13
I. FƏSİL. TƏBİƏTDƏN İSTİFADƏNİN ÜMUMİ ƏSASLARI
1.1. Ümumi anlayışlar
Təbiət
dedikdə, geniş mənada bütün dünya, o cümlədən insan cəmiyyəti də
daxil olmaqla Kainat, qısa mənada isə bizi əhatə edən maddi aləm nəzərdə tutulur.
Təbiət cəmiyyətin yaşaması və məhsuldar istehsal qüvvələrin inkişafı üçün
maddi və mənəvi nemətlər mənbəyidir. Bu baxımdan təbiət insan cəmiyyətinin
mövcudluğunu təmin edən təbii şərait amillərinin məcmusu kimi çıxış edir. İnsanı
təbiət yaratmış və bütün sərvətlərini onun istifadəsinə vermişdir.
Təbii şərait təbiətin bütün aspektlərini əhatə etməklə (iqlim, torpaq,
coğrafi
və oroqrafik şərait və s.) insanın həyatında birbaşa və ya dolayısı iştirak edir.
Təbii şərait əlverişli və ya ağır olub, cəmiyyətin təsərrüfat fəaliyyətinin
istiqamətini, intensivliyini və inkişaf dərəcəsini təyin edir.
Təbii şərait termininə yaxın və onunla əlaqəli olan ətraf mühit anlayışı çıxış
edir. Ətraf mühit anlayışı daha geniş olub, insanı əhatə edən təbii ekosistemi,
təbiətin əsas komponentlərini (hava, su, torpaq, bitki və heyvanlar aləmini və s.),
təbii landşaftı və s. mühit amillərini əhatə edir.
Ətraf mühit insanın sağlamlığını, normal həyat və təsərrüfat fəaliyyətini,
cəmiyyətin sosial-psixoloji durumunu təyin edir.
Mühit amilləri biotik (canlı bütün
orqanizmlərin, o cümlədən insanın fəaliy-
yəti ilə bağlı) və abiotik (cansız, qeyri-üzvi, kosmik, iqlim və s.) olub ekoloji
amillər kimi də adlanır.
“Ekologiya” terminini elmə alman bioloqu E.Hekkel (1866) daxil etmişdir.
O, ekologiya anlayışı ilə biologiyanın orqanizmlə mühit arasındakı qarşılıqlı
əlaqələrini öyrənən bölməsini adlandırmağı təklif etmişdir. E.Hekkelə görə
ekologiya - orqanizmlərin iqtisadiyyatını öyrənməklə onların təmasda olduğu
başqa heyvan
və bitkilərlə münasibətini, onların həm qeyri-üzvi, həm də üzvi
mühitlə münasibətini tədqiq etməli idi.
Canlı orqanizmlərin xarici mühitdən asılılığı və əlaqələrinin öyrənilməsi
barədə biliklərin toplanması qədim dövrlərə təsadüf edir. Ekologiya bütün canlı-
ların bir-biri və ətraf mühitlə qarşılıqlı əlaqələrindən bəhs edən təlim kimi XX
əsrin əvvəllərində formalaşmağa başlamışdır.
“Ekologiya” termini
daha geniş məfhum olmaqla, bu gün cəmiyyət-təbiət
münasibətlərinin ətraf mühitə təsirinin bütün aspektlərini əhatə edir.
Ekologiya - yeganə və ümumi evimiz olan Yer haqqında təlimdir.
XX əsrin ikinci yarısından başlayaraq cəmiyyət-təbiət münasibətlərində eko-
loji problemlər qabarıq şəkildə özünü büruzə verməyə başladı. Yaranmış ekoloji
böhran ekoloji inqilabla nəticələnərək XX əsrin 70-80-ci illərində təbiətdən istifa-
dədə yeni ekoloji-informasiya dövrünün başlanması ilə nəticələndi.
Yaşadığımız ekoloji-informasiya dövründə təbiətdə baş verən proseslərin
qiymətləndirilməsində və təbiət-cəmiyyət münasibətlərinin düzgün qurulmasında,
bu
və ya digər hadisənin, prosesin mövcudluğu və inkişaf etdiyi şəraiti öyrəndikdə
ekoloji biliklərə əsaslanır. Bu dövr təbiətdən istifadədə iqtisadi prinsiplərdən
14
ekoloji prinsiplərə keçməyi tələb edir. Bu isə təbiətlə münasibətdə ekoloji
maraqların prioritet təşkil etməsi, üstün götürülməsi deməkdir.
Təbiətdən istifadə cəmiyyətin ətraf mühitlə bağlı bütün münasibətlərinin
cəmini əhatə edir. Təbiətdən istifadə ilə bağlı yaranan
münasibətlər xüsusi
münasibət forması - ictimai - ekoloji münasibətləri təşkil edir (şəkil 1).
İctimai-ekoloji münasibətlərin səciyyəvi xüsusiyyətləri:
1. Bu
münasibətlər iradəvi xarakter daşıyır. Onların yaranmasını, dəyişdiril-
məsini və dayandırılmasını insanın iradəsi təyin edir. Məsələn, nəfəs almaq
havadan istifadəni təşkil etmir, çünki insanın iradəsindən asılı deyil. Bundan
fərqli olaraq, hava hövzəsinə (atmosferə) çirkləndirici maddələrin buraxıl-
ması isə ictimai
- ekoloji münasibət olub, insan iradəsi ilə yaradılır, dəyiş-
dirilə və aradan qaldırıla bilər.
«Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır»
(Azərbaycan
Respublikasının Konstitusiyası. Maddə 39, 1-ci bənd). Təbiət-cəmiyyət
münasibətlərinin insanın yaşaması və normal həyat fəaliyyəti üçün zəruri
sağlam ətraf mühit amilləri ilə təmin olunması başlıca vəzifəsidir. Beləliklə,
sağlam mühitdə yaşamaq, təmiz havadan, sudan, torpaqdan və s.
istifadə
etmək ictimai-ekoloji münasibət deyil, sadəcə olaraq hər bir vətəndaşın
konstitusiya hüququdur. Təbiətdən istifadə münasibətləri isə həmin hüququ
əldə rəhbər tutaraq onun təmin olunmasına xidmət etməlidir.
2. Bu münasibətlər müxtəlif ekoloji sistemləri təşkil edən komponentlər və ya
ətraf mühitin təbii obyektləri üzərində qurulur. Məsələn, vəhşi heyvanların
ovlanması təbiətdən istifadəni təşkil etdiyi halda, onların zooparkda saxlan-
ması təbiətdən istifadəni təşkil etmir. Birinci
halda vəhşi heyvanlar təbii
mühitlə ekosistemlə əlaqədə olduğu halda, ikinci halda həmin əlaqələr
kəsilmişdir.
Dostları ilə paylaş: