Maddə 12. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar 12.1. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi
mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti
orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.
12.2. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar
aşağıdakı tələblərə cavab verməlidirlər:
12.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava,
pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin
laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş
laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji
təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı,
ixracı və satışı ilə məşğul olmamalı.
12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma
qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiy-
yəti orqanı tərəfindən müəyyən edilir.