Azərbaycana qarşı törədilən erməni zorakılığının ən qanlı səhifələrindən biri də Xocalı şəhərində həyata keçirilən soyqırımdır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alaynın köməyindən istifadə etməklə erməni terror birləşmələri Xocalı şəhərində XX əsrdə ən dəhşətli faciələrdən biri olan Xocalı faciəsini törətdilər. Müxtəlif terrorçu birləşmələrin, xaricdən gətirilən muzdlu döyüşçülərin və erməni ordusunun şəhərdə həyata keçirdiyi soyqırım nəticəsində 613 nəfər öldürülmüşdür. Bunlardan 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Faciədə 27 ailə tam məhv edilmiş, 230 ailə öz başçısını itirmiş, 1275 nəfər girov götürülmüşdür.
İnsanlıq tarixinin ən qanlı, ən dəhşətli faciələri ilə bir sırada tutulan Xocalı faciəsi tarixin qara ləkələrindən biri kimi daim xatırlanacaqdır.