Şuşa
Daşaltı çayına yol vermək üçün,
Dağ öz ətəyini yığıb altına.
Elə bil bu yeri yaratdığı gün,
Düşübdür Allahın xoş saatına.
Hər daş öz rəngiylə dünyaya baxır,
Hər qaya elə bil bir qərinədi.
Çay da əsrlərin dibindən axır,
Hər dağ daşa dönmüş zamandır, nədir?!
“Qıy səsi” özünü atır qayadan,
Başqa qayalara dəyir qayıdır.
Dərə ümman olur gələndə duman,
Buludlar üstündə boz qağayıdır.
Sanki duman üstə dayanmışam mən,
126
Nağıl dünyasıdır bura elə bil.
Günəş Simurq kimi qalxır dərədən,
Qulaq as, daşlar da dil açıbdır, dil.
Dağ düyüb alnını dərdi var kimi,
Deyirsən, nədənsə söz salacaqdır.
Qayalar sehrli qapılar kimi,
Deyirsən, üzünə açılacaqdır.
Burda cəm olubdur əzəmət, vüqar,
Duman çəkiləndə hər səhər-səhər.
Dumandan tökülüb qalır qayalar,
Dumandan səpilir çölə çiçəklər.
Vallah, göz sevinir baxırsan hara
Öz yaşıl səsiylə çağırır çəmən.
Şuşa, ucalmısan boz buludlara,
Vətən torpağının heykəlisən sən.
F.Qoca
Analar
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb-biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
Unudub illərin yorğunlğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.
Alnında hər zaman açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.
Özüm də bilmirəm, Hüseyn, niyə,
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?
127
H.Arif
Dostları ilə paylaş: |