______________Milli Kitabxana_____________
152
rüşvətxorluğun tarixinə aid ilk sənəddir. Şagirdin təhsil haqqını,
yəqin ki, valideyn ödəməli idi. Lakin valideyn müəllimə əmək
haqqından başqa əlavə hədiyyə də verirmiş. Müasir dövr
baxımından müəllimin aldığı hədiyyə rüşvət kimi, şagirdin
hərəkəti isə, yaltaqlıq kimi qiymətləndirilə bilər, lakin bu
mülahizə həqiqətdən xeyli uzaqdır. Əgər şagird tənbəl və fərsiz
olsaydı, birinci hekayədəki kimi, dərsdən yayınsaydı, onda həmin
mülahizələrə bəraət qazandırmaq olardı. Hekayədə tələbkar
müəllim və çalışqan şagird surəti yaradılmışdır. Şərq adət-
ənənəsinə uyğun olaraq bu faktı müəllimə göstərilən ehtiramın və
qonaqpərvərliyin ilk yazılı nümunəsi kimi də qəbul etmək olar.
Təsərrüfat həyatının praktiki tələbləri müxtəlif sahəli elmi
biliklərin yaranmasına səbəb olmuşdu. Məsələn, ulduzların və
planetlərin müşahidəsi təqvimin tərtib olunmasına, torpaq
sahələrinin ölçülməsi riyazi qaydaların müəyyənləşdirilməsinə,
hesablama aparılmasına imkan verirdi. Bina tikintisi, hüquq
normalarının yaradılması və qeydə alınması, mülkiyyət və
sahibkarlıq münasibətlərinin inkişafı gündəlik tələbat idi.
Təsərrüfat işləri ilə bağlı ölçü, çəki, məsafəni hesablama
qaydalarını öyrənmişdilər. Ən ağır çəki talant (təqribən 30 kq), ən
yüngül çəki şeum (0.04 q) adlanırdı. Şeum əslində «dən, taxıl»
mənasını daşıyırdı. Praktiki tələbat riyaziyyatın inkişafına təkan
vermişdi. Şumerlər onluq və altı onluq hesablama sistemi
yaratmışdılar. Müvafiq qaydada bunların əsasını, 1, 10, 100 və 60,
120, 180, 3600 və s. rəqəmləri təşkil edirdi. İkiçayarasının sami
mənşəli əhalisi bu hesablama qaydasını mənimsəmişdi. Onlar
vurma, bölmə, dördbucaq, tənlik və kəsri bilirdilər. Onlar
düzbucaq, kub dərəcəyə yüksəltmə, kökalma, cəbr tənliyi və s. ilə
tanış idilər.
İkiçayarasında praktiki tələbata uyğun olaraq astronomiya
xeyli inkişaf etmişdi. Astronomik müşahidələr eyni zamanda
insan taleyinin və hadisələrin gedişinin göy cisimlərinin
düzülüşündən asılı olması inamından doğurdu. Müşahidə kahinlər
tərəfindən zikkurat-məbədlərin zirvəsindən aparılırdı.
Müşahidələrin nəticəsi yoxlanılıb yazılırdı. Təbiətin daimi
müşahidəsi nəticəsində İkiçayarasında qədim təqvim növləri
|