Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. Psixologiya tarixində qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi ixtisaslar üçün daha münasib namizədlər seçmək işini sahmana salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini aşkara çıxarmaq təklifini irəli sürmüşlər. Bunun üçün məqsəd qabiliyyətinə görə şəxsiyyətinə yerini və onun bu və ya digər əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa, istehsalatda, orduda və ictimai həyatda yüksək vəzifələri tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək olmuşdur.
Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin müəyyənləşdirilməsi və məktəblərdə şagirdlərin qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər vəzifələrinin tutulması və s. həyata keçirildi.
Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və məsələlərdən ibarətdir. Testlərin həllinin müvəffəqiyyətlilik dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) bal və xalların cəmi ilə hesablanır.
Adətən, testlər getdikcə mürəkkəbləşən testlər batareyasında birləşdirilir. Testlər batareyası həll edilib qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır, hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaşdırılır. Bu əqli istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə imkan verir.
Bəs intellektin səviyyəsini necə müəyyən etmək, onu necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911) həyata keçirmişdir. Əqli cəhətdən geri qalan uşaqlar problemini öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindən müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapşırıqlar hazırlayıb ondan istifadə etməyi təklif etdi. A.Bine digər fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Nəticədə yeni - Bine-Simon testləri yarandı. Bu testalogiyada yeni istiqamət oldu. Bu testlə yoxlanan uşaq öz həmyaşıdları tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş - CA (Chroniloqical Aqe) anlayışı ilə yanaşı ağıl yaşı - MA (Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların bir-birinə üyğun gəlməməsi ya əqli geriliyin (MA CA-dan aşağı olanda), ya da istedadın (MA CA-dan yüksək olanda) göstəricisi hesab olunurdu. 1912-si ildə V.Ştern onların nisbətini intellekt əmsalı (İQ) (ingiliscə - intelliqence quotient) adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki, 11,5 yaş uşaqlar üçün xalların orta yekunu 120-yə yaxınlaşmalıdır. Buradanda belə bir sadə nəticə çıxarılar ki, 120 xal toplamış hər bir uşağın ağıl yaşı 11 il yarıma bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düsturla hesablanır:
Ağıl yaşı x100
İQ=----------------------------------------------
Uşağın xronoloji yaşı (faktik yaş)