______________Milli Kitabxana_____________
259
Piktoqramın məzmununu nəzərə alaraq demək olar ki, bu
tipli tunc kəmərlər qəbilə vuruşmalarında, ölüm-dirim
döyüşlərində qalib gələn, fərqlənən igidlərə verilirmiş.
Həmin dövrdə İran Azərbaycanında bədii metal emalı daha
yüksək səviyyəyə çatmışdı. Bu, Man dövlətinin siyasi və mədəni
tərəqqisi ilə əlaqədar idi. Bu mədəni inkişafın parlaq nümunəsini
Ziviyə zərgərlərinin işlərində görürük. Eramızdan əvvəl VIII əsrə
aid olan bu cür əsərlərdə Zərdüşt dininin təsiri görünməkdədir.
Məşhur Ziviyə xəzinəsi təsadüfi olaraq tapıldıqdan və yerli
əhali tərəfindən vəhşicəsinə talan edildikdən sonra bəzi metal
əşyalar, zərgərlik və zinət nümunələri Luvr muzeyində
toplanmışdır. Onlardan qızıl yaxalıq, qızıl bilərzik, gümüş nimçə
bütün dünyaya məlumdur. Bu əsərlərdə dini-mifoloji motivlərə
geniş yer verilmişdir. Lakin onların mühüm xüsusiyyətləri bədii
formaların kamilliyin-dən, qüvvətli estetik təsirə malik
olmasından ibarətdir.
Aypara şəklindəki qızıl yaxalıqda təsvirlər iki qatda, iki
zolaqda verilmişdir. Yuxarı zolaqda, mərkəzdə dirilik ağacı,
ondan sola və sağa simmetrik olaraq dağ keçisi, daha sonra isə
qanadlı məxluqlar - insan başlı şirlər və adi şirlər, aşağı qatda,
dirilik ağacının yanında (keşiyində) dayanan qanadlı şirlər,
onlardan sonra isə qanadlı məxluqlar, insanlar, qrifon, qoç başlı və
insan başlı şirlər döymə üsulu ilə təsvir edilmişdir. Hər iki zolağın
sonunda dovşan təsvir edilmişdir. Bütün bunlar dini-mifoloji
məxluqlardır.
Burada dirilik ağacı qədim cəmiyyətin müqəddəs atributu-
nişanı kimi kompozisiyanın mərkəzində, görkəmli yerdə
verilmişdir. Onun keşiyində isə dağ keçiləri dayanmışdır. Belə
heyvan təsvirlərini (üstündə günəş nişanı olmaq şərti ilə) Sasani
qablarında da görürük. Bu, onların günəş kultunu təmsil edən
günəşin simvolu olan bir heyvan surəti olduğunu göstərir.
Beləliklə, yaxalıqda təsviri verilmiş dirilik ağacının günəşi təmsil
edən heyvanlar tərəfindən qorunması aydınlaşır. Bu ona görə
maraqlıdır ki, biz belə bir xüsusiyyəti tunc dövrünə aid Xanlar
keramikasında da görürük və daha sonralar, alban dövrü
heykəltəraşlığında da buna rast gəlirik.
|