Aseklidin (Aceclidine). A siyahısına daxildir. Poroşok halında (göz damcısı hazırlamaq üçün), 0,2 %-li məhlulu 1 və 2 ml-lik ampullarda buraxılır. Sintetik preparatdır.
Orqanizmə yeridildikdə bağırsağın, sidik kisəsinin və uşaqlıq əzələsinin tonusunu yüksəldir. Daha yüksək konsentrasiyalarda bradikardiyaya, arterial təzyiqin aşağı düşməsinə və bronxların spazmına səbəb olur. Göz bəbəklərini daraldaraq gözün daxili təzyiqini aşağı salır.
Tibbi təcrübədə 2-5%-li sulu məhlullarından və məlhəmlərindən qlaukomanın müalicəsi üçün istifadə edilir.
Mədənin, bağırsağın və sidik kisəsinin atoniyasında (əzələ tonusunun olmaması) və uşaqlıq əzələsinin hipotoniyasında (tonusun zəifləməsi) aseklidinin 0,2 %-li məhlulundan 1-2 ml dəri altına yeridilir. Lazım olan effekt olmadıqda inyeksiya 20-30 dəqiqədən bir, 2-3 dəfə təkrar edilir.
Bronxial astmada, stenokardiyada, epilepsiyada, mədə bağırsaq qanaxmalarında və hamiləlik dövründə aseklidinin təyin olunması əks göstərişdir.
Sizaprid (Cisapride). 5 və 10 mq dozalarda tablet şəklində və 1 ml-də l mq sizaprid olan suspenziya şəklində buraxılır, Postqanqlionar xolinergik sinir uclarında asetilxolin ifrazını gücləndirir. Mədənin və bağırsağın atoniyasında, reflyuks-özofaqitdə istifadə olunur. Daxilə təyin edilir (gündə 4 dəfə: 3 dəfə yeməkdən əvvəl və 1 dəfə yatmazdan əvvəl 10 mq qəbul edilir).
Mədə qanaxmalarında, hamiləlikdə, laktasiya dövründə, qaraciyərin və böyrəklərin funksional pozgunluglarında preparatın istifadə olunması əks göstərişdir.
Dostları ilə paylaş: |