Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)


III.2.Psixoloji təsirlərin metodları



Yüklə 3,53 Mb.
səhifə11/33
tarix18.03.2017
ölçüsü3,53 Mb.
#11826
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

III.2.Psixoloji təsirlərin metodları


Strategiyanın yuxarıda sadalanmış dörd növünə və ya hakimiyyətin fiziki, emosional, intellektual və iradi tipinə uyğun olaraq, insanların biri digərinə təsir üsulları da dörd növdür: (1) birbaşa qüvvə tətbiq edilməsi, (2) təlqin, (3) inandırma və (4) sanksiya. Əgər, qüvvə – cismə, təlqin – emosiyaya, inandırma – intellektə təsir aparatıdırsa, sanksiya – iradəyə təsir vasitəsidir. Aşağıda bunların hər biri barədə ətraflı söhbət açılır (bunlardan birincisi psixoloji əhəmiyyət kəsb etmədiyindən burada onun barədə söhbət açılmır. Həmçinin, yuxarıdakı «KƏŞFİYYAT: İnsanların fikirlərini necə «oxumalı», onları necə tanımalı» mərhələsi (114) bunlardan üçüncüsünün tərkibinə daxildir).

III.2.1.Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli


Təlqin – məntiqi analiz və qiymətvermə tələb etməyən məzmunun qavranılması və realizə edilməsində tənqidiliyin və şüuriliyin zəiflədilməsi ilə bağlı psixikaya təsir prosesidir. Təlqin – insanda hər hansısa bir halın, rəyin və ya meylin formalaşdırılması məqsədilə həyata keçirilib, mexanizmi hisslərə, onun vasitəsilə isə ağıl və iradəyə təsir prinsipinə əsaslanır. Əsasən, emosional (bədii) tipli insanlara tətbiqdə effektlidir.

Ümumi olaraq, istənilən təlqin prosesinin səmərəliliyi bir çox faktorlardan asılıdır ki, bunların bir neçəsi aşağıdakılardır:

Təlqinedən şəxsin kim olması: onun kompetentliyi, etibarlılığı, zahiri cəlbediciliyi və s.;

Təsirgöstərilən şəxsin kimliyi: yaşı, analitik-obrazlı düşüncə tərzi və s.

Təsirgöstərən şəxslə təsir obyekti olan şəxs arasındakı münasibət: arada olan etimad, şəxsi simpatiya və s.

Təlqinin göstərildiyi kanal: aktivlik-passivlik, şəxsən birbaşa olaraq, yoxsa məktub, telefon, KİV vasitəsilə təsir göstərilməsi;

Situasiya: təlqinin harada, hansı vaxt, hansı şəraitdə və s. göstərilməsi



və s. kimi amillər təlqin prosesində xüsusi əhəmiyyət daşıyan elementlərdir

Aşağıda bu variantlardan hər birinə əsaslanan təlqin formaları barədə ətraflı məlumat verilir:

III.2.1.1.Avtoritet və etimada əsaslanan təlqin


Təsirgöstərən şəxsin (suggestorun) fərdi keyfiyyətləri faktoru:

İlkin olaraq təlqin prosesinin effektliliyində rolu olan başlıca faktor təlqinedən şəxsin kimliyi məsələsidir, yəni təlqinin effekti təlqin edən şəxsin kimliyindən bilavasitə asılıdır. Təlqin prosesində rolu olan bu faktorun mahiyyətini bizim «Avtoritet təzyiqi effekti» adlandırdığımız aşağıdakı qanunla xarakterizə etmək mümkündür:

Sosial təsir vektorunun oriyentasiyası həmişə güclü şəxsdən gücsüzə doğru yönəlmiş olur.



Başqa sözlə, insanlar o şəxsin təsiri altına daha tez düşürlər, hansılar ki, onlardan üstündür. İnsana başqaları qarşısında üstünlük gətirən belə cəhətlərə qismən aiddir:

a) Fiziki üstünlüklər: Buraya aiddir – qüvvə, ağıl, köklük, hündürboyluluq, yaşca böyüklük, zahiri cəlbedicilik, amiranə danışıq tərzi, təlqinolunan şəxslə oxşarlıq və s. kimi cəhətlər. Məhz bu səbəbdən, hündürboylu və ya kök adamlar düşdükləri kollektivdə xüsusi statusa malik olur, nüfuz qazanmaq üçün xüsusi çarpışıb vuruşmur və çox vaxt da, lider kimi qəbul edilir; qızlar bu cür oğlanları daha yetkin təbəqə kimi qavrayır, onlara daha çox məhəbbət gözü ilə baxır – baxmayaraq ki, bu insanlar psixi cəhətdən heç də həmişə qüvvətli olmurlar və tarixdə ad qoymuş böyük sərkərdələrin də heç biri bu kateqoriyaya aid deyil, o cümlədən, İsgəndər, Sezar, Napoleon, Lenin, Stalin, Hitler və digər dahi şəxsiyyətlərin boyu 165 sm.-dən çox olmayıb. Gözəl görünüşlü və yaşlı adamların təsir gücü də bu qəbildəndir;



b) Emosional üstünlüklər: Buraya aiddir – öz emosiyalarını idarə edə bilmək qabiliyyəti, heç vədə öz təbii emosiyalarını düşünmədən təzahür etdirməmək, heç kəsə özünü emosional tarazlıq vəziyyətindən çıxarmaq şansı verməmək, yəni həmişə öz sakitliyini qoruyub saxlaya bilmək və s.;

c) İntellektual üstünlüklər: Buraya aiddir – intellektual yetkinlik, dərin məntiqi analiz qabiliyyəti, məlumatlılıq və s.;

d) İradi üstünlüklər: Buraya aiddir – mətanət, prinsipiallıq, əzmkarlıq, kinlilik, qətiyyət, özünəinam, optimizm, şəraitəuyğunlaşabilmə, özünüələalabilmə qabiliyyətləri, tərəddüdsüz sakitlik, müstəqillik, cəsarət, heç kimə hesabat verməmək, özünəhörmət, eqoizm və s. kimi cəhətlər; mötəbərlilik, kompetentlik; birbaşa – düz gözün içinə baxaraq danışmaq, öz marağını sezdirməmək və s.;

e) Sosial üstünlüklər: Hörmətli dostlara, vacib siyasi əlaqələrə malik olmaq, iş üçün əhəmiyyət (referentlik) kəsb etmək, vacib məqamda danışıqları, ünsiyyəti, münasibəti kəsmək ehtimalı və s.



Bunlar «təsirgöstərən şəxsin (suggestorun) fərdi keyfiyyətləri» faktorunu xarakterizə edib, təqribən «güclülük nədir?» sualının cavabı və kimliyindən asılı olmayaraq, hər kəsə münasibətlərdə üstünlük gətirən nüansların bir qismi idi. Təlqin prosesində bu effekt iki variantda – birbaşa və dolayısı variantında tətbiq olunur. Bunlardan birincisi – öz avtoritetindən, ikincisi isə – bir başqalarının avtoritetindən təlqin aləti kimi istifadədir. Aşağıda bu variantların hər biri barədə ayrıca söhbət açılır:

«Avtoritet təzyiqi effekti»ndən birbaşa istifadə yolu ilə həyata keçirilən təlqin:

Bu zaman təlqin öz avtoritetinə istinad hesabına həyata keçirilir. Yuxarıda sadalanan cəhətlər, əsasən təbii xüsusiyyətlərə aid olsa da, və «güclü şəxslərdə» onlar hansısa keçmiş məhrumiyyətlərin, xüsusi təmrinlərin, yaxud özünüməhdudlaşdırmanın nəticəsi kimi formalaşsa da, lakin hər bir kəs süni şəkildə bunların hər birinə malik ola bilər və ya onları özündə tərbiyə edər. Sadəcə olaraq, bunun üçün məharətlə rola girməyi bacarmaq lazımdır ki, elə tarix səhnəsində adı qalmış böyük şəxsiyyətlərin demək olar ki, əksəriyyəti də, ayrı-ayrı epizodlarda məhz aktyorcasına rol oynadıqlarını sonradan bu və ya digər formada özləri etiraf ediblər. Başqa sözlə, həyatda daha güclü, daha üstün olub, hamını özünə uyğunlaşdırmağa çalışanlar deyil, yalnız və yalnız özünü ətraf aləmə, şəraitə, insanlara uyğunlaşdırıb, hər bir şəxs və zamanla onun öz dilində danışmağı bacaranlar qalib gəlir. Bu isə insandan həyata yaradıcı yanaşmağı tələb edir.

* * *

Başqaları üzərində bu birinci tipli üstünlüyü əldə etmək çətin olsa da (çünki hündürboyluluq, köklük, yaşlılıq və b. təbii xüsusiyyətlərdir), hər halda, qeyri-mümkün də deyil. Belə ki, dayanarkən nisbətən hündür mövqe seçmək, məclisdə nisbətən yuxarı başda və ya ağsaqqalın, başçının və b. yanında əyləşmək, adi vaxtda oturarkən, əl-ayağını sərbəst açaraq nisbətən geniş yer məşğul etmək və b. hər kəsə üstün status verən nüanslardandır.

Həmin səbəbdən, hörmətli qonaqlara məclisin yuxarı başında yer ayrılır, natiqlər öz nitqlərini hündür tribunalardan söyləyirlər (yarıya qədər torpağa basdırılmış, yaxud quyu dibində olan adamın ayaq üstə duran ətrafdakılara nitq söyləməsinin gülünclüyünü, yaxud təsirsizliyini təsəvvür etmək çətin deyil). Eyni zamanda, arada distansiya saxlamaq da sizə əlçatmazlıq statusu verən nüanslardandır.



* * *

İkinci tipli üstünlüyü əldə etmək – özündə dörd qabiliyyəti tərbiyə etməkdən ibarətdir: (1) mövcud emosiyanı [hirs, əsəbilik, heyrət, həyəcan və s.] gizlədə bilmək; (2) mövcud olmayan emosiyanı özündə yaradıb, süni hal göstərə bilmək; (3) mövcud bir emosiyanı digəri ilə maskalayıb, onun əvəzində onu büruzə verə bilmək; (4) zəiflik halını xarakterizə edən emosiyaları (yəni şikayət, peşimançılıq, qorxu, bədbinlik və b.-nı) nəzarətdə saxlayıb, heç vədə özündə bunları göstərməmək, o cümlədən, heç nəyin, ələlxüsus qadının düşgünü olmamaq (bir daha qeyd edirik ki, hər dörd halda söhbət özünü məhz zahirən belə göstərməkdən, yəni lazımi imic formalaşdırmaqdan gedir).

Məşhur Azərbaycan atalar sözündə deyilir: «De görüm dostun kimdir, sənin kim olduğunu deyim». Bu baxımdan, həmin atalar sözünü aşağıdakı kimi improvizə etmək mümkündür: «De görüm nəyə reaksiya verirsən, sənin kim olduğunu deyim». Müxtəlif stimullara qarşı öz reaksiyalarını bu cür idarə edə bilmək, tərəf-müqabilin təsəvvüründəki sizin obrazınızla manipulyasiya etməyə bərabərdir və hissi davranışınızda hər hansı stabil qanunauyğunluq aşkar edə bilməyən tərəfdaş istənilən halda sizə qarşı hansısa addım planlaşdırmaqda, proqnozlaşdırmaqda çətinlik çəkəcək və hər an rəftarınızdakı sürprizlərə hazır olacaq.



Qeyd olunmalıdır ki, insanın hissi, emosional reaksiyaları onun bir tək danışığında deyil, eyni zamanda, daha çox onun jest, mimika və pozalarında, yəni adi baxışında, intonasiyasında, göz qırpmasında, nəfəs almasında, yumruğunun düyünlənməsində və s. özünü büruzə verir. Bunlar barədə bir qədər ətraflı şəkildə «Bio – sosial ontogenez motivlər» bəhsində [burada, səh. 67-17] məlumat verilir;

* * *

Üçüncü tipli üstünlüyü əldə etmək üçün öz intellektinin sərhədini gizlədə bilmək vacibdir.

Bunun üçün, heç vaxt məsləhət verməməli və almamalı, öyrətməyə can atmamalı və kiminsə sizə müəllimlik etməsinə şans verməməli; ehtimallarla danışmamalı və rəy bildirməməli (bu rəy və ehtimalların fiaskosu ilə sonradan avtoritetinizin də güdaza getməməsi üçün) və ya rəy bildirmək zərurəti yarandıqda ümumi rəyin cərəyan istiqamətini, tendensiyasını nəzərə almalı; tənqid, tənə, təhqir etməməli, mütəxəssis yanında onun sahəsi barədə moizə söyləməməli («ağzından vurulmaması» üçün), sualların birbaşa cavabından yayınmalı (buna aid fəndlər «Mövzudan məharətlə yayınmaq qaydaları» bəhsində [burada, səh. 121] sadalanır), çoxdanışan olmamalı, danışdıqda isə yoxlanılmış, özü də imkan olarsa orijinal, başqalarının bilmədiyi fikirlər söyləməli (başqa sözlə, yalnız bunları demək məqamı çatdıqda danışmalı), özünün diskussiyaya, münaqişəyə cəlb olunmasına imkan verməməli və ya özünü bunların birbaşa iştirakçısı səviyyəsinə endirməməli, məcburən cəlb olunduqda isə mövzunu tez-tez dəyişməklə («fırlatmaqla») məğlub olduğun hissələrin ifrat qabarıqlaşmasına macal verməməli, bütün vasitələrlə, hətta ən əclaf vasitələrlə də olsa mütləq qələbəyə can atmalı (çünki «məqsəd – vasitələri bəraətləndirir!»), mübahisədənsə yalnız qələbə çaldığın məqamlardan birində çıxmalı (çünki ətrafdakıların nəzərində qalib – ən axırda qalib gələndir) və tərəf-müqabilin polemikanı hələ də uzatmaq cəhdlərinə məhəl qoymamalı, ümumiyyətcə, söhbət adi tempdə davam etsə belə, yenə də, öz maraqlılıq statusunu qoruyub saxlamaq üçün söhbətdən hər şeyi danışıb qurtarmamış, yarımçıq çıxmalı və gələn dəfəyə də nə isə saxlamalı. Fəqət, kitab – yalnız oxunub qurtarana qədər maraqlıdır, ondan sonra isə maraqdan düşür.



Bir sözlə, özünü hər vəchlə müəmma örtüyünə bükməli;

* * *

Dördüncü tipli üstünlüyü əldə etmək üçün, deyildiyi kimi, hər növ rəftar, davranış və nitqdə qətiyyət, əzm, hökm və müstəqillik nümayiş etdirməli, başqalarının sizin sözünüzü kəsməsinə imkan verməməli, tərəfdaşın düz gözünün içinə baxaraq danışmalı, gücsüzlüyünü, acizliyini, məğlubiyyətini ört-basdır etməli. Uğursuzları heç kim sevmir, hətta bu uğursuzluq namünasib şəraitin bəhrəsi olduğu açıq-aşkar bilinsə belə. Əksinə, günü-gündən irəliləyən və ya irəlilədiyi təsəvvürünü (imicini, görüntüsünü) yarada bilmiş şəxslər maqnit dəmir qırıntılarını cəzb etdiyi kimi insanları öz ətrafına toplaya bilir. Dəqiq yadda saxlamalı: Uğursuzları heç kim xoşlamır. İnsanlar möhtac vəziyyətdə olan birisinə kömək etməkdə aciz olduqda ondan üz çevirirlər və bəzən hətta onu alçaldırlar. (əlavə olaraq bax: burada, səh. 205).



Möhkəm iradi xarakterin parametrləri ilə bağlı həm də, bu bir vacib qaydanı yadda saxlamalı: öz avtoriteti qeydinə qalan hər kəs üçün söz – qanundur. Bu tipli adamlar öz prinsiplərini, vədlərini həyata keçirmək üçün, hətta ölümdən belə çəkinmirlər. Dediyi sözə əməl etmək onlar üçün hər şeydən üstündür. Bu isə ondan ötrüdür ki, dediyi sözü bir neçə dəfə həyata keçirməsə, onun sözü başqalarının nəzərində öz ecazkar təsir qüvvəsini itirər, dəyərsizləşər. Gələcəkdə onun hədəsi başqaları üçün real təhlükəni deyil, boş çərənçiliyi xatırladar, vədəsi möhürlü sənəd yox, nisyə cəfəngiyyat, baş aldatmaq aləti əvəzində qəbul edilər. Bu səbəbdən, sözünü geri götürməmək və dediyini yeritmək üçün hər an hər cür qurban verməyə, hətta münasibəti korlamağa və s. hazır olmaq, bu tipli adamlar üçün gələcəkdə digər qalanlara da, təsir göstərməyin əsas alətlərindən biridir (burada o da, nəzərə alınmalıdır ki, arada olan münasibəti gərginləşdirməkdən, hətta kəsməkdən sanksiya vasitəsi kimi istifadə etmək hər an fayda vermir. Məsələ burasındadır ki, bu metod yalnız sizin onun üçün böyük dəyər kəsb etdiyiniz məqamlar üçün effektlidir, əks halda, yox).

Qeyd olunmalıdır ki, təəssüratı köhnəlməyə qoymamaq və əqidənizdə sabitqədəm olduğunuzu nümayiş etdirmək, başqalarına dərs vermək, onları prinsipiallığınıza vərdiş etdirmək üçün hərdən-birdən xırda məsələlərlə bağlı bu cür şou səhnələr yaratmaq, güzəşt qoparana qədər təkidinizi gücləndirmək, hətta qarşı tərəfin geri çəkilmədiyi halda münasibətin korlanmasına qədər vəziyyəti gərginləşdirmək və s. xüsusi əhəmiyyətlidir.

* * *

Beşinci tipli üstünlüyü əldə etmək üçün özgələrin, ələlxüsus əksəriyyətin marağına zidd olan söz danışıb, hərəkət etməməli, təşəbbüslərdə öz şəxsi marağının seçilməsinə imkan verməməli, əksinə, tərəfdaşın, dostun, yaxud söhbət qrupdan, kollektivdən gedirsə, çoxluğun marağının ifadəçisi mövqeyindən çıxış etməli, bu yolda özünün statusunu, marağını, mövqeyini, malını, bir sözlə, hər şeyini qurban verməkdən çəkinməməli (çünki onlar, barənizdə əfsanələr, miflər yaratmaq, xəyallarında heykəlinizi ucaltmaq yolu ilə bunun əvəzini qaytaracaq), onlara hörmət etməli, özünü onlardan üstün tutmamalı, təvazökar olmalı və s. (məs., kriminal dünyada belə bir paradoks məşhurdur: ağır məqamda ən alçaldıcı, iyrənc, yaxud riskli işi dərhal qrupun lideri yerinə yetirir – fəqət o, özünü qurban verməklə yoldaşlarının mənliyini, şəxsiyyətini, həyatını və s. xilas etmiş olur).

Bununla belə Allahın, yaxud bəndələrin sizi hamıya bərabər tutmadığı məqamları qabarıqlaşdırmağa cəhd etməli – o cümlədən, ətrafdakıların sizi vacib, möhtərəm adamların sırasında tez-tez görməsinə çalışmalı, yaxud onlarla olan münasibətdən tez-tez misallar çəkməklə, belə münasibətlərinizin olmasına diqqəti cəlb etdirməli («adamın gərək adamı olsun»), ətrafdakıların sizi yalnız qalib məqamlarda görməsinə çalışmalı, yaxud belə epizodlardan söhbət açmalı, məğlubiyyətlərinizi ört-basdır etməli, dinə bağlılığınızı gizlətməməli, eləcə də, bununla spekulyasiya etməyə də çalışmamalı, bir sözlə, hər bir vəchlə, özünün ətrafdakılar üçün ali hesab edilən təbəqəyə, irqə, irsə, cinsə, dinə, sinfə və s. aidliyini qabarıqlaşdırmalı

Qızları tovlayan oğlanların ilk tanış olduğu qıza ‘‘basıb-bağlaması’’ ki, bəs atam ‘‘ministr’’ müavini işləyir, özüm prokuror köməkçisiyəm, iki-üç xarici maşınım var (təbii ki, indi ‘‘tərslikdən’’ biri təmirdə olmuş olur, digərini əmioğlu harasa aparıb) və s. hamısı bu kateqoriya fəndlərdəndir.



* * *

Tərəfdaşı ayıqkən hipnoz vəziyyətinə salıb, onun iradəsini blokirovkalayan və ona lazımi fikri təlqin edə bilməyə imkan verən iradi metodlardan daha birisi – onun etimadını qazanmaqdır. Arada olan etimad – skeptikliyi neytrallaşdıraraq, çox əksər fikrin rəqib tərəfindən heç bir şübhə oyanmadan qəbul edilməsinə səbəb olasıdır.

Etimada əsaslanan təlqin metodunun xüsusi növü «qrup favoriti» deyilən effektdə meydana çıxır. Bu effektinsə məzmunu ondan ibarətdir ki:

Digər bərabər şərtlər çərçivəsində insanlar öz qrupundan olan, onunla arasında daha çox ümumilik olan şəxslərin fikrinə, mövqeyinə, rəyinə daha çox üstünlük verir, etimad bəsləyir, etibar edirlər.

Bu baxımdan, (1) tərəfdaşın etimad etdiyi adamlardan bəzilərini ələ almaq, (2) fikri ona öz qrupundan, millətindən və s. olan, ona hər hansı formadasa yaxın olan, etimad etdiyi adamların dilindən çatdırmaq, (3) öz adamlarından hansılarınsa onun ən yaxın adamlarından birinə çevrilməsinə nail olmaq və s. istənilən fikri ona qəbul etdirməyin çox effektiv vasitələrindəndir.

Həmin səbəbdən, özgə dövlətlərin ərazisində yayımlanan (belə demək mümkündürsə – transmilli) radiostansiyaların verilişləri, yerli xalqların qavrayış stereotipinə maksimum adaptasiya etdirilərək, başdan-ayağa yerli xalqın milli koloriti ilə, o cümlədən, milli musiqisi ilə bəzədilir, verilişləri aksenti olmayan yerli xalq nümayəndələri aparır və s. – baxmayaraq ki, onun hazırlanması prosesi tam şəkildə onu yayımlayan dövlətin xüsusi idarələri tərəfindən həyata keçirilir (söhbət, əsasən siyasi yönümlü radiostansiyalardan gedir). Adət etdiyi dil, etiket, adət-ənənə, poliqrafik tərtibat və s. normalarında olan bu informasiyalarsa, həmin xalq nümayəndələrinin daha az şüur müqavimətini, tənqidi reaksiyasını, analizini doğurub onlar tərəfindən, əsasən problemsiz qəbul olunur;



Ümumiyyətcə isə, arada olan distansiya ilə manipulyasiya edib öz yaxınlığının uzaq, uzaqlığınınsa yaxın olduğunu anlatmağa, onların təsəvvüründə adi və qeyri-adiliyin sintezindən ibarət öz obrazını yaratmağa çalışmalı. Monotonluq, heç vaxt qeyri-adi və gözəl görünmür. Gözəllik – dinamiklik və rəngarənglikdədir. Münasibət, stil və maneraları vaxtaşırı yeniləşdirməklə, həmçinin özündə eyni bir zamanda bir neçə əks obraz, düşüncə tərzi və xarakter çalarını ehtiva etdirməklə, daim başqaları üçün əlçatmaz zirvə olmaq, onlar üzərində hökmran təsir mövqeyi qazanmaq və s. mümkündür.

Liderlik iddiasında olan şəxslərin birinci və ən əsas qayğılarından biri odur ki, hər şeyi bildiyini və həmişə haqlı olduğunu bütün vasitələrlə sübuta yetirə bilsin. Hoqqabazlıq, fırıldaqçılıq, artistlik və s. liderlərin ən adi vasitələrindəndir. Lider öz tamahını, zəifliklərini heç vəchlə sezdirməməli, işi elə qələmə verməyi bacarmalıdır ki, guya, hər şeyi qabaqcadan bilirmiş və hər şey elə onun planlaşdırdığı kimi də oldu. İstədiyinə nail olsa, nüfuzu artacaq, yox nail olmasa gərək vəziyyətə elə don geyindirməyi bacarsın ki, uğursuzluğu – onu başa düşməyənlərin, tapşırığına əməl etməyənlərin və ya açıqca ona maneçilik törədənlərin günahı kimi başa düşülsün, qəbul edilsin. Tək bircə dəfə zəiflik göstərdi, məğlubiyyəti açıq-aydın hiss olundu – işi bitdi.

Yekunda bir daha qeyd olunmalıdır ki, sadalanan keyfiyyətləri özündə tərbiyə etdirmək yox, özünü yalnız zahirən belə göstərmək vacibdir, yəni onlar zahiri əlamət, formal atributlardır. Daxildə isə necə olub-olmamağın məsələyə heç bir dəxli yoxdur. Fəqət, həyat geniş bir səhnə, insanlarsa aktyorlardır...

Yaşamaq uğrunda mübarizənin yolu konflikt və adaptasiyadan assimilyasiyaya qədər mürəkkəb mərhələlərdən keçir. Burada daha güclü, daha enerjili, daha ağıllı və s. olub hamını, o cümlədən, təbiəti özünə uyğunlaşdırmağa çalışanlar yox, yalnız və yalnız ətraf mühitə daha yaxşı uyğunlaşa bilənlər qalib gəlir;


«Avtoritet təzyiqi effekti»ndən dolayısı yolla istifadə hesabına həyata keçirilən təlqin:

Yuxarıda izah edildi ki, təlqin prosesində «Avtoritet təzyiqi effekti»ndən iki variantda istifadə etmək mümkündür ki, bunlardan ikincisi, dolayısı istifadədir. Bu zaman təlqin özgələrinin avtoritetinə istinad hesabına həyata keçirilir. (əlavə olaraq bax: «İnandırma, aldatma və dezinformasiya» [burada, səh. 143] bəhsinin «Arqumentasiya manipulyasiyaları» hissəsinə [burada, səh. 148]):

a) Deyilən qanuna əsaslanan ilk təlqin metodu – lazımi məsələ ilə bağlı avtoritetli adamların mövqeyinə istinad etmək, bunu obyektə avtoritetli adamların təkid etməsinə çalışmaq, hansısa məsələ ilə bağlı onların da bu mövqedə, fikirdə olmasını, bu cür hərəkət etməsini izah, təsvir və ya nümayiş etdirmək, səsləndirmək, nümunə göstərmək və s.-dir.

Nümunə üçün, məs., «Səhrada fırtına» əməliyyatı zamanı ABŞ-ın psixoloji əməliyyat orqanları özlərinin təbliğat materiallarında bütün islam aləmində qəbul edilmiş nüfuzlu avtoritetlərin fikirlərinə çox tez-tez istinad edirdilər. Məs., Misir, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələrindən olan avtoritetli din xadimlərinin ayrı-ayrı münasibətdə işlətdikləri fikirləri bacarıqla əlaqələndirərək, silsilə verilişlər tərtib etdilər ki, buradan da, ümumi olaraq «İrakın mövqeyinin qeyri-ədalətli olması, onun apardığı müharibənin islam cihadı ilə heç bir rabitəsi olmadığı» nəticələri alınırdı. Bütün islam aləmində məşhur olan bu din xadimlərinin İrak əsgərləri arasında da böyük avtoritet sahibi kimi tanındığından, onların mövqeyi də onlar üçün əhəmiyyətsiz deyildi və oriyentasiya müəyyənləşdirməkdə güclü rol oynayırdı.

İrak hər vəchlə dünyaya car çəkirdi ki, müqəddəs Məkkə və Mədinə kafir tapdağı altındadır. Burada silah, ordu, İzrail hərbi birləşmələri, xüsusi qadın rotaları və s. yerləşdirilib. Bununla da, islam dünyasının ictimai rəyini Səudiyyə Ərəbistanının əleyhinə kökləməyə ümid edirdi. İrakın bu təbliğatını neytrallaşdırmaq məqsədilə, deyilən müqəddəs yerlərə xüsusi reyslə bütün islam aləmində avtoritet kimi qəbul olunan bir qrup misirli din xadimi göndərildi. Vəziyyəti öz gözü ilə gördükdən sonra onlar müvafiq təkziblə çıxış etdilər ki, bu da koalisiyanın psixoloji əməliyyat xidməti tərəfindən gen-bolluqla istifadə edildi;



b) Obyektə lazımi informasiyanı çatdırmazdan əvvəl, informasiya mənbəyinə qarşı etibar, etiqad, avtoritet qazandıran aksiyalar həyata keçirilməsi xüsusi effektlidir:

Nümunə üçün, məs., İkinci Dünya Müharibəsi zamanı SSRİ-yə əsir düşmüş general-feldmarşal Fr.fon.Paulsa (1890-1957) ilk mərhələdə tam ixtiyar verilir ki, radio ilə çıxış edib həmvətənlərinə ürəyi istəyən müraciəti etsin. Təbii ki, Pauls çıxış edib, tam şəkildə alman əsgər və zabitinin şərəfinə ləkə ola biləcək hər hansı addımdan qaçmağa çağırır. Əsirlikdə olan generalın belə qorxmaz, cəsarətli, vətənpərvər addımı, təbii ki, alman cəbhəsində bomba partlayışı effektini verir və ələlxüsus hakim dairələr də, yerdə qalan əsgər və zabitlərə ibrət olması üçün bu müraciətin bütün hərbi hissələrə çatmasında, Paulsun hər yerdə şöhrətlənməsində xüsusi maraqlı olurlar.

Təsir inkubasiya mərhələsini keçib, əsgər və zabitlərin beynində müvafiq stereotip formalaşdırdıqdan sonra, növbəti mərhələdə alman əsgər və zabitlərinə, əhalisinə müxtəlif informasiya kanalları ilə Paulsun dərin psixoloji tərtibatda hazırlanmış aşağıdakı müraciəti çatdırıldı: «...Dar hərbi düşüncə çərçivəsindən çıxıb, ümumi siyasi proseslər üzərində düşünərək, bu qərara gəldim ki,.. Almaniya Hitleri vəzifəsindən kənarlaşdırmalı və bugünkü düşmənlərimizlə mehriban dostluq münasibətləri quraraq xalqımızın sonrakı mövcudluğunu təmin edə bilən yeni dövlət rəhbəri seçməlidir...». Rəhbərliyin radikal qadağalarına baxmayaraq Alman cəbhəsinin hər yerində Paulsun bu müraciəti aktiv müzakirə olunmağa başladı;

d) Çoxluq da individ təfəkküründə faktiki güc, avtoritet kimi qavranıldığından, individual rəylərin formalaşmasında ictimai rəyin və ya çoxluq (qrup, kollektiv...) rəyinin cərəyan istiqaməti də, əhəmiyyətli rol oynayan faktorlardandır. Buna görə də, təlqinə imkan verən daha bir metod – bunu obyektə xeyli adamın təkid etməsinə çalışmaq, çoxluğun mövqeyinə istinad etmək, hansısa məsələ ilə bağlı xeyli adi adamın bu mövqedə, fikirdə olmasını, eyni hərəkət etməsini izah, təsvir və ya nümayiş etdirmək, səsləndirmək, nümunə göstərmək və s.-dir. Çoxluğun zəhmi və ya «qrup təzyiqi effekti» məsələdə ciddi dönüş yaradasıdır:



Nümunə 1: Psixologiyada «Verter effekti» deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin «Gənc Verterin iztirabları» adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir (Analoji hal 2000-ci ildə Murat Kəkilli adlı bir tanınmayan türk müğənnisinin ifa etdiyi «Bu axşam ölürəm» adlı mahnısı ilə əlaqədar da baş verdiyi, yəqin, çoxlarının yadındadır. Mahnının təsiriylə özünəqəsd halı bir epidemiya kimi Türkiyə ilə Azərbaycanda yayıldı və iş o yerə gəlib çatdı ki, hər iki ölkənin radiostansiyaları intiharların qarşısını almaq üçün, mahnını efirə verməkdən birdəfəlik imtina etdilər).

Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.

Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.

Deyilənlərdən əlavə, hansısa hərbi əməliyyatlarda, o cümlədən, Qarabağ döyüşlərində iştirak edən hər kəs yaxşı bilir ki, qızğın atışmalar zamanı cəmisi bir nəfərin özünü irəli atması, hamıya necə sürətlə sirayət edib, hamının özünü şüursuz vəziyyətdə onun arxasınca irəli atmasına, əksinə, kiminsə səngərdən çıxıb qaçması başqalarının da inamını zəiflədib geri çəkilməsinə güclü təsir göstərə bilir. Hansı ki, sonradan düşünəndə həmin an irəli getməyə və ya ikinci halda geri çəkilməyə heç bir zərurət olmadığı aydın olur.

Bütün bunların nəticəsi olaraq isə – fahişəliyin və ailə dağılmalarının kütləvi hal alması barədə mətbuatın gecə-gündüz çoxsaylı faktlar dərc etməsi, hətta bu barədə həyəcan təbili çalmaq formasında da olsa, mütəmadi müzakirələr açması, ümumiyyətcə, istənilən formalı parnoqrafiyanın leqal formaya keçirilməsi – bu kimi halların cəmiyyətdə daha da intişar etməsində, cəmiyyətin mənəvi uçuruma yuvarlanmasında nə dərəcədə detonator rolu oynayır?

Nümunə 2: Hansısa oyunçulara stavka qoyulması şəklində oynanılan azart oyunlarının bəzilərində (məs., cıdır yarışında) təcrübəli oyunçular bəzən belə bir fənd işlədir: əvvəlki oyunlardan ən pis, ən zəif tərəf kimi tanıdıqları birisinə (burada ata) lap əvvəldən xeyli miqdarda stavka qoyurlar. O qədər də təcrübəli olmayan yerdə qalan oyunçular, məsələdən dərindən baş çıxarmadıqlarından, başqalarının nümunəsi timsalında oriyentasiya götürürlər ki, bunun üçün də, özlərindən əvvəl kimə, hansı oyunçuya, hansı tərəfə daha çox stavka qoyulması ilə maraqlanırlar. İppodromda, məs., bu barədə xüsusi lövhə olur. Oyunçular bütün tərəflərə heç bir stavka qoyulmayıb və ya çox az qoyulub, yalnız birinin ardınca böyük stavka siyahısı düzüldüyünü, onun favorit seçildiyini görüb, onlar da buna stavka qoymaqda davam edirlər. Kifayət qədər stavka toplandıqdan sonra, hər işi qurub-qoşan ilk oyunçu yaxınlaşıb əsas stavkanı özünün favorit hesab etdiyi əsl seçiminə qoyur və təbii olaraq qalib gəlib, bütün stavkaları təkbaşına və ya çox az şəriklə ələ keçirir;

Nümunə 3: Koreya müharibəsi dövründə (1950-1953) dezertirliyin kütləvi xarakter olması və buna paralel olaraq, gözlənilən təhlükələr, ailəsindəki faciələr və s. barədə intensiv dezinformasiya yayıb, bundan sonra müxtəlif eyhamlar, ötəri sözlər və s. vasitəsilə qaçmağın mexanizmini, yolunu, xəritəsini (məs., şəhər polisini zəif olduğu əraziləri) öyrətməklə Koreya 3 il ərzində ABŞ-ın 160 minə yaxın (!) əsgər və zabitinin dezertirliyinə nail olmuşdu (Bənzər mövzularla əlaqədar bax, burada: səh., 197, 197, 199)

e) Deyildiyi kimi əyani deyil, qiyabi şəkildə çoxluğun və ya avtoritetlərin bu məsələyə münasibətdə məhz siz deyən mövqedə olduğunu ona çatdırmaq da bu qəbildəndir:

Liderlərin özlərini daim nüfuzlu, ali adamların arasında göstərməyə çalışması, əksinə, aşağı statuslu adamlarla bir görünməkdən çəkinməsi, yaxud söhbət zamanı yalnız bu kateqoriya insanlarla keçirdiyi epizodlardan söz açması, aşağı statuslu adamlarla olan kontaktlarını isə ört-basdır etməsi, yalnız qalib gəldiyi məqamları qabardıb, məğlubiyyətlərdən söz açmaması və b. bu effektin nümunələrindəndir;


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin