta Hitler devrilsə belə, barışıq imkanını istisna etdilər.
95
Çörçillin uzun müddətli səfəri, bura Tripoli və Əlcəzair daxil idi, onu
sətəlcəmlə xəstələndirdi. May ayında o, yenidən Vaşinqtonda idi, avqustda isə
Kvebekdə oldu, burada o, “Overlord” planı üzərində işləyirdi, bu La-Manşı
keçməklə hücum demək idi. Eşidəndə ki, amerikanlar 1944-cü ildə Birmaya
müdaxilə planlaşdırırlar, o, qorxdu ki, birləşmiş resurslar “Overlordun” uğurlu
olması üçün adekvat olmayacaqdır. 1943-cü ilin noyabrında Qahirədə o, Ruzveltlə
Aralıq dənizindəki sonrakı hücumların prioritet əhəmiyyət daşıdığını sübut edirdi.
28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ, Böyük Britaniya və ABŞ
hökumət başçılarının konfransı keçirildi. Burada Almaniyaya qarşı müharibədə
birgə hərəkətlər etmək və müharibədən sonrakı əməkdaşlıq məsələləri müzakirə
edildi.
Tehranda “böyük üçlüyün” ilk görüşündə Çörçill Ruzveltin birləşmiş ingilis-
amerikan cəbhəsinə tərəfdarlığını saxlamaqda uğursuzluğa düçar oldu. Ruzvelt
Stalinlə özəl qaydada məsləhətləşməsinə baxmayaraq, Çörçillə təklikdə
görüşməkdən imtina edirdi. Onların bütün dostluğu ilə yanaşı, burada həmçinin iki
Qərb liderinin arasında rəqabət elementi də var idi və Stalin bundan məharətlə
istifadə edirdi.
Ümumiyyətlə Stalin bolşevizmə nifrətinə, inqilabi Rusiyaya müdaxilənin
təşəbbüskarı olduğuna görə Çörçillə o qədər də loyal münasibət bəsləmirdi və daim
onu cırnatmağa səy göstərirdi. Tehran konfransında Ruzveltlə daha yaxşı
münasibət quran Stalin Çörçilli hövsələdən çıxartmaq imkanını da əldən
buraxmırdı. Baxmayaraq ki, Çörçill sovet ordusunun Stalinqraddakı böyük
qələbəsinə görə kralın hədiyyəsi olan qılıncı ona təntənəli şəraitdə təqdim etmişdi
və xoş sözlər söyləmişdi, Stalin yenə də ona sataşmaqdan əl çəkmirdi. Sovet
səfirliyində Stalin iki dövlət rəhbərinin şərəfinə ziyafət verdikdə, birdən bəyan etdi
ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq üçün qələbədən sonra 50 min yüksək
rütbəli alman hərbi cinayətkarını güllələmək kifayət edəcəkdir. Çörçill buna öz
etirazını bildirdi ki, məhkəməsiz heç kəsi cəzalandırmaq, güllələmək olmaz. Bu
ədalətə ziddir və ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində
israr etdi. Çörçill bildirdi ki, o, buna razılıq verə bilməz, çünki parlament
qarşısında məsuliyyət daşıyır. Bu vaxt Ruzvelt söhbətə qarışıb, Çörçilli
hiddətləndirmək üçün istehza şəklində bildirdi ki, 50 min yox, 49 min alman hərbi
xadimini güllələmək kifayətdir. Bu vaxt Çörçill bildirdi ki, özünün güllələnməsinə
razı olar, ancaq belə ədalətsizliyə razılıq verməz. O, incik halda zalı tərk edib,
qonşu otağa keçdi, bura isə qaranlıq idi. Az sonra kiminsə əlinin çiyninə dəydiyini
hiss etdi, bu SSRİ-nin Xarici işlər naziri V.M.Molotov idi. Sonra Stalin də ona
yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət süfrəsinin arxasına qaytardı.
Çörçill bu hadisəni özünün məşhur fundamental əsəri olan “İkinci Dünya
müharibəsi” kitabında təsvir etmişdir.
Tehran konfransında Avropanın cənubuna müttəfiqlərin hücum yürüşü
barədəki təklif məsələsində də Çörçill təklikdə qaldı. Bu səfərdən də o, sətəlcəmlə
qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü ilin yanvarında tam sağaldı. May
ayında o, təklif etdi ki, D-Day (desant günü) hücumunu döyüş kreyserindən
müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə bildi.
96
Hərbi uğurlar Çörçillin siyasi məşğulluğa heç də biganə qalması demək
deyildi. 1944-cü ilin sentyabrındakı Kvebek konfransından sonra o, Moskvaya
uçdu ki, Rusiyanı və Polşanı barışdırmağa cəhd etsin və Balkanlarda nüfuz
sferalarının bölünməsini razılaşdırsın. Yunanıstanda o, Britaniya qüvvələrini
kommunistlərin hakimiyyətə gəlməsinə mane olmaq üçün istifadə etdi və Milad
bayramında Afinaya uçdu ki, məsələnin həllinə kömək etsin.
1945-ci ilin 4-11 fevralında Yaltada Krım konfransı keçiriləndə Uzaq Şərq
məsələsi həll olundu, bununla yalnız Ruzvelt və Stalin razılaşdı, Çörçill isə
müdaxilə etmədi. O, polyakları müdafiə etmək üçün döyüşürdü, lakin gördü ki,
Sovetləri öz vədlərini yerinə yetirməyə məcbur etməyin heç bir yolu yoxdur. Sonra
o, Birləşmiş Ştatlardan xahiş etdi ki, Rusiya ordusu girməmişdən əvvəl müttəfiq
qüvvələrinin nə qədər mümkünsə o qədər Şərqi Avropaya girməsinə icazə versin,
çünki alman hakimiyyəti oranı tərk etdikdən sonra ruslar vakuumu dolduracaqlar.
Lakin o, nə Ruzvelti, nə sonralar Trumeni, nə də onların generallarını öz nöqteyi-
nəzərinə inandıra bilmədi. Krım konfransının rəsmi məlumatında qeyd olundu ki,
“natsist Almaniyası məhvə məhkumdur”.
12 aprel 1945-ci ildə natsist Almaniyası üzərindəki qələbənin kandarına
çatılmış və militarist Yaponiya üzərində isə yaxınlaşan qələbənin müəlliflərindən
biri, hərbi və maddi yardımı ilə həm Britaniyaya, həm də SSRİ-yə böyük kömək
göstərmiş ABŞ prezidenti Franklin D.Ruzvelt vəfat etdi. Müharibə dövrünün
ağırlığı və aramsız iş onun səhhətini pozmuşdu və artıq Yalta konfransında onun
taqətdən düşdüyü hiss olunurdu. Ruzvelt erası “izolyasionizmdən” faşizm üzərində
qələbəyə qədər uzanmışdı.
Hələ 1944-cü ildə qələbə perspektivi aydın görünəndə İngiltərədə
partiyaların siyasi fəallığı xeyli canlandı və 1945-ci ilin mayında müharibə
dövründə koalisiyada olmuş bütün partiyalar vaxtından əvvəl seçki keçirilməsi
istəklərini bildirdilər. Çörçill isə koalisiyanın ən azı Yaponiyanın məğlubiyyətinə
qədər davam etməsini istəyirdi. Leyboristlər öz müstəqilliklərini təzələmək
istəyirdilər. Çörçill qələbənin populyar arxitektoru kimi məğlubedilməz tək
görünürdü, lakin o, seçki kampaniyasını aparanda özünü özünün ən pis düşməni
kimi göstərdi. Biverbrukun dediyi kimi, o, Leyborist partiyasının qələbəsinin
dəhşətli bir nəticə olacağı barədə qeyri-adi peyğəmbərliyə girişdi və özünü
bütünlüklə mühafizəkar kimi göstərdi. Onun seçki kampaniyasına həsr olunmuş
turları zəfər qaydasında inkişaf edirdi, lakin o, partiya lideri deyil, müharibə lideri
idi, onu camaat adətən alqışlarla qarşılayırdı. Leyborist partiyasının isə ehtiyatlı,
lakin geniş iqtisadi və sosial islahat proqramı milli rəğbəti qazanmaq yarışında,
Çörçillin parlaq çıxışlarından daha təsirli idi. Seçkilərdə onun partiyasının mövqeyi
parlamentdəki ümumi 640 yerdən 213 yeri tutmaqla nəticələndi. Platon yazır ki,
“İnsanlar öz bədbəxtliklərində taleyi, allahları və özlərindən başqa istənilən hər
şeyi günahlandırmağa meyl edirlər”. Çörçill də bu qaydadan kənara çıxmırdı.
Alman faşizmi üzərində qələbə miqyasına görə müqayisə edilməz idi.
Çörçillin bəlkə də buna hamıdan çox sevinməyə haqqı var idi. Lakin o, bədbin
hisslər də yaşayırdı. Müharibə başa çatanda Çörçill yazmışdı: “İndi Avropa nədir?
Qaraguruh yığını, qəbir, zəhəri çoxalan və kinli torpaq”.
97
Millət tərəfindən inkar olunma Çörçillə ağır təsir göstərdi. Markiz Astolf de
Kyustin yaxşı demişdi ki, “Tarix tərifli söz deyildir və ən böyük kişiləri də kamil
kimi təqdim etmir”. Çörçill öz üzərinə parlament müxalifətinin lideri rolunu
götürməli oldu. O, heç vaxt vətənində bütünlüklə bu rolda olmamışdı. Daxili
siyasətdə aparıcı rol oynayan iqtisadi və sosial məsələlər heç də onun maraqlarının
mərkəzində deyildi. Öz imperial baxışına görə Hindistana və Birmaya müstəqillik
verməkdə gözə çarpan, özünün “kömür vedrəsi” adlandırdığı leyborist siyasətini
bəyənə bilərdi. Lakin xarici siyasətdə nöqteyi-nəzərlərə görə skamyalar arasında
geniş fərqlər var idi və bu, Çörçillin əvvəldən özünü həsr etdiyi bir sfera idi.
5 mart 1946-cı ildə Çörçill ABŞ-da, Missuri ştatındakı Fultondakı
universitetdə prezident Trumenin iştirakı ilə çıxış edərkən müharibədən sonrakı
dünyaya baxışın iki mərkəzi mövzusuna toxundu: Sovet kommunizminin
təhlükəsinə qarşı sülhün mühafizəçiləri kimi Britaniyanın və Birləşmiş Ştatların
birliyinə olan ehtiyac barədə danışdı, bu, Avropanın sifətini çarpaz qaydada
bürümüş “dəmir pərdəni” aradan götürməlidir.
Fultondakı çıxışında o, “dəmir pərdənin” azad dünyanı kommunist
imperiyasından ayırdığını iddia edirdi. Çörçill SSRİ-ni “müharibənin
bəhrələrindən” istifadə etmək və öz qüdrətinin və doktrinasının qeyri-məhdud
qaydada yayılması imkanını əldə etmək arzusuna görə ittiham edirdi. SSRİ-nin
ekspansiyası və onun özünə yeni müttəfiqlər cəlb etmək cəhdləri barədə Çörçillin
ideoloji postulatlarından Qərb “soyuq müharibənin” məqsədləri üçün istifadə
edirdi.
1941-ci ildə Uinston Çörçill demişdi: “Mən Əlahəzrətin baş naziri ona görə
olmamışam ki, Britaniya imperiyasının ləğvinə başçılıq edim”. 1946-cı ilin
martında isə amerikan auditoriyası qarşısında çıxış edən keçmiş Britaniya baş
naziri bəyan etmişdi ki, bütün qitə boyu “dəmir pərdə” salınmışdır, Almaniya və
Avropa iki düşmən cəbhəyə bölmüşdür. Stalin Çörçillin çıxışını “Sovet İttifaqı ilə
müharibəyə çağırış” kimi qiymətləndirdi. Bu sözlərdən yalnız bir neçə ay sonra
dünya yenidən daha acı şəkildə bölünmüş kimi görünürdü. Belə bir fikir yaranırdı
ki, görəsən Qərb sivilizasiyasının XX əsr böhranı heç vaxt qurtarmayacaqdırmı?
Fultonda Çörçill demişdi:
“Baltik dənizi üstündəki Ştettindən Adriatik dənizi üstündəki Triestədək qitə
üzərinə dəmir pərdə çəkilmişdir. Xəttin arxasında Mərkəzi və Şərqi Avropa
dövlətləri qalmışdır, onların əhalisi sovet sferasına düşmüşdür. Bu, təkcə sovet
təsiri deyildir, çox yüksək və artan dərəcədə Moskvanın nəzarəti deməkdir”.
Çıxışının daha təsirli olması üçün o, boyaları tündləşdirməkdən də
çəkinmirdi. Əlavə etmişdi ki, “Avropanın on qədim paytaxtı indi “dəmir pərdə”
arxasındadır. Qitənin böyük hissəsi asılılıqdadır. Onlar natsizmdən yalnız ona görə
yaxa qurtardılar ki, kommunizmin ifratçılığı altına düşsünlər”.
Hitlerin və onun dostlarının gətirdiyi alman irqi nəzəriyyəsi belə bir nəticəyə
gəlirdi ki, yalnız tam yararlı millət olan almanlar digər bütün xalqlar üzərində
ağalıq etməli, onları idarə etməlidir. Çörçillin irəli sürdüyü ingilis irqi nəzəriyyəsi
isə belə bir nəticəyə gəlirdi ki, ingilis dilində danışan millətlər tam yararlı millətlər
98
olmaqla, dünyanın qalan digər xalqları üzərində ağalıq etməli, onları idarə
etməlidir. Eyni qızğınlıqla o, Avropa birliyinin tərəfdarı kimi çıxış edirdi.
Altı ay sonra, 19 sentyabr 1946-cı ildə isə İsveçrədəki Sürixdə o, “Avropa
Şurasının” yaradılmasının vacibliyini sübut edirdi və özü 1949-cu ildə Şuranın
Strasburqda keçirilən ilk yığıncağına gəldi. Özəl həyatında bu vaxt o, böyük tarixi
əsəri olan altı cildlik “İkinci Dünya müharibəsi” kitabını yazırdı (1948-1954-cü
illər).
1950-ci ilin ümumi seçkilərində Çörçill şəxsi mandat qazanmaq üçün uzun
müddət gözlədiyi imkandan istifadə etməli oldu.
Seçki hücumu leyboristləri silkələdi, lakin onları yenidən hakimiyyətdə
saxladı. Bu, Çörçillin dediyi kimi “daha bir dəfə qalxmaq” olub, 1951-ci ilin
oktyabrında ikinci seçkilərdə onları məğlubiyyətə apardı. İranda Britaniya neft
şirkətinin özəlləşdirildiyinə görə orada yaranan böhran üçün hökumətə təzyiq
göstərilirdi.
Mühafizəkarlar 26 səs çoxluğu ilə yenidən qayıtdılar və Çörçill ikinci dəfə
baş nazir oldu. Onun təşkil etdiyi hökumətdə liberal mühafizəkarlar üstünlüyə
malik idi. Entoni İden Xarici işlər naziri oldu.
Yerli leyboristlər və administrasiyadakı döyüşlər Çörçillin maraq
dairəsindən uzaq idi. O, artıq qoca idi, qüvvəsini xarici işlər, sülh və müharibə
məsələləri üçün qoruyub saxlayırdı. Britaniya Koreya müharibəsində iştirak
etmədi, diqqətini Almaniyanın yenidən silahlanmasına yönəltmişdi.
1953-cü ildə kraliça II Elizabetə tac qoyulması mərasimi baş verdi. Həmin
ili Çörçill iki müxtəlif mükafat aldı – Qarter ordeninin sahibi və ədəbiyyat üzrə
Nobel mükafatı laureatı oldu. O, müttəfiq orduların köhnə baş komandanı Duayt
Eyzenhauerin prezident kimi Ağ Evə gəlməsinə çox sevindi. İden aprel ayında
xəstələndikdə Çörçill xarici işlər naziri vəzifəsini də öz üzərinə götürdü. 27 iyulda
onu insult zərbəsi vurdu və bədəni müəyyən dərəcədə iflic oldu. Buna baxmayaraq,
o, sağala bildi və oktyabrda yenidən işinə qayıtdı.
1954-cü il Hind-Çin müharibəsi problemlərini kəskin yüksəkliyə qaldırdı.
Çörçillin saziş barədəki müraciəti Britaniya qoşunlarının Suveyş bazasından geri
çəkilməsi ilə nəticələndi. 30 noyabr 1954-cü ildə onun 80 illik yubileyi qeyd
ediləndə, Vestminsterdə ona ehtiram göstərilməsi şərəfinə bütün partiyaların birgə
təntənəli mərasimi keçirildi. Ehtiram onu göstərirdi ki, o, tezliklə istirahətə
yollanacaqdır. 5 aprel 1955-ci ildə o, tutduğu vəzifədən istefa verdi, bir neçə həftə
əvvəl onun seçilmiş varisi ser Entoni İden Cenevrədəki dörd dövlət başçısının
konfransı qarşısında öz planlarını elan etdi.
Çörçill İcmalar Palatasında qalmaqla “Palatanın atasına” çevrildi, hətta
1959-cu ildəki yeni seçkilərdə mübarizə apardı və qalib gəldi. Dörd cildlik “İngilis
dilli xalqların tarixi” əsərini (1956-1958-ci illər) yazdı. 1963-cü ilin aprelində ona
Birləşmiş Ştatların fəxri vətəndaşlığı verildi, bu ona Konqressdə fəaliyyət
göstərmək imkanı verirdi.
O, 24 yanvar 1965-ci ildə Londondakı evində öldü. Dövlət matəmində
demək olar ki, bütün dünya ona öz ehtiramını nümayiş etdirdi. O, Oksfordşirdəki
Pladon kilsəsinin həyətində ailə qəbiristanlığında dəfn edildi. Çörçill deyirdi ki,
99
“Zaman – pis müttəfiqdir”. Özünə münasibətə gəldikdə zamanın əla müttəfiq
olduğu üzə çıxdı.
Dostları ilə paylaş: |