185
Səhmdarlar şirkətin təsis sənədləri ilə nəzərdə tutulan miqdar, üsul və müddət
çərçivəsində şirkətin kapitalına maya qoymağa borcludurlar. SC-nin səhmlərinin
ödənilməsi öz mahiyyətinə görə şirkətin nizamnamə kapitalına maya qoyuluşu
hesab olunur. Mayanın nizamnamə kapitalına ödənilməsi pulla, qiymətli
kağızlarla, başqa əşyalarla mülkiyyət və ya pul dəyəri olan digər hüquqlarla
həyata keçirilə bilər. Qanunvericilik şirkətin nizamnamə kapitalına pul və ya pul
olmayan formada yatırılan vəsaitlərin nisbətini tənzimləmir. Lakin şirkətin
nizamnaməsi ilə səhmlərinin (paylarının) ödənilməsi üçün qəbul olunan əmlakın
növlərinə məhdudiyyət qoyula bilər. Şirkətin təsis edilməsi zamanı səhmlərin
(payların) ödənilməsi üçün yönələn əmlakın qiymətləndirilməsi təsisçilər
arasındakı razılaşmaya əsasən aparılmalı və müstəqil ekspert (auditor)
yoxlamasından keçirilməlidir.
279
Bu zaman əmlak bazar dəyəri ilə
qiymətləndirilməlidir. Bazar dəyəri satıcının əmlakın dəyəri haqqında tam
məlumatlı olması və onu satmağa məcbur olmadığı halda, onu satmağa razı
olması, alıcının isə əmlakın dəyəri haqqında tam məlumatlı olması və onu
almağa məcbur olmadığı halda, onu alması qiyməti kimi müəyyən edilir.
Şirkətin fəaliyyətinin bütün mərhələlərində səhmlərin (payların) qeyri-pul
vəsaitləri ilə ödənilməsi halında həmin vəsaitin bazar dəyərini müəyyən etmək
üçün müstəqil qiymətləndirici (auditor) cəlb edilməlidir. Şirkətin təsisçiləri
nizamnamə kapitalını tam ödəməlidirlər. Qeyd etmək lazımdır ki, səhmdarın
(iştirakçının) səhmləri (payları) ödəmək öhdəliyindən azad edilməsi, o cümlədən
şirkətə olan tələbləri ilə əvəzlənməsi yolu ilə azad olunması yolverilməzdir.
Dostları ilə paylaş: