______________Milli Kitabxana_____________
92
FƏLƏSTİN
Fələstində samilərdən əvvəlki dövrlərdə yaşamış əhali
barədə arxeoloji qazıntılar və Tövratda əks
olunmuş materiallar
məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz
tutan sami qəbilələri Fələstindən keçib gedirmiş. Şimaldan əks
istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş.
Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar
edilmişdir. Fələstin əhalisinin böyük hissəsini qərbi sami qrupuna
məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi.
Ümumi yəhudi adı ilə məlum olan samilərin növbəti köçü
mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli
boylarına bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində
danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. Aralarında
qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və
israillilərlə etnik yaxınlığından xəbər verir.
Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların
Musa peyğəmbərin başçılığı altında Misiri tərk etməsi, Sinay
səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması təsvir
olunur. E.ə. XIII əsrdə onlar artıq bir neçə qala istisna olmaqla (o
cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə
məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində
ehtimal ki, Krit mənşəli filistin qəbilələri də məskunlaşırlar.
Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında böyük rol
oynamışlar. Yerli etnoslar dəmir emalını onlardan öyrənmişdi.
Fələstinin sahil zolağını zəbt etmiş filistinlilər yəhudi və
hanaanlarla amansız müharibələr aparırdılar. Qısa barışıq
dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı.
İsraillilər ölkənin bağçılıq və əkinçiliyin inkişaf etdiyi şimal
bölgəsində, yəhudilər isə oturaq maldarlığın üstünlük təşkil etdiyi
cənub bölgəsində məskunlaşmışdılar.
Davudun dövründə əhalinin siyahıya alınması keçirildi.
Davud filistinliləri bir neçə dəfə döyüşdə məğlub etdi, qərb
sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə
qonşu dövləti işğal edib ölkə ərazisini genişləndirdi. Edumun zəbt
olunması Akab körfəzinin limanlarına çıxmaq imkanı verdi.