4.2.1. Ekoloji kənd təsərrüfatının inkişafında IFOAM-ın rolu
1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və
onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı
Hərəkatı Federasiyası (IFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat
daha böyük sürətlə inkişaf etməyə başladı. IFOAM-ın əsas məqsədi
aşağıdakılardan ibarətdir:
• beynəlxaq ekoloji kənd təsərrüfatı hərəkatını təmsil etmək, beynəlxalq
səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsi üçün forumlar təşkil etmək;
• ekoloji əkinçiliyin inkişafı üçün çoxsahəli tədbirlər planı hazırlamaq,
insanın qida məhsullarına olan tələbatını ödəmək və ətraf mühiti qoruyub
saxlamaq;
• yuxarıda göstərilənləri gündəlik həyatımızda tətbiq etmək üçün öz üzvləri
olan təşkilatların topladığı təcrübəni bir-biri ilə qarşılıqlı öyrənmək və
mübadilə etmək.
Ekoloji kənd təsərrüfatının inkişaf dinamikası IFOAM-ın üzv-ölkələrinin
inkişafında öz əksini tapmışdır. Bu beynəlxalq təşkilat üç qitədən olan 5 üzvü ilə
öz işinə başlamış, 15 ildən sonra isə onun 25 ölkədən 100-ə yaxın üzvü var idi.
Son illərdə isə təşkilat 100 ölkədən 760-a qədər ittifaqı öz sıralarında birləşdirir.
Qeyd etmək lazımdır ki, ekoloji kənd təsərrüfatının belə sürətlə inkişafı bazarın
tələbi nəticəsində meydana gəlir. Bu quru rəqəmlərə onu da əlavə etmək zəruridir
ki, ekoloji kənd təsərrüfatı cənub yarımkürəsində nəinki möhkəmlənib, hətta
inkişaf etməkdədir.
Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) dünya-
da ekoloji hərəkatı koordinasiya edir. Bu, sadə istehlakçıya əsaslanan demokratik
bir federasiyadır. Toplanmış biliklərin və informasiyanın mübadiləsindən başqa
IFOAM həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda ekoloji hərəkatı təmsil edir.
Məsələn, Federasiyanın Birləşmiş Millətlər Təşkilatında (BMT-də) məsləhətçi
statusu vardır. Federasiya böyük informasiya mübadiləsi imkanına malikdir.
Məsələn, çoxsaylı kontinental və regional konfranslar, «Ekologiya və kənd
təsərrüfatı» jurnalının çapı və s.
IFOAM-ın qapıları kənd təsərrüfatı ilə məşğul olan bütün birliklər və
fermerlərin, istehsal və ticarət sahəsində çalışanların, tədqiqat institutlarının üzünə
açıqdır.
IFOAM üzvləri aşağıdakı üstünlüklərə malikdir:
• «Ekologiya və fermerçilik» jurnalına pulsuz abunə;
• IFOAM-ın bütün nəşrlərinə 20% güzəşt;
• IFOAM konfranslarında iştirak etmək;
• IFOAM-ın bütün təlimatlarının pulsuz nüsxəsinin əldə olunması.
Ekoloji kənd təsərrüfatının əsas prinsipləri IFOAM-ın standartlarında ifadə
olunur (IFOAM, 1992):
• lazımi miqdarda, yüksək keyfiyyətli ərzaq məhsulları istehsal etmək;
• təbii sistemlərlə faydalı, üzvi və qarşılıqlı əlaqədə olmaq;