Ekoloji kənd təsərrüfatı – torpağın, ekosistemin və insanların sağlamlığını
dəstəkləyən bir istehsal sistemidir. Ekoloji kənd təsərrüfatının əsas məqsədi –
ümumi evimiz olan ətraf mühiti qorumaq naminə ənənələri, yenilikləri və elmi bir
arada birləşdirməklə ədalətli münasibətlər və həyat tərzinin keyfiyyətinin
yüksəldilməsidir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin
yüksəldilməsi və qorunması ardıcıl şəkildə həyata keçirilərək və landşaftın təbii
imkanları bir sistem kimi qiymətləndirilərək ətraf mühitin və kənd təsərrüfatının
bütün sferalarında keyfiyyət göstəriciləri daima yaxşılaşdırılır.
Ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin
xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbi-
qinə və məhsul artımı üçün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulya-
torlarının, yemə əlavə olunan qarışıqların azaldılması prinsiplərinə əsaslanır.
Avropada ekoloji kənd təsərrüfatı istehsalı keçən əsrin 20-ci illərinin ortala-
rından başlanmışdır. Həmin dövr intensiv sənayeləşmə, şəhər əhalisinin sürətlə
artması, işsizlik, ətraf mühitin çirklənməsi və müxtəlif xəstəliklərin geniş yayıl-
ması kimi xüsusiyyətlərlə xarakterizə olunurdu. Bu dövrdə kənd təsərrüfatında
kimyəvi və texniki vasitələrin intensiv tətbiqi çox acınacaqlı ekoloji problemlərin
yaranmasına və xüsusilə ərzaq məhsullarında toksiki qalıqların toplanmasına
səbəb oldu.
Pestisidlər və boy maddələrinin yaratdıqları fəsadlar nəticədə istehlakçıları
bunlara qarşı mənfi fikirlərlə çıxış etməyə vadar etdi və beləliklə, Avropada
ekoloji (bioloji) kənd təsərrüfatı meyilləri sosial hərəkata çevrildi.
10
Keçən əsrin 90-cı illərinin əvvəlində isə ekoloji kənd təsərrüfatı artıq adi
(konvensional) kənd təsərrüfatı ilə müqayisədə alternativ istehsal sahəsi oldu. Bu
gün əksər inkişaf edən ölkələrin apardığı siyasətin əsas məqsədi ekoloji kənd
təsərrüfatı istehsalına qanunvericilik baxımından yanaşma və sertifikatlaşdırılmış
ekoloji təmiz qida məhsullarının ixracının inkişaf etdirilməsi hesabına yüksək
gəlir mənbələrinin yaradılmasına yönəlmişdir. Hazırda dünyanın 54 ölkəsi ekoloji
kənd təsərrüfatı istehsalı üzrə milli normativləri hazırlayaraq qəbul etmişdir.
Avropa ölkələrində ekoloji kənd təsərrüfatı siyasətində dönüş yaradan iki
amili xüsusilə qeyd etmək lazımdır:
- Avropa İttifaqı tərəfindən 1993-cü ilin yanvar ayında qəbul edilmiş
2092/91 saylı Qətnaməyə (2007-2008-ci ildə həmin Qətnamə yenilənib və
müvafiq olaraq 834/2008 və 889/2008 qəbul edilmişdir) əsasən Avropa
miqyasında ekoloji kənd təsərrüfatı istehsalının ümumi sertifikatlaşdırma
sisteminin yaradılması;
- Avropa İttifaqının kənd təsərrüfatı siyasətinin yeniləşdirilməsi məqsədilə
1992-ci ildə qəbul edilmiş, 1994-cü ildən etibarən isə tətbiq edilən aqrar-
ekoloji proqramı.
Qəbul olunmuş qətnamənin və aqrar-ekoloji proqramın reallaşması və ekoloji
kənd təsərrüfatı istehsalına yardım məqsədilə 300 milyon avro ayrıldı ki, bu da
son onilliklərdə Avropa kənd təsərrüfatı siyasətinin ən mühüm yeniləşdirilməsi
hesab olunur.
1999-cu ilin dekabr ayında Avropa Şurasının Berlində qəbul etdiyi «2000-ci
ilin Gündəliyi» direktivi Avropa ölkələrində ekoloji kənd təsərrüfatı istehsalının
təkmilləşdirilərək davamlı olmasına, qida məhsullarının keyfiyyətinin yüksəl-
məsinə, ətraf mühitə neqativ təsirlərin azalmasına və istehsal olunan ekoloji təmiz
məhsulların marketinq şəbəkəsinin inkişafına böyük dəstək verdi.
2001-ci ilin iyun ayında kənd təsərrüfatı nazirləri ilə Avropa Şurası ekoloji
kənd təsərrüfatı istehsalı üzrə müqavilə bağlayaraq ekoloji təmiz qida istehsalı
haqqında tədbirlər planını Avropa Komissiyasına (CAP - Ümumi Kənd
Təsərrüfatı Siyasəti) təqdim etmiş və həmin təkliflər toplusu 22 yanvar 2002-ci il
tarixdə təsdiq edilmişdir. Bu sənəd sayəsində islahatların həyata keçirilməsi mənfi
amillərin ləğv edilməsinə və kənd təsərrüfatının daha da davamlı idarəolunma
üsullarının stimullaşdırılmasına şərait yaratmışdır.
Bütün bu tədbirlərin nəticəsidir ki, son 10 ildə inkişaf etmiş ölkələrdə istehsal
olunan ərzaq məhsullarının 20-25%-i ekoloji təmiz məhsulların payına düşür və
2010-cu ilə qədər bu payın 15% artması nəzərdə tutulurdu.
Avropa Birliyinə daxil olan bütün ölkələrdə ekoloji təsərrüfatçılıq dövlət
siyasəti səviyyəsində dəstəklənir və bu ölkələrin hamısı «Avropa Birliyinin
Ümumi Kənd Təsərrüfatı Siyasəti» proqramına (Common Agricultural Policy of
EC) qoşulub.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra BMT-nin nizamna-
məsinin prinsip və maddələrini rəhbər tutaraq və bir çox beynəlxalq saziş və
razılaşmalara qoşularaq ölkəmizdə siyasi və iqtisadi islahatları həyata keçirməkdə
davam edir. Dünyada qloballaşma şəraitində davamlı inkişafın əsas prinsiplərini
özündə əks etdirən «Monreal protokolu» (Monreal, 1987), «Kioto protokolu»
11
(Kioto, 1997), «Orxus konvensiyası» (Orxus, 1998), «XXI əsrin gündəliyi»
qətnaməsi (Rio-de-Janeyro, 1992), Yohannesburqda Dünya sammitində qəbul
edilən deklarasiya (Yohannesburq, 2002), «Avropanın Ətraf Mühiti» konfransının
bəyanatı (Kiyev, 2003) və digər beynəlxalq aktlar belə razılaşmaların ən
əsaslarıdır.
Azərbaycan dövləti «davamlı inkişaf» və «ətraf mühitin qorunması» ilə
əlaqədar bütün beynəlxalq konvensiyalara və sazişlərə qoşulsa da, bu gün
ölkəmizdə ekoloji kənd təsərrüfatı istiqamətində aparılan işlər nəzərəçarpan
dərəcədə deyildir.
Azərbaycanın müstəqil bir dövlət kimi dünya inteqrasiyasına daxil olması
zəmanəmizin tələbi olduğu kimi, ölkəmizdə Ekoloji kənd təsərrüfatı hərəkatının
genişlənməsi də tarixi bir zərurətdir. Eyni zamanda Azərbaycanın bugünkü
sosial-iqtisadi mühitində ekoloji kənd təsərrüfatına keçidi zəruri edən çox ciddi
səbəblər mövcuddur:
1) ölkədə xırda və pərakəndə torpaq istifadəçiliyinin mövcudluğu;
2) maliyyə çətinlikləri ucbatından, fermer və yeni torpaq istifadəçilərinin mineral
və üzvi gübrələrdən istifadə edə bilməməsi;
3) fermerlərin texniki və maddi imkanlarının zəifliyi;
4) fermerlərin gəlirinin aşağı olması;
5) ətraf mühitin intensiv çirklənməsi;
6) bioloji müxtəlifliklərin ilbəil azalması.
Bu gün mövcud şəraitdə ortaya çıxan bir çox problemlər torpaqların düzgün
istifadə olunmasına və qorunmasına ciddi əngəllər törədir:
• çəpərlər, sahəarası yollar, arxlar altında xeyli «torpaq itkisi» yaranır və
münbit torpaqlar istehsaldan kənarlaşdırılaraq öz münbitliyini itirir;
• kiçik torpaq sahələrində növbəli əkin sistemini tətbiq etmək mümkün
olmadığından torpaqların münbitliyi müəyyən zaman intervalında azalmağa
başlayır;
• kiçik torpaq sahələrində texnoloji proseslərin mexanikləşdirilməsi çətinliyi
yarandığından istehsalda əl əməyi üstünlük təşkil etdiyi üçün istehsal olunan
məhsulun maya dəyəri yüksəlir, məhsuldarlıq isə aşağı düşür;
• kiçik torpaq sahələrini istehsal dövriyyəsindən ayıraraq onların dincə qoyul-
ması torpaq mülkiyyətçisi üçün sərfəli olmadığından torpaqların münbitlik
xassələrinin pisləşməsi davam edir;
• kiçik torpaq sahələrində torpaqların mühafizəsi məqsədilə aqrotexniki,
aqrokimyəvi, meliorativ, fitosanitar və digər tədbirlər kompleksini həyata
keçirmək üçün torpaq istifadəçisinin iqtisadi imkanları məhdud olduğundan
torpaqların münbitliyi daim pisləşir.
Dünya təcrübəsinə əsasən, qeyd etdiklərimizə belə bir faktı da əlavə etməli-
yik ki, optimal fəaliyyət göstərən və gəlirlə işləyən fermer təsərrüfatlarında torpaq
sahəsinin ölçüsü 50 ha-dan aşağı olmamalıdır.
İnkişaf etmiş ölkələrdə uzun illərdir ki, fermer təsərrüfatları ölçülərinin daim
artması, yəni onların iriləşməsi prosesi gedir. Məsələn, ABŞ-da yalnız 1969-1988-
12
ci illərdə fermer təsərrüfatlarında torpaq sahələrinin ölçüsü orta hesabla 149 ha-
dan 190 ha-ra qədər artmışdır ki, bu da 25% təşkil edir. Bizdə isə bu parametr
təxminən 100 dəfə aşağıdır.
Yuxarıda qeyd olunan faktlar onu deməyə əsas verir ki, ölkəmizdə ekoloji
kənd təsərrüfatına keçid labüddür və bununla əlaqədar bizim qarşımızda aşağıdakı
vacib vəzifələr durur:
• ölkədə ekoloji təsərrüfatın inkişafına əlverişli şərait yaradan qanunvericilik
bazasının formalaşdırılması;
• ekoloji təsərrüfatçılıq üzrə təlim-təhsil və informasiya-məsləhət şəbəkəsini
yaratmaqla müasir «ekoloji şüurun» formalaşmasına nail olmaq;
• ölkədə ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması və onun bazarının
yaradılması;
• ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi üçün büdcə vəsaitlərinin
ayrılması və bu istiqamətdə milli proqramların yerinə yetirilməsi.
Hal-hazırda dünyada 120-dən artıq ölkədə ekoloji kənd təsərrüfatı ilə məşğul
olurlar. Artıq 54 ölkə ekoloji kənd təsərrüfatı istehsalı üzrə milli normativlər qəbul
etmişdir. Bu ölkələrdən 20-si inkişaf etmiş ölkələrə aiddir. Avropa ölkələrində
ekoloji kənd təsərrüfatı siyasəti ümumi kənd təsərrüfatı siyasətinin mühüm tərkib
hissəsidir və bu istiqamətdə aparılan tədqiqatlar həmin ölkələrin siyasi proqramla-
rına daxil edilmişdir. Həyata keçirilən siyasətin əsas məqsədi isə sertifikatlaş-
dırılmış ekoloji təmiz qida məhsullarının ixracatının inkişaf etdirilməsi hesabına
yeni gəlir mənbələri yaratmaqdır.
İnkişaf etmiş ölkələrin bir çoxunda hesab edirlər ki, ənənəvi kənd təsərrüfatı
xırda təsərrüfatlarda əlverişli deyildir. Belə ki, maliyyə və digər sərvətləri zəif
olan istehsalçılar üçün kreditlərin alınması böyük riskə bağlıdır. Məhsuldarlığın az
olduğu illərdə onların qazancı az olduğundan fermerlər «borc tələsinə» düşür. Bu
nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanda bu gün mövcud olan kiçik və
pərakəndə torpaq istifadəçiliyi şəraitində Ekoloji Kənd Təsərrüfatının inkişaf
Dostları ilə paylaş: |