cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda hər kəsin mülkiyyətində daşınar və
daşınmaz əmlak ola bilməsi, mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlak
sahibi olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu da
həmin maddədə öz əksini tapmışdır.
Lakin çətinlik yaradan məsələ ondan ibarətdir ki, Konstitusiyada 29-cu maddədə göstərilən istifadə
anlayışının «qaydası» və «şərti» açıqlanmır. Amma bu gün qanunların analizi, həmin anlayışa müəyyənlik
gətirməyə imkan verir. Qeyd etmək lazımdır ki, «istifadə» termini iki məna daşıya bilər:
a) torpaqların istifadəsi ilə bağlı olan istənilən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi; b) torpağa əşya hüquqları səlahiyyətlərindən biri kimi istifadə hüququnun həyata keçirilməsi. «İstifadə» termininə onun ilkin, daha geniş mənasında «qayda» və «şərt» kimi anlayışlar tətbiq oluna
bilər. Belə halda istifadə şərti altında torpaqdan istifadənin hüquqi əsasları (titulları) başa düşülür: