Quş zılı Kimyəvi tərkibinə görə quş zılı üzvi gübrələrin ən yaxşı növləri sırasına aiddir.
Bu sırada daha qiymətli toyuq və göyərçin zılıdır, nisbətən zəif isə ördək və qaz zılı
hesab olunur. Zılın torpağa tez-tez verilməsi zamanı azotun nitrat formasının
toplanması müşahidə olunur. Bu baxımdan zılın payızda və bütün sahə üzrə bərabər
paylanmasını təmin etməklə verilməsi məqsədəuyğundur. Lakin quş zılının ən
səmərəli istifadə forması onun maye halıdır. Bunun üçün həcmin yarısını zıl ilə
doldurub üzərinə su əlavə edirlər və bu vəziyyətdə 3-5 gün ərzində saxlayırlar.
Məhlulu yenidən su ilə qarışdıraraq (1:10) istifadə edirlər.
Torf, lil Torfun tərkibində bitkilər üçün mənimsənilən qida elementlərinin az olmasına
baxmayaraq, o, humusun miqdarını artırır və torpağın strukturunu yaxşılaşdırır.
Torfun tünd rəngdə olması istinin udulmasına və torpağın tez isinməsinə yardım edir.
Çürümə dərəcəsinə görə torf üç növdə seçilir. Üst torf bitki qalıqlarının zəif
çürümə dərəcəsi və yüksək turşuluğu ilə xarakterizə olunur. Dərin torf yüksək çürü-
mə dərəcəsi və az turşuluğu ilə seçilir. Orta torf bunların arasında keçid mövqeyini
əks etdirir.
Torfu bataqlıqlardan yığaraq lay-lay sərib qurudurlar və ya kompost tığına əlavə
edirlər. Yaddan çıxartmaq lazım deyil ki, ona əhəng əlavə etmək lazımdır. Dirrikdə
və bostanda onu kompost komponenti kimi istifadə etmək daha yaxşıdır. Örtülü qrunt
şəraitində isə şitillərin becərilməsi üçün torpaq qarışıqlarına əlavə etmək olar.
Lil göllərin, çayların, kanalların dibində toplanır. Onun tərkibində çoxlu çürüntü,
azot, kalium və fosfor var. Qısa müddətli qurutma prosesindən sonra onu qumsal
torpaqlarda (3-4 kq/m2) müvəffəqiyyətlə istifadə etmək olar.