Tamaşaların göstərildiyi yerlər
Təbii ki, min illər boyu əsatir şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada,
şəhər meydanında, kənd içində, bazarda, əkənək sahəsində, camaatın gur toplandıqları yerlərdə,
hovuz üstündə, saray həyətində, xırman düzündə, ocaq başında, şenlik çalmalarında, gül-çiçəkli
yaylağa və bu kimi yerlərdə göstərilib.
Məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib.
Kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. Onlardan dildə-ağızda
daha çox işlədilənlərinin qısaca şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən
təsəvvürə gəlmək olar.
Alan. Bu, müəyyən xalq oyunu üçün düzəldilən məkandır. Formaca yarımdairə və qövsvarı
olub. Ona görə də ətrafına çoxlu tamaşaçı toplanınasma imkan vardı.
Balaxan. Qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. Açıq havada
taxtadan və ya hamar yonulmuş ağac tirlərindən düzəldilirdi və səhnə funksiyasını daşıyırdı. Bəzən
arakəsməli çadırabənzər görkəmdə olurdu.
Qaldıran. Süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran
səviyyədən azacıq hündür yer. Bu, yamaclı çəmən də ola bilərdi, torpaq atılıb tez vaxtda hasilə
gətirilən kövər də.
Əndam. Hərfi mənada görkəmli, iri mənasındadır. Ərəbcə isə bədən, qədd-qamət, boy-
buxun, biçimli adam deməkdir. Qədim dövrlərdə gəzərgi yox, bir məkanda çıxarılan oyunlar,
göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yeri. Yaxud, müvəqqəti qurulmuş, adamın
dizi bərabəri qurulan meydança əndam kimi tanınıb.
Gac. Mənası görünən səhnə deməkdir. Məişətdə işlənən, ağacdan düzəldilmiş, qurşaqboyu
taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu. Aktyor-oyunçular bu gacın üstündə
tamaşalar oynayırdılar.
Geniş səkiyə taxta düzülüb, kilim-palaz salınıb üstündə tamaşa oynanılan yerə də bu ad
verilib.
Mərəkə. Ərəb sözüdür və çoxlu mənaları var. Dilimizdə izdiham, qələbəlik, qalmaqal,
vurhavur, vurhəşir, cəncəl deyimləri mövcuddur. Meydan oyunçuları arasında çox geniş və
qələbəlik yerdə çıxarılan oyun məkanlarının adlarından biridir.
Tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, lotuların, məsxərəbazların,
məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdikləri yerdir.
Mərəkə yeri seçiləndə, adətən, orada uzun illər tamaşalar oynanılırdı. Mərəkə yerlərində
tamaşaçılara şirniyyat, sərinləşdirici içki satanlar da olurdu. Buraya daha çox tamaşaçı toplaşa
bilirdi.
Nümayişgah. Nümayiş sözü göstərmək, baxılan, görünən, gah isə yer, ev mənasındadır.
Həmin mənalardan götürülən bu deyim açıq havada teatr oynanılan məkan anlamında işlədilib.
Nəzrgah. Tamaşaxana, səhnə, oyun göstərilən meydan mənasını ifadə edən bu sözün
işlənməsi İran Azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir.
Dostları ilə paylaş: |