Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   36
I brahimov T I Tsviri incsntin nzr





AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
TELMAN İBRAHİMOV
TƏSVİRİ İNCƏSƏNƏTİN 
NƏZƏRİYYƏSİ
RƏSSAMLIq TƏMAYüLLü 
ALI MƏKTƏBLƏR üçüN DƏRSLİK
Azərbaycan Respublikası Təhsil 
nazirinin 25.05.2015-ci il tarixli
577 saylı əmri ilə təsdiq edilmişdir
BAKI – 2017


Rəyçilər: 
Ərtegin Əbdülvahab oğlu Salamzadə
AMEA-nın müxbir üzvü, 
sənətşünaslıq üzrə elmlər doktoru, professor 
Şirin Yaşar qızı Məlikova 
ADRA-nın “İncəsənət tarixi” kafedrasının 
dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Redaktor: 
Sevil Yusif qızı Sadıxova
ADRA-nın “İncəsənət tarixi” kafedrasının 
professoru, sənətşünaslıq üzrə elmlər 
doktoru 
Dizayn: 
Rasim Sadıxzadə
T.İ. İbrahimov. Təsviri incəsənətin nəzəriyyəsi.
Rəssamlıq təmayüllü ali məktəb tələbələri üçün dərslik.
Bakı: Ecoprint, 2017 - 104 səh.
Dərslik mövcud proqram əsasında yazılaraq “Təsviri incəsənətin nəzəriyyəsi”nin 
əsas mövzularını əhatə edir. Rəssamlıq təmayüllü ali məktəb tələbələri üçün 
nəzərdə tutulan bu dərslikdə təsviri sənətin tarixi inkişafı boyu əldə etdiyi və 
ortaya qoyduğu bilik və bacarıqları nəzəri şəkildə əsaslandıran mövzular və 
anlayışlar toplanmışdır.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qoyulan tələblərə 
cavab verir.
İSBN: 978-9952-29-107-0 
© İbrahimov T.İ., 2017 


Giriş .......................................................................................................7
Mövzu 1. 
Təsviri incəsənətin morfologiyası ....................................................9
Mövzu 2. 
Təsviri incəsənətin yaranması haqqında nəzəriyyələr ................15
Mövzu 3. 
Bədii xətt və onun xüsusiyyətləri ....................................................18 
Mövzu 4. 
Təsviri sənətdə forma .......................................................................27
Mövzu 5. 
Təsviri sənətdə məkan ......................................................................33
Mövzu 6. 
Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası ......41 
Mövzu 7. 
Təsviri sənətdə simmetriya və asimmetriya .................................45 
Mövzu 8. 
Təsviri sənətdə miqyas və mütənasiblik .......................................50
Mövzu 9. 
Təsviri sənətdə format problemi ....................................................62
Mövzu 10. 
Təsviri sənətdə işarə. Semiotik problemlər ..................................69
Mövzu 11. 
Təsviri sənətdə süjet .........................................................................81 
Mövzu 12. 
Təsviri sənətdə kompozisiya ...........................................................85
Mövzu 13. 
Təsviri incəsənətdə işıq və kölgə ....................................................88
Mövzu 14. 
Təsviri incəsənətdə rəng ..................................................................94
Ədəbiyyat ......................................................................................... 104
MüNDƏRİCAT



7
Giriş
T
əsviri sənət incəsənətin ən qədim növlərindən biridir. 
İlk təsviri sənət əsərləri hələ Qədim daş dövründə qayaüstü 
təsvirlər şəklində meydana gəlmişlər. İbtidai dövrdən indiyədək 
uzun inkişaf yolu keçmiş təsviri sənət daima yeni-yeni praktiki 
kəşflər və bədii nailiyyətlərlə zənginləşmişdir. Lakin yaddan çı-
xarmaq olmaz ki, təsviri incəsənətin əldə etdiyi bu zəngin irsin 
əsasında praktikadan irəli gələn və onunla vəhdət təşkil edən 
nəzəri fikirlər, müddəalar və anlamlar durmuşlar. 
Bədii təcrübə ilə vəhdət təşkil edən bu zəngin nəzəri irs təsviri 
incəsənətin təbiətini, onun forma və məzmun xarakterini, forma-
yaratma prosesini, təsvir qaydalarını, bədii obraz xüsusiyyətlərini 
və bir çox digər əhəmiyyətli anlayışları izah edir, onun nəzəri 
bünövrəsini təşkil edir. 
Hazırkı dərslik bədii praktikanın nəzəri əsaslarını magistratu-
ra pilləsində təhsil alan tələbələrə açıqlayaraq, eyni vaxtda, nəzəri 
şəkildə formalaşmış estetik kanonları, təsvirçilik xüsusiyyətlərini, 
üsul və üslublarını da rəssam və sənətşünas tələbələrə aşılanma-
sını təmin edir. 
Təsviri incəsənətin “əlifbasını” təşkil edən və dərslikdə yer alan 
nəzəri biliklər, həm təsvir yaradan gənc rəssamlar üçün, həm də, 
təsviri incəsənətin tarixini və nəzəriyyəsini öyrənən sənətşünas 
tələbələr üçün məcburi biliklər kimi metodoloji ardıcıllıqla 
tərtib olunmuşlar. Təsvirdə fiqurativlik və qeyri-fiqurativlik, 
bədii xətt, forma, məkan, cismanilik, simmetriya, mütənasiblik, 
işarəlilik, süjet, kompozisiya və bir çox digər mövzular tarixi in-
kişaf baxımından təsvir və təhlil olunmuşlar. 
Mövzuların dərslikdə yerləşdirilməsi sadədən mürəkkəbə doğ-
ru prinsipi ilə tərtib olunaraq, növbəti bilikləri əvvəlkilərin davamı 
kimi qavramağa imkan verir. Digər tərəfdən. mövzuların ardıcıllığı 
və əhəmiyyəti təsvir yaratma prosesi zamanı lazım olan bilik və ba-
carıqların məntiqi ardıcıllığı əsasında tərtib olunmuşlar.
GİRİŞ


TƏSVİRİ İNCƏSƏNƏT
QRAFİKA
RƏNGKARLIQ
HEYKƏLTƏRAŞLIQ
DƏZGAH 
RƏNGKARLIĞI
MONUMENTAL 
RƏNGKARLIq
DƏZGAH 
qRAFİKASI
DEKORATİV 
RƏNGKARLIq
KSİLOqRAFİYA
RELYEF
LİNOGRAVüRA
BARELYEF
OFORT
qORELYEF
LİTOqRAFİYA
KONTRRELYEF
MONOTİPİYA
qARIŞIq 
TEXNİKA
YUMŞAq
HEYKƏL
RƏqƏMSAL
RƏNGKARLIq
RƏqƏMSAL 
qRAFİKA
MONUMENTAL
HEYKƏLTƏRAŞLIq
DƏZGAH
HEYKƏLTƏRAŞLIĞI
DEKORATİV 
HEYKƏLTƏRAŞLIq
TƏSVİRİ İNCƏSƏNƏTİN JANRLARI
PORTRET, MƏNZƏRƏ, NATüRMORT, MƏİŞƏT, TARİXİ, BATAL, İNDUSTRİAL, 
Nü, ANİMALİSTİK, LİRİK, MİFOLOJİ, ALLEqORİK, İNTERYER, FENTEZİ, 
KARİKATURA, ŞARJ, PLAKAT.
qRAVüRA


9
Mövzu 1 
Təsviri incəsənətin morfologiyası
Mövzu 1. 
TƏSVİRİ 
İNCƏSƏNƏTİN
MORFOLOGİYASI
T
əsviri incəsənət insan təfəkküründə, hissiyyatında və 
mücərrəd düşüncəsində yaranan obrazların təsvir vasitələri ilə 
vizuallaşdırılması nəticəsində meydana gəlmişdir. Təsviri ob-
razların və ideyaların yaranması insanın daxili aləmində yaranan 
komplekslər, emosiyalar və hisslərin dərki və onları əks etmək 
tələbatından irəli gələrək meydana gəlmişlər. Digər tərəfdən, 
insanı əhatə edən xarici aləmin, onda baş verən proseslərin və 
hadisələrin hissiyyata və təfəkkürə təsiri nəticəsində yaranan 
“görüntülər” təsvir yaratmanın əsasında dururlar. 
Bundan belə bir nəticəyə gəlmək olar ki, təsvirin yaranması bir 
növ daxili və xarici aləmə insanın bədii reaksiyasını əks etdirir. 
Lakin bu reaksiyanın hissiyyat və təfəkkür aləmindən real təsvir 
müstəvisinə keçirilməsi müəyyən qanunauyğunluqlar əsasında 
mümkündür. Bu qanunauyğunluqları şərti olaraq “təsvir dili” ad-
landırsaq məlum olacaq ki, bu dili başa düşmək üçün təsviri ya-
radanla bərabər, təsviri qavrayan da bu “dil”in bədii, “morfoloji”, 
“sintaksik” və “orfoqrafik” qanunları ilə tanış olmalıdır. Təsvirin 
yaradılması prosesinin ardıcıllığını və çoxşaxəliyini aydınlaşdır-
maq üçün onun morfoloji təhlilinə ehtiyac yaranır.
Təsvirin morfologiyası dedikdə, biz təsvir prosesinin yaranma 
ardıcıllığını və təsvir daxilində ayrı-ayrı elementlərin rolunun 
müəyyənləşdirilməsini nəzərdə tuturuq. Bunları təsviri sənət ta-
rixi kontekstində təhlil etdikdə məlumdur ki, yarandığı dövrdən 
indiyədək təsvir yaratma prosesi iki əsas model üzrə inkişaf et-
mişdir. Bu modelləri təsvir yaratma metoduna görə fiqurativ və 
qeyri-fiqurativ (nonfigurative) adlandırmaq düzgün olardı. 
Fiqurativ təsvir modeli cismani aləmin optik prinsiplər və 
təcrübə əsasında əks edilməsini nəzərdə tutaraq, cismani üçöl-
çülü aləmin ikiölçülü müstəvidə optik illüziyasını yaratmaqla 
nəticələnir. Aristotelin irəli sürdüyü mimezis (oxşarlıq) prinsip 
güzgü varı əks etməni nəzərdə tutaraq, bu yaradıcılıq modelinin 


10
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
əsasını təşkil edir. Bu prinsipə əsasən təsvirdə əks olunan əşya və 
obyekt olduğu kimi, sanki güzgüdə əks olunur. Nəticə etibarilə 
biz təsvirdə əks olunmuş obyekt və fiqurları gördükdə, onları öz 
həyat təcrübəmizdə, yaddaşımızda olan obrazları ilə müqayisə 
edərək, onların məzmun və formasını qavrayırıq. Bu fiqurların 
nə dərəcədə real olması onların obrazlı prototipləri ilə uyğunluq 
təşkil etməsi ilə müəyyən olunur. Bu uyğunluq yüksəldikcə real-
lıq dərəcəsinin və inandırıcılığın artması ilə qarşılaşırıq.
Qeyri-fiqurativ (Nonfigurative) model mücərrədlik əsasında 
yaranan və qavranılan təsvir modelidir. Bu metoda əsasən, təsvir 
olunan fikirlərin, ideyaların, hisslərin, emosional halların real cis-
mani görüntüləri ola bilməz. Qeyri-fiqurativ təsvir elementlərini 
və ümumilikdə bütün obrazı təsvir olunduğu şəkildə real aləmdə 
görmək mümkün deyil, çünki onlar orada yoxdurlar. Bu obrazlar 
sırf rəssamın təxəyyülündə, hissiyyat aləmində, qiymətləndirmə 
sistemində yaranan obrazlardır. Bu metoda əsasən təsvir adətən 
müxtəlif hisslərin, emosional halların və daxildə yaranan 
mücərrəd “görüntülərin” vizuallaşdırılması nəticəsində mey-
dana gəlirlər. Hiss, emosional hal, rəmzi obraz, ideya və s. gözə 
görünmürlər və buna görə də onların oxşar olub-olmadığını real 
aləmlə müqayisə edərək müəyyənləşdirmək qeyri-mümkün-
dür. Məsələn, qorxu, sevinc, kədər və s. hisslərin real həyatda 
birmənalı görüntü ekvivalentləri mövcud deyil və ola da bilməz. 
Bu hisslər müxtəlif insanlarda müxtəlif görüntülər formasında 
yaranırlar. Belə ki, bu hisslər hər kəsdə özünəməxsus şəkil alaraq, 
təkrarolunmaz formada və biçimdə yarandığından, onun təsviri 
əksi də özünəməxsusluğu və subyektivliyi ilə seçilir. 
Hisslərin, rəmzi mücərrəd obrazların və emosional halların 
rəng, forma və məzmun baxımından ümumən qəbul olunmuş 
invariantı yoxdur. Son nəticə olaraq qeyd edək ki, hissiyyat 
aləminin ifadəsində obyektivlik yoxdur. Bu modelə əsasən ya-
radılmış əsərlərin meydana gəlməsində və sonrakı qavranılma-
sında subyektivlik var. Hər bir insan əsərə baxdıqda həmin hiss 
(rəssamın əks etdirdiyi hiss) ona təsir edirsə, bu hiss rəng, forma, 
xətlər vasitəsilə tanış gəlirsə, o assosiasiya vasitəsilə həmin hissi 


11
Mövzu 1 
Təsviri incəsənətin morfologiyası
şəxsən yaşaya bilir. Rəssamın rənglər və normalar vasitəsilə əks 
etdirdiyi hisslər tamaşaçıya tanış deyilsə onda həmin hisslər ta-
maşaçıda oyanmır. Bu o deməkdir ki, ya bu hisslər ona tanış de-
yil, ya da rəssam öz hisslərini ifadə edərkən tamaşaçıda assosiativ 
həssaslıq yarada bilməmişdir. 
Etiraf etmək lazımdır ki, qeyri-fiqurativ modelə əsaslanan 
təsviri incəsənət əsəri şüurla dərk olunmur, o mücərrədlik 
əsasında hissiyyat aləminə və təcrübəsinə əsaslanaraq təsir edir 
və hissiyyat yaddaşımızı aktivləşdirir.
Birinci modelə əsasən, son nəticədə əsərə çevrilməsi üçün əks 
olunan obyektlər və əşyalarda müəllifin münasibəti olmalıdır. 
Çünki hamı bir şeyi eyni cür görmür. Bunun isbatı olaraq qeyd 
edək ki, eyni obyekti bir neçə professional rəssam təsvir etsə 
belə, hamısında bu obyekt fərqli təsvir olunacaq. Bu fərqlərin ya-
ranmasına səbəb olan amillər aşağıdakılardır:
1. hər bir insanın hissiyyatına qavradığı rənglərin, formaların, 
cizgilərin təsiri müxtəlifdir;
2. hər bir insanının psixolojı və fiziolojı təkrarolunmazlığı onun 
fərqli hissiyyat təcrübəsinin yaranmasını təmin edir;
3. hər bir insanın həyat təcrübəsi və yaşadığı sosial, coğrafi, 
iqlim mühiti onun hissiyyat aləminin özünəməxsusluğunu 
müəyyənləşdirir. 
Fiqurativ təsvir modelinə əsaslanaraq yaradılan təsvirdə ob-
yektivlik mövcud olur. Bu obyektivliyin əsasını təsvir olunmuş 
“fiqurların” obyektiv xüsusiyyətləri təmin edir. Obyektivlik o za-
man meydana gəlir ki, təsvirdə əks olunduğu ilə müşahidə olun-
duğu arasında uyğunluq rəssamdan başqa, bir çoxları tərəfindən 
qəbul olunsun. 
Qeyri-fiqurativ təsvir modeli rəssamların yaradıcılığında 
XX əsrdən geniş vüsət alıb. Lakin mücərrəd şəkildə bu modelə 
əsasən yaradılmış təsvirlərə biz hələ ibtidai incəsənətdə rast 
gəlirik. İbtidai dövrün qayaüstü təsvirlərində müşahidə olunan 
bir çox əyri, dalğavarı, ziqzaqvarı xətləri, mücərrəd anlayışları 


12
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
və magik təsəvvürləri ifadə edən təsvir elementləri kimi qəbul 
etmək düzgün olardı. Mücərrəd təfəkkür qabiliyyəti artdıqca, 
həmin təsvir elementləri həndəsi elementlərə çevrilir.
İkinci təsvir modelinin inkişafı şərtilik əsasında cərəyan etdi. 
Bu modelə əsasən, təsvir olunan (təsvir edilənlə birbaşa oxşar-
lığı belə olmasa da) şərti olaraq onun məcazi ifadəsi kimi qəbul 
olunur. Məsələn, şərti olaraq aypara təsviri İslam dininin rəmzi 
kimi qəbul olunub, hərçənd ki, bu təsvir sadəcə səma cismidir 
və İslam dininin bir-başa ifadəsi ola bilməz. Onu da qeyd edək 
ki, belə şərti təsvirlər əksər halda mürəkkəb olmayaraq, sadəliyə 
meylli olmuşlar. Bunun səbəbi sadə təsvirlərin tez və rahat qav-
ranılması və nəticə etibarilə yaxşı yadda qalması ilə əlaqədardır. 
Ənənəvi cəmiyyətlərdə belə şərti təsvirlər hamıya bəlli olan anla-
yışları ifadə etmişlər. Bir sıra mücərrəd anlayışların şərti işarələr 
vasitəsilə əks olunması onunla bağlı olmuşdur ki, həmin anla-
yışların birbaşa, fiqurativ ekvivalenti yox idi. Məhz bu səbəbdən 
həmin anlayışı ifadə etmək üçün şərti bir təsvir qəbul olunurdu. 
Məsələn, sovet hakimiyyəti dövründə (bolşeviklər dövründə) 
ölkənin əsas ideologiyasını ifadə edən çəkic-oraq təsviri yara-
nır. Bu təsvirdə şərti olaraq, oraq kəndli sinfinin rəmzi, çəkic isə 
fəhlə sinfinin rəmzi kimi ifadə olunmuşlar. Bütövlükdə, təsvir bu 
siniflərin ittifaqını işarələndirir. Bu ideya isə Sovetlər ölkəsinin 
kəndli-fəhlə dövləti olmasını nümayiş etdirirdi. Şərti mənada iş-
tirak edən çəkic və oraq dövlət ideologiyasını rəmzi şəkildə ifadə 
etmişdir. XX əsrdən başlayaraq belə şərti təsvirlər və onların 
ifadə etdikləri ideya ilə əlaqələri bir qədər də mürəkkəbləşir. 
XX əsr incəsənətində fərdilik xüsusiyyətləri daha qabarıq 
şəkildə özünü büruzə verməyə başlayır. Bədii yaradıcılıqda 
fərdiliyə üstünlük verilməsi nəticəsində fərdi hisslərin qabardıl-
ması və tərənnümü ortaya çıxdı. 
Bir qədər əvvəl biz birinci təsvir modeli haqda ümumi danışır-
dıq. Bu modelin incəsənət tarixinə əsasən inkişafı İntibah döv-
rünün konkret əsəri əsnasında araşdırmaq olar. Nümunə üçün 
Leonardo da Vinçinin “Gizli gecə” (“Sonuncu şam yeməyi”) 
əsərinə diqqət yetirək. Bu əsərin ideyasının həmdövr cəmiyyət 


13
Mövzu 1 
Təsviri incəsənətin morfologiyası
tərəfindən qavranılmasını təmin edən İncil olmuşdur. İncil bu 
əsərin məzmununu dərk etmək üçün açar rolunu oynayırdı. 
Əsərin məzmunu İncil vasitəsilə “açılırdı”.
XX əsrdə fərdiliyin artması və ayrı-ayrı fərdlərin icma 
daxilində öz mənliklərini daha çox dərk etmələri məlum halla-
ra, anlayışlara və hadisələrə müxtəlif münasibətlər formalaşdırır. 
Belə olan halda bu anlayışların özünəməxsus dərki yaranır və bu 
şəraitdə “vahid açar”dan söhbət gedə bilməz. Cəmiyyətdə dini 
şüurla elmi şüur bir-birindən tədricən ayrılır və subyektivliyi 
ilə fərqlənən yeni dünyəvi baxışlar meydana gəlir. Dünyəviliyin 
əsasında bir tərəfdən obyektivliyə arxalanan, digər tərəfdən isə 
subyektivliyə arxalanan münasibətlər formalaşır. Feodalizmin 
yaranması ilə incəsənətdə dünyəvilik prinsipləri inkişaf edir, 
dinin ümumiləşdirici ehkamlarından fərqli olan münasibət və 
mövqe bərqərar olur. Bu prosesin önündə feodal hökmdarların 
sonsuz hakimiyyəti, var-dövləti və bunlardan irəli gələn sərbəst 
hissiyyatları durmuşdur. Dini və ictimai normalardan özlərini 
daha yüksək və azad hesab edən belə hökmdarlar dini norma 
və kanon çərçivələrindən çıxaraq, insani hissləri tərənnüm edən 
təsvirlərə üstünlük verməyə başladılar. Qərbdə bu kifayət qədər 
realistik İntibah incəsənətinin yaranmasına səbəb olur. Şərqdə 
isə bu proses nəticəsində şərtiliyi ilə seçilən fiqurativ miniatür 
rəngkarlığı inkişaf etdi. İslamın canlıların təsvirinə olan mənfi 
münasibətinə baxmayaraq, fiqurativ təsvirli kompozisiyalar ya-
radıldı.
Bu dünyəviləşmə prosesi Qərb təsviri incəsənətinin dini kitab-
lardan və kilsə divarlarından “çıxaraq” müstəqilləşməsinə gətirib 
çıxarır. İlk mərhələdə feodallar dini kilsə təsvirlərin kompozisi-
yalarına, dini süjetə (İncildə deyildiyi kimi) aid olmayan perso-
najları (dozatorlar-ianəçilər) daxil etdirirlər. Özünün təsvirini 
İsanın, Məryəmin yanında görən donator dini hisslə bərabər 
insani (məmnunluq) hisslərini yaşayır. Belə freskalarda real per-
sonajların təsviri onlara qarşı real münasibətin və real hisslərin 
yaranmasına səbəb olur. Beləliklə, fiqurativ təsvir vasitəsilə insa-
ni hisslərin yaşanması üçün əsas yaranır. 


14
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
XX əsr incəsənətində fərdi hissiyyatın totallaşması baş verir. 
Həyatın bir çox proseslərinə şəxsi münasibət hisslərin ifadəsi 
vasitəsilə bildirilir. 
XX əsrdə fərdi hisslərin ifadə olunması üçün incəsənət ən 
əlverişli vasitəyə çevrilir. Təsviri incəsənətə gəldikdə, əsər bir 
növ “rəssamla kətanın, rənglərin ən intim söhbətinə çevrilir”, 
eyni zamanda, bu kətan rəssamın ən intim “dinləyicisi qismində 
çıxış edir”. Kənar fərdlər qarşısında ideyalarını və hisslərini 
olduğu kimi ifadə etmək rəssama çətin gəlir. Əsər üzərində 
işləyərkən rəssam sanki özü-özü ilə söhbət edir və öz MƏN-i 
qarşısında həqiqəti olduğu kimi söyləməkdən çəkinmir. XX əsr 
incəsənətində subyektivliyin mənbəyini məhz burada axtarmaq 
lazımdır. 
Fiqurativ təsvir modelin əsasında subyektivlik durursa, yalnız 
ən ümumi obrazları obyektiv qavramaq mümkündür. Bu obyek-
tivlik cəmiyyətdən və həyat tərzindən gələn stereotiplər əsasında 
əldə olunur. Bu stereotiplərin hamıya məxsus olması, onların 
təxminən eyni məzmunda qavranılması üçün şərait yaradır. Eyni 
coğrafi və iqlim şəraitində, eyni ictimai və mədəni mühitdə for-
malaşan fərdlərdə oxşar həyati stereotiplərin, qavrama oxşarlı-
ğının, duyma uyğunluğunun və nəticə etibarilə oxşar hisslərin 
yaranması təbii haldır. 
Nəticə etibarilə söyləmək olar ki, müasir dövrdə ikinci 
təsvir modeli əsasında yaradılmış əsərin obyektiv təhlili qeyri-
mümkündür. İstənilən belə bir təhlil subyektivlikdən azad ola 
bilməyəcək. Bu metodla yaradılmış əsərə gəldikdə, onu etiraf 
etmək lazımdır ki, əsərdə tərənnüm olunmuş ideya və hisslər 
bizə məlumdursa, biz onları tanıyıb yenidən yaşamalı oluruq. Bu 
isə əsərin tamaşaçıya təsir etməsini şərtləndirir. 


15
Mövzu 2 
Təsviri incəsənətin yaranması haqqında nəzəriyyələr
T
əsviri sənətin yaranması səbəbləri bir çox tarixçi, ant-
ropoloq və sənətşünasları maraqlandırmışdır. Tədqiqatçılar 
tərəfindən irəli sürülən müxtəlif fikirləri sistemləşdirib, onları 
əsasən iki qrupa bölmək olar: birinci qrup təsviri sənətin yaran-
ma səbəbini maddi tələbatdan və nəticə olaraq, maddiyyatdan 
doğulduğunu güman edir, digər qrup isə, təsviri sənəti insani 
və ilahi ruhun özünüifadəsi, mücərrəd təfəkkürün və hissiyyat 
aləminin bədii ifadəsi kimi təsbit etmişdir.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin