______________Milli Kitabxana_____________
84
ittifaqı üzərində qələbəsini şərh etmişdir. Bununla əlaqədar, Hatti
və Kaneş hökmdarlarının adı çəkilmişdir. Bu rəvayətin
yaranmasına İkiçayarasında baş vermiş həqiqi tarixi hadisə təsir
göstərmişdir. Orada Naram-Suenin "Qələbə abidəsi" daş
kitabəsində Lullubi hökmdarı da daxil olmaqla düşmən ittifaqının
məğlub olunmasından bəhs edilir. Beləliklə, het rəvayətlərinin
kökləri İkiçayarasında baş vermiş siyasi hadisələrlə bağlı
olmuşdur. Məhz buna görə də, İkiçayarası etnik terminologiyası
(umman-manda) olduğu kimi təkrar olunmuş, lakin hadisələr
qədim Anadolu mühitinə uyğunlaşdırılmışdır. Rəvayətin het
variantı əsasında ehtimal edilir ki, hələ e.ə. III minilliyin ikinci
yarısında qədim Anadoluda erkən dövlət qurumları mövcud
olmuşdur. Bunlar şəhər-dövlətləri şəklində meydana gəlmişdilər.
Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də
özünü göstərmişdi. Hetlər mixi yazı sistemini İkiçayarasından
mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə tərcümə
edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa
düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri
şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het
dilinə tərcümə olunmuşdu. Hurri təsiri onomastika və dini
təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu.
Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı.
Hetlər rəsmi ədəbiyyat nümunələri yaratmışdılar. III
Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti daşıyan yazısı erkən
ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci
şəxsin adından nəql edilir. Burada Hattuşili uşaqlıq dövrünü
göstərir, zəif səhhətə malik olduğunu söyləyir və İştar ilahəsinə
ithaf olunmasını qeyd edir. O, əyalət hökmdarı olanda ilahə İştar
ona arxa olur, paxıl və qarınqulu düşmənlərinin öhdəsindən
gəlmək üçün ona qüvvət və mətanət verir. Hattuşilin qardaşı Urxi-
Teşub onun rəqiblərinin tərəfinə keçib, idarə etdiyi şəhərləri
əlindən alanda, Hattuşili qardaşının tabeliyindən çıxır və üsyan
qaldırır. O, üsyanın səbəbini belə izah edirdi: "Lakin mən ona
qarşı üsyan qaldırsam da, bunu qüsurlu vasitə ilə, yəni xaincəsinə
etmədim, onun cəng arabasına həmlə etmədim, evdə ona hücum
etmədim, mən ona (açıq) müharibə elan etdim (və dedim): - Sən
|