Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 31
Polotno toxunmasının törəmələrinə reks və damama toxunma aiddir. Belə
parçaların üz və astar tərəfləri eyni görkəmə malik olur ki, bunu da bir sistem sapın
yoğunluğunun çoxaldılması hesabına əldə edilir. Belə parçaların mexaniki
xassələri çox yaxşıdır, lakin nisbətən ağır çəkilidir və polotno toxunuşlu parçalara
nisbətən qalındır.
Sarja toxunmasının törəmələrinə gücləndirilmiş sarja, mürəkkəb sarja,
sındırılmış sarja toxunmaları aiddir. Belə parçaların üz və astar tərəfləri eyni
görkəmə malikdir.
Atlas toxunuşunun törəmələrinə gücləndirilmiş atlas və sətin toxunmaları
aiddir. Gücləndirilmiş atlas (sətin) toxunuşlu parçalar hamar səthli, sıx və
sürtünməyə qarşı davamlı parçalardır.
Kombinələşdirilmiş toxunma növləri parçalara lazımi istehlak xassələri
vermək üçün tətbiq edilir. Bunun da sadə və törəməli növləri vardır.
Kombinələşdirilmiş xırda naxışlı toxunmalar nisbətən iri rapportlu naxışlarla
xarakterizə olunur və bunun üçün çoxlu sayda remizkalardan istifadə edilir. Belə
toxunuşlu parçaların səthi çoxlu sayda naxışlara malikdir. Kombinələşdirilmiş
toxunmaya polotno, sarja, dama-dama, krep, atlas və digər toxunmalar aiddir.
Kombinələşdirilmiş digər toxunma növlərinə relyef toxunması da aiddir. Belə
toxunuşlu parçaların üz səthində əriş və arğac saplarının qabarıq şəkildə çıxması
sayəsində naxışlar yaranır. Kombinələşdirilmiş toxunmanın digər növü diaqonal
toxunuşu sayılır. Bu parçaların üzərində qabardılmış şəkildə əriş sapı istiqamətində
naxışlar yaradılır. Diaqonal toxunuşunun yaradılmasında ya sadə və yaxud da
mürəkkəb sarja toxunmasından və kombinələşdirilmiş toxunmalar iştirak edir.
Diaqonal toxunmasının spesifik quruluşundan istifadə etməklə nisbətən qalın, sıx,
nisbətən ağır və az uzanan parçalar istehsal olunur.