12.9. Zolların öyrəşməsi hadisəsi. Kolloid müdafiəsi
Koaqulyasiya bəzi hallarda elektrolit-koaqulyatorun əlavə edilmə üsulundan asılıdır. Təcrübi nəticələr təsdiq edir ki, əgər zola elektrolit tədricən əlavə edilərsə, onda koaqulyasiya elektrolitin hamısının bir dəfəyə əlavə edilməsi halına nisbətən elektrolitin daha böyük qatılığında baş verir. Bu hadisə zolun müsbət öyrəşməsi adlanır. Zolun müsbət öyrəşməsinin səbəbi peptizatorun əmələ gəlməsi və ya hissəciklə eyni yüklü ionların adsorbsiyası nəticəsində onların ilkin yükünün artmasıdır.
Bəzi hallarda zola hissə-hissə elektrolit əlavə etdikdə daha az elektrolit tələb olunur. Bu hadisəyə zolun mənfi öyrəşməsi deyilir. Zolun mənfi öyrəşməsinin səbəblərindən biri elektrolitin yavaş-yavaş əlavə edilməsi zamanı stabilizatorun miqdarının azalması və dispers fazanın miqdarının artmasıdır.
Qeyd etmək lazımdır ki, zolun müsbət və mənfi öyrəşmələrini izah edən vahid nəzəriyyə yoxdur.
Tipik kolloid sistemlər elektrolitlərin təsirinə çox həssasdır. Lakin hidrofob zolların koaqulyasiyaya davamlılığı YMB iştirakında artır. Bu hadisə kolloid müdafiəsi adlanır. Zolların kolloid müdafiəsini zülallar, karbohidratlar, pektinlər və s. təmin edir. Bu maddələrə müdafiə kolloidləri deyilir.
Zolların koaqulyasiyadan müdafiəsi müdafiə ədədi ilə xarakterizə olunur. Müdafiə ədədi 10 ml zolu 1 ml 10%-li məhlulunun təsirilə koaqulyasiyadan müdafiə edən quru YMB-nin milliqramlarına bərabərdir.
Zolun təbiətindən asılı olaraq müdafiə ədədləri zolun adı ilə adlanır. Məsələn, qızıl zolu üçün «qızıl», gümüş zolu üçün «gümüş», zolu üçün «dəmir» müdafiə ədədi və s. adlanır. Müdafiə ədədinin qiyməti böyük olduqca, YMB-nin müdafiə qabiliyyəti də zəif olur.
YMB-nin müdafiə təsirinin mexanizmini belə izah etmək olar ki, makromolekullar kolloid hissəciklərin səthində adsorbsiya olunaraq adsorbsiyon-solvat təbəqələri yaradır. Bu təbəqələr kolloid hissəciklərin hidrofilliyini artırır. Bu səbəbdən hissəcik - həlledici qarşılıqlı təsiri güclənir. Solvat təbəqələri iki hissəcik bir-birinə yaxınlaşdıqda böyük pazlayıcı təzyiq yaradır, ona görə də hissəciklər yapışmır. YMB-nin adsorbsiya təbəqəsində yüksək davamlılığa və elastikliyə malik olan geləbənzər quruluş əmələ gəldikdə müdafiə təsiri artır.
Kolloid müdafiənin biologiya və əczaçılıqda böyük əhəmiyyəti vardır. Məsələn, qandakı zülallar yağ damcılarını, xolesterini və digər hidrofob maddələri koaqulyasiyadan qoruyur. Qandakı zülalların müdafiə qabiliyyətinin zəifləməsi xolesterinin qan damarlarının divarlarında çökməsinə, böyrəklərdə, ciyərdə daş əmələ gəlməsinə və s. səbəb olur.
Dostları ilə paylaş: |