Seçmə aşıq şeirləri
180
SÜCAƏT
(Sücaət Yunus oğlu Əhmədov – 1946-2002)
DAĞLAR
Mən gedirəm qürbət elə,
Sağ-salamat qal, a dağlar.
Halallıq ver, qoy qalmasın
Ürəyimdə xal, a dağlar.
Hanı məndə dözüm sənsiz,
Sönəcəkdir közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz
Olacağam lal, a dağlar.
Dostum - yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al, a dağlar, al, a dağlar.
Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, a dağlar.
Qayaları ələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, a dağlar.
|