VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak proseslərinin inkişafı
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər şeydən əvvəl, onlarla bir müəllim deyil, bir neçə müəllim məşğul olmağa başlayır. Adətən, çox vaxt həmin müəllimlər öz davranış, ünsiyyət üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin qarşısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bununla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə başlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar.
Yeniyetmələr ciddi, lakin ədalətli, uşaqlara xoş münasibət bəsləyən, materialı maraqlı və aydın izah edən, şagirdləri düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri daha yüksək qiymətləndirir və sevirlər. Yeniyetmələr müəllimin eridusiyasına, şagirdlərlə düzgün qarşılıqlı əlaqə yaradan müəllimlərə daha çox üstünlük verirlər.
Bununla yanaşı artıq yeniyetmələr elmlərin əsasını sistemli şəkildə öyrənməyə, mənimsəməyə başlayırlar. Bunun üçün yeniyetmələrdən yüksək əqli inkişaf, idrak proseslərinin inkişafı tələb olunur. Yeniyetmələr yalnız dərsdə keçdiklərini deyil, eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq mənimsəməyə çalışırlar. Onlar müxtəlif dərnəklərdə iştirak etməyə can atırlar. Yeniyetmələr bütün fənlərə eyni seçici münasibət bəsləməyə başlayırlar. Lakin burada da sabitlik az olur. Bəzən bu və ya digər fənnə maraq dəyişə bilir. Onlarda peşə marağının təşəkkül etməsi sayəsində fənnləri “lazımlı” və “lazımsız” qruplara ayırırlar. Bunlardan asılı olaraq müəllimlərə münasibətləri də müxtəlif olur.
Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak proseslərinn inkişafında da dəyişiklik baş verir.
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onun inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşıyır. Onların qavrayışı ən çox maraqlandıqları cisim və hadisələrlə bağlı olur. Yeniyetmələrdə zaman, məkan, hərəkət qavrayışı da xeyli inkişaf edir.
Yeniyetməlik dövründə hafizə də xeyli inkişaf edir. Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr materialı ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə çalışırlar. Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün əhəmiyyətə malikdir. Şübhəsiz, hələ elə materiallar da olur ki, onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki yaddasaxlamaya ehtiyac hiss olunur. Lakin bu zaman mexaniki yaddasaxlama müəyyən dərəcədə məna əlaqəsi ilə şərtlənir. Məsələn, tarixi günləri yaxşı yadda saxlamaq üçün şagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər.
Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr müəllimin köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından istifadə etməyə başlayırlar. Beləliklə, yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır.
Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiyyətlər müşahidə olunur. Bu dövrdə diqqətin tez-tez yayınması halları özünü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər, tələbat və maraq dairəsinin dəyişməsi, şagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti, keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi yetişmənin başlanması ilə əlaqədar güclü təəssüratlar, yaşlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və inkişafına, burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit ixtiyari diqqət inkişaf etməyə başlayır. Diqqətin həcmi, davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daşıyır.
Yeniyetməlik dövründə təxəyyülün inkişafında xeyli irəliləyiş baş verir. Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl yüksək olur. Yaş artdıqca yeniyetmələrin təxəyyülü dəyişir. 14-15 yaşlarda təxəyyül surətləri daha real və daha tənqidi xarakter daşımağa başlayır. Bununla yanaşı olaraq həmin dövrdə də yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara bilmirlər.
Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş olur. Yeniyetmələrin təxəyyülünün inkişafı təlim materialını daha səmərəli və yaradıcı şəkildə mənimsəmələrinə imkan verir. Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq etməyə başlayırlar.
Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəliləyiş baş verir. Onların təfəkkürü kiçik məktəblilərin təfəkküründən əsaslı şəkildə fərqlənir. Bu dövrdə təfəkkür daha ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Adətən, kiçik məktəblilər əsasən konkret cisimləri müqayisə edir, fərdi hökmlərin ifadəsinə üstünlük verir, başlıca olaraq ümumi təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr isə elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü ən çox mücərrəd xarakter daşımağa başlayır. Yeniyetmələrdə mücərrəd təfəkkür sürətlə inkişaf edir.
Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün senzitiv dövr hesab olunur. Konkret və əyani-obrazlı təfəkkür öz yerini mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir. Hansı davranış formasını seçməsindən asılı olmayaraq yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü göstərir.
Dostları ilə paylaş: |