VI. Sınığın baş vermə mexanizminə görə: düzünə zərbədən,
sıxılmadan, burulmadan, əyilmədən baş verən və qopma sınıqlar.
Düzünə qüvvə təsirindən, adətən, yerini dəyişən köndələn sınıq olur.
Sıxılma mənşəli kompression sınıqlara oturaq qabarlarında, yaxud ayaq
üstə yıxılarkən fəqərələrdə baş verən sınıqlar aiddir. Belə ki, fəqərələrin
həddən artıq və çox tez bir zamanda sıxılması onların cisminin bu tipli
sınmasına səbəb olur.
Uzun borulu sümüklər burulduqda, onlarda əksər hallarda köndələn
sınıqlar baş verir. Sümüyün burulmas zamanı vintvari sınıqlar meydana
çıxır. Belə sınıqlara xizək və konki sürənlərdə təsadüf edilir.
Qopma sınıqlara, adətən yıxılarkən ayaq üstə durmağa cəhd zamanı
əzələlərin kəskin və güclü yığılmalarında təsadüf edilir - əzələ vətərinin
bağlandığı sümük burması sümükdən qopur.