______________Milli Kitabxana_____________
229
təsəvvürləri, ayrı-ayrı heyvan və bitkilərin ilahi qüvvəsinə insanlıq
əqidəsi, eneolit dövründən, mis-daş dövründən başlayaraq
yayılmışdır. Totemizm ibtidai insanları canlı obyektiv real varlıq
ilə, heyvanlar aləmi ilə möhkəm surətdə bağladı. Ruhlar kimi
totemlər də toxunulmaz idi. Totemizm ideyaları qədim
əcdadlarımızın yaradıcılıq təfəkkürünə
təsir göstərmiş,
heykəltəraşlıq və folklor sahəsində, bir sıra maraqlı sənət
əsərlərinin yaranmasına səbəb olmuşdur. Qədim türk qəbilələrində
hər totemin plastik obrazı yaradılırdı. Həmin fiqur çadırın yuxarı
başında asılırdı. Bu ilahi fiqurlarda bəzən zoomorf və
antropomorfik ünsürlərin birləşdiyi özünü göstərir, yəni fiqurlarda
həm heyvani, həm də insani xüsusiyyətlər vardır. Belə totem
fiqurlarında insan şəklinin görünməsi göstərir ki, onlar xalis
heyvan fiqurlarına nisbətən daha sonralar, eramızın ilk əsrlərində
yaradılmışdır.
Totemizm qədim xalq teatrı tamaşasına böyük təsir
göstərmişdir. Bunlardan biri kəndirbaz oyunu idi. Adətən
oyunçular heyvan dərisi geyərdilər. Novruz-Bahar bayramlarında
geniş yayılmış kos-kosa oyununu götürək. Kos-kosa tamaşasının
mənşəyi b.e. birinci əsrlərinə aparıb çıxarır. O vaxtlar belə
tamaşalar qəbilə miqyasında daha əzəmətli dini ayin
mərasimlərində keçirilərək məhsuldarlıq, bolluq, artım və su
təsərrüfatı ilahəsi olan Anahitə həsr edilirdi. Kos-kosa oyunu bizə
gəlib çatmış həmin ayin mərasiminin bir hissəsini təşkil edir.
Qədim Azərbaycanda müxtəlif totemlərin heykəlləri, o cümlədən
bolluq ilahəsinə həsr olunmuş heykəllər də yapılırdı.
Qədim Azərbaycanda animizm də xeyli yayılmışdı.
Mürəkkəb xarakterli dini əqidə hesab edilən animizm totemizm
dini mərhələsindən sonra yetişmiş, mücərrəd təfəkkürün
məhsuludur. Animistik təsəvvürlər ruhun varlığını, ruhun
daimliyini və onun hərəkətdə olduğunu əsas tutur. Əslində ruhlara
inanmaq kimi sadəlövh, ibtidai fikirlər çox sonralar yaranmış
mürəkkəb xarakterli dinlərin (atəşpərəstlik, islam və s.) ideyaları
üçün başlanğıc və möhkəm bünövrə olmuşdur.
Magiyalar – sehrbaz təlimləri daima iki istiqamətdə inkişaf
etmişdir: ağ sehrkarlıq, yəni xeyir qüvvələrə xidmət edən
|