«Biosfer» termininə ilk dəfə XIX əsrin ikinci yarısında Avstriya alimi,
geoloq E.Zyussun əsərlərində təsadüf edilir. E.Zyuss (1875) Yerin səthində «nazik
həyat təbəqəsini» biosfer adlandırmışdır.
Biosfer anlayışının dəqiq müəyyən edilməsi, onun təkamülü sahəsində
fundamental tədqiqatların aparılması rus alimi V.İ.Vernadskinin (1863-1945) adı
ilə bağlıdır. V.İ.Vernadski biosfer haqqında təlimin banisi sayılır.
Biosfer dedikdə, yaşayış mühiti ilə birgə Yer kürəsinin canlı aləmi nəzərdə
tutulur. Biosfer planetin həyat üçün yararlı təbəqəsidir. Həmin təbəqə təbiətdə
mövcud olan canlı aləmin, üzvi və qeyri-üzvi maddələrin milyon illərdən bəri
yaşama və dövretmə sahəsidir. Biosferin tərkibində canlı orqanizmlər ətraf mühitə
güclü təsir göstərir, yayıldıqları əraziyə onların həyat fəaliyyəti qalıqları toplanır.
V.İ.Vernadski əsaslı olaraq müasir canlıların mövcud olduğu sərhədlərlə
kifayətlənməyib biosferin tərkibinə Yerin geoloji dövrlərdə canlı aləmi olmuş
sahələri də daxil etmişdir. V.İ.Vernadskiyə görə biosfer Yer kürəsində canlı
aləmin təbəqəsi olub, orqanizmlərin birbaşa iştirakı sayəsində formalaşmışdır.
Biosferin müasir görkəmi Yer kürəsində üç milyard il əvvəl yaranmış ilkin
canlı aləmin bu günə qədər təbiətdə icra etdiyi bioloji və fizioloji proseslərin
nəticəsidir. Biosferin tərkib hissəsi olan Yerin digər üç təbəqəsi - litosfer,