Bəybala xankiŞİyev şahrza əLİyev


Zaman baxımından məhdudlaşdırma



Yüklə 0,67 Mb.
səhifə40/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Zaman baxımından məhdudlaşdırma. Bu o deməkdir ki, dövlət büdcəsi müəyyən bir müddətdə məhdudlaşır. Bir qayda olaraq, büdcə müddəti bir il müəyyən edilir. Buna bəzən maliyyə ili də deyilir.

Dövlət büdcəsində əks olunan gəlirlər və xərclər qarşıdan gələn növbəti il üçün nəzərdə tutulur. Yəni həmin il büdcəyə gəlirlər daxil olacaq və həmin il nəzərdə tutulan dövlət xərcləri maliyyələşdiriləcək. İqtisadiyyatında inkişafa nail olmaq üçün, əsas etibarilə, istehsal sahələrinə daha çox vəsait ayrılması çox vacibdir.

Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş pul fondu kimi təsdiq edilməsidir. Maliyyə ilinin sonunda büdcəni icra edənlər dövlət xərcləri və gəlirlərinin miqdar və mənbələrinin proqnozlaşdırılan şəkildə icrası barədə hesabat verirlər. Maliyyə ili başlanmamışdan əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnozlaşdırılır. Bu proqnozlar əsasında növbəti ilin büdcəsi tərtib və təsdiq edilir.

Dövlət gəlirlərinin növləri müəyyən edildikdən sonra ortaya yeni bir məsələ çıxır ki, bu da büdcəyə nəzərdə tutulan xərclərin maliyyələşdirmə mənbələrini müəyyən etməkdir. Bu mənbələr, ilk növbədə, büdcənin gəlir hissəsində əks olunur. Beləliklə, dövlət bölməsində qarşıdan gələn bir il müddətində hansı iqtisadi və sosial inkişaf proqramlarının reallaşacağı, bu proqramların maliyyə təminatının nədən ibarət olacağı və hansı orqanlar tərəfindən maliyyələşdiriləcəyi əvvəlcədən müəyyən edilir və məhdudlaşdırılır.

Bütün bunlar tərtib olunarkən büdcə layihəsində öz əksini tapır və təsdiq olunaraq icraya verilir.

Müəyyən olunmuş məbləğdən artıq vəsait xərclənməsi və ya müəyyən olunmuş məbləğin, yaxud təxsisatın miqdarının dəyişdirilməsi yolverilməzdir. Büdcə qanunu qəbul olunmadan və səlahiyyət verilmədən heç bir dövlət xərci həyata keçirmək və gəlir toplamaq (vergi qanunları qəbul olunmuş olsa belə) mümkün olmadığı kimi, büdcə qəbul olunarkən verilmiş səlahiyyətlərdə və təxsisatlarda dəyişiklik edilməsi də yalnız qanunverici orqanın səlahiyyətlərinə daxildir.

Büdcə olmadan dövlət hakimiyyətinin fəaliyyət göstərməsi mümkün deyildir. Büdcənin gəlirləri və xərclər planlaşdırma qaydasında müəyyən edilir.

Büdcə planlaşması, dövlətin maliyyə siyasətinə uyğun olaraq, maliyyə planlaşmasının mühüm tərkib hissəsidir. Bu planlaşmanın iqtisadi mahiyyəti müxtəlif səviyyələrdə büdcə halqalarının tərtibi və icrası prosesində ölkənin sosial-iqtisadi inkişaf proqramı əsasında ümumi daxili məhsulun və milli gəlirin maliyyə mexanizmi vasitəsilə bölgüsü və yenidən bölgüsündən ibarətdir.

Büdcənin planlaşdırılması vasitəsilə iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə fəal təsir göstərilir.

Büdcə aşağıdakı prinsiplərə əsaslanır:



  • büdcəyə aid olan məsələlərin vahid hüquqi normalarla tənzimlənməsi;

  • büdcə vəsaitlərinin və xərclərinin balanslaşdırılması;

  • maliyyə göstəricilərinin sosial inkişaf proqramının göstəriciləri ilə uyğunluğunun təmin edilməsi.

Büdcə planlaşdırılması dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən həyata keçirilir. Büdcə planlaşdırılmasının əsasları Konstitusiya və dövlət qanunları vasitəsilə müəyyən edilir.

Büdcə planlaşdırılmasının əsas forması kimi büdcə prosesi büdcələrin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunla müəyyən edilmiş fəaliyyətlərini əks etdirir.

Büdcə prosesinin məzmunu ölkənin dövlət və büdcə quruluşu ilə, dövlət orqanları ilə və hüquqi şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesi büdcə fəaliyyətinin 4 mərhələsini əhatə edir:


  • büdcənin layihəsinin hazırlanması;

  • büdcənin müzakirəsi və təsdiqi;

  • büdcənin icrası;

  • büdcənin icrası haqqında hesabatın tərtibi.

Büdcə prosesinin bütün mərhələləri bir-biri ilə əlaqədardır və cəmiyyətin nəinki iqtisadi, həmçinin siyasi mədəniyyətini bilavasitə əks etdirir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, iqtisadi inkişafın təsir gücü dövlətin dövlətçilik siyasətindən başlayaraq, idarəçilik və maliyyə siyasəti də daxil olmaqla tətbiq olunma mexanizmindən tam asılıdır.

Belə ki, bu istiqamətdə əsas mövqeyi maliyyə siyasətinin tərkib hissəsi olan büdcə siyasətinin tənzimləyici funksiyasının böyük əhəmiyyəti vardır.

Maliyyə siyasətində büdcə gəlirləri iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyən olunmasında əsas mənbə kimi çıxış edir. Çünki bu mənbənin düzgün siyasi çərçivədən hədəfləndirilməsi iqtisadiyyatda əks nəticə ilə qeyri-taraz gəlir, azlığı potensialı ilə büdcə mexanizminə təsir göstərə bilər. Bu baxımdan da maliyyə siyasətinin mexanizmi iqtisadiyyatın inkişafına doğru istiqamətləndirilməsi üçün büdcənin gəlir və xərclərinin taktiki və strateji planlaşdırılmasına yönəldilməlidir.

Dövlət büdcəsinin gəlirləri iqtisadi fəaliyyətin ən vacib sahələrindən biridir. Dövlət gəlirlərinin 83%-ni vergilər təşkil edir. Vergilərin iqtisadiyyatda rolunu dövlət xərclərinin rolu ilə eyni şəkildə izah etmək mümkündür. Bu baxımdan ilk istehsal, istehlak, gəlir bölgüsü və məşğulluğa göstərdiyi təsirlər daha böyükdür. Vergilər istehsala əsas etibarilə stimullaşdırma, investisiya həcmi,

istehsal maliyyəsi, məşğulluq norması və idarəetmənin texniki təşkili vasitəsilə təsir edir.

Vergilərin investisiyalara təsiri biznes sahəsindəki etibarlılığın zəiflənməsində və ya güclənməsində özünü göstərir. Vergilər investisiya qoyuluşunda istifadə olunan yığımların bölgüsünü dəyişərək investisiya həcminə təsir edir. Vergi faizinin artması investisiyaya azaldıcı təsir göstərdiyi halda, vergilərin aşağı salınması investisiyaları artıra bilər. Vergilər investisiyaların gətirdiyi gəlirdən alınmır. Lakin gəlirlərdən vergi tutulmayan bəzi investisiyalar da var. Dövlətin xaricə ixrac etdiyi nominal qiymətli investisiyalar belə investisiyalardandır.

Vergilər istehsal məsrəflərini azaltmaqla və ya artırmaqla istehsalın ümumi həcminə çox böyük təsir göstərə bilər. İstehsalçılar satın aldıqları mallara əlavə dəyər vergisi və s. ödəyirlər. Bu vergilər istehsal maliyyəsinə və istehsal qiymətlərinə böyük təsir göstərir. Ona görə də istehsalçıların satın aldıqları mallar və xidmətlərdən tutulan vergilərin müəyyən dövrlərdə artırılması və ya azaldılması istehsal maliyyəsinə və istehsal qiymətinə də təsir edir.

Vergilər biznes həyatının sahələri üzrə müxtəlif dərəcələrdə olmaqla qeyri- bərabər şəkildə bölüşdürülür. Belə ki, bəzi bölmələrdə vergi yükü ağır, bəzi bölmələrdə isə yüngül və ya azdır. Həyata keçirilən bazar iqtisadiyyatında stimullaşdırma siyasətinin tərkib hissəsi olmaqla bəzi sahələrdə isə artırılır. Burada da əsas məqsəd iqtisadiyyatda maliyyə mənbələrinin istifadəsini dəyişdirmək və mənbələrin hərəkətini sürətləndirməkdir.

Vergilərin ikinci mühüm iqtisadi təsiri istehlaka göstərdiyi təsirdir. Vergilərin istehlaka təsirini başlıca olaraq iki şəkildə göstərmək olar. Birincisi, vergilər birbaşa vergilər olmaqla, vergi mükəlləfiyyətinin şəxsi gəlirlərini azaldır. Belə olan şəraitdə mükəlləflər öz istehlak zənbillərini vergidən sonrakı gəlirləri ilə təmin edirlər. Bu hal yüksək gəlirlər mükəlləflərin yığımlarını azaldır. Vergilər şəxslərin gəlirlərini azaltmaqla istehlakın azalmasına gətirib çıxarır. İkincisi, dolayı vergilərdir ki, bu vergilər də mal və xidmətlərdən tutulur. Mal və

xidmətlərdən tutulan vergilərin faizlərinin müəyyən vaxtlardan artırılması və ya azaldılması bu mal və xidmətlərə olan tələbin azalmasına, yaxud artmasına səbəb olur. Dolayı vergilər mal və xidmətlərin qiymətlərinə əlavə olunan vergilərdir.

Vergilərin digər mühüm iqtisadi təsirləri şəxsi gəlir bölgüsünə olan təsirlərlə əlaqədardır. Yüksək inkişaf etmiş, sənayeləşmiş bazar iqtisadiyyatı ölkələrinin vergi sistemində gəlir vergisi hakim mövqe tutur. Ümumi gəlir vergisi şəxsi gəlir vergisi və hüquqi şəxslərin, yaxud təşkilatların gəlir vergilərindən ibarətdir. Bu ölkələrdə gəlir vergisinin ümumi həcmi 55-60% arasında dəyişir. Vergi gəlirlərinin yerdə qalan hissəsini xərclərdən tutulan gəlirlər təşkil edir. ABŞ-ın vergi gəlirlərinin dövlət gəlirlərinin tərkibindəki payı 75%-dir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Bu ölkələrdə gəlir vergisinin əsas hissəsini şəxsi gəlir vergiləri təşkil edir. Vergi mükəlləflərinin müxtəlif mənbələrdən əldə etdiyi gəlirlər toplanır və bu toplanmış gəlirlərə artan faizli gəlirlər tətbiq edilir.

1995-ci ildən həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatda geriləmə prosesinin qarşısı alınmış, makroiqtisadi sabitlik əldə edilmiş, sənayedə və digər sahələrdə iqtisadi göstəricilər artmışdır. Bu həmçinin, mütərəqqi büdcə və vergi sisteminin tətbiqinə, maliyyə, qiymətli kağız, kredit, sərmayə və pul bazarının təşkilinə, onların infrastrukturunun yaradılmasına imkan vermişdir.

Qısa müddət ərzində iqtisadi tarixdə az-az müşahidə edilən 1800 faizlik inflyasiya səviyyəsi minimuma endirilmiş, istehsalın ildən-ilə 20-25 faiz aşağı düşməsinin qarşısı alınaraq onun artımına nail olunmuşdur. Artıq 1995-ci ilin ortalarından başlayaraq Azərbaycan iqtisadiyyatında stabilləşmə, 1996-cı ildən başlayaraq isə yüksələn xətt üzrə inkişaf müşahidə olunmağa başlamışdır.

Bu nəticələr sərt pul-kredit siyasəti, ölkənin daxili iqtisadi potensialının səfərbər edilməsi beynəlxalq kapitalın respublikaya cəlb olunması, istehsalın inkişafına, azad sahibkarlığın genişləndirilməsinə münbit şəraitin yaradılması və bunlara qarşı mövcud olan süni maneələrin aradan qaldırılması yolu ilə əldə edilmişdir.

Bu illərdə Azərbaycan iqtisadiyyatında əldə edilmiş nailiyyətlər içərisində aparılan iqtisadi islahatların avanqardı kimi çıxış edən büdcə-vergi sistemi özünəməxsus yer tutur. Maliyyə sisteminin islahatı təkcə hökumətin fiskal siyasətini deyil, bu sistemin daxili strukturunu da əhatə etmişdir.

Belə ki, ölkədə büdcə xərclərinin maliyyələşdirilməsi üçün xəzinədarlıq sisteminin yaradılması ilə Maliyyə Nazirliyi, bu strukturun beynəlxalq aləmdə qəbul edilmiş standartlarına uyğun olaraq fəaliyyət göstərməyə, həmçinin büdcənin proqnozlaşdırılması və icrasını günün tələblərinə cavab verən büdcə təsnifatı üzrə aparmağa başlamışdır.

Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsas şərtlərindən biri də mükəmməl vergi sisteminin qurulmasıdır.

Son illər ərzində Azərbaycanın vergi qanunvericiliyi sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar qəbul edilmişdir.

Vergi sisteminin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də respublikanın xarici iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, xarici investorlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasıdır.

Son illərdə xarici ticarətin liberallaşdırılması siyasəti yeridilmiş, malların ixracı və idxal üzrə məhdudiyyətlər aradan qaldırılmış, ixrac rüsumları tam ləğv edilmiş, respublikanın Beynəlxalq Ticarət Təşkilatına daxil olması üçün tələb olunan şərtlərin yerinə yetirilməsi istiqamətində bir sıra mühüm qanunvericilik aktları qəbul edilmişdir.

«Gömrük Məcəlləsi»nin qəbul edilməsi Azərbaycanın xarici ölkələrlə iqtisadi münasibətlərinin inkişaf etməsi sahəsində atılan ciddi addımlardan biridir. Vergi münasibətlərinin tənzimlənməsi istiqamətində Vergi Məcəlləsi xüsusi əhəmiyyət kəsb edən sənəddir. Vergi Məcəlləsində hazırda vergi qanunvericiliyində, vergitutma, vergiödəmə və vergilərin hesablanması və ödənilməsinə nəzarət praktikasında mövcud olan problemlərin aradan qaldırılması

nəzərdə tutulmuşdur. Vergi Məcəlləsi indiyədək ölkədə gedən vergi islahatlarının məntiqi davamı, mövcud olan vergi qanunlarının vahid prinsiplər əsasında sistemləşdirilmiş məcmusudur. Vergi Məcəlləsində də vergilərin dərəcələrinin aşağı salınması, xarici investorlar üçün əlverişli vergiqoyma şəraitinin yaradılması, sahibkarlıq subyektləri üçün sadələşdirilmiş sistem üzrə verginin tətbiq edilməsi, büdcəyə artıq ödəmələrin vaxtında qaytarılmamasına görə vergi tədiyyəçilərinə faizlərin ödənilməsi, mübahisəli məsələlərin vergi ödəyicilərinin xeyrinə həll edilməsi məsələləri öz əksini tapmışdır.

Müəssisə və təşkilatların maliyyə vəziyyətlərinin sağlamlaşdırılması və istehsalın inkişaf etdirilməsinə şərait yaratmaq istiqamətində atılan vacib addımlardan biri də «hüquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqında» və «Özəlləşdirilən dövlət müəssisələrinin aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanunlarının qəbul olunmasıdır.

Göstərilən tədbirlər müəssisə və təşkilatla illərlə yığılmış köhnə yükdən azad olmağa, onların dövriyyə vəsaitlərinin özgəninkiləşdirilməsi əvəzinə istehsalın inkişafına, özəlləşdirilmiş müəssisələrin yeni iqtisadi mühitdə özlərinə yer tapmaları üçün şərait yaradılmasına yönəldilmişdir və biz hesab edirik ki, milli istehsalımızın, xüsusi ilə də qeyri-neft sektorunun dirçəlməsində bu qanunların təsiri gözəçarpacaq dərəcədə olacaqdır.

Respublika iqtisadiyyatının daha da sağlamlaşdırılması və bu sahədə əldə edilmiş uğurların möhkəmləndirilməsində dövlət maliyyə nəzarətinin rolu və əhəmiyyəti böyükdür.

Son illər yoxlama və nəzarət funksiyasını həyata keçirən dövlət orqanları tərəfindən yol verilən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.

Nəticədə iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən

bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunmasına nail olunmuşdur.

Dövlət maliyyə nəzarətinin günün tələbləri səviyyəsində qurulması məqsədi ilə qeyd olunan tədbirlərin həyata keçirilməsi, respublikada istehsalın artmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə müəyyən qədər öz təsirini göstərmişdir.

Ölkədə mövcud olan işsizlik və kasıblıq probleminin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, infrastrukturun bərpası məqsədilə sərfəli şərtlərlə kreditlər cəlb edilməsi praktikasından geniş istifadə olunmasına zərurət vardır.

Bu baxımdan Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV Bankı, Yaponiyanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq nəticəsində respublikamızda həyata keçirilən iqtisadi islahatların, yenidənqurma və bərpa işlərinin maliyyə vəsaiti ilə dəstəklənməsi xüsusi qeyd edilməlidir.

Eyni zamanda qeyd etmək olar ki, ölkəmizin kredit reytinqinin müəyyən edilməsi və bu reytinqin bir sıra qonşu ölkələrlə müqayisədə yüksək olması xüsusi əhəmiyyət kəsb edir.

Elə bu səbəbdən beynəlxalq maliyyə-kredit təşkilatları ilə aparılan müvəffəqiyyətli danışıqlar nəticəsində Böyük Bankının su təchizatı sisteminin yenidən qurulmasına, Binə Aeroportunda uçuşların təhlükəsizliyinin təmin edilməsinə, aeroportun tikintisinə, yol tikintisinə, kimya sənayesinin inkişafına, neft, qaz, enerji sektorunun bərpasına, kəndli-fermer təsərrüfatlarının dirçəldilməsinə, qaçqın və məcburi köçkünlərin yeni iş yerləri ilə təmin edilməsinə və sahələrə güzəştli şərtlərlə investisiyalar cəlb edilmişdir.

Mövcud infrastrukturun bərpası, yenidən qurulması, yeni iş yerlərinin yaradılması və ölkədə keçirilən islahatların dəstəklənməsi məqsədi ilə sərfəli şərtlərlə xaricdən hökumət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə, elektrik-enerji sektorunun

yenidən qurulmasına, nəqliyyat xidmətinin yaxşılaşdırılmasına, kimya, kənd təsərrüfatı, irriqasiya-drenaj işlərinin görülməsinə və sair mühüm sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

Qeyd etmək lazımdır ki, cəlb edilən investisiya məqsədli kreditlərə xidmət bilavasitə büdcədən həyata keçirilir.

Büdcə xərcləri ölkənin maliyyə həyatında çox böyük rola malikdir. Dövlət xərcləri içərisində iqtisadiyyatda kapital yığımı ilə bağlı xərclər, investisiya xərcləri, transfert xərcləri ilə birlikdə büdcənin xərc hissəsində, demək olar ki, müəyyən məbləğdə paya malikdir. İnvestisiya xərcləri iqtisadiyyatın istehsal norması, istehsal həcmi, məşğulluq və milli gəlir norması ilə bağlı olan xərclərdir. Transfert xərcləri əvəzində heç bir mal və xidmət satın alnmadığı üçün iqtisadiyyatda fərdlər, sosial təbəqələr, sektorlar və bölgələr arasında gəlir bölgüsü ilə əlaqədar olan xərcləri əhatə edir. Daha doğrusu, transfert xərcləri gəlir bölgüsünü dəyişdirir.

Göründüyü kimi, heç bir dövlət xərci təsirsiz qalmır, bu və ya digər sahəyə müəyyən səviyyədə təsir edir. Ona görə də dövlət xərclərinin iqtisadi təsirləri bu xərclər həyata keçirilərkən istifadə olunan maliyyə mənbələri ilə sıx bağlıdır. Belə ki, dövlət xərcləri vergilərlə, borclanma ilə, emissiya ilə maliyyələşdirilə bilər. Bəzən elə şərait yaranır ki, bu üç maliyyə mənbəyindən eyni vaxtda istifadə edilir. Dövlət xərclərinin maliyyələşdirilməsində normal hal isə dövlət büdcəsinin tarazlığının qorunması və dövlət xərclərinin vergilərlə maliyyələşdirilməsidir.

Büdcə xərclərinin yaratdığı iqtisadi təsirləri bir-birindən fərqli olan üç qrup vasitəsilə izah etmək mümkündür. Bu qrupların hər birini bir metod kimi qəbul etməklə makroiqtisadi yanaşma metodunu, funksional təsnifləşdirməyə uyğun olaraq dövlət xərclərinin iqtisadi təsirini və dövlət xərclərinin iqtisadiyyat üzərindəki ümumi təsirinin müəyyənetmə metodunu göstərmək olar.



  1. Büdcə xərclərinin makroiqtisadi təsirləri dedikdə, ilk növbədə, dövlət xərclərinin istehsala, milli məhsula və milli gəlirə, qiymətlərə, məşğulluğa və s.

göstərdiyi təsirlər başa düşülür. Makroiqtisadiyyat elmi bütün bu təsirlərin və nəticələrin aradan qaldırılması istiqamətlərini özündə əks etdirir.

  1. Büdcə xərclərinin, funksional təsnifləşdirilməsinə görə iqtisadi təsirləri yuxarıda göstərdiyimiz xərc növləri üzrə meydana çıxan təsirləri əhatə edir. Ümumi idarəetmə xərcləri, milli müdafiə, təhsil, səhiyyə, abadlıq, nəqliyyat, turizm, mədəniyyət xidmətləri ilə bağlı xərclər funksional təsnifləşdirməyə aid xidmətlərdir. Dövlət xərclərinin iqtisadi təsirləri izah edilərkən hər bir qrup üzrə xərclər ayrı-ayrılıqda müəyyənləşdirilir və təsirləri aydınlaşdırılır.

Büdcə xərclərinin ümumiyyətlə, iqtisadiyyat üzərindəki təsirləri çox geniş və mürəkkəbdir. Ona görə də dövlət xərclərinin bu sahədəki təsirləri bir qədər dərindən aydınlaşdırılmalı və konkret təsir dairələri müəyyən olunmalıdır. Çünki makroiqtisadi təsirlərdən fərqli olaraq, burada dövlət xərclərinin iqtisadiyyatın özəl bölməsi üzərindəki təsirlərini istehsal, istehlak, gəlir bölgüsü, dövriyyə vəsaitləri və s. üzərindəki təsirləri izah edilir.

Büdcə xərclərinin istehsala göstərdiyi təsirlər əsas etibarilə investisiya həcmi, istehsal məsrəfləri, məşğulluq həcmi, idarəetmənin və biznesin texniki təşkili, maliyyənin təşkilinə göstərdiyi təsirlərin məcmusundan ibarətdir. Büdcə xərclərinin istehsala göstərdiyi əsas təsirlər investisiyaların artımı ilə bağlıdır. Dövlətin investisiya xərcləri dövlətin iqtisadi stimullaşdırma fəaliyyətinə müsbət təsir göstərir. Bu zaman iqtisadiyyatın özəl bölməsində investisiyalar artır. Dövlətin stimullaşdırma fəaliyyəti işgüzar dairələrin müdafiəsini təmin edir. İşgüzar dairələrin müdafiəsi və sərbəst fəaliyyəti təmin olunursa, deməli, bu dairələrin öz yığımlarından (kapitallarından) investisiya ayırdıqları vəsaitlərin də miqdarı artır ki, bu da istehsalın artması deməkdir. Büdcə xərclərinin qiymət sabitliyini pozmadan həyata keçirilməsi özəl bölmədə qısamüddətli investisiyalarla uzunmüddətli investisiyalar arasında tarazlığı təmin edir. Belə olan şəraitdə investorlar qısa və uzunmüddətli vəsait qoyuluşuna olan ehtiyaclarını maliyyə bazarları vasitəsilə çox asanlıqla təmin edirlər. Dövlət müəyyən sahələrdə investisiyaların sürətləndirilməsi məqsədilə istehsala

subsidiya ayırma siyasətini həyata keçirir. Bu siyasət özəl bölmənin investisiyalarını həvəsləndirir, iqtisadiyyatdakı sərbəst yığımları həyata keçirir və istehsalın həcmini artırır.

Büdcə xərcləri istehsal xərclərinə də böyük təsir göstərir. Dövlət xərclərinin təhsil, səhiyyə, nəqliyyat-daşıma, informasiya və sənaye xidmətləri ilə bağlı olan hissəsi idarəetmədə istehsal xərclərini aşağı sala bilər.

İnvestisiya xərclərindən başqa, bu xərclər də istehsal məsrəflərini azaltmaqla istehsalı stimullaşdırır. Məsələn, xidmətin yaxşı təşkil olunması və istehsalçıların sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əlavə istehsal xərclərini aradan qaldırır. Dövlət məcmu xərclər tərkibində çox böyük həcmdə cari və investisiya xərclərini həyata keçirir. Dövlətin həyata keçirdiyi investisiya xərcləri iqtisadiyyatda məşğulluq normasını yüksəldir və işsizliyin aradan qaldırılmasına şərait yaradır. Dövlətin həyata keçirdiyi cari xərclərin tərkibinə əmək haqqıları, sosial yardımlar, transfert ödəmələri daxildir. Bu cür xərclərin artması iqtisadiyyatda istehlak normasını yüksəldir. Belə xərc siyasətinin təbii nəticəsi istehlak malları istehsalının artmasıdır. Bu, sahələrdə məşğulluq normasının yüksəlməsində özünü göstərir. Əgər dövlət iqtisadiyyatın müəyyən bir sahəsini inkişaf etdirmək istəyirsə, onda bu sahələrə subsidiyalar ayırır və inkişafı üçün lazımi şərait yaradır. Bu sahələrin inkişafı isə yeni iş yerlərinin yaradılmasına imkanlar açır.

Bütün bu açıqlanan məsələlər dövlət xərclərinin istehsala göstərdiyi müsbət təsirləri aydınlaşdırırdı. Qeyd olunduğu kimi, büdcə xərcləri istehlaka da çox böyük təsir edir.

Büdcə xərcləri istehlaka müxtəlif istiqamətlərdən təsirlər göstərir. Bazar iqtisadiyyatı şəraitində dövlətin ən mühüm vəzifələrindən biri əhalinin sosial müdafiəsini təşkil və təmin etməkdir. Sosial müdafiə tədbirləri geniş və çoxsaylıdır. Buraya əhalinin mənzil-məişət şəraitinin təmin edilməsi, əhalinin nəqliyyat məsələlərinin təşkil olunması, əhalinin az təminatlı və ya işləməyən hissəsinə sosial ayırmalar, pensiyaların ödənilməsi və s. məsələlər daxildir. Bütün

bunlar son nəticədə özəl istehlakı artırır. Əhalinin əmək haqqı normasının yüksək olunması əhalinin normal istehlak səbətini ödəməyə imkan verir. Dövlətin sosial müdafiə sisteminin inkişaf etdirilməsi nəticəsində verilən müavinətlər istehsalçılara verilən subsidiyalar, əsas tələbat mallarının qiymətlərinin aşağı salınması istehlakı artıra bilən məsələlərdəndir.

Büdcə xərclərinin iqtisadi təsirlərindən danışarkən bu xərclərin gəlir bölgüsünə göstərdiyi təsirləri qeyd edək. Büdcə xərclərinin gəlir bölgüsünə göstərdiyi təsiri müəyyənləşdirərkən real xərclər və transfert xərclər sinfinə daxil olan xərcləri izah etmək lazımdır. Real xərclər tələb normasına birbaşa təsir etdiyi üçün milli gəlir və məşğulluq normasını yüksəldir. Ona görə də real xərclərin göstərdiyi təsirlər böhranlı və durğunluq dövrlərində az gəlirli sosial təbəqələrin gəlirlərinin artması şəklində özünü büruzə verir. İqtisadi sabitlik illərində isə fəal xərclər dövlət xidmətlərini həyata keçirir.

Transfert xərcləri gəlir bölgüsünü ya bərabərlik halına gətirir, yaxud da bərabərsizliyi artırır. Bu xərclər nəticəsində əhalinin müəyyən hissəsi daha çox gəlir qazandığı halda, başqa bir hissəsi az gəlir əldə edir. Buna uyğun olaraq, dövlət sosial müdafiə tədbiri kimi az məsrəfli təbəqələrin gəlirlərini artırmağa və bərabərsizliyi aradan qaldırmağa, yaxud azaltmağa çalışır. İstehlak üçün ixracata verilən subsidiyalar isə bir qrup adamın gəlirini xeyli artırdığı üçün insanlar arasında gəlir bərabərsizliyini yaradır.

Müasir dövlətlər həyata keçirdikləri iqtisadi siyasətlərinə öz iqtisadiyyatlarını sabit və böhransız şəraitdə inkişaf etdirməyə çalışırlar.

Belə ki, maliyyə siyasətinin həyata keçirilməsində dövlətin məqsədi cəmiyyətin inkişafının ən vacib tələbatını təmin etmək üçün zəruri olan maliyyə ehtiyatlarının yaranması və bu ehtiyatların istehsalın sahələri arasında bölüşdürülməsi yolu ilə səmərəli istifadə olunmasıdır.

Bu istiqamətdə maliyyə siyasətinin aparıcı qolu olan büdcənin gəlirlərinin formalaşdırılması və büdcənin xərclər kimi ölkə iqtisadiyyatının, o cümlədən milli istehsalın inkişafı və stimullaşdırılmasına təsirini qeyd etmək lazımdır.

Belə ki, dövlət büdcəsinin xərclərinin müəyyən hissəsi milli məhsulun formalaşmasında xüsusi çəkiyə malik olan kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, sənaye və tikinti, mənzil-kommunal, nəqliyyat, rabitə və sair xərclərin maliyyələşdirilməsinə yönəldilir. Bu da birbaşa milli istehsalın inkişafına şərait yaradır.

Qeyd olunanlarla yanaşı, cəmiyyətin idarə olunmasında mühüm rolu olan və son nəticədə bütün dəyərlərin yaradıcısı olan insanların təhsilinin, sağlamlığının təmin edilməsi, ölkədə elmi-texniki tərəqqinin yüksəldilməsi üçün dövlət büdcəsində müəyyən məbləğdə vəsait nəzərdə tutulur ki, bu da bütövlükdə milli istehsalın idarə olunmasında və onun inkişafında böyük rol oynayır.

Bu gün büdcədə milli istehsalın stimullaşdırılmasında böyük rola malik olan elektrik enerjisi, təbii qaz, su, istilik enerjisi xərclərinin maliyyələşdirilməsi üçün vəsait nəzərdə tutulur.

Yaxın gələcək üçün bir sıra sahələrdə islahatların aparılması, yeni istehsal sahələrinin yaradılması məqsədilə ölkəmizə güzəştli şərtlərlə kredit verən beynəlxalq maliyyə kredit təşkilatları ilə müvəffəqiyyətli və intensiv danışıqların aparılması zəruri hesab edilir.

Beynəlxalq maliyyə təşkilatlarından səhiyyə, təhsil, pensiya və maliyyə sektorunda islahatların aparılması məqsədilə TRASEKA xətti çərçivəsində yol tikintisi üçün sənaye və kənd təsərrüfatı emalı sahələrinin dirçəldilməsi məqsədilə investisiyalar cəlb edilməsi istiqamətində də işlər aparılmasının vacibliyi qeyd olunmalıdır.




    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin