YAZI. YAZININ YARANMA TARİXİ. YAZI MƏDƏNİYYƏTİ. YAZININ ƏHƏMİYYƏTİ Yazının əmələ gəlməsi və inkişafı cəmiyyətin inkişafı ilə əlaqədardır. Eyni zamanda
yazı da insan cəmiyyətinin inkişafında xüsusi rol oynamış, onun ibtidai dövrdən bugünkü
səviyyəyə qədər yüksəlməsinə müəyyən dərəcədə xidmət etmişdir. İnsanların mədəni
inkişafında yazı çox mühüm rola malikdir. Belə ki, yazı mədəniyyəti inkişaf etdirmək üçün
əsas və qüvvətli vasitədir.
Əsrlər boyu insanların əldə etdiyi mədəni mirasların tarix
səhifələrində əks olunmasında və qorunub saxlanmasında yazı başlıca rol oynamışdır.
Cəmiyyətin bütün inkişaf prosesində yaradılmış nailiyyətlər yazı vasitəsilə bizə gəlib
çatmışdır. Yazının köməyi ilə bu gün ən qədim xalqların tarixini öyrənir, onların adət -
ənənələri, yaşayışları, ictimai quruluşları və b. cəhətlərlə tanış oluruq. Keçmişdəki bilik və
təcrübələri öyrənmək və əldə olunmuş yeni bilik və bacarıqları gələcək nəsillərə ötürmək üçün
yazı insanların həyatında həmişə xüsusi rol oynamışdır. Müasir dövrdə elmin, sənayenin,
texnikanın sürətlə inkişaf etdiyi, informasiya bolluğu şəraitində hər bir yeniliyi tez dərk etmək,
yadda saxlamaq, şifahi şəkildə ötürmək qeyri-mümkündür. Yazı isə hər hansı məsələni əks
etdirərək, istənilən vaxtda canlandırmağa, üzərində düşünməyə, təkmilləşdirməyə kömək edir.
Yazı sözün, dilin yaranma prosesinin davamıdır. İlk söz kimi ilk işarə çox çətin formalaşmışdır.
Bunların yaranması insanın kamilləşməsi uğrunda mübarizəsinin nəticəsidir. Yazı şifahi sözün
əbədiləşdirilməsi zərurətindən doğmuşdur və burada kollektivin rolu böyükdür.
Yazının meydana gəlməsi müxtəlif insan cəmiyyətlərində eyni
vaxtda baş verməmişdir. B.N. Qolovin yazının meydana gəlməsini insanların müəyyən zaman,
məsafə ölçüsündə, ünsiyyət yaratmaq tələbləri əsasında meydana gəldiyini bildirir.
Uzaq
keçmişdə ilk öncə insanlar əlaqə saxlamaq, ətraf aləmə, uzaq məsafələrə informasiya ötürmək
ehtiyaclarını ödəmək üçün müəyyən simvolik məna daşıyan əşyalardan, şərti işarələrdən
istifadə edərək “məktub-ismarıc” göndərmişlər. Bu vəzifənin necə yerinə yetirilməsinə aid ilk
məlumatlardan birini e.ə V əsrdə yaşamış yunan tarixçisi Heredot vermişdir:Skif çarının İran
padşahı Daraya göndərdiyi “məktub – ismarıc” quş, siçan, qurbağa və beş oxdan ibarət olmuş
və bir növ “hərbi ultimatum” məzmunu daşımışdır: “İranlılar, əgər siz quş kimi uça bilməsəniz,
siçan kimi yerdə gizlənə bilməsəniz, bataqlıqda qurbağa kimi hoppana bilməsəniz bizim
oxlarımız sizi yerə sərəcəkdir”(15, 257).
Azərbaycan
folklorunda,
məsələn,
“Daşdəmirin nağılı”nda, yaxud “Bir qalanın sirri” Azərbaycan kino-filmində bu tip “məktub”
nümunələrinə rast gəlmək olur.
Tarixən
yazının
müxtəlif
növləri
olmuşdur. Həmin yazı növləri bunlardır: 1. Şəkli yazı (piktoqrafik).
2.
Fikri
yazı
(ideoqrafik). 3. Heca yazısı (silloqrafik). 4. Səs yazısı (fonoqrafik).
Ayrı- ayrı dövrlərdə olan yazı növlərini və bunların inkişafıni
tədqiq etməyin bəşər sivilizasiyasının, cəmiyyətinin inkişaf tarixini öyrənmək üçün böyük
əhəmiyyəti var.