Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI. 26. 3. Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri



Yüklə 1,29 Mb.
səhifə287/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   283   284   285   286   287   288   289   290   ...   297
psix

VI. 26. 3. Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri


Məktəbə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini aşağıdakı şəkildə müəyyənləşdirmək olar: psixoprofilaktik işlər, konsultativ işlər, diaqnostik işlər, korreksiya işləri, yardımçı işlər. Bu işlər bir növ məktəbə psixoloji xidmətin, o cümlədən məktəb psixoloqunun funksiyalarını təşkil edir. həmin fəaliyyət sahələrini ayrı-ayrılıqda nəzərdən keçirək.


Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq, əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır. Bəs bu işin mahiyyəti nədən ibarət olmalıdır?
Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi üzərində nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və müvafiq tədbirləri həyata keçirir. Bu zaman birinci növbədə uşağın həyatının keçid mərhələləri, məsələn, onun əsas fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün başlanması və s. üzərində nəzarətə xüsusi yer verilməsi lazım gəlir. Ona görə də məktəb psixoloqu uşaqların birinci sinfə qəbulunda iştirak etməli və bu zaman onların zəif, normalara uyğun gəlməyən cəhətlərini aşkara çıxarmalı, onların nail olduqları səviyyə ilə yanaşı müvəffəqiyyətlə oxumalarına müsbət və ya mənfi təsir göstərə biləcək idrak fəallığının, məktəbə motivləşmə, emosional-iradi cəhətdən hazırlığın inkişaf xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidir. Məktəbə hazırlıqla bağlı qüsurları aradan qaldırmaqla əlaqədar valideynlərə məsləhət verməlidir. Məktəb psixoloqu müəllimlərlə birlikdə uşaqların məktəb təliminə alışmaları üçün fərdi iş proqramı hazırlamalı və həyata keçirməlidir.
Eyni işi yeniyetməlik dövrünə keçid mərhələsində də həyata keçirmək zəruridir. Bu mərhələdə şagirdin fəaliyyətində əsaslı dəyişiklik baş verir. İbtidai məktəbdən orta məktəbə keçid dövründə şagirdlə əvvəlkindən fərqli olaraq bir deyil, bir neçə müəllim məşğul olur, təlim materiallarının məz­mu­nu mürəkkəbləşir. Ona görə də bu dövrdə şagirdin inkişa-fındakı qüsurları aşkara çıxarmaq və sonradan baş verə biləcək çətinliklərin qarşısını almaq lazım gəlir.
Digər tərəfdən, yeniyetməlik dövrünün özünəməxsus xüsusiyyətləri ayrı-ayrı şagirdlərdə müxtəlif şəkildə təzahür edə bilər. Bütün bu cəhətlər məktəbə psixoloji xidmətin əsasında dayanmalıdır.
Nəhayət, böyük məktəb yaşı dövrünə keçid də şagirdlərdə həmişə rəvan getmir. Məktəb psixoloqu nəzərə almalıdır ki, VIII sinfi başa vurmaqla sonrakı təhsil yolunu, peşə yönümünü müəyyənləşdirməyə yönələn şagirdlərdə bir sıra qüsurlar özünü göstərə bilər. Şübhəsiz onların qarşısının qabaqcadan alınması zəruri bir iş kimi qarşıda durur.
Bütün bu cəhətləri nəzərə alaraq məktəb psixoloqu fərdi və trup halında məsləhətlərdən geniş istifadə etməli, bu prosesdə şagirdləri zəruri bilik, təlim əməyi bacarıq və vərdişlərinə yiyələnmənin qanunauyğunluqları ilə tanış etməlidir.
Məktəb psixoloqunun profilaktik fəaliyyətinin ən perspektiv formalarından biri psixoloji-pedaqoji konsiliumun keçirilməsindən ibarətdir. Psixoloji-pedaqoji konsilium zamanı sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini birlikdə, kollektiv şəkildə müzakirə edir, çətinliyin və geridə qalmanın səbəblərini aşkara çıxarır, eyni zamanda bu və ya digər çətinliyin qarşısını almaq, onu aradan qaldırmaq üçün səmərəli yollar düşünürlər. Psixoloji-pedaqoji konsilium, eyni zamanda, ümumi orta təhsil şəraitində xüsusi aktuallıq kəsb edən və mürəkkəb xarakterə malik olan şagirdlərdə meyl, qabiliyyət və talantın inkişaf etdirilməsi problemini dərindən həll etməyə imkan verir.
İ. V. Dubrovinanın fikrincə, psixoloji-pedaqo­ji konsiliumun keçirilməsi zamanı psixoloqun başlıca vəzifəsi - şagirdin əqli inkişafını, şəxsiyyətinin əsas keyfiyyətlərini qiymətləndirərkən müəllimlərin ona müxtəlif cəhətdən yanaşmalarına köməklik göstərmək, onun davranış və münasibətinin təzahürünün mürək­kəb və çoxcəhətli xarakter daşıdığını, əsas diqqəti şagirdin özünüqiymətləndirməsinə, motivlərinə, idrak maraqlarının xüsusiyətlərinə, emosional istiqamətinə yönəltməyin zəruriliyini göstərmək, ən başlıcası isə şagirdin sonrakı inkişafına nikbin yanaşmalarını, onunla işləməyin real proqramını müəyyənləşdirmələrini təmin etməkdən ibarətdir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin