Ekoloji kənd təsərrüfatının əsas məqsədi istehsalda ekoloji təhlükəsiz
(ekoloji təmiz) ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqtisadi, həm də sosial
baxımdan tarazlaşdırılmış davamlı təsərrüfatçılıq missiyasını yerinə yetirməkdən
ibarətdir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin yüksəldilməsi və
qorunması ardıcıl şəkildə həyata keçirilərək, landşaftın, heyvanların və bitkilərin
təbii imkanları çərçivəsində bir sistem kimi qiymətləndirilərək ətraf mühitin və
kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daima yaxşılaşdırılır.
Ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin
xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbi-
qinə və məhsul artımı üçün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulya-
torlarının, yemə əlavə olunan qarışıqların azaldılması prinsiplərinə əsaslanır.
Avropa ölkələrində bu termin sinonim olaraq üzvi, bioloji və ekoloji kimi
işlədilir. Hansı sözün qəbul olunmasının və rəsmi qaydada istifadəsinin heç bir
fərqi yoxdur. Bu məsələnin yeganə mahiyyəti əhalinin müxtəlif təbəqələrinin
məlumatlanma və intellektual səviyyəsindən asılıdır. Azərbaycanda «ekologiya»
məhfumunun insanların təfəkküründə daha çox yer almasını nəzərə alaraq biz
«ekoloji kənd təsərrüfatı» termininə daha çox üstünlük verdik.