Verden müqaviləsi. Frank imperiyasının parçalanması. 843-cü ildə Böyük Karlın üç nəvəsi (Karl, Lüdovik, Lotar) Verden şəhərində Frank imperiyasını bölmək haqqında müqavilə bağladı. Bu bölüşdürmə nəticəsində sonralar imperiyanın ərazisində üç krallıq: Fransa, Almaniya və İtaliya yarandı. Beləliklə, Qərbi Avropada IX—XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı.
Feodal nərdivanı. Hər bir iri feodal ona xidmət edən xırda və orta feodallara torpaq verirdi. Bununla onu öz vassalına çevirir, yəni asılılığına salırdı. Hersoq və qraflar kralın vassalı idilər. Baronlar hersoq və qrafların, cəngavərlər isə baronun vassalı sayılırdı. Bu sistem «feodal nərdivanı» adlanırdı. Krallar feodal nərdivanından təbəələri itaətdə saxlamaq üçün istifadə edirdilər.