PEYĞƏMBƏR
Gəminin gəlməsi
Seçilmiş və sevilən, öz gününün səhəri əl-Mustafa on iki il Orfales şəhərində onu geriyə, doğulduğu adaya qaytaracaq gəmisinin gəlməsini gözləyirdi. Və on ikinci ildə, sentyabr ayının yeddisində – biçin ayında o, qala divarlarından bayırda, bir təpənin başına çıxaraq dənizə sarı boylandı və dumanla bərabər yaxınlaşan gəmini gördü.
Ürəyinin qapıları taybatay açıldı və onun sevinci dənizdən çox uzaqlara uçdu. O, gözlərini qapadı və qəlbinin sakitliyində dua etdi.
Lakin təpəni enincə qüssə onu haqladı və o, ürəyində fikirləşdi:
“İndi mən qüssələnmədən və könül rahatlığı ilə necə gedim? Yox, ruhumu yaralamadan tərk edə bilməyəcəm mən bu şəhəri.
Uzun, çox uzun idi bu divarlar arasında keçirdiyim ağrılı günlər, tənhalıq dolu gecələr. Kim öz ağrısından və tənhalığından asanlıqla ayrıla bilir ki?
Bu küçələrə ruhumun çoxlu damlalarını səpələmişəm və bu təpələrin arasında həsrətimin çoxlu uşaqları dolaşır. Ayağı yalın, başı açıq; və mən onları ağrısız tərk edə bilmərəm.
Bu gün mən libasımı soyunmuram; yox, dərimi soyuram, öz əllərimlə.
Arxada düşüncələri deyil, aclıq və susuzluqdan incəlmiş ürəyimi qoyub gedirəm.
Lakin daha dözə bilmirəm.
Hamını özunə doğru səsləyən dəniz məni də çağırır və mən gəmiyə minməliyəm.
Qalmaq. Həyat saatlarının gecə uzunu yanmasına baxmayaraq, donmaq, buz bağlamaq və palçığın içində bərkimək deməkdir.
Burda qalanları necə həvəslə götürərdim özümlə. Lakin bu mümkünmü?
Səs ona qanad vermiş dil və dodağa artıq dözə bilmir. İndi o özü, efir axtarışına çıxmalıdır, tək-tənha.
Qartal da öz yuvasını qayalarda qoyub günəşə sarı tək uçur”.
Təpənin ətəyinə çatınca, o, bir daha dənizə sarı boylandı və gəmisinin limana yaxınlaşdığını gördü; gəminin göyərtəsində dənizçilər, onun doğma torpağının adamları durmuşdular.
Onun qəlbi qışqırıb onlara dedi:
“Mənim qədim anamın uşaqları, qabarmalar üstə çapanlar.
Yuxularımda neçə dəfə üzüb gəlibsiniz. İndi isə mən ayıq ikən gəlmisiniz və bu, mənim ən dərin yuxumdur.
Mən getməyə hazıram və həsrətimin bütün yelkənləri açıq halda küləyi gözləyir.
Yalnız bir daha köksümü ötürüm, bu sakit havada bir daha buraları məhəbbətlə seyr edim. Sonra isə mən sizinləyəm, dənizçilər arasında dənizçi.
Sən isə, geniş dəniz, yuxulu ana, çaylar və arxlar üçün yeganə rahatlıq və azadlıq məkanı, bu çay daha bir döngə burularaq açıqlıqda nəğməsini bir də oxuyacaq və mən sənə qovuşacam, sonsuz damla sonsuz okeana qatılan kimi”.
Gedərkən o, uzaqdan öz tarla və üzümlüklərini tərk edib şəhər darvazalarına doğru tələsən kişi və qadınları gördü.
O, onların səslərini eşidirdi; onun adını çağırır, bir tarladan o birinə qışqıraraq onun gəmisinin gəldiyini xəbər verirdilər.
O, öz-özünə dedi:
“Görəsən, ayrılıq günü görüş günü ola biləcəkmi?
Deyiləcəkmi ki, mənim qürubum, əslində, mənim səhərim idi?
Kotanını şumun içində qoyub gələnə və ya şərab presinin çarxını buraxıb gələnə mən nə verə biləcəm?
Mənim ürəyim bol meyvə gətirmiş bir ağaca dönə biləcəkmi ki, mən o meyvələri dərib adamları qonaq edim?
Arzularım necə, bulaq kimi çağlayacaqmı ki, gələnlərin piyalələrini doldura bilim?
Mən bir arfayammı ki, Qüdrət Sahibinin əli toxunsun, ya bir neyəmmi ki, nəfəsi içimdən keçsin?
Mən sükut axtarıcısıyam və görəsən, bu sükutda hansı xəzinəni tapmışam ki, indi onu inamla paylaşa biləm?
Əgər bu gün mənim biçin günümdürsə, görəsən, hansı unudulmuş fəsillərdə, hansı tarlalarda səpin səpmişəm?
Əgər bu, doğrudan da, mənim çıraq qaldıracaq saatımdırsa, onun içində alışacaq alov mənimki deyil.
Mən öz çırağımı boş və sönük qaldıracam
Gecənin gözətçisi özü çırağımı yağla dolduracaq və o da alışdıracaq”.
* * *
O, bunları sözlərlə dedi. Lakin çox şey isə deyilməmiş qaldı ürəyində. Çünki özünün ən dərin sirrini ifadə etməkdə aciz idi.
Şəhərə girəndə, bütün camaat onu qarşılamağa çıxdı. Onlar bir ağızla onu çağırırdılar.
Şəhərin ağsaqqalları qabağa çıxaraq söylədilər:
“Tərk etmə bizi hələ.
Bizim alatoranlığımızın gündüzü oldun və sənin gəncliyin bizə arzulamaq üçün arzular bəxş etdi.
Aramızda nə qərib, nə də qonaqsan; bizim oğlumuzsan, əzizimizsən.
Hələ nurunu itirməyib üzünə həsrət gözlərimiz”.
Kahin və kahinələr də ona söylədilər:
“Qoyma dənizin dalğalari bizi ayırsın, aramızda keçirdiyin illər bir xatirəyə dönsün.
Bizim aramızda bir ruh kimi gəzirdin, kölgən isə üzümüzə işıq kimi düşürdü.
Səni çox sevirdik. Lakin dilsiz və ağızsız idi bizim sevgimiz, pərdə ilə örtülmüşdü.
İndi isə o, var gücü ilə səni çağırır və bütün aşkarlığı ilə qarşında görünəcək.
Həmişə belə olub məhəbbət ayrılıq saatınadək öz dərinliyini tanıya bilmir”.
Digərləri də gəldilər və yalvardılar ona. Lakin o, cavab vermədi onlara. O, yalnız başını aşağı saldı və yaxında dayananlar onun göz yaşlarının sinəsinə necə düşdüyünün şahidi oldular.
O da, camaat da məbədin qarşısındakı böyük meydana yollandılar.
Orada səcdəgahdan əl-Mitra adlı bir qadın çıxdı. O, görücü idi.
Əl-Mustafa bu qadına hədsiz şəfqətlə baxdı, çünki bu, məhz həmin qadın idi ki, hamıdan əvvəl onu tanımış və ona iman gətirmişdi; onun şəhərə gəldiyi bircə gün olmasına baxmayaraq.
Qadın onu salamlayaraq dedi:
“Allahın Peyğəmbəri, əlçatmazın axtarışlarında sən uzun müddət öz gəmin üçün uzaq üfüqlər aradın.
İndi isə budur, sənin gəmin gəlmişdir və sən getməlisən.
Yaddaşında qalan torpaq və ali istəklərinin məkanı üçün çəkdiyin həsrət çox böyükdür və nə bizim sevgimiz sənin əl-qolunu bağlaya bilər, nə də bizim ehtiyaclarımız səni bu yoldan saxlaya bilər.
Səndən yalnız bircə istəyimiz var. Nə qədər ki, bizi tərk etməmisən danış bizimlə və öz həqiqətindən bizə də bəxş et.
Biz onu uşaqlarımıza ötürərik, onlar da öz uşaqlarına və o itməyəcək.
Öz tənhalığında sən bizim günlərimizin axarını müşahidə etmisən, öz oyaqlığında isə bizim yuxumuzun ağlamağını və gülməyini dinləmisən.
Odur ki, indi özümüzü göstər bizə, doğumla ölüm arasında olanlardan sənə nə açılıbsa hər şeyi danış bizə”.
O cavab verdi:
“Orfalesin camaatı, mən qəlblərinizi hələ də riqqətə gətirən şeydən başqa nədən danışa bilərəm ki”?
Məhəbbət
Onda əl-Mitra dedi: “Məhəbbətdən danış bizə”.
O, başını qaldırıb camaata baxdı. Camaatın üzərinə sükut çökdü.
O, uca səslə söylədi:
“Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca,
Baxmayın ki, yolları ağır və sərtdir.
Onun qanadları sizi ağuşuna alanda, müqavimət göstərməyin.
Baxmayın ki, qanadlarının arasında gizlənmiş qılınc sizi yaralaya bilər.
O, sizinlə danışan zaman inanın ona.
Baxmayın ki, şimal küləyi bağı viran qoyan kimi onun səsi sizin arzularınızı darmadağın edə bilər.
Axı, məhəbbət başınıza tac qoydugu kimi, həm də çarmıxa çəkir.
Sizi böyütdüyü kimi, budayır da.
O, sizin zirvələrinizə yüksələrək günəşin şəfəqləri altında titrəşən ən zərif budaqlarınızı əzizləyir.
O, həm də sizin torpağa sığınmaq istəyən, köklərinizə dogru enir və onları titrədir.
Taxıl dərzləri kimi o sizi özündə toplayıb bağlayır.
Aşkarlanmanız üçün sizi üyüdür
Sizi qabıqdan ayırmaq üçün ələyir.
Ağarana qədər sürtür.
Yumşalanadək yoğurur.
Sonra sizi müqəddəs oda tapşırır ki, Allahın müqəddəs ziyafətində müqəddəs çörək ola biləsiniz.
Bütün bunları məhəbbət sizin başınıza ona görə gətirəcək ki, siz öz ürəyinizin sirrini dərk edəsiniz və bu biliklə Həyatın ürəyinin bir hissəsinə çevrilə biləsiniz.
Lakin əgər siz qorxaqcasına məhəbbətin yalnız sakitliyini və ləzzətini axtaracaqsınızsa.
Onda yaxşı olar ki, öz çılpaqlığınızı örtüb məhəbbətin xırmanından uzaqlaşasınız,
Elə bir fəsilsiz dünyaya ki, orada güləcəksiniz, amma tam gülüşünüzlə yox. Ağlayacaqsınız, amma gözüdolusu yox.
Məhəbbət özündən başqa heç nə vermir. Özündən başqa da heç nəyi geri almır.
Məhəbbət heç nəyə sahib deyil. Heç kimin də ona sahib olması mümkün deyil.
Zira, məhəbbət üçün məhəbbət bəsdir.
Əgər sevirsinizsə, deməyin ki, “Allah mənim ürəyimdədir”. Daha düzgün olar ki, deyəsiniz: “Mən Allahın ürəyindəyəm”.
Düşünməyin ki, məhəbbətə yol göstərə bilərsiniz,
Əgər sizi buna layiqli bilsə, o özü sizə yol göstərəcəkdir.
Məhəbbətin özünü gerçəkləşdirməkdən başqa heç bir arzusu yoxdur,
Lakin əgər siz sevirsinizsə və sizin hansısa arzularınız olmalıdırsa, qoy, sizin arzularınız bunlar olsun:
Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək.
Şəfqətin çoxluğundan ağrı hiss etmək.
Eşqi dərk etməyimizdən yaralanmaq.
Razılıq və sevinc hissi ilə qanına qəltan olmaq.
Səhərlər qanadlanmış ürəklə məhəbbətin daha bir gününə görə şükranlıqlarını ifadə etmək; günorta saatında dincəlmək və eşqin ekstazını sezmək;
Qürub vaxtı evə, minnətdarlıq duyğusu ilə qayıtmaq;
Sonra isə ürəyinizdə sevdikləriniz üçün dua, dodaqlarınızda şükranlıq nəğməsi ilə yuxulamaq”.
Nikah
Sonra yenidən əl-Mitra dilləndi və soruşdu: “Bəs nikah nə olan şeydir, ustad?”
O belə cavab verdi:
“Siz birlikdə doğulmusunuz və həmişə də birlikdə olacaqsınız.
Ölümün ağ qanadları günlərinizi pərən-pərən salanda da siz birlikdə olacaqsınız.
Bəli, hətta Allahın sükuta qərq olmuş yaddaşında da siz birlikdə olacaqsınız.
Lakin bu bərabərliyinizdə, qoyun, bəzi məsafələr qalsın.
Qoyun, cənnətin rüzgarları aranızda rəqs edə bilsinlər.
Bir-birinizi sevin, lakin məhəbbəti boyunduruğa çevirməyin.
Yaxşı olar ki, o, qəlblərinizin sahilləri arasında dalğalanan bir dəniz olsun.
Bir-birinizin camlarınızı doldurun, lakin bir camdan içməyin.
Bir-birinizlə çörəyinizi bölüşün, lakin bir tikədən yeməyin.
Birlikdə nəğmə oxuyun, rəqs edin və sevinin, lakin bir-birinizin ayrılığını pozmayın.
Udun simləri kimi. Onlar ayrı-ayrı olsalar da, bir musiqinin sədaları altında titrəşirlər.
Ürəklərinizi verin bir-birinizə, amma tutub saxlamağa yox.
Zira, yalnız Həyatın əlinə yerləşə bilər ürəkləriniz.
Yanaşı durun, lakin çox da yaxın yox.
Axı, məbədin sütunları da aralı dururlar,
Palıdla sərv isə bir-birinin kölgəsində bitmirlər”.
Uşaqlar
Qucağında uşaq tutmuş bir qadın söylədi: “Uşaqlardan danış bizə”.
Əl-Mustafa dedi:
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil.
Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdırlar.
Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər,
Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.
Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox.
Zira, onların öz fikirləri var.
Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox.
Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.
Siz onlar kimi olmağa can ata bilərsiniz, lakin onları özünüzə oxşatmağa çalışmamalısınız.
Axı, həyat geriyə axmır və dünəndə ləngimir.
Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar.
Nişançı sonsuzluq yolunda nişanını görür və O sizi Öz qüdrəti ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər.
Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin.
Zira, O uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”.
Vermək
Onda varlı adam dedi : “Verməkdən danış bizə”.
O, cavab verdi:
“Malınızdan verəndə, siz yalnız cüzi bir hissəni verirsiniz.
Özünüzdən verəndə isə həqiqətən vermiş olursunuz.
Zira, sizin malınız sabahkı günün qorxusundan yığıb saxladığınız şey-şüydən başqa nədir axı?
Bəs Sabah? İz saxlamayan qumda sümük basdıran və zəvvarların arxasına düşüb müqəddəs şəhərə yollanan çox ehtiyatlı bir itə nə gətirə bilər ki sabah?
Ehtiyac qorxusu özü bir ehtiyac deyilmi?
Susuzluq qorxusu quyularınızı ağzınacan yanğı ilə doldurmaqdan yaranmayıbmı?
Elələri var ki, malik olduqları çoxdan azını verirlər və bunu tanınmaq üçün eləyirlər. Onların gizli niyyətləri onların bəxşişlərini puça çevirir.
Lakin elələri də var ki, aza malikdirlər və onun hamısını verirlər.
Onlar həyata, həyatın səxavətinə inananlardır gətirənlərdir və onların xəzinəsi heç zaman boşalmır.
Onlar o kəslərdir ki, sevinclə verirlər və sevinc onların mükafatı olur.
Elələri də var ki, ağrı ilə verirlər və bu ağrı onların vəftizi1 olur.
Elələri də var ki, verirlər və bu zaman nə ağrı bilir, nə sevinc axtarırlar, nə də yaxşılıq etdiklərinin fərqində olurlar.
Onların verməyi, bax, o vadidəki mərsinin ətrini fəzaya yayması kimidir.
Allah belələrinin əlləri ilə danışır və onların gözləri ilə yer üzünə gülümsünür.
İstəyənə vermək yaxşı işdir, lakin istəməyənə anlayaraq vermək daha yaxşı işdir.
Səxavətli üçün ehtiyacı olanı aramaq sadəcə verməkdən daha böyük sevincdir.
Məgər elə bir şey varmı ki, onu özünüzdə saxlaya biləsiniz?
Nəyiniz varsa bir gün alınacaq.
Odur ki, indi verin, vermək mövsümünü varislərinizin öhdəsinə buraxmağa nə lüzum?
* * *
Çox vaxt deyirsiniz: “Mən verərdim, amma layiqli birisinə.”
Amma nə bağınızdakı ağaclar, nə də çəmənlərinizdəki sürülər belə demirlər.
Onlar verirlər ki, yaşaya bilsinlər, çünki verməmək onlarçün ölüm deməkdir.
Həqiqətən, öz gündüzlərini və gecələrini alamağa layiq bilinən, sizdən də qalan hər şeyi almağa layiqdir.
Həyat okeanından içməyə layiq bilinmişdir, sizin kiçik arxınızdan öz camını doldurmaga layiqdir, əlbəttə.
Sizdən kömək almaq cəsarətindən, inamından və hətta mərhəmətindən də böyük layiqlilik varmı?
Axı, siz kimsiniz ki, insanlar sizin qarşınızda öz ürəklərini açmalı, vüqarlarını ayaqlarınızın altına sərməlidirlər ki, onların çılpaq mahiyyətlərinə baxıb layiqliklərini müəyyənləşdirə biləsiniz?
Birinci özünüzə baxın, verməyə və vermə aləti olmağa layiqsinizmi?
Zira, həqiqətdə, həyata verən həyatın özüdür, siz isə, özünüzü verən sayanlar, şahiddən başqa bir şey deyilsiniz.
Siz alanlar – və həqiqətdə hamınız alansınız – üzərinizə minnət yükünü götürməyin ki, nə özünüzün, nə də verənin boynuna boyunduruq keçirməyəsiniz.
Yaxşısı budur, verənlə bir yerdə, onun hədiyyəsi ilə qanadlanın göylərə.
Zira, öz borcun barədə çox düşünmək, anası məhsuldar torpaq və atası Tanrı olanın ürəyinin səxavətinə şübhə etmək deməkdir”.
Yemək və içmək
Sonra qoca bir karvansaraçı dilləndi: “Bizə yemək-içməkdən danış”.
O dedi:
“Kaş ki, siz torpağın ətri hesabına yaşaya və bitki kimi işıqla qidalana biləydiniz.
Lakin bir halda ki, siz yeməkdən ötrü öldürməyə, susuzluğunuzu yatırtmaqdan ötəri körpələrin südünü oğurlamağa məcbursunuz, onda bunu elə edin ki, qoy, səcdəyə bənzəsin.
Qoy, süfrəniz müqəddəs qurbangah yeri olsun. Burada meşənin günahsız və təmiz varlıqları insanın daxilində yaşayan daha təmiz və daha məsum olana qurban verilsin.
Heyvanı öldürəndə ürəyinizdə deyin:
“Səni öldürən qüvvə ilə mən də öldürüləcəyəm və məni də yeyəcəklər.
Çünki, səni mənim əlimə təslim edən qanun məni daha qüdrətli Ələ təslim edəcəkdir.
Sənin və mənim qanım ilahi ağacın köklərini qidalandıran şirədən başqa bir şey deyil.”
Almanı dişləyəndə, ürəyinizdə ona deyin:
“Sənin toxumların mənim bədənimdə yaşayacaq,
Sənin sabahkı çiçəklərin mənim ürəyimdə açacaqdır.
Sənin ətrin mənim nəfəsim olacaq,
Keçən hər fəsilə biz birlikdə sevinəcəyik.”
Payızda üzümlüklərinizdən üzümü şərab presi üçün yığanda ürəyinizdə deyin:
“Əslində mən də üzümlüyəm və mənim də meyvələrim beləcə şərab presinə yığılacaq
Cavan şərab kimi məni də əbədiyyət küplərində gizləyəcəklər.”
Qışda bu şərabı açanda, ürəyinizdə hər bir qədəh üçün nəğməniz olsun;
Nəğmələrinizdə ötən payız günlərini, üzümlüyü və şərab presini bir daha xatırlayın”.
Zəhmət
Sonra əkinçi dilləndi: “Bizə zəhmətdən danış”.
O belə söylədi:
“Siz torpaqla və torpağın qəlbi ilə bərabər olmaq üçün işləyirsiniz.
Zira, bekar olmaq – fəsillərə yadlaşmaq, sonsuzluğa doğru möhtəşəm və vüqarlı itaətkarlıqla yeriyən həyat axınından ayrılıb itmək deməkdir.
Siz işləyəndə saatların pıçıltısını ürəyində musiqiyə çevirən neyə dönürsünüz.
Ətrafdakılar səs-səsə verib oxuduğu zaman, sizlərdən kim lal və səssiz-səmirsiz bir qamış olmağa razı olar?
Sizə həmişə deyiblər ki, iş – cəhənnəm əzabıdır, fiziki əmək isə – fəlakətdir.
Lakin mən sizə deyirəm ki, siz işləyəndə, torpağın ən ali istəyini həyata keçirmiş olursunuz.
Bu, sizin əzəli öhdəçiliyinizdir.
Zəhmətə qatlaşmaqla siz həqiqətən həyatı sevmiş olursunuz.
Zəhmət dolayısı ilə sevmək – həyatın ən gizli sirlərinə varmaq deməkdir.
Lakin siz ağrıya görə doğuluşu xəstəlik, bədəni çalışdırmağı isə alnınıza yazılmış lənət sayırsınızsa, onda mən deyirəm ki, alın yazısını məhz alın təri ilə yumaq mümkündür.
Sizə deyiblər ki, həyat – zülmətdir və öz yorğunluğunuzda digər yorğunların dediklərini əks-səda kimi təkrarlayırsınız.
Mən isə deyirəm ki, həyat həqiqətən də zülmətdir,
Əgər orda heç bir cəhd yoxdursa.
Hər hansı cəhd biliksiz kordur.
Hər hansı bilik də zəhmətsiz mənasızdır.
Əgər məhəbbət yoxdursa zəhmət də puçdur.
Yalnız məhəbbətlə işləyəndə siz özünüzü özünüzlə, digərləri ilə və Allahla bağlamış olursunuz.
Bəs məhəbbətlə işləmək nə deməkdir?
Bu, ürəklə əyirilən saplarla paltarı elə toxumaqdır ki, sanki onu sevgiliniz geyinəcəkdir.
Bu, evi elə bir hisslə tikməkdir ki, sanki onun içində sevgiliniz yaşayacaqdır.
Bu, toxumları elə şəfqətlə səpmək və məhsulu elə sevinclə yığmaqdır ki, sanki sevgiliniz yeyəcək bu meyvələri.
Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq,
Bütün müqəddəslərin ətrafınızda duraraq sizi müşahidə etdiyini bilmək deməkdir.
Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız:
“Mərmərlə işləyən öz qəlbinin formasını daşda tapan torpağı şumlayan sadə əkinçidən daha yüksəkdir.
Göy qurşağını kətana köçürə bilən bizim ayaqlarımız üçün çarıq toxuyandan daha artıqdır.”
Lakin mən sizə deyirəm, özü də yuxulu yox, günorta ayıqlığında.
Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə danışmır.
Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətindən şirinləşmiş nəğməyə çevirə bilir.
Zəhmət – görünən məhəbbətdir.
Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah yaradırsa, yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının ağzında oturub sevinclə işləyənlərdən sədəqə istəyəsiniz.
Zira, çörəyi biganəliklə bişirirsinizsə, deməli, dadsız çörək bişirirsiniz, insanın aclığını da doyurmaz.
Üzümü də narazılıqla sıxırsınızsa, sizin narazılığınız zəhər olub şərabınıza qarışacaq.
Siz lap mələk kimi oxusanız belə, əgər oxumağınızda eşq yoxdursa, yalnız gündüzün və gecənin səsini batırmış olursunuz”.
Sevinc və kədər
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”.
O, cavab verdi:
“Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir.
O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmusunuz göz yaşlarınızla.
Və başqa cür də necə ola bilər axı?
Kədər içinizi nə qədər dərin qazıbsa, varlığınız bir o qədər sevinc tuta bilər.
İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, dulusçu sobasında bişirilib əvvəlcə?
Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqlarla oyulub?
Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, sizə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi.
Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və görəcəksiniz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi.
Bəziləriniz: “Sevinc kədərdən artıqdır,” digərləriniz isə: “Yox, kədər daha böyükdür,”– deyəcək.
Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz.
Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başındadırsa, əmin ol ki, digəri çarpayında dincəlir.
Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında.
Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz.
Hər dəfə Xəzinədar öz qızıl-gümüşünü sizdə çəkmək istəyəndə, sizin sevinc və kədəriniz qalxır-düşür”.
Evlər
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”.
O, belə cavab verdi:
“Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi təbiətin ortasında bir alaçıq tikirsiniz.
Daxilinizdəki qərib yolçu alatoranlıqda evini axtaranda onu tapa bilsin.
Eviniz sizin genişlənmiş bədəninizdir.
O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbəttə, onun da öz yuxuları var.
Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edərək meşəliyə, yaxud təpənin başına səyahət etmir?
Kaş ki, yığa biləydim evlərinizi ovcuma. Onda mən bir səpinçi kimi səpələyərdim onları meşələrə, düzlərə.
Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiyabanlarınız olardı. Siz bir-birinizi üzümlüklərin arasında axtarardınız və gələndə paltarlarınızda torpağın qoxusunu gətirərdiniz.
Amma bunun vaxtı hələ gəlib çatmamışdır.
Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxınlaşmışlar.
Bu qorxu hələ bir müddət çəkəcək. Bu qala divarları hələ bir müddət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq.
Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı qapılar arxasında qoruduğunuz nədir axı?
Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı?
Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağlayan sayrışan tağlar – varmı?
Orda elə bir gözəllik varmı ki, taxtadan və daşdan düzəldilmiş əşyalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönləndirsin?
Deyin görüm, bütün bunlar evlərinizdə varmı?
Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə maliksiniz? Bu, gizlincə evinizə qonaq kimi daxil olur, sonra ona yiyələnir və nəhayət, ağasına çevrilir.
Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə sizin ən böyük ehtiraslarınızı özünə ram edir.
Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir.
O sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cisminizin ləyaqətini ələ sala bilsin.
O sizin sağlam hisslərinizə rişxənd edərək onları saxsı qablar kimi qanqallığa tullayır, mənasızlaşdırır.
Beləcə, rahatlıq həvəsi qəlbin qüdrətini məhv edərək onun dəfnində irişə-irişə addımlayır.
Lakin sizə, fəzanın övladlarına, yuxularında belə dincəlməyənlərə, nə tələyə düşmək, nə də əhliləşmək yarayar.
Lövbər yox, dar ağacı olmalıdır sizin eviniz.
O, yaranı gizləyəcək parıltılı lent yox, gözləri qoruyan göz qapağı olmalıdır.
Qapıdan keçə bilmək üçün qanadlarınızı yığmayın, tavana dəyməsin deyə, başınızı aşağı əyməyin, divarlar çatlayıb dağılacaq deyə nəfəs almaqdan qorxmayın.
Ölülərin dirilər üçün yaratdığı məzarlıqda yaşamaq sizə yaraşmaz.
Necə gözəl və zəngin olsa belə eviniz, o nə sizin sirrinizi gizləyə biləcək, nə də həsrətinizə sığınacaq olacaq.
Zira, daxilinizdəki sonsuzluq qapıları səhər dumanından, pəncərələri isə nəğmələrdən və gecənin sakitliyindən ibarət göy sarayına sığa bilər yalnız”.
Geyim
Toxucu: “Bizimlə Geyim barədə danış”,– dedi.
O, cavab verdi:
“Geyiminiz sizin gözəlliyinizin çox hissəsini örtür, lakin sizdəki eybəcərliyi gizlədə bilmir.
Hərçənd ki, libaslarınızda sirr saxlamaq azadlığı axtarırsınız, ancaq siz onlarda boyunduruq və zəncir də tapa bilərsiniz.
Yaxşı olardı ki, günəşi və küləyi daha çox dərinizlə qarşılayaydınız, nəinki paltarınızla.
Axı, həyatın nəfəsi gün işığında, həyatın əli isə küləkdədir.
Bəziləriniz deyir: “Məgər geydiyimiz paltarı şimal küləyi özü toxumayıbmı?”
Bəli, mən də deyirəm – bu, şimal küləyi idi.
Amma onun toxucu dəzgahı – həya, ipləri isə ərköyünlüyünüz idi.
İşini bitirəndən sonra o sizə gülürdü meşədə.
Unutmayın ki, utancaqlıq natəmizlərin gözündən qorunmaq üçün qalxandır.
Natəmizlər qalmayanda, utancaqlıq ağılın əsarətindən və aldanışından başqa nə olacaq ki?
Unutmayın ki, torpaq sizin yalın ayaqlarınızın təmasından həzz alır, küləklərsə saçlarınızla oynamaq həsrətindədir”.
Dostları ilə paylaş: |