2.5.4. XX əsr Dünya mədəniyyəti
XIX əsrin II yarısından başlayaraq mənəvi mədəniyyətdə dünyanın yeni modelinə skeptik münasibət
formalaşmağa başlayır. Dünya artıq özünün əvvəlki mənzərəsindən ayrılaraq indiyə qədər görünməmiş bir
inkişafla irəliləməyə başlayır. İnqilablarla müşayiət olunan cəmiyyətlərdə mədəni həyat böhranlara düçar olur.
İnqilablar, sosial kataklizmlər, dünya müharibələri və totalitar rejimlər iqtisadiyyata, texnikaya, elmə olduğu
kimi, mədəniyyətə də ciddi təsirini göstərirdi.
Lakin böhran heç də bütün hallarda çıxılmaz vəziyyət kimi qiymətləndirilməməlidir, o çox vaxt yeniliyin,
yaradıcılığın impulsu rolunu oynayır. Belə bir impuls XX əsrin lap ilk vaxtlarından müşahidə olunmağa
başlayır: sənayedəki nəhəng addımlar elektrotexnika, kimyəvi istehsal kimi yeni sahələrin yaranmasına səbəb
oldu. Bundan çıxış edərək yeni sosial qrup – elmi texniki ziyalı təbəqəsi formalaşmağa başladı. Elmi-texniki
irəliləyiş zamanın «irəliləməsinə» kömək edir.
XX əsrin əvvəlində mədəni həyatda bu irəliləyişin ilkin təzahürləri hər il Nobel mükafatlarının təqdimi ilə
müşayiət olunmağa başlayır. 1901-ci ildən başlayaraq bu beynəlxalq əhəmiyyətli mükafat fizika, kimya, tibb, fiziolo-
giya, ədəbi sahədə müvəffəqiyyət göstərmiş xadimlərə təqdim olunmağa başladı ki, həmin ənənə bu gün də
qalmaqdadır. Bir qədər sonra isə, «Xalqlar arasında sülhün möhkəmlənməsi naminə» mükafatı təsis olundu. Bu
mükafatların təsisçisi İsveçli mühəndis-kimyaçı A.B.Nobel (1833-1896) adlı alim idi. Elm və ədəbiyyat sahəsində
beynəlxalq mükafatların təsisi ümumbəşəri dəyərlərin qabardılması üçün zəzurət idi.
XIX əsrin axırı - XX əsrin əvvəllərində təbiət elimləri, xüsusilə fizika, biologiya, psixologiyada inqilabi
kəşflər baş verdi. İngilis alimi B.Tomson tərəfindən elektronun kəşfilə (1897) atom modelinin yaradılması
(1903), fransız tədqiqatçısı A.Bekkerel tərəfindən uran duzlarının təbii radiaktivliyinin kəşfi bu elmi uğurların
bəşəri əhəmiyyət kəsb edən cəhətləri idi. A.Eynşteynin nisbilik nəzəriyyəsi fizikanın zaman və məkan
anlayışlarını daha da genişləndirdi. Adları qeyd olunan bu alimlər, həm də Nobel mükafatına layiq görülmüşlər.
Onların dünyəvi kəşfləri əsasında dünyanın rəngarəngliyi haqqında mülahizələr özünə elmi əsas əldə edə bildi.
XIX əsrin lap sonlarına doğru əldə olunan elmi, iqtisadi, təsərrüfat uğurları da XX əsrin perspektivlərinin
müəyyənləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi.
XX əsrin I yarısı Qərbi Avropa üçün daha önəmli oldu. Bu dövrdə sənaye sivilizasiyasının təşəkkülünə
son qoyularaq postindustriala keçid başlayır. Kapitalist inhisarçılığı dövlət inhisarçılığı ilə əvəz olunur. Buna
görə də taleyüklü ciddi dəyişikliklər baş verir.
İnhisarçı kapitalizmə qədər klassik kapitalizm dövründə cəmiyyət bazar və azad rəqabət qanunlarına
uyğun inkişaf edirdi. Bu qanunların mahiyyətini «cəngəlliklər qanunu» deyilən tərif təşkil edirdi. Bu qanun
rəqabət aparan istehsalçı müəssisələrin amansız mübarizəsi və muzdlu işçilərin qəddarcasına istismarında öz
əksini tapırdı. Bu cür inkişaf istehsalatda böhranların bir-birini əvəz etməsi ilə müşahidə olunurdu.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
331
XX əsrin I yarısında baş verən ən mühüm hadisələr iki dünya müharibəsinin olması ilə izah edilir. İkinci
dünya müharibəsindən sonra dünya bir-birinin əksinə duran iki cəbhəyə – kapitalizm və sosializmə bölündü. Bu,
həm də vahid dünyəvi mədəniyyətin ikiyə bölünməsi demək idi.
XX əsrin I yarısında qərb mədəniyyətində ən böyük nailiyyət elm sahəsində müşahidə edildi. Məhz bu
dövrdə ikinci elmi inqilab baş verir. Klassik elmdən fərqlənərək yeni bir elm formalaşmağa başlayır. Artıq yeni
elmin əsasında empirik təcrübi xüsusiyyət daha az əhəmiyyət kəsb edir. Bu elm əvvəlkindən nəzəri əhəmiyyəti
ilə fərqlənərək empirik bilik üzərində dominantlıq etməyə başlayır. Elmdə aparıcı metodoloji prinsip kimi relya-
tivizm və plüralizm əsas yer tutmağa başlayır. XX əsrin əvvəllərində M.Plank, A.Puankare, N.Bor, M.Born, İ.
və F.julye-Kuri cütlüyünün adı Qərbi Avropa elmində fəxrlə çəkilir.
Elmdən fərqli olaraq bu tarixi dövrdə Qərbi Avropada dinin vəziyyəti xeyli dərəcədə ağır idi. Demək olar
ki, XX əsrin I yarısı Qərbi Avropada dinsizlik dövrü kimi səciyyələndirilir. Dindən fərqli olaraq fəlsəfənin so-
sial durumu qənaətbəxş idi. Əsas fəlsəfi cərəyanlar kimi neopozitivizm və ekzistensializm əsas istiqamətlər he-
sab olunurdu. Neopozitivizm elmin mövqeyindən çıxış edərək formal məntiq, dil və idrak nəzəriyyəsi
problemlərinin öyrənilməsinə xidmət edirdi. Onun nümayəndələri B.Rassel, R.Karnan, L.Vitgenşteyn idi. Digər
fəlsəfi istiqamət olan ekzistensializm isə özünü pozitiv fəlsəfəyə qarşı qoyurdu. O insanla, xüsusilə, onun
azadlığı ilə bağlı problemlərə diqqəti gücləndirirdi. Bu istiqamətin əsas müəllifləri j.P.Sartr və M.Haydeger idi.
Nəzərdən keçirilən bu dövrdə – XX əsrin I yarısında Qərbi Avropada bədii mədəniyyət uğurla inkişaf
edirdi. Fransa bu dövrdə dünya mədəniyyətinin inkişafında ən aparıcı yer tuturdu. Paris şəhəri şöhrət tapmış
mədəni mərkəz hesab edilirdi. Fransa incəsənətində realizm başlıca istiqamət sayılırdı. Ədəbiyyat sahəsində
onun əsas nümayəndələri üç nəfər hesab olunurdu: A.Frans, R.Rollan, R.Marten dyü Qar. A.Frans bir çox tarixi-
fəlsəfi romanların müəllifi kimi tanınır. Onun «Allahlar həsrət çəkir» adlı əsəri belələrindəndir. İkinci müəllifə
dünya şöhrəti gətirən əsər «Jan-Kristof» adlanır. Burada dahi musiqiçinin cəmiyyətlə münasibətləri bədii-fəlsəfi
aspektdə təsvir olunur. «Tibo ailəsi» adlı çoxcildli romanında üçüncü müəllif Fransanın geniş şəkildə
mənzərəsini yaradır.
Fransanın mənəvi həyatında ekzistensialist yazıçılar J.P.Sartr və A.Kamyu əhəmiyyətli yer tuturlar. Bu
müəlliflərin əsərlərindəki başlıca mövzu azadlıq və məsuliyyət, tənhalıq, məişət mənasızlığı idi. Sartrın məşhur
əsərləri «Milçəklər», «Şeytan və cənab Allah» pyesləri, Kamyunun isə, «Özgə», «Vəba», «Sizif haqqında
əsatir» romanlarıdır.
Ədəbiyyatla yanaşı, fransız heykəltəraşlığı da inkişaf edirdi. Dövrün görkəmli heykəltəraşları E.Burdel və
A.Mayol sayılırdı. Burdelin «Herakl», «Penelopa», «Safo» adlı əsərləri antik süjetlər əsasında klassik ruhda
yaradılmışdır.
A.Mayolun «Axşam», «Pomona», «Aralıq dənizi» adlı qadın heykəlləri cazibədar ahəngdarlığı,
mütənasibliyi, zərifliyi ilə diqqəti cəlb edirdi.
XX əsrin I yarısında Qərbi Avropa mədəniyyətinin inkişafında alman ədəbiyyatı da əhəmiyyətli uğurlar
əldə etmişdir. T.Mann, L.Feyxtvanger, E.M.Remark bu dövrün görkəmli yazarları idi. T.Mann alman
ədəbiyyatının qabaqcıl nümayəndəsi hesab edilirdi. Onun bir neçə fundamental fəlsəfi romanları («Sirli dağlar»,
«Doktor Faustus» və başqaları), L.Feyxtvangerin tarixi romanları («Qoyya», «Qəribə adamın müdrikliyi») həm
də dünya ədəbiyyatının inciləri hesab edilir. Remarkın «Fasiləsiz olaraq Qərbi Cəbhəyə», «Üç yoldaş» və d.
romanlarında «itirilmiş nəslin» dünya haqqında təsəvvürləri bədii ifadə dili ilə təzahür tapır.
Bu tarixi dövrün digər görkəmli mədəniyyət xadimi intellektual epik teatrın yaradıcısı B.Brext hesab olu-
nur. Onun «Kuraj ana», «Sezuanadan xeyirxah adam» adlı pyesləri dramaturqa dünya şöhrəti gətirmişdir.
XX əsrin I yarısında ingilis ədəbiyyatı da yüksəliş prosesi keçirirdi. Görkəmli adlar içərisindən
C.Qolsuorsi, S.Moema, B.Hounun adlarını xüsusilə qeyd etmək lazımdır. C.Qolsuorsiyə «Forsaytlar haqqında
saqa» trilogiyası dünya şöhrəti gətirdi. S.Moemanın məşhur əsərinin adı isə «İnsan ehtiraslarının ağır yükü»dür.
B.Şou ingilis ədəbiyyatının klassik nümayəndəsidir. O özünü bütün janrlarda – dram, roman, novellada
sınamış mahir sənətkar idi.
XX əsrin I yarısında Amerika ədəbiyyatı da özünün yüksəliş dövrünü yaşayır. U.Folkner, C.Steynbek,
E.Heminquey bu ədəbiyyatın ən görkəmli sənətkarlarıdır. Folkner özünün «Səs-küy və qəzəb», «Avqust işığı» kimi
romanlarında yeni bədii forma və üsullardan istifadə etməklə nəqletmənin realistik üslubu təkmilləşdirir.
Steynbek «Qəzəb salxımları» romanı ilə Amerika xalqının həyat və məişətinin epopeyasını yaratmışdır.
E.Heminqueyin yaradıcılığı isə, geniş əhatəli və çoxplanlıdır. Onun «Zəng kimin üçün çalınır» romanında
müharibə və zülm bəşəriyyətin lənəti kimi, obrazlı şəkildə öz ifadəsini tapmışdır. «Qoca və dəniz» povest-
pritçada həyat və insan taleyi qarşılığı öz əksini tapır. Bu əsər Nobel mükafatına layiq görülmüşdür.
Ənənəvi realist incəsənət qərb cəmiyyətinin ənənəvi həyatında əhəmiyyətli yer tutsa da, ictimaiyyətin
diqqət mərkəzindən kənarda idi. Bu mənada o, öz yerini modernizm və yetişməkdə olan avanqarda verirdi. Bun-
lar kütləvi informasiya vasitələri tərəfindən maraq doğurduğundan ön plana çəkilirdi. Modernizm bu zaman
avanqarda transformasiya edilir.
Avanqard modernizmin birbaşa davamı olsa da, hər iki cərəyan arasında ümumi cəhətlərlə yanaşı, fərqli
cəhətlər də mövcuddur. Belə ki, modernizmdə ikililik, qeyri-ardıcıllıq və ziddiyyət qabarıq tərzdə özünü
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
332
göstərir. O, gələcəyə böyük inamla baxmır, nə keçmişə «əlvida» deyir, nə də müasirliklə axıradək vəhdətdə olur.
Bu xüsusiyyətlər onun antisosiallığını nümayiş etdirir. Modernizm melanxoliya, dekadans-tənəzzül ilə
çulğalanmış bir cərəyandır. Ona görə də, modernizmin bir çox tərəfləri özünün gələcək inkişafını avanqarda
davam etdirir. Bu mənada avanqard daha ardıcıl və məqsədə səciyyə kəsb edir. Avanqard cəmiyyət və elmə
müraciət edən, gələcəyə istiqamətlənmiş modernizmdir.
«Modern» üslubu (1890-1910) modernizmdən avanqarda keçid cərəyandır. Onun görkəmli nümayəndələri
Belçikada X.Van de Velde, Avstriyada Y.Olbrix, İspaniyada A.Qaudi, Şotlandiyada Ç.Makintoş, Rusiyada
F.Şextel hesab edilir. Bu cərəyan daha çox memarlıq və dekorativ-tətbiqi sənət də geniş vüsət tapmışdı. «Mod-
ern» bir çox hallarda simvolizmi davam etdirir, burada demək olar ki, tənəzzül halı yoxdur. «Modern»in əsas
manifesti «incəsənətdə total yeniləşməni» təkid etmək idi. «Modern»in nümayəndələri müasir texniki-
konstruktiv imkanlardan geniş şəkildə istifadə edir, lakin bununla yanaşı, maşınlara etimadsızlıq göstərirdilər.
«Modern» «sənət sənət üçündür!» konsepsiyasını qəbul etmir, anarxizmə maraq göstərir, ictimai həyatı sənətin
köməyi ilə yenidən qurmağa cəhd edir.
Avanqardın ilk cərəyanı fovizm (190-1908) hesab olunur. Bu cərəyan romantizm, impressionizm, postim-
pressionizm xəttini davam etdirərək Şərq və Afrika sənətinin təsirlərini özündə birləşdirirdi. Onun əsas tərəfdarları
A.Matiss, M.Vlamink, A.Deren, A.Marke hesab edilir. Onlar incəsənət qarşısında «bənzətmə» deyil, daxili həvəs
əsasında «reallığı qurmaq», «dünyanı yenidən yaratmaq» məqsədini qoymuşlar. Bu cərəyan üçün əsas keyfiyyət,
ifadəlilik, bunun üçün təmiz vasitələrin tanılmasıdır. Bu zaman başlıca ünsür təmiz rəng hesab edilir. Bu cərəyan
incəsənətdə fərdi, şəxsi, subyektiv başlanğıcın inkişafına kifayət qədər təsir göstərdi.
Modernizm və avanqardın əsas cərəyanlarından olan ekspressionizm (1905-1920) Şərq sənətinin təsirində
təşəkkül tapmışdı. Bu ruhda çəkilmiş ilk nümunə Norveç rəssamı E.Munkun «Çığırtı» (1893) əsəridir. Alman
rəssamlarından E.Kirxner, E.Nolde, M.Pexşteyn, F.Mark, P.Kleye bu cərəyanın ən məşhur nümayəndələridir.
Rusiyada bu cərəyana çox yaxın olan rəssamlardan M.Larionov və N.Qonçarovanın adlarını çəkmək olar.
Ekspressionizm ənənəvi sənətdən daha qabarıq şəkildə qırıldığını nümayiş etdirərək gələcəyə açıq formada cəhd
göstərir. Adından məlum olur ki, bu sənətdə ekspressiya, yəni ifadəlilik başlıca yer tutur. Bu məqsədə nail ol-
maq üçün təsvir olunan əşyanın proporsiyasının pozulmasına və deformasiyasına ciddi şəkildə yol verilir.
Ekspressionizm ifadə vasitələrinin seçimində, subyektiv başlanğıcın güclənməsində geniş şəkildə
maksimalizmə yol verir. Ekspressionist-rəssamlar daxili mənəvi gərgin formalar yaratmışlar. Onlar öz
rəsmlərini parlaq, acı qırmızı və ya göy rəngli boyalar əsasında yaradırlar. Ekspressionizm irrasionalizm
fəlsəfəsinə, V.Diltey, F.Nitsşe, Z.Freyd konsepsiyalarına əsaslanır, elmə skeptik münasibət bəsləyirlər. Bu
cərəyan üçün sosial və antihərbi mövqe əsas yer tutur. O həyata faciəli münasibəti fiadə edir.
Avanqardizmin mühüm cərəyanlarından birini də kubizm təşkil edir (1908-1930). Onun görkəmli
nümayəndələri P.Pikasso, J.Brak, F.Leje, R.Delone hesab edilir. Bu rəssamlar bədii dilin yeni radikal
yeniləşməsinə cəhd göstərirlər. Sənət bu sənətkarlar üçün müstəqil əhəmiyyət kəsb edən plastik formalar
deməkdir. Bu cərəyan müasir elmə, xüsusilə, A.Eynşteynin, A.Puankare, Q.Minkovskinin nəzəriyyələrinə isti-
nad edir. Pikasso kubizm haqqında deyirdi ki, o gördüyünü deyil, bildiyini çəkir. Onun məşhur əsərlərinə
«Avyon gözəlləri», «Üç maskalı musiqiçi», «Sülh göyərçini» aiddir. Kubizmdə müasir sivilizasiyasının başlıca
atributlarına – zavod, boru, şüşə qab çap mətnləri, çətir və sairənin təsvirinə üstünlük verilir.
Avanqardizmin radikal variantı olan futurizm (1909-1925) daha çox İtaliyada geniş vüsət tapmışdı. Onun
nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdu.
Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. Onlar sənaye
sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər.
Əvvəlki estetikanın əvəzinə onlar enerji və sürət estetikasına, «lokomotiv, avtomobil estetikası»na
üstünlük verirdilər. Bu cərəyan yüksək səviyyədə sosiallaşdırılmış və siyasiləşdirilmişdir.
Avropa avanqardının sonuncu cərəyanı sürrealizm (1924-1940) simvolizmin, ekspressionizmin və da-
daizmin təsiri altında təşəkkül tapmışdır. O geniş miqyasda beynəlxalq vüsət tapmışdı. Onun başlıca
nümayəndələri Fransada A.Breyton, İspaniyada S.Dali, Belçikada R.Maqritt, İngiltərədə Q.Mur sayılır. Bu
cərəyan Z.Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir. Bu cərəyan subyektivizmin qatı
formalarının tərənnümçüsüdür. Surrealistlərin ilham mənbəyini fantastik yuxular, qarabasmalar təşkil edir.
S.Dali bu cərəyanın aparıcı nümayəndəsidir. Onun «Üzən zürafə», «Vətəndaş müharibəsi», «Payız hanniballığı»
əsərlərini göstərmək olar. Bu cərəyan öz qarşısına insanın sosial, mənəvi, intellektual azadlığına nailolmanı
qoymuşdur. Bu cərəyan həm də incəsənətin kommersiyalaşmasına qarşı çıxış edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr həm də çətin ziddiyyətlər, əksliklər dövrü kimi tarixdə dərin iz
buraxmış bir dövrdür. Bu tarixi dövrdə baş verən bir çox ictimai-siyasi hadisələr dünya mədəniyyəti tarixində
görünməmiş mənzərələr yaratdı. Belə hadisələrdən ən məşhuru 1917-ci ildə Rusiyada baş verən Oktyabr Sosial-
ist inqilabı oldu. Bu hadisə xalqa və onun mədəniyyətinə nə gətirdi? Oktyabr inqilabı siyasi, iqtisadi, mədəni
sahələrdə yenidənqurulmanın bütöv bir kompleksini təşkil etdi. İnqilabdan dərhal sonra yeni mədəniyyət – pro-
letar mədəniyyətinin təşkili məqsədilə silsilə tədbirlər kompleksi həyata keçirilməyə başladı. 1917-ci ilin
noyabrında A.V.Lunaçarskinin sədrliyi ilə Xalq Maarifi Komissarlığı (XMK) aparıcı hökumət qurumu kimi
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
333
yarandı. Bu orqan özündə tədris, elm, incəsənət, mədəni-maarif, təbliğat, muzey və s. üzrə müəssisələri əhatə
edirdi. Mədəni dəyərlərin milliləşdirilməsi adı altında siyasi tədbir geniş vüsət almağa başladı. Rusiyada Ermi-
taj, Rus muzeyi, Tretyakov qalereyası, Silah palatası, muzey, teatr, musiqi müəssisələri Dövlət mülkiyyətinin
nəzdinə daxil edildi. Analoji təbdirlər digər regionlarda, yəni sovet hakimiyyətini qurmuş respublikalarda da
reallaşdırmağa başladı.
Sovet dövlətinin mədəni dəyişikliklərindən ən qiymətli və əhəmiyyətlisi savadsızlığın ləğvi və xalq
təhsilinin yeni sisteminin formalaşdırılması oldu. 1919-cu ildə XMK-ğı «RSFSR əhalisi arasında savadsızlığın
ləğvi haqqında» məşhur dekret imzalandı. Bu dekretin müddəalarına görə 8-50 yaşlardan olan bütün vətəndaşlar
oxumaq, yazmaq, ana və ya rus dillərində təlimi öyrənməlidir. Əvvəlcə Rusiya Federasiyasında, daha sonra
SSRİ-də ali, orta və məktəbəqədər məktəblərin şəbəkə və tiplərini müəyyənləşdirən təhsil sistemi müəyyənləşdi.
Mədəni quruculuğun yeni modelinin təşəkkülü mürəkkəb, ziddiyyətli və bir çox hallarda, hətta faciəvi
səciyyə kəsb edirdi. Bu prosesin ən mühüm problemi mədəniyyətdə köhnə ilə yeni arasında nisbətin təzahürü
məsələləri idi. Bu məsələ sovet hakimiyyətinin ideya mübarizəsinin ən güclü predmeti oldu. Oktyabr inqilabının
ilk onilliyindən sonra sosialist mədəniyyətinin inkişafı istiqamətləri üzrə məsələlərin həllində müxtəlif diskus-
siyalar, rəylər meydana çıxdı. Bir tərəfdən, inhisarçı rolunu oynayan partiya-bürokratik rəhbərlik, digər tərəfdən,
yeni yaranmış mədəniyyət təşkilatları mədəniyyətin idarə edilməsi işinə qarışır. Proletkult adı altında istiqamət
götürmüş «mədəniyyət təəssübkeşləri» «təmiz» proletar mədəniyyəti yaratmaq üçün köhnəliyə qarşı mübarizə
kimi qorxulu addım atmağa çalışırlar. Bu hərəkata qarşı mübarizə məqsədilə, 1920-ci ildə RK(b) PMK-nin
«Proletkultçuluq haqqında» məktubunda həmin istiqamət nümayəndələri ciddi tənqid olunur. Lakin bu
hərəkatdan başqa, yeni quruluş azad və müstəqil fikirli ziyalı və alimlərin, mədəniyyət xadimlərinin yaradıcılıq
məsələlərinə ciddi şəkildə qarışır, bu sahədə qeyri-humanist addımlardan belə çəkinmirdilər. Bu səbəbdən istər
rus, istərsə də digər xalq və millətlərin qabaqcıl düşünənlərini, mədəniyyət nümayəndələrinin mühaciratı
başlandı. Ən qorxulusu isə, vətəndə qalanların repressiyası oldu.
Ölkənin sosial-mədəni dəyişiklikləri Sovet respublikalarının ədəbiyyat və incəsənətində öz parlaq əksini
tapdı. Bu ən mürəkkəb və ziddiyyətli dövr idi. Rus ədəbiyyatında A.M.Qorki, A.A.Blok, V.V.Mayakovski,
S.A.Yesenin, A.A.Axmatova, Azərbaycan ədəbiyyatında sovet ədəbiyyatının gənc nümayəndələri S.Rüstəm,
S.Vurğun, R.Rza və b. yeni mədəniyyətin formalaşmasını təmin etdilər. Bu yazıçı və şairlər öz əsərlərində yeni
cəmiyyət və onun qurucularını tərənnüm edirdilər. Bu əsərlərin qəhrəmanları cəsur, mərd, inqilaba sədaqətli
insanlardır. Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, «tarixin ağ ləkələri» kimi tanınan hadisələr də məhz 20-30-
cu illərə aiddir. Məhz bu illərdə Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələri M.Müşfiq, S.Mumtaz,
H.Cavid və b. amansızcasına istintaq olunaraq bəziləri qətlə yetirilmiş, bəziləri ölkədən sürgün edilmişlər.
Sovet hakimiyyətinin 20-ci illərinin sonu – 30-cu illərin əvvəllərində ölkə rəhbərliyinin inzibati-komanda
sistemində Stalinin başçılığı ilə həyata keçirilən şəxsiyyətə pərəstiş mədəniyyətə də öz dərin təsirini göstərdi.
Hər şeydən əvvəl, bədii mədəniyyət bütövlükdə partiya və dövlət orqanlarının nəzarətində idi. Mədəniyyətin
müxtəlif sahələri üzrə Dövlət Komitələri təşkil olundu: Ali məktəblər üzrə Ümumittifaq Komitə (1936),
İncəsənət üzrə Ümumittifaq Komitə (1936), Radio verilişləri üzrə Dövlət Komitəsi və s. 30-cu illərdə
incəsənətin müxtəlif sahələri üzrə vahid təşkilatlar yarandı. 30-cu illərin əvvəllərində sosialist realizmi
konsepsiyası işlənib hazırlandı. Bu metod sovet ədəbiyyatı və incəsətində yeganə düzgün və başlıca metod he-
sab olundu. Bu metod bədii yaradıcılığı unifikasiya edirdi. Belə bir şəraitdə yaradıcı və istedadlı insanlar
yaşayıb-yarada bilmirdilər.
Möhkəm partiya-dövlət nəzarəti keçmişin mədəni irsinə təsir göstərirdi. Milli mədəniyyətlərin tarixindən ideo-
loji və siyasi görüşlərinə görə «yad», «köhnə» hesab edilən dəyərlər sıxışdırılıb aradan götürülürdü. Xüsusilə, dini
abidələr – məscid, türbə, məbəd, monastırlar məhv edilir, başqa məqsədlər üçün istifadə edilərək darmadağın edilirdi.
Hərbi dövrə qədər – 1941-45-ci illərə qədər sovet mədəniyyəti çoxcəhətli, mürəkkəb və ziddiyyətli xarakter daşıyırdı.
Ədəbiyyatda, incəsənətdə köhnə və yeni formaların qovuşması və bu prosesdəki neqativ cəhətlər sovet
hakimiyyətinin ilk onilliklərinin sosial mədəni prosesinin səciyyəvi xüsusiyyətləri idi.
Sovet hakimiyyətinin hərbi illərini əhatə edən 1941-45-ci illər mədəniyyət müəssisələri sistemində
incəsənətdə yeni məzmun, forma və metodların yaradılmasını zəruri etdi. Kütləvi, operativ mədəni işin rolu
gücləndirildi. Mədəniyyət müəssisələrinin evakuasiyası, mədəni sərvətlərin ölkənin şərq rayonlarına
köçürülməsi işi üzrə gərgin fəaliyyətə başlanıldı. Böyük Vətən müharibəsi cəbhələrində minlərlə mədəniyyət
xadimi vuruşurdu. Dünya şöhrətli bir çox sovet incəsənət nümunələri məhz bu dövrün məhsulları hesab edilir.
Rus ədəbiyyatında M.A.Şoloxovun «Onlar Vətən üçün vuruşmuşlar» romanı, A.T.Tvardovskinin «Vasili Tyor-
kin» poeması, K.M.Simonovun, A.A.Surkovun şeirləri, azərbaycanlı şairlərdən S.Rüstəm, S.Vurğunun əsərləri
yüksək sənətkarlıqla qələmə alınmış mədəniyyət nümunələrindəndir.
Əsgərlərin mənəvi ruhunun möhkəmləndirilməsi üçün cəbhə briqadaları təşkil olunurdu ki, bunların
tərkibinə artist, musiqiçi, müğənni, şair, yazıçılar daxil idi. Hərbi illərdə sovet mədəniyyət və incəsənəti, sanki
ciddi imtahan qarşısında idi. Bütün mənfi məqamlarına baxmayaraq, cəsarətlə demək olar ki, faşizm üzərində
qələbənin qazanılmasında sovet mədəniyyətinin də xidməti olmuşdur. Belə ki, bütün elm, incəsənət xadimləri
istedad və bacarıqlarını optimal formada nümayiş etdirmiş, qüdrətli, təsiredici sənət əsərləri yaratmaqla sovet
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
334
adamlarına dözüm, iradə kimi əxlaqi keyfiyyətlər, döyüşçülərə isə qələbəyə inam, döyüşə cəsarət hissi
aşılamışlar. Lakin müharibənin qələbə ilə qurtarmasından dərhal sonra sovet rəhbərliyi mədəniyyətə ideoloji
təzyiqi gücləndirdi. Bədii mədəniyyətə, incəsənətə partiyanın təsiri gücləndirildi. Stalinin şəxsiyyətə pərəstişinin
dərəcəsi fenomenal ölçüdə yüksəldi.
Bunlar bədii yaradıcılığın inkişafında ciddi əngələ çevrildi.
Partiya orqanları açıqcasına ədəbiyyat və incəsənət işlərinə yersiz nüfuz edir, lazımsız qərarlar qəbul edir-
di.
1949-1950-ci illərdə Sovetlər ölkəsində kosmopolitizmlə mübarizə kompaniyası geniş vüsət almağa
başladı. Bütün bu kimi neqativ hadisələr bədii mədəniyyətin cılızlaşmasına şərait yaradırdı. Lakin bütün bu
mənfi məqamlarla yanaşı, hərbi illərdən sonra sovet mədəniyyəti tarixinə gələcəkdə görkəmli şəxsiyyətlər kimi
tanınacaq gənclər gəldi. Onlar mədəniyyətin bütün sahələrində özlərini göstərməyə başlayırdı.
Sovet mədəniyyətinin spesifik xüsusiyyətlərinə təsir edən əsas hadisələrdən biri - XX əsrin II yarısında,
Stalinin ölümündən sonra ictimai həyatın demokratikləşdirilməsindəki proseslər oldu. Mədəniyyətin bir çox
sahələrində keçirilən islahatlar şəxsiyyətə pərəstişin mənfi cəhətlərinin aradan qaldırılmasına təsir göstərdi.
Mədəniyyətə «60-cı»ların gəlişi incəsənətin müxtəlif sahələrində vətəndaş mövqeyinin - düzlük, mərdlik,
cəmiyyət problemlərinə fəal münasibət mövzusunun geniş vüsətinin təzahüründə mühüm yer tutdu.
1985-ci ildə SSRİ-də Yenidənqurma («Perestroyka») ideyasının gerçəkləşməsindəki addımlar ölkənin iq-
tisadi, siyasi, sosial həyatında demokratikləşdirmə və aşkarlığı kökündən bərpa etməli idi. Bu, bünövrəsi çürük
olan cəmiyyətin dağılmasına səbəb oldu ki, nəhəng bir dövlətin – SSRİ-nin dağılması millətlərin, xalqların əsil
qurtuluşuna ciddi təkan oldu.
SSRİ mədəniyyəti ilə yanaşı, XX əsrdə Avropa mədəniyyəti də yeni məzmun ilə inkişaf edirdi. XX əsrin
ikinci yarısında qərb dünyasının ümumi vəziyyəti II Dünya müharibəsinin nəticələri ilə səciyyələnirdi. Düzdür,
bu müharibədən qaliblərin sayı çox olsa da, ABŞ yeganə ölkə idi ki, həmin müharibədən daha çox şey qazanmış
oldu. Ona görə də ABŞ XX əsrin sonlarında dünyanın nəhəng dövlətlərindən birinə çevrilir. İlk dəfə atom
bombasına (40-cı illərin axırlarına yaxın) malik olan ABŞ-ın ən böyük rəqibi SSRİ idi. ABŞ və SSRİ arasında
dərin və qorxulu rəqabıt «soyuq müharibə» üçün əsas oldu. Bu tarixi mərhələdə Avropada elmi-texniki inqilab
cəmiyyətdə çox böyük dəyişikliklərə gətirib çıxardı. Sənaye sivilizasiyasından postsənaye sivilizasiyasına keçid
texnologiyanın həyata nüfuzunun ən aparıcı səbəbi oldu. Cəmiyyətdə postsənaye və kütləvilik başlıca
xüsusiyyətə çevrildi. Kütləvi istehlak, kütləvi informasiyanın yeni vasitələri insanların həyat şəraitinin,
məişətinin əsas tərzi oldu. Bundan çıxış edərək mədəniyyətdə də ciddi dəyişikliklər baş verdi. Mədəniyyət üç
səviyyədə – humanitar (ənənəvi), elmi-texniki (intellektual) və kütləvi şəkildə inkişaf etməyə başladı.
Humanitar mədəniyyətdə, incəsənətdə realizm üstünlük üstünlük təşkil edir. Fransız ədəbiyyatında bu
cəhət öndə gedir. Bu ədəbiyyatın nümayəndələrindən M.Dryuon (1918), E.Bazen (1911), F.Saqan (1935),
J.Simenon (1903-1989) və b. adlarını çəkmək olar. E.Bazenin «Oğul naminə», «Bayquş çığırtısı» romanları ic-
timai mövzulara həsr olunmuş əsərlərdəndir.
F.Saqanın əsərləri çox populyar idi. Onun lirik romanları olan «Kədər, salam!», «Soyuq suda bir az
günəş», novellalar kitabı olan «İncə baxış» oxucuların sevimliləri idi.
İsveçrə ədəbiyyatı da bu dövrdə yüksəlişdə idi. Dünya şöhrətli Q.Qesse (1877-1962), F.Dyurrenmatt (1921),
M.Friş (1911) kimi yazıçıların əsərləri dünya oxucularının marağına səbəb olurdu.
Eyni inkişafı alman, ingilis, Amerika ədəbiyyatı da keçirirdi. Qərb mədəniyyətində İtaliya kinosu özünün
neofaşizm cərəyanı ilə fərqlənməyə başladı. Onun əsasını qoyan R.Rosselini (1906-1977) özünün «Roma – açıq
şəhərdir», «Genaral Dela Rovere» və d. filmləri ilə dünya kinosuna yenilik gətirmişdi. Bu cərəyanın digər
nümayəndələri - A.Viskonti (1906-1976), C. de Santis (1917), F.Fellininin (1920-1995) adlarını da çəkmək olar.
Elmi-texniki mədəniyyətdə çox görkəmli nailiyyətlər əldə olunur. Elmi-texniki və intellektual
mədəniyyətə neomodernizm aid edilir. Bu, hər şeydən əvvəl, hisslərə deyil, intellektə yönəlir. Ötən əsrin 50-70-
ci illərində bunun təkamülündə ciddi dəyişikliklər baş verir. Neoavanqardın təkamülü incəsənəti inkar etməsi ilə
irəliləyir. Bu, xüsusilə, pop-artın inkişafında müşahidə edilir.
Pop-art bədii əsərin yerinə «redi meyd» («hazır şeylər») təklif edir. Pop-art «hər şey incəsənətdir!»
ideyasını dəstəkləyir. Bu düstur ilk baxışda incəsənətin əhatə dairəsinin genişləndiyi təsəvvürünü yaratsa da
əslində belə deyil. Belə ki, pop-art ən adi şeyləri incəsənət əsərilə eyniləşdirir. Bu neoavanqardın digər
cərəyanlarını – lend-art, bodi-art, xeppe-ninq, performans və s. –ni də təzahür etdirir. Bu cərəyanlar incəsənətin
bütün sahələrində öz əksini tapır. Neomodernizmin bütün cərəyanlarında subyektivlik, fərdi-şəxsi başlancığ mi-
nimuma endirilir, ya da kənarlaşdırılır.
Amma ümumilikdə götürdükdə, elmi-texniki və intellektual mədəniyyət də cəmiyyətin məhdud hissəsinə
aid edilir. Bunların hər ikisini bəzən «yüksək» və ya «elitar» mədəniyyət də adlandırırlar. Bu mədəniyyətin
mövcudluğu mürəkkəbləşdikcə problematik səciyyə kəsb edir.
XX əsrin II yarısından başlayaraq kütləvi mədəniyyət də hakim mövqe əldə etməyə başlayır. Bu, tamamilə
yeni bir hadisə kimi sənaye və postsənayenin məhsulu kimi formalaşır. Onun vətəni ABŞ-dır. Amerikalı sosioloq
Z.Bjezinski bu haqda qeyd edir: «Əgər Roma dünyaya qanun, İngiltərə parlament, Fransa mədəniyyət və milli res-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
335
publika bəxş edibsə, müasir Amerika Birləşmiş Ştatları dünyaya elmi-texniki tərəqqi və kütləvi mədəniyyət
gətirmişdi!» Kütləvi mədəniyyəti tədqiq edən mütəxəssislər onun tarixi ilə bağlı fikirlərində bu hadisənin ötən
əsrlərin məhsulu olduğunu təsdiqləyirlər. Kütləvi mədəniyyət sonradan, yəni XX əsrin II yarısından kütləvi kom-
munikasiya, istehsalın yeni üsullarının, mədəniyyətin yayılma və istehlakının nəticəsi, məhsulu kimi tərəqqi
etməyə başlayır. Kütləvi mədəniyyətin səviyyə və keyfiyyəti, bir qayda olaraq aşağı, bəzən isə, orta səviyyədə
olur. Bu mənada kütləvi mədəniyyət xalq mədəniyyətindən fərqlənir. Xalq mədəniyyətində də yüksək sənət
nümayiş etdirməyən nümunələrə rast gəlmək olar. Lakin bu saxta xüsusiyyətlərlə örtülmür, xalq mədəniyyəti ilk
növbədə öz səmimiliyi, həyati mənası ilə seçilir. O, sırf xalqın özü tərəfindən yaranır və kökü çox-çox qədimlərə
gedir çıxır. Bu mədəniyyət xalqın istək və arzusunu, xarakterini ifadə edir. Hətta professionallar öz yaradıcılığında
məhz xalq sənətinə müraciət edir, bunu özləri üçün müqəddəs mənbə hesab edirlər. Milli professional musiqimizin
banisi Ü.Hacıbəyov, ilk milli dramaturqumuz M.F.Axundov, dahi C.Məmmədquluzadə və b. yaradıcılıqlarında
xalq mədəniyyətindən səmərəli şəkildə bəhrələnmiş və bunu özlərindən sonrakı varislərinə də tövsiyə etmişlər.
Lakin kütləvi mədəniyyət xalq tərəfindən deyil, xalq üçün yaradılır. Onların yaradıcılığın ən parlaq və
yüksək səviyyəsi «Kitç» adlanır. Kütləvi mədəniyyət unikal sənətin təqlidçisi kimi də tanınır. O, populyarlığa,
reklama çox yaxındır. Kütləvi mədəniyyətin əsas forma və növləri komiks, illüstrativ, reklam və məlumat-
informasiya jurnalları, videoyazı, videoklip, videooyundur. Kütləvi mədəniyyət və incəsənətin əsas janrları qor-
xulu və s. dəhşətli ölumlə bağlı olan dedektiv, vestern, melodram, fantastika, seks, erotika, parnoqrafiya, myu-
zikl, mistika və s.-dir.
Dostları ilə paylaş: |