______________Milli Kitabxana_____________
225
qoyuldu. E.ə. III minilliyin sonunda Kuti dövləti tədricən
zəifləmiş və siyasi qurum kimi süqut etmişdir.
Mesopotamiyada kutilərin hakimiyyəti tənəzzülə uğradıqdan
sonra burada III Ur Şumer sülaləsinin hökmdarlığı bərqərar oldu.
Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə və qonşu ərazilərə
dəfələrlə dağıdıcı yürüşlər etmişlər. Kutilərin cənub torpaqları bu
sülalənin siyasi təsiri altına düşmüşdür. Ur hakimlərindən biri
“Kutium canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı.
Lakin e.ə. 2003-cü ildə su tayfaları Elam ilə birlikdə III Ur
sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Turukki və su
tayfaları Mesopotamiyada baş verən hadisələrə qarışmağa
başladılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar
Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət
qurumları süquta uğradıqdan sonra turukki tayfaları
müstəqil siyasət yürüdürdülər. Həmin tayfalar Zaqros dağ
keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar.
Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında
yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada
yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda
məskunlaşmışlar. Lakin Mesopotamiyanın şimalında yaranmış
Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər
müqavimət göstərərək öz torpaqlarını müdafiə etdilər, əks-hücuma
keçib assuriyalıların nəzarəti altında olan Şuşarra vilayətini
tutdular.
E.ə. II minilliyin əvvəllərində Azərbaycan tayfalarını ayrı-
ayrı başçılar, yaxud xırda hökmdarlar idarə edirdilər. Bu dövrdə
kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların ardı-
arası kəsilməyən hərbi təzyiqi Assuriya dövlətini zəiflətmişdi.
Babilistan hökmdarı Hammurapi (e.ə. 1792-I750) təhlükəni öz
ölkəsindən sovuşdurmaq üçün Mesopotamiyanın şimalında baş
verən hadisələrə qarışmalı oldu və həmin tayfalara qalib gəldi.
Buna baxmayaraq, turukkilər tədricən Babilistan ərazisində də
məskunlaşdılar. Qədim Babilistan sənədlərində burada yaşayan
tayfalar arasında turukkilərin də adı çəkilir.
E.ə. XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı.
|