______________Milli Kitabxana_____________
256
geniş ağızlı və oturacaqlı qabın qoşa qoyun başı ilə bəzədilməsi də
totemizm, xeyir və bərəkət əqidəsi ilə əlaqədardır. Bu qabın
daxilindəki qoyun rəsmləri və meandr naxışı gümüşlə inkrustasiya
edilmişdir. Belə tipli qabın tunc dövrünə adi naxışsız, tək qoyun
başlı nümunəsi qədim Gəncə tərəflərdə, indiki Qasım İsmayılov
kəndində tapılmışdır.
Dəmir dövründə bədii cilalı qara keramikanın nisbətən
zəiflədiyi özünü göstərir. Lakin alban dövrünün birinci inkişaf
mərhələsində tunc dövrü bədii ənənələrinin yenidən dirçəldiyi
nəzərə çarpır. Bu dirçəlmə isə cəmisi 5-6 əsrdən çox çəkmir.
Bədii metal. Qədim Azərbaycanda eneolit dövründə mis
kəşf ediləndən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi,
təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa
başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir.
Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi
Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc
dövrünün başlanması ilə bağlıdır.
Tunc dövründə qədim əcdadlarımız bu yeni metalların hər
birini mislə əridərək təzə keyfiyyətli və daha bərk olan tuncu kəşf
etdilər. Tunc yeni dövrün açarı oldu. Tunc istehsal aləti, silah və
kult əşyalarının yaradılması üçün daha əlverişli və daha davamlı
bir metal idi. Onun ictimai həyatda törətdiyi inqilab ibtidai
insanlarda metala qarşı yeni ülvi münasibətlər yaratdı. Onlar
metalın ilahi bir qüvvə olmasına inandılar. Tuncun böyük istilik
nəticəsində yarandığını, yəni oddan doğduğunu görən ibtidai
insanlar onu günəşin töhfəsi kimi, günəş qüdrətli bir varlıq kimi
qarşıladılar. Beləliklə, metal kultu ortaya çıxdı. İnsanlar ona həm
pərəstiş edir, həm sığınır, həm də ondan kömək diləyirdilər. Odur
ki, bədxah ruhlara qarşı mübarizə üçün hazırlanmış tunc zənglərin
cingiltili səsindən istifadə olunur, ikibaşlı baltalara müraciət
edilirdi. Bu xüsusiyyət Azərbaycan xalqının etnoqrafiyasına və
folkloruna da daxil olmuşdur. Xəstələrin başı altına bıçaq, qayçı
və ya başqa metal şey qoymaq, yaxud Günəş və Ay tutulanda sinc
çalmaq (iki metal lövhənin bir-birinə vurulması) və s. metal
kultunun izləridir. Folklorumuzda bu kultla bağlı olan bir sıra
motivlər vardır. Yaxın keçmişə aid olan əfsanələrimizdə deyilir ki,
|