1.
Giriş
Tənzimləyici qurumlar üçün ölkə iqtisadiyyatının vəziyyətini düzgün və dolğun əks etdirən,
həmçinin vaxtlı-vaxtında nəşr olunan statistik göstəricilərin əhəmiyyəti böyükdür. Böhran
idarəetməsinin müvəffəqiyyəti əksər hallarda əldə olunan statistik məlumatların keyfiyyətinə,
həmçinin onların operativ və müntəzəm qaydada əldə olunmasına birbaşa bağlıdır. Başqa ifadə
ilə, anti-böhran tədbirlərinin uğuru iqtisadi vəziyyət haqqında təqdim olunan informasiyanın
düzgünlüyü ilə yüksək asılılıq nümayiş etdirir.
Aydındır ki, tənzimləyici qurumun iqtisadi vəziyyətə vaxtında düzgün diaqnoz qoyması
iqtisadiyyatı böhranlardan və onların dərinləşməsindən qoruyur. Burada obrazlı ifadəyə və ya
təşbehə müraciət edib tənzimləyici qurumları həkimlərə də bənzətmək olar. Şübhəsiz, həkimin
xəstəliyi düzgün təşxisdəki müvəffəqiyyəti ön diaqnoz aparatları və laboratoriya alətlərinin
dürüst işləməsinə birbaşa bağlıdır. Oxşar olaraq, yalnız iqtisadi vəziyyət haqqında düzgün
təsəvvür formalaşdıran statistik məlumatlar tənzimləyici qurumun tədbirlərinin effektivliyini
təmin edə bilər. Başqa bir ifadə ilə, problemin təbiəti haqqında düzgün diaqnozunun qoyulması
və vaxtında zəruri tədbirlərin görülməsi iqtisadi vəziyyətlə bağlı qəbul edilən siqnalların və
məlumatların keyfiyyəti ilə düz mütənasibdir.
Heç şübhəsiz, hər bir göstəricinin keyfiyyəti onun daşıdığı informasiya yükünün baş verən
prosesləri dolğun və dürüst əks etdirmə dərəcəsinə əhəmiyyətli bağlıdır. Göstəricinin keyfiyyət
diapazonu üzrə aşağı səviyyəli qiymətləndirilməsi isə bir sıra amillərdən asılı ola bilər.
Göstəricilərin keyfiyyətini aşağı salan faktorlara nümunə olaraq onların emalı zamanı yanlış
tətbiq olunan metodologiyadan qaynaqlanan xətaları, onların toplanması və aqqreqatlaşdırılması
zamanı buraxılan texniki qüsurları, ixtiyari və ya qeyri-ixtiyari təhrifləri göstərmək olar.
Bir çox hallarda göstəricilər üzrə ortaya çıxan keyfiyyət problemləri daha ilkin mərhələlərlə
bağlı olur. İstifadə etdiyimiz bir çox göstəricilər sorğular vasitəsi ilə əldə olunur və bu mərhələdə
baş verən xətalar sonda əldə etdiyimiz nəticələrə təsir göstərir. Sorğulardakı problemlər isə
onların reprezentativlik və əhatəlilik dərəcəsi, onları dolduran respondentlərin qoyulan suallara
səmimi cavab verib-verməməsi, sorğu toplayanın təftiş imkanının olub-olmaması və bunu
respondentin bilməsi, və s. misal göstərmək olar.
Bu məqalədə ölkə iqtisadiyyatı üzrə makroiqtisadi göstəricilərin modelləşdirilməsi və
proqnozlaşdırılması zamanı qarşıya çıxan praktiki çətinliklər, statistik göstəricilərin keyfiyyəti ilə
bağlı problemlər və onların qiymətləndirmə nəticələrinə təsirləri tədqiq edilir. Burada
göstəricilərin empirik modellərə daxil edilmədən öncəki ilkin müayinəsi, onların dövrü
dinamikasının tədqiqi, mövsümi amillərdən təmizlənmə prosesi və bu zaman ortaya çıxan
problemlər, göstəricilər arasında ilkin asılılıqların təhlili və onların nəzəri əsaslandırılması
məsələlərinə toxunulur.
Statistik göstəricilərin empirik modellərə daxil edilməsindən öncəki təhlilinin vacibliyi aşkar
olsa da, bir çox hallarda tədqiqatçılar bu mərhələni sürətlə və səbirsizliklə qət edirlər. Lakin
yadda saxlamaq lazımdır ki, model nəticələri statistik göstəricilərin keyfiyyətinə birbaşa bağlıdır
– yüksək keyfiyyətli nəticələr yüksək keyfiyyətli göstəricilərlə əldə olunur və ya əksinə. Bir çox
hallarda tədqiqatçılar məhz statististik məlumatların ilkin tədqiqi və müayinəsinə az vaxt sərf
etmələri səbəbindən göstəricilərin nəzəri əlaqələri doğrultmaması nəticəsinə gəlirlər.
Bu məqalədə bütün statistik göstəricilərin ilkin müayinəsini və onlar arasındakı əlaqələrin
təhlilini aparmaq fiziki baxımdan mümkün deyil. Buradakı məqsəd əsas makroiqtisadi
göstəricilərin (q/n ÜDM, inflyasiya, büdcə xərcləri, sənayə istehsalı, faizlər, və s.) ilkin
müayinəsini və mövsümi təmizlənməsini apardıqdan sonra onlar arasındakı əlaqələri tədqiq
etmək və bu zaman qarşıya çıxan problemləri nümayiş etdirməkdir. Qeyd etmək lazımdır ki,
məqalədə istifadə edilən göstəricilər bir çox tədqiqatçıların və siyasət qurucuların tez-tez
müraciət etdiyi makroiqtisadi dəyişənlərdir.
Burada biz ilk olaraq bəzi makroiqtisadi göstəricilərin ilkin müayinəsini və aralarındakı
nəzəri əlaqələrin ön tədqiqini aparırıq. Biz ilkin müayinə zamanı göstəririk ki, ümumiyyətlə, bir
çox göstəricilərin dinamikasında yüksək volatillik mövcuddur. İlkin təhlillər həmin göstəricilərin
dövrü dinamikasında mövcud olan anomaliyaları və ekstrim qiymətləri aşkarlamağa, bununla
bağlı ekspert qiymətləndirməsi aparmağa imkan verir. Sonrakı mərhələdə biz bir sıra
interpolyasiya metodlarından istifadə etməklə anomaliya hesab etdiyimiz qiymətləri əvəzləyirik.
Burada biz həm də mövsümi təmizləmə üsullarına müraciət etməklə göstəriciləri mövsümi
amillərdən təmizləyirik.
Sonrakı mərhələdə biz həmin göstəriciləri ekonometrik modellərə daxil edirik. Burada
istifadə olunan modellər göstəricilər arasındakı əlaqələri struktura (nəzəri çərçivəyə) salmağa səy
göstərmir. Başqa sözlə müraciət edilən modellər qeyri-struktur modellər olub daha çox
proqnozlaşdırmağa xidmət edir. Bu məqalədə istifadə olunan modellər müxtəlif miqyaslı (7 və
32 dəyişənli) Vektor Avtoreqressiv (VAR) modellərdir. Həmin modellərdən istifadə etməklə
göstəricilərin dinamikasının qarşıdakı dövr üçün proqnozlaşdırması aparılır. Bu zaman
proqnozlaşdırma işi şərtsiz və gələcəkdə bir sıra göstəricilərin öncədən müəyyən olunmuş
trayektoriya izləyəcəyi şərtini nəzərə alan şərtli formada həyata keçirilir.
Qiymətləndirmə və proqnozlaşdırma işi göstərir ki, ölkə üzrə bəzi makroiqtisadi
göstəricilərin proqnozlaşdırılma imkanı aşağıdır. Bir sıra təhlillər onların proqnozlaşdırmağa
imkan verən ətalətli komponentinin, demək olar ki, mövcud olmadığına işarə edir. Bu nəticəni
həmin göstəricilərin kifayət qədər geniş proqnoz intervalları da dəstəkləyir. Digər tərəfdən biz
müəyyən edirik ki, əsas makroiqtisadi göstəricilər arasında əlaqələr zəifdir. Məsələn, büdcənin
kapital xərclərinin q/n iqtisadi fəaliyyət sahəsi üçün lokomativ rolunu oynadığını güman etsək
də, biz müvafiq makroiqtisadi göstəricilər arasında statistik əhəmiyyətli asılılıqlar aşkarlamırıq.
Bu faktı həm ilkin asılılıqların təhlili ilə bağlı apardığımız qiymətləndirmələr, həm də şərtsiz və
şərti proqnozlaşdırma nəticələri təsdiqləyir.
Beləliklə, məqalənin strukturu belədir: 2-ci fəsildə biz bir sıra göstəricilərin ilkin müayinəsini
aparır, onlar arasında mümkün qarşılıqlı əlaqələri təhlil edir, qiymətləndirmə və proqnozlaşdırma
zamanı istafdə etdiyimiz metodologiyalar haqqında məlumat veririk. 3-cü fəsildə biz iki müxtəlif
şərtli proqnozlaşdırma metodologiyasından istifadə etməklə üç müxtəlif ssenari üzrə əsas
göstəricilərin proqnozlarını hazırlayırıq. 4-cü fəsildə biz ölkə üzrə statistik göstəricilərin
keyfiyyətinin yaxşılaşdırılması üçün öz təkliflərimizi verir, 5-ci fəsildə isə ümumi nəticlərimizi
qeyd edirik.
Dostları ilə paylaş: |