Işraqiliyin idraka münasibəti də maraq doğurur. Bu tə‟limə görə fəlsəfə idraki səpkidə iki qismə ayrılır: birinci tədqiqi və sübuta əsaslanan fəlsəfə; ikinci, işıqlar aləminin sirrlərini açan vəhyi, ilahi fəlsəfə. Sührəvərdi düşüncəli nəfsin xarici dərkedici qüvvələrini beş
duyğuda görürdü (toxunma, dadbilmə, iybilmə, eşitmə və görmə). Onun
tə‟liminə görə hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və
hadisələri haqqında müəyyən biliklər əldə edilir. Intuitiv idrak isə insana
işıqlar aləminin sirrlərini açır. Beləliklə də o mütləq həqiqəti aşkar edir.
XIII əsr Azərbaycanında fəlsəfi və elmi fikrin ən böyük
nümayəndəsi ensiklopedik bilik sahibi
N.Tusi (1201-1274) olmuşdur. O
mükəmməl təhsil görmüş, həm də ictimai- siyasi həyatda fəal iştirak
etmişdir. Hülakü xanın vəziri olmuşdur. Məntiqə, təbiyyata, metafizikaya,
həndəsəyə, etikaya dair gözəl əsərlərin müəllifidir. Əsas əsərlərindən
«Əxlaqi nasiri», «Kosmoqrafiyaya dair traktat», «Elxani astronomik
cədvəl», «Mövcudatın bölgüsü və onun qisimləri» və başqalarını
göstərmək olar.
Tusi fəlsəfəni çox vaxt hikmət termini ilə əvəz edirdi .
Göstərirdi ki, hikmət hər şeyi olduğu kimi dərk etməyə və hər şeyi
lazımınca yerinə yetirməyə deyilir. Məhz hikmət sayəsində insanın
mə‟nəviyyatı təkmilləşir və arzu olunan səviyyəyə yüksəlir. Özünün varlıq
haqqında tə‟limində o peripatetiklərin fikirlərini davam etdirmişdir. Yə‟ni
varlığı zəruri və mümkün növlərə ayırırdı. O, mümkün varlığı müfəssəl
şərh etmişdir. Mümkün varlıq materiya, forma, cisim, əql və nəfsdən
ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman və başqa
kateqoriyalarda ifadə olunan aksidensiyaya bölünür. Filosof göstərirdi ki,
cisimlər materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq
bəsit, onlardan əmələ gəlmiş minerallar, bitkilər və heyvanlar mürəkkəb
cisimlərdir. O maddi aləmin məhvedilməzliyi, əzəliliyi və əbədiliyi
ideyasına müsbət yanaşmışdır. Tusi maddi varlıqdakı dialektik inkişafın
düzgün obyektiv mənzərəsini verə bilmişdir.