Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəbə psixoloji xidmətin vəzifələri



Yüklə 1,29 Mb.
səhifə284/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   280   281   282   283   284   285   286   287   ...   297
psix

Məktəbə psixoloji xidmətin vəzifələri. Peda­qoji və yaş psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin bir növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji xidmətin üç mühüm əhatə sahəsi mövcuddur; müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbi­qinin yol, vasitə və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın və şəxsiyyətin formalaşmasının qanunauyqunluqlarını öyrənmək (elmi aspekt); tədris proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və metodik materialların psixoloji əsaslarının işlənməsi, müəllimin psixo­loji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt); psixoloqların məktəbdə bilavasitə işləmələri (praktik aspekt).
Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzusunu təşkil edir. Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin öz məqsəd və vəzifələri vardır ki, onları həyata keçirmədən psixoloji xidmətin səmərəliliyi mümkün deyildir.
Birinci aspekt bilavasitə həmin sahədə çalışan tədqiqatçılarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlar elə olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixoloqun, məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun. Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki, onlar konkret məktəb şəraitinə, konkret uşaqda şəxsiyyətin formalaşdırılmasına xidmət göstərə bilsin.
Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki, proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən psixoloji biliklərdən kifayət qədər istifadə olunsun. Bu cəhət nəzərə alındıqda, yeri gəldikcə həmin sahələrdə psixoloqların bilavasitə iştirakı daima səmərəli nəticə verir.
Psixoloji xidmətin praktik aspektinə gəldikdə, daha çox nəzərə çarpan, əsl mənada məktəbə psixoloji xidməti təmin edən cəhətlərdir. Məktəbə psixoloji xidmətin həmin sahəsini bilavasitə məktəb psixoloqları həyata keçirməlidir. Bu zaman onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.
Bəs konkret olaraq məktəbə psixoloji xidmətin
və­­zi­­fələri nədən ibarətdir? Həmin vəzifələr əsasən
məktəbə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini tapmışdır. həmin vəzifələri aşağıdakı şəkildə xarakterizə etmək olar.
Məktəbə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.
Psixoloji ədəbiyyatda məktəbə psixoloji xidmət fəaliyyətinin iki istiqaməti qeyd olunur: aktual və perspektiv
(İ. V. Dubrovina).
Məktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti şagirdlərin təlim və tərbiyəsindəki bu və ya digər çətinlikləri, onların davranışlarında, ünsiyyətlərində, şəxsiyyətlərinin formalaşmasındakı qüsurlarla bağlı bügünkü problemlərin həllinə yönəldilmiş istiqamətdir. Məktəbin gündəlik həyatında həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, şagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyulur ki, bunlar məktəbə psixoloji xidmətin bügünkü mühüm vəzifəsi hesab olunur.
Məktəbə psixoloji xidmət fəaliyyətinin pers­pektiv istiqaməti hər bir şagirdin inkişafı, cəmiyyətdə yaradıcı həyata onun psixoloji hazırlığının formalaşması məqsədinin həyata keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloq pedaqoji kollektivin fəaliyyətinə əsas psixoloji ideya olan hər bir şagirdin şəxsiyyətinin ahəngdar inkişafı imkanı ideyasını daxil edir və praktik işdə onu həyata keçirməyə köməklik göstərir. Bu zaman onun əsas vəzifəsi hamının və hər bir şagirdin qabiliyətlərinin inkişafı üçün psixoloji şərait yaratmaqdan ibarət­dir. Şübhəsiz ayrı-ayrı şagirdlərin qabiliyətlərinin inkişaf səviyyəsi müxtəlif olacaqdır. Burada başqa cür düşünmək də olmaz. Şagirdlərin hamısında eyni inkişaf səviyyəsini yaratmaq mümkün deyildir, burada birinci növbədə onların imkanları rol oynayır. Məhz buna görə də hər bir şagirdlə əlaqədar psixoloqun yerinə yetirəcəyi vəzifə də müxtəlif olacaqdır.
Qeyd etdiyimiz hər iki istiqamət bir-biri ilə sıx bağlıdır. Adətən, psixoloji xidmət zamanı psixoloq perspektiv vəzifələri həll etməklə, gündəlik prosesdə onun köməyinə ehtiyacı olan şagirdlərə, onların valideynlərinə, müəllimlərə konkret köməklik göstərir.
Lakin məktəbə psixoloji xidmətin əsas məqsədi şagirdlərin psixikasının və şəxsiyyətinin inkişafına maksimum kömək göstərməyə yönəldilmiş pers­pektiv istiqamət fəaliyyəti ilə bağlı olmalıdır. Burada əsas amil qabiliyyətlərdən ibarətdir. Qabiliyyətlər isə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı üçün zəmin olan ümumi və şagirdin fərdiyyətinin formalaşmasının əsasını təşkil edən xüsusi qabiliyyətlərə bölünür.
Qeyd etdiyimiz bu ümumi istiqamətlərlə yanaşı məktəbə psixoloji xidmətin konkret məzmunu, praktik fəaliyyət sahələri, istiqamətləri də vardır.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin