C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə4/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   2   3   4   5   6   7   8   9   ...   15

Alış - veriş

Bir tacir söylədi: “Alış-verişdən danış bizə”.

O, belə cavab verdi:

“Torpaq öz meyvələrini sizin üçün yetişdirir, lakin siz təkcə öz əllərinizi doldurmağı öyrənmisinizsə onlardan bəhrə­lə­nə bilməyəcəksiniz.

Çünki yalnız torpağın nemətlərinin mübadiləsində siz bol­­luq tapa bilər və ehtiyaclarınızı ödəyərsiniz.

Lakin bu mübadilə məhəbbət və ədalətlə həyata keçiril­mir­sə, o, bəzilərinizi hərisliyə, digərlərinizi isə aclığa gətirib çixaracaq.

Siz – dənizin, tarlaların və üzümlüklərin zəhmətkeşləri – bazarda toxucularla, dulusçularla və ədvaçılarla görüşəndə, yerin Ruhunu çağırın, gəlib dursun aranızda, tərəzilərinizi və haqq-hesabınızı işıqlandırsın.

İmkan verməyin ki, sizin sövdələşmələrinizdə avaralar, iş əvəzinə boşboğazlıq satanlar iştirak etsinlər.

Belələrinə deyin: “Gedək bizimlə tarlaya, yaxud çıxın qardaşlarınızla dənizə və siz də tor atın;

Torpaq da, dəniz də bizə qarşı olduğu kimi, sizə də səxavətli olacaqdır.”

Əgər müğənnilər, rəqqaslar və ney çalanlar gəlsələr - onların da nemətlərindən alın.

Zira, onlar da meyvə və ətir yığanlardırlar. Gətirdikləri yuxulardan toxunsa da, ruhunuza qida və geyimdir.

Bazarı tərk etməzdən əvvəl diqqət edin ki, heç kim evinə əliboş yollanmasın.

Əgər içinizdəki ən balacanın da ehtiyacları ödənməyibsə yerin Ruhu küləyin altında rahat yata bilməyəcək”.


Cinayət və Cəza

Sonra şəhərin hakimlərindən biri qarşıya çıxaraq dedi: “Bizə Cinayət və Cəzadan danış”.

O, belə cavab verdi:

“Ruhunuz rüzgar qabağına düşüb avaralanmağa gedəndə,

Siz tənha və müdafiəsiz olanda başqalarına və dolayısı ilə özünüzə zülm etmiş olursunuz.

Etdiyiniz bu zülmə görədir ki, müqəddəsliyin qapısını döyərək bir müddət unudulmuş kimi gözləməyə məcbursunuz.

Sizin ilahi mənliyiniz bir okean kimidir,

O, əsla çirkləndirilə bilməz.

O, bir efir kimi yalnız qanadı olanları yüksəyə qaldırır.

Hətta sizin ilahi mənliyinizin günəşə də bənzəri var;

O nə köstəbək yolları tanıyar, nə ilan deşiyi axtarar.

Lakin ilahi mənliyiniz içinizdə yalnız deyildir.

İçinizdə insani çox şey var, lakin bir çox şey hələ də insanlaşmasını gözləyir.

O, bir biçimsiz cırtdan kimidir, duman içində yuxulu-yuxulu öz oyanışını arayır.

İndi içinizdəki insandan danışmaq istəyirəm.

Zira, cinayətin və cinayətə görə cəzanın nə olduğunu bi­lən içinizdəki ilahi məniniz, yaxud yuxulu cırtdan deyil, məhz odur.

Tez-tez eşitmişəm bunu sizdən,

Zülm etmiş adam haqqında elə danışırsınız ki,

Guya o sizlərdən birisi olmayıb, dünyanıza soxulmuş bir yaddır.

Mən isə deyirəm: müqəddəs və mömin olan, daxilinizdəki alilikdən yüksəyə qalxa bilmədiyi kimi.

Eləcə zalım və zəif olan da, həmçinin, daxilinizdə gəzdirdiyiniz alçaqlıqdan aşağı enə bilməz.

Bir yarpaq bütövlükdə ağacın səssiz razılığı olmadan sarala bilmədiyi kimi, sizin hamınızın buna gizli razılığınız olmasa zalım da öz pis əməlini eləyə bilməz.

Sanki bir izdiham kimisiniz, birlikdə yeriyirsiniz öz ilahi mənliyinizə doğru.

Siz həm yol, həm də yolçularsınız.

Əgər biriniz yıxılırsa, o, arxadan gələni ayaq altdakı daşdan xəbərdar etmək üçün yıxılır.

Lakin yıxılan, həm də, qabaqda gedənlərə görə yıxılmış olur; ayaqdan möhkəm və iti olmaqlarına baxmayaraq, o daşı yoldan götürməmişlər.

Bir söz də deyəcəm, ürəyinizə ağırlıq gətirəcək olsa belə:

Öldürülənin öz ölümündə təqsiri yox deyil.

Soyulanın soyğuna məruz qalanda günahı yox deyil.

Zalımın zülmündə möminin də günahı vardır.

Xatakar pis iş tutanda əlləri təmiz olan da təmiz qalmır.

Bəli, çox zaman məhkum zərərçəkmişin qurbanı olur.

Çox zaman da məhkum olunmuş günahlandırılmayan və mühakimə edilməyənin yükünü daşımış olur.

Siz haqlını haqsızdan və yaxşını pisdən seçə bilmirsiniz.

Zira, ağ sapla qara sap birlikdə toxunan kimi onlar günəşin qarşısında birgə dayanmışlar.

Qara sap qırılır, toxucu bütün parçanı gözdən keçirməli, dəzgahı da yoxlamalıdır.

Əgər aranızda birisi öz xəyanətkar arvadını məhkəməyə çəkmiş olsa,

Qoy, onda ərin də ürəyini tərəzidə çəksinlər. Ölçsünlər dəqiqliklə onun ruhunu.

Qoy, incidəni şallaqlayacaq adam əvvəlcə incidilmişin ruhuna da boylansın.

Aranızdan bir kimsə haqq naminə şər ağacını balta­la­mağa qalxıbsa, qoy, onun köklərinə də diqqətlə baxsın.

Həqiqətən də, o, xeyir və şər, bəhrəli-bəhərsiz bütün kök­lə­ri yerin səssiz-səmirsiz ürəyində bir-birinə sarmaşmış halda görəcəkdir.

Siz, ədalətli olmalı olan hakimlər, əlləri təmiz, ruh isə oğ­ru olana nə hökm çıxaracaqsınız?

Bəs əlləri ilə qatil, ruhu ilə zülmün qurbanı olana hansı cəzanı layiq biləcəksiniz?

Davranışında yalançı və qəddar olan, lakin özü də inci­dil­miş və alçaldılmış birisini necə təqib edərdiniz?

Bəs çəkdiyi peşmançılığı artıq çoxdan xatasını üstələdiyi birisini necə mühakimə edərsiniz?

Məgər sizin xidmət etdiyiniz ədalət məhkəməsinin əsl hədəfi elə peşmançılıq deyilmi?

Hər bir halda, siz nə günahsıza peşmanlıq çəkdirmək, nə də günahkarın ürəyindəki peşmanlığı ordan çıxarıb atmaq gücündə deyilsiniz.

O, gecələr çağrılmadan gəlir. Gəlir ki, insanlar oyanıb özlərinə baxa bilsinlər.

Ey ədaləti anlamalı olan kimsələr, əgər bütün işlərə gün işığında baxmasanız bunu necə edə bilərsiniz?

Yalnız o zaman anlayacaqsınız ki, ayaq üstə olan və yı­xılan – əslində öz cırtdan mənliyinin gecəsi ilə ilahi mənliyinin gündüzü arasındakı alatoranlıqda gəzişən eyni insandır.

Məbədin guşə daşı təməldə duran ən altdakı daşdan heç də yüksəkdə deyil”.
Qanunlar

Sonra bir hüquqşünas soruşdu: “Ustad, bizim qanunlar barədə nə deyərdin?”

O, cavab verdi:

Qanun qoymaqdan xoşunuz gəlir. Lakin onları pozanda daha çox həzz alırsınız.

Okean sahilində oynayan uşaqlar kimisiniz inadla qum qalaları ucaldırsınız ki, sonra gülərək onları uçurasınız.

Amma başınız bu qum qalalarını tikməyə qarışıq ikən, okean sahilə bir xeyli qum yenə gətirir.

Siz onları dağıdıb uçuranda, okean da sizə qoşularaq gülür.

Həqiqətən, okean həmişə məsumlarla birgə gülür.

Bəs o kəslərə nə deyəsən ki, onlar üçün həyat – okeanı, insanın yaratdığı qanunlar isə qum qalalarını xatırlatmır.

O kəslərə ki, onlar üçün həyat – qaya, qanunlar isə – külüngdür, istədikləri kimi çapırlar həyatı.

Onlara nə deyəsən?

Neyləyəsən rəqqaslara nifrət edən topala?

Neyləyəsən öz boyunduruğuna vurğun öküzə ki, meşədə­ki sığın və maralı avara və sərgərdan sayır?

Bəs toya hamıdan tez gələn, yeyib, içib yorulan, evinə gedəndə isə bütün şənlikləri zorakılıq, bütün şənlənənləri isə qanun pozucuları adlandırana nə deyəsən?

Nə deyə bilərəm ki, mən belələri haqqında?

Onlar da gün işığının altında durublar, amma arxaları günəşə doğrudur.

Onlar yalnız öz kölgələrini görə bilirlər və onların kölgələri onlar üçün qanundur.

Günəş bir kölgə istehsalçısından savayı nədir onlar üçün?

Məgər qanunları tanımaq, əyilib yerdəki kölgələri izləmək­dən başqa bir şeydirmi?

Amma sizi, üzü günəşə doğru yeriyənləri, yerə çəkilmiş hansısa şəkillər saxlaya bilərmi?

Siz, küləklə birgə səyahət edənlər, hansı yelqovan sizə yol göstərə bilər ki?

Əgər siz boyunduruğunuzu qırarkən başqasının dustaq­xa­na­sının qapısına toxunmamısınızsa insanın yaratdığı hansı qa­nun­lar sizin əl-qolunuzu bağlaya bilər?

Əgər rəqs edərkən, başqasının dəmir zəncirlərinə iliş­mir­si­nizsə hansı qanundan qorxacaqsınız?

Əgər siz libasınızı cırarkən onu bir kimsənin cığırına tullamamısınızsa kim sizi məhkəməyə çəkə bilər?

Orfalesin camaatı, siz dəfin səsini ala, udun simlərini boşalda bilərsiniz, bəs torağayı kim susdura bilər”?
Azadlıq

Natiq dilləndi: “Bizə azadlıqdan danış”.

O, dedi:

“Şəhər qapılarında və ocaqlarınızın başında, sizi öz azadlığınız qarşısında necə əyilib, səcdə etdiyinizi görmüşəm, – eyni ilə qullar öz zülmkarı qarşısında beləcə alçalır və onu öyürlər; baxmayaraq ki, o onları öldürməkdə davam edir.

Hə, məbədin meşəliyində və qalanın kölgəsində aranızda ən azad sayılanları azadlığı boyunduruq və qandal kimi geyinərək daşıdıqlarını görmüşəm.

Ürəyim qan ağlayır içimdə. Zira, siz o zaman azad ola bi­lər­siniz ki, hətta azadlığı axtarmaq arzusunun özü belə sizin üçün artıq bir yükə çevriləcək və siz azadlıq haqqında bir məq­səd və həyatın mənası haqqında danışırmış kimi danış­ma­ya­caq­sınız.

Siz o zaman həqiqətən azad olacaqsınız ki, günləriniz qayğısız, gecələriniz isə ehtiyac və qüssədən uzaq olacaq.

O zaman ki, bütün bunlar həyatınızı saranda belə, siz çıl­paq və bağlanmamış halda onların üzərinə yüksələ biləcəksiniz.

İdrakınızın səhərində öz günorta saatınızın ətrafına dola­dı­ğınız zəncirləri qırmasanız öz gecə və gündüzləriniz üzərinə necə yüksələ bilərsiniz,?

Əslində sizin azadlıq adlandırdığınız – zəncirlərin ən möhkəmidir, hərçənd ki, onun halqaları günəşdə parıldayır və gözlərinizi qamaşdırır.

Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?

Əgər ləğv etmək istədiyiniz ədalətsiz qanundursa, bu qanunu özünüz öz əllərinizlə yazmısınız öz alnınıza.

Hüquq kitablarınızı yandırmaqla silə bilməzsiniz onu; hakimlərinizin alnından da yuya bilməyəcəksiniz onu, lap bütöv bir dənizi onların üstünə töksəniz belə.

Əgər taxtdan salmaq istədiyiniz despotdursa, əvvəlcə ba­xın, görün içinizdə onun üçün ucaltdığınız taxt hələ dururmu?

Zira, azad və vüqarlıları tiran necə idarə edə bilər, əgər on­ların azadlığında bir tiranlıq və vüqarlarında bir ayıb olma­sa?

Əgər canınızı qurtarmaq istədiyiniz qayğıdırsa, bilin ki, onu sizə sırımayıblar – özünüz seçmisiniz.

Əgər qovmaq istədiyiniz qorxudursa, o sizin ürəyinizdə oturub, qorxudanın əlində deyil.

Həqiqətən, varlığınızda hər şey yarı qucaqlaşmış halda da­im hərəkətdədir arzuladığınız və qorxduğunuz, ikrah et­di­yi­niz və sevdiyiniz, təqib etdiyiniz və uzaq qaçdığınız.

Bütün bunlar içinizdə işıq və kölgə kimi cüt gəzişirlər.

Kölgə ağararaq yox olanda, sönməkdə olan işıq başqa bir işığın kölgəsinə çevrilir.

Beləcə sizin azadlığınız da qandallarını itirəndə, daha böyük azadlığın qandallarına çevrilir”.
Ağıl və Ehtiras

Yenidən məbədin kahinəsi dilləndi və söylədi: “Bizimlə Ağıl və Ehtiras barədə danış”.

O belə cavab verdi:

“Çox zaman qəlbiniz döyüş meydanını xatırladır; ağıl və dərrakəniz ehtiras və meyllərinizə qarşı müharibə aparırlar bu meydanda.

Kaş, mən sizin qəlbinizdə sülh yarada biləydim, sizin his­sə­­ləriniz arasındakı qarşıdurma və rəqabəti vəhdət və harmoni­ya­ya çevirəydim!

Lakin mən bunu necə edə bilərəm, əgər siz özünüz öz da­xi­linizdə sülh yaratmasanız və bir-birinizi və hər bir hissənizi sev­məsəniz?

Sizin ağlınız və ehtirasınız – dənizdə üzən ruhunuzun sükanı və yelkənləridir.

Əgər sizin yelkənləriniz cırılmış və ya sükanınız qırılmışsa, siz yalnız axına düşüb hara gəldi gedərsiniz, yaxud dənizin ortasında hərəkətsiz qalarsınız.

Zira, təkbaşına idarə edən ağıl – məhdudlaşdırıcı qüvvə, nə­zarətdən çıxan ehtiras isə ­­­– özünü yandırıb külə döndərən alovdur.

Odur ki, qoyun, ruhunuz ağlınızı ehtiras səviyyəsinə yük­səl­t­sin ki, o, nəğmə oxuya bilsin; qoyun, ruhunuz ehtirasınızı ağıl­la istiqamətləndirsin ki, ehtiras hər gün dirilərək yaşaya bil­sin; və simurq quşu kimi öz külünün içindən pərvazlansın.

İstərdim ki, düşüncə və istəklərinizə evinizin iki ən əziz qonağı kimi yanaşasınız; yəqin ki, qonağın birini digərindən üstün tutmazsınız;

Zira, birinə aşırı diqqətli olan kəs hər ikisinin sevgi və etibarını itirmiş olur.

Təpələr arasında, ağ qovaqların kölgəsində oturaraq uzaq­dakı çöl və çəmənlərin sakitliyini və əmin-amanlığını bö­lü­şərkən icazə verin, ürəyiniz öz sükutunda söyləsin: “Allah ağılda dincəlir”.

Lakin tufan qopub qüvvətli külək meşəni silkələyəndə, il­dı­rım və şimşəklər göylərin əzəmətindən xəbər gətirəndə, icazə ve­rin, ürəyiniz öz həyəcanında dillənsin: “Allah ehtirasda hərəkət edir”.

Bir halda ki, siz İlahi aləmin nəfəsi və İlahi meşənin yar­paqlarısınız, onda siz də ağılda dincəlib ehtirasda hərəkət edin.
Ağrı

Bir qadın dilləndi: “Ağrıdan danış bizə”.

O dedi:

«Sizin ağrınız – idrakınızın qabığının sındırılmasıdır.



Meyvə çəyirdəyinin içini işığa çıxarmaq üçün onu sındırmaq lazım olduğu kimi, siz də ağrını yaşamalısınız.

Əgər ürəyiniz gündəlik həyatınızın möcüzələrinə təəc­cüb­­lənmək qabiliy­yətini saxlaya bilsəydi, onda ağrı sizə se­vinc­dən az maraqlı görünməyəcəkdi;

Siz ürəyinizin mövsümlərini zəmilərinizin üzərindən ke­çən fəsillər kimi qəbul edərdiniz.

Sakitcə aləmi öz kədərinizin qışından müşahidə edər­diniz.

Ağrının çoxunu özünüz seçmisiniz.

Bu bir acı dərmandır ki, onun vasitəsi ilə Loğman sizin xəstə mənliyinizi sağaldır.

Odur ki, Loğmana etibar edin və onun dərmanını sükut və itəatkarlıqla için.

Zira, onun əli ağır və sərt olsa da, Görünməzin qayğıkeş əli ilə istiqamətləndirilir.

Sizə uzatdığı piyalə dodaqlarınızı yandırsa da, o, Dulus­çu­­­nun müqəddəs göz yaşları ilə isladılmış palçıqdan düzəldilmişdir».
Özünüdərk

Bir kişi dilləndi: “Özünüdərkdən danış bizə”.

O belə cavab verdi:

«Sizin ürəkləriniz öz sükutunda gündüz və gecələrin sirrini bilir.

Lakin qulaqlarınız ürəklərinizin bildiyini eşitmək həsrətindədir.

Həmişə fikirlərinizdə bildiyinizi sözlərdə də tanımaq istərdiniz.

Arzularınızın çılpaq bədəninə barmaqlarınızla toxunmaq istərdiniz.

Bu, yaxşıdır.

Ruhunuzun gizli bulağı qaynamalı və şırıltı ilə dənizə doğ­ru axmalıdır; onda sonsuz dərinliyinizin xəzinəsi gözləriniz önünə açılacaq.

Naməlum xəzinənizi tərəzidə çəkməyə can atmayın; biliyinizin dərinliyini xətkeşlə ölçməyə çalışmayın.

Zira, Məniniz sərhədsiz və ölçüsüz bir dənizdir.

Deməyin: “Mən Həqiqəti tapmışam”, yaxşı olar deyəsiniz: “Mən bir həqiqət tapmışam”.

Deməyin: “Mən ruhun yolunu tapmışam”.

Yaxşı olar deyəsiniz: “Mən mənim yolumla gedən ruha rast gəlmişəm”.

Zira, ruh bütün yollardan istifadə edir.

Ruh yalnız bir istiqamətdə hərəkət etmir və qamış kimi bitmir.

Sonsuz ləçəkli şanagüllə kimi açılır ruh».
Müəllimlik

Sonra bir müəllim söylədi: “Bizə Müəllimlikdən danış”.

O dedi:

«Heç kim sizə biliyinizin səhərində mürgülü şəkildə artıq möv­cud olandan başqa bir şey aça bilməz.



Məbədin kölgəsində, tələbələrinin müşayəti ilə gedən mü­­əl­lim öz müdrikliyi ilə deyil, inamı və eşqi ilə bölüşür əslində.

Əgər o doğrudan da müdrikdirsə, onda o sizi öz müd­rik­li­yi­­nin kandarından keçirməyə çalışmayacaq, əksinə, sizi öz ağlınızın qapısına gətirəcəkdir.

Astronom kosmosu necə anladığından danışacaq, amma sizə öz anlamını verə bilməyəcək.

Musiqiçi sizə bütün fəzanı dolduracaq ritmi oxuya bilər, lakin o sizə nə bu ritmi tuta biləcək qulaq və nə bu ritmi təkrarlayacaq səs vermək iqtidarındadır.

Rəqəmlər elminə vaqif olan da sizə yalnız çəki və ölçülər dünyasından danışa bilər, sizi ora sala bilməz.

Zira, bir adamın idrakının qanadları başqasına borc verilə bilməz.

Hər biriniz Allahın biliyində ayrıca dayandığınız kimi Allahı tanımaqda və yeri anlamaqda da hər biriniz öz ayrılığını pozmamalıdır».
Dostluq

Bir gənc xahiş elədi: “Dostluqdan danış bizə”.

Əl-Mustafa belə cavab verdi:

«Sizin dostunuz – sizin gerçəkləşən ehtiyaclarınızdır.

O – sizin məhəbbətlə əkdiyiniz və məhsulunu minnət­dar­lıq­la yığdığınız tarlanızdır.

O – sizin süfrəniz və sizin ocağınızdır. Çünki siz onun yanına öz aclığınızla gəlir və onda sakitlik axtarırsınız.

Dostunuz fikrini sizinlə bölüşəndə, özlüyünüzdə “yox” deməyə çəkinməyin, “hə”ni isə içinizdə saxlamayın.

O susanda belə ürəyinizdə onu dinləməkdə davam edin.

Zira, dostluqda bütün fikirlər, bütün arzular, bütün ümid­lər səs-küyü sevməyən bir sevinc içində sözsüz doğulur və paylaşılır.

Dostunuzdan ayrı düşəndə kədərlənməyin;

Zira, onda ən çox sevdiyiniz onun yoxluğunda daha ay­dın bilinir, alpinistə dağ düzənlikdən daha yaxşı göründüyü kimi.

Qoyun, dostluqda ruhani dərinləşmədən savayı heç bir təmənnanız olmasın.

Zira, öz sehrinin açılmasından savayı başqa bir şeydə də marağı olan məhəbbət – məhəbbət deyil, təhərsiz atılmış tordur ki, ona yalnız faydasız şeylər düşə bilər.

Qoyun, sizdə ən yaxşı şey – dostunuz üçün olsun.

Əgər o sizin dənizinizin çəkilməsini bilməlidirsə, qoyun, o həm də sizin qabarmanızı tanısın.

Zira, nəyinizə lazımdır sizə o dost ki, onu yalnız vaxtınızı öldürmək üçün arayırsınız.

Onu yalnız vaxtınızı yaşamaq üçün arayın!

Zira, dost sizin ehtiyaclarınızı ödəmək üçündür, daxilinizdəki boşluğu doldurmaq üçün yox.

Qoyun, gülüş və paylaşılan sevinclər dostluğunuzu şirinləşdirsin.

Zira, xırdalıqların şehində ürək öz səhərini açır və təravətləndirir».


Nitq

Sonra alim dedi: “Nitqdən danış”.

O belə cavab verdi:

«Siz fikirlərinizlə düz gəlməyəndə danışmağa başlayır­sı­nız.

Daha ürəyinizin tənhalığına sığmayanda, dodaqlarınıza köçür, orada yaşamaq istəyirsiniz və bu zaman səs də yalnız əyləncə və oyun olur.

Söhbətlərinizin çoxunda fikir yarıölü haldadır.

Zira, fikir – azad bir quşdur, söz qəfəsində qanadlarını gərsə də, uça bilmir.

Aranızda elələri var ki, tənhalığın qorxusundan çoxdanışan birisini axtarır.

Tənhalığın sükutunda gözləri qarşısında onların çılpaq mahiyyətləri açılır; onlar isə qaçırlar bu məqamdan.

Elələri də var ki, söhbətin gedişində özləri də bilmədən, anlamadıqları həqiqəti aşkarlamış olurlar.

Lakin elələri də var ki, həqiqəti sözlərlə ifadə etməsələr də özlərində daşıyırlar.

Belələrinin köksündə ritmik sükutla ruh yaşayır.

Yolda, yaxud bazarda dostunuzla rastlaşanda, qoyun, dodaqlarınızı tərpədən və dilinizi yönəldən ruhunuz olsun.

Qoyun, səsinizin səsi onun qulağının qulağı ilə söhbətləşsin.

Zira, onun qəlbi şərabın dadını yadda saxlayan kimi sizin ürəyinizin həqiqətini qoruyub saxlayacaqdır.

Şərabın rəngi belə unudulanda, qabını da tapmaq artıq mümkün deyil».


Zaman

Astronom soruşdu: “Ustad, bəs zaman necə?”

O, cavab verdi:

«Siz zamanı - ölçüsüz olanı və ölçüyə gəlməyəni ölçmək istəyirsiniz.

Siz öz davranışınızı və hətta ruhunuzu saatlara və fəsillərə uyğunlaşdırmaq, tabe etdirmək istəyirsiniz.

Zamandan çay düzəltmək və onun sahilində oturub onun axınına tamaşa etmək istəyirsiniz.

Buna baxmayaraq, sizdəki zamansız olan həyatın zamansızlığını dərk edir.

Bilir ki, dünən – bu günün xatirəsi, sabah isə – bu günün arzusudur.

Daxilinizdə nəğmə oxuyan və düşünən hələ də ulduzları fəzaya səpələyən o ilk anda yaşamaqdadır.

Aranızda kim hiss eləmir ki, onun sevgisinin gücü sonsuzdur?

Kim eyni zamanda hiss eləmir ki, sonsuz olmağına bax­mayaraq, məhəbbət onun varlığının mərkəzində cəmlənmişdir; aşiqanə fikir və əməllərin ardıcıllığı kimi uzanıb getmir.

Məgər zaman məhəbbətlə bərabər deyilmi – bölünməz və ölçüyəgəlməz?

Lakin əgər öz düşüncələrinizdə zamanı fəsillərlə ölçmə­li­si­nizsə, qoy, onda hər fəsil bütün digər fəsilləri də özündə birləşdirmiş olsun.

Qoy, bu gün dünəni – yaddaş, gələcəyi isə – həsrət vasitəsi ilə bağrına bassın!»


Xeyir və Şər

Şəhərin ağsaqqallarından biri soruşdu: “Xeyir və Şərdən danış bizə”.

O, cavab verdi:

«Mən sizdəki xeyirdən danışa bilərəm, şərdən deyil.

Zira, şər – öz aclıq və susuzluğundan əziyyət çəkən xeyirdən başqa nədir ki?

Həqiqətən, xeyir ac olanda qidanı hətta qaranlıq ma­ğa­ra­lar­da belə axtarmağa hazırdır. O, susuzluqdan yananda iylən­miş sudan belə içməyə çəkinməz.

Siz özünüzlə vəhdətdə olanda xeyirsiniz.

Lakin özünüzlə vəhdətdə olmayanda da, sizə şər demək olmaz.

Zira, bölünmüş ev – hələ oğru yuvası demək deyil, sadəcə bölünmüş evdir.

Sükansız gəminin də təhlükəli adalar arasında məqsədsiz şəkildə üzməsi hələ onun batması demək deyil.

Siz özünüzdən verməyə hazır olanda xeyirsiniz.

Lakin özünüz üçün fayda gəzəndə belə şər deyilsiniz.

Zira, siz fayda gəzəndə torpağın dərinliyinə işləyən və onun döşünü əmən köklərdən başqa bir şey deyilsiniz.

Əlbəttə, meyvə kökə deməyəcək: “Mənim kimi ol – yetişmiş və şirəli, daim öz bolluğu ilə bölüşən”.

Zira, meyvə üçün vermək bir tələbat olduğu kimi, kök üçün də almaq elə bir tələbatdır.

Ayıq danışanda siz – xeyirsiniz.

Lakin yuxulu-yuxulu boşboğazlıq edəndə də siz – şər deyilsiniz.

Zira, hətta kəkələmək belə dilinizi möhkəmləndirə bilər.

Öz məqsədinə doğru inamlı addımlarla yeriyəndə, siz – xeyirsiniz.

Lakin ona doğru axsaya-axsaya gedəndə də siz – şər deyilsiniz.

Çünki hətta axsayanlar belə geriyə getmirlər.

Lakin, ey güclü və sürətlilər, diqqətli olun ki, şikəst yanında xeyirxahlıq edirmişsiniz kimi axsamayasınız.

Sonsuz üsullarla siz – xeyirsiniz, lakin xeyir olmayanda belə – şər deyilsiniz siz.

Sadəcə bir qədər astagəl və tənbəlsiniz.

Heyf ki, marallar tısbağalara cəldlik öyrədə bilməzlər.

Sizin böyük Məninizə doğru həsrətinizdə böyük xeyir vardır. Bu həsrət hamınıza xasdır.

Lakin bəzilərinizdə bu həsrət dənizə doğru tələsən və özü ilə qayaların sirlərini və meşənin nəğmələrini aparan gur seli xatırladır.

Bəzilərinizdə isə bu – zəif arx kimidir. Döngə və dalanlarda azan və dənizə yetişməmiş tükənən arx.

Lakin qoy, həsrəti güclü olan həsrəti zəif olana deməsin: “Sən niyə belə ləng və tərəddüdlüsən?”

Zira, əsl xeyirxah adam çılpaqdan: “Sənin paltarın harda­dı ki?”, yaxud evsizdən “Nə oldu sənin evinə?” – deyə soruş­maz».


Dua

Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”.

Cavabında o söylədi:

«Siz dərddə və möhnətdə olanda dua edirsiniz;

Kaş ki, siz sevinc və bolluq içində olanda da dua edə biləydiniz.

Zira, dua sizin canlı efirə yayılmanızdır.

Əgər qəlbinizin zülmətini fəzaya boşaltmaqda bir yün­gül­lük tapırsınızsa, ürəyinizin şəfəqini saçmaqda da böyük se­vinc vardır sizin üçün.

Ruhunuz sizi duaya çağıranda göz yaşlarınızı saxlaya bilmirsinizsə, ağlamağınıza baxmayaraq, o sizi haylamaqda davam etməlidir. Ta göz yaşınız gülüşə çevrilənə qədər.

Dua edəndə siz göyə yüksəlir və sizinlə eyni saatda dua edənlərlə görüşürsünüz. Elə kəslərlə ki, onlarla duadan qeyri bir məqamda görüşmək mümkünsüzdür.

Bu səbəbdən də, bu görünməz məbədə yalnız vəcd və şirin ünsiyyət üçün girin.

Zira, bu məbədə xahiş üçün girsəniz, heç nə almaya­caq­sınız.

Siz ora özünüzü alçaltmaq üçün girsəniz, yüksəlmə­yə­cəksiniz.

Siz ora hətta başqasına xeyir istəmək üçün girsəniz belə eşidilməyəcəksiniz.

Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız.

Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm.

Allah özü sizin dilinizlə danışmayınca, eşidilməyə­cək­si­niz.

Mən sizə dənizlərin, meşələrin və dağların dualarını da öyrədə bilmərəm.

Lakin siz - dağların, meşələrin və dənizlərin övladları - onların dualarını öz ürəklərinizdə tapa bilərsiniz.

Gecənin sakitliyinə qulaq kəsilsəniz, bu sükut içrə onların nə dediyini eşidərsiniz:

“İlahi, bizim qanadlı Mənimizin yaradıcısı! İçimizdə hökm edən Sənin iradəndir.

İçimizdə arzulayan Sənin arzundur.

Sənin hökmünlə Sənə məxsus gecələrimiz Sənə məxsus gündüzlərə çevrilirlər.

Biz Səndən heç nə istəyə bilmərik, zira, ehtiyaclarımız içimizdə hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan:

Bizim ehtiyacımız – Sən özünsən və özünü bizə daha çox bəxş etməklə bizə hər şeyi vermiş olursan».


Həzz

Sonra şəhərə ildə bir dəfə gələn zahid irəli çıxaraq: “Həzzdən danış bizə”, – deyə söylədi.

O belə cavab verdi:

«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil.

O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil.

O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil.

O, qəfəsə salınmışın qanadlarını gərməsi olsa da, sonsuz fəza demək deyil.

Hə, həqiqətən, həzz – azadlıq nəğməsidir.

Əgər siz onu bütün ürəyinizlə oxusanız mən sevinərəm; lakin bu oxumada ürəyinizin itirilməsini heç istəməzdim.

Bəzi cavanlarınız həzzi elə axtarırlar ki, sanki o, hər şeydir; hamınız onları danlayır, mühakimə edirsiniz.

Mən isə onları nə mühakimə edər, nə də danlayardım. Qoy, axtarsınlar.

Zira, tapacaqları təkcə həzz olmayacaqdır.

Onlar yeddi bacıdır və ən balacası belə həzdən daha gözəldir.

Məgər yeri qazıb kök axtaran və nəticədə xəzinə tapan birisi haqqında heç eşitməmisinizmi?

Yaşlılardan bəziləri həzzi sərxoşluq anında buraxılan səhvlər kimi peşmanlıqla xatırlayırlar.

Lakin peşmanlıq ağılın dumanlandırılmasıdır, cəzalandırılması deyil.

Yaxşı olardı ki, onlar həzzlərini yayın məhsulunu xatırladıqları kimi minnətdarlıqla xatırlayaydılar.

Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun.

Aranızda elələri də var ki, axtarmaq üçün o qədər gənc, xatirələrə qapılmaq üçün isə hələ o qədər qoca deyillər.

Onlar axtarış və xatırlamadan qorxaraq bütün həzzlərdən yan qaçırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar.

Amma hətta onların bu imtinası belə onlara həzz gətirir.

Beləcə, əsən əlləri ilə kök axtarmaqlarına baxmayaraq, onlar da xəzinə tapmış olurlar.

Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki?

Bülbül gecənin sakitliyini, yaxud işıldaböcək ulduzu təhqir edə bilərmi?

Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi?

Yoxsa, düşünürsünüz, ruh bir gölməçədir ki, onu bir çöplə həyəcanlandıra bilərsiniz?

Çox zaman həzzdən imtina etməklə, siz arzularınızı yalnız varlığınızın dərin guşələrinə sıxışdırmış olursunuz.

Kim bilir, bəlkə bu gün əldən çıxan sabahkı gününü gözləyir?

Hətta sizin bədəniniz belə öz qanuni haqqını bilir, Onu aldada bilməzsiniz.

Bədəniniz isə qəlbinizin arfasıdır.

Onda şirin musiqi, yaxud nizamsız səslər çalmaq – artıq sizin işinizdir.

İndi ürəyinizdə soruşursunuz: “Bəs həzzdə nəyin yaxşı, nəyin pis olduğunu necə bilək?”

Gedin öz çəmənlərinizə və bağlarınıza. Görün ki, arıya güldən bal yığmaq həzz verir.

Gülə də həzz verir arıya balını vermək.

Zira, arı üçün gül bir həyat mənbəyidir.

Gül üçün də arı bir məhəbbət elçisidir.

Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək və həzz almaq bir tələbat və bir vəcddir.

Orfalesin camaatı, öz həzzlərinizdə güllərə və arılara bənzəyin».


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin