(6.18) “O Öz qulları üzərində mütləq Hakimidir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!” Allahın izni olmadan bir məxluq belə nə qərar qəbul etməyə, nə hərəkət və ya istirahət etməyə qadir deyildir. Nə hökmdarlar, nə də onların təbəələri Onun mülkünü tərk etməyə və Onun asılılığından qurtulmağa qadir deyillər, çünki onların hamısı Ona tabedirlər. O, təkbaşına məxluqlarını Özünə tabe edir və onların hamısı Onun qarşısında məsuliyyət daşıyırlar və bu isə o deməkdir ki, təkcə O, ibadətə layiqdir. O, hökm verir və qadağan edir, mükafatlandırır və cəzalandırır, yaradır və ilahi müdrikliyinə tam uyğun olaraq öncədən müəyyənləşdirir. O, bütün sirlərdən və gizli niyyətlərdən agahdır və ən az gözə görünən əməllər haqqında bilir və bu da həmçinin həqiqi tövhidi təsdiq edir.
(6.19) “De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!” Qoy doğru yolun və haqq Təlimatın izah edildiyi kafirlər onlara təqdim olunmuş əzəmətli meyardan istifadə etsinlər və qoy söyləsinlər görək, kimin şahidliyi ən mühümdür? Şübhəsiz ki, ən vacib olan Allahın şəhadətidir, çünki heç kimin şahidliyi Onun şahidliyindən üstün olmağa qadir ola bilməz. O, Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu artıq təsdiq etmiş və onun (ona Allahın salavatı və salamı olsun!) söylədiklərini və əməllərini bəyənmişdir. Fövqəluca Allah belə buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Heç biriniz (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Haqqə, 69/44-47).
Allah – Müdrik və Əzəmətli Rəbdir. Onun ilahi müdrikliyi və hüdudsuz qüdrəti Ona yol vermir ki, Ona böhtan atan yalançıların sözlərini təsdiq etsin. Əgər insan yalandan: “Allah onu elçi göndərmişdir, ona insanlar arasında təbliğ etməyi tapşırmışdır və onun hökmünə tabe olmayanları öldürməyə, onların mal-mülkünü mənimsəməyə və qadınlarını kölə götürməyə icazə vermişdir” – deyə, bəyan edərsə, onda Allah heç vaxt onun bəyanatlarını qəribə möcüzələr və aydın ayələr vasitəsilə təsdiq etməz. O, ona kömək etməz və onun düşmənlərini və əleyhdarlarını Öz yardımından məhrum etməz. Bundan da inandırıcı sübut nə ola bilər?!
Sonra Allah bildirir ki, Müqəddəs Quran bəşəriyyətə onun rifahı üçün nazil edilmişdir ki, onun vasitəsilə insanlar əzabverici cəzadan çəkindirilsin. İstənilən çəkindirmə, çəkinilməsi lazım gələn şey barədə xatırlatmaqdan, azdırılmaqdan və bu xəbərdarlıqla qorxudulmaqdan və insanın bu xəbərdarlıqdan istifadə edə bilməsi üçün qəlb və bədənlə yerinə yetirilməsi zəruri olan sözlərin və əməllərin izah edilməsindən ibarətdir. Quran insanları Qiyamət gününün başlanmasınadək xəbərdar edir və onu öyrənmək istəyən hər kəs onda olan və bilməsinə ehtiyac duyduğu ilahi həqiqətlərinin izahını hökmən tapacaqdır.
Allah, Özünün Tək Allah olması haqqındakı şəhadətini – bütün şəhadətlərdən ən əzəmətli şəhadəti izah etdikdən sonra, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Vəhyi inkar edən və Onun elçilərini yalançı sayan kafirlərə belə desin: “Doğrudanmı siz Allahla bərabər digər allahların mövcudluğuna şəhadət verməyə hazırsınız? Siz buna hətta şahidlik etsəniz də mən onu etmərəm!”
Beləliklə, sözü ən doğru olan aləmlərin Rəbbi və məxluqların ən alicənabı, doğruçuluğu inandırıcı və təkzibedilməz dəlillərlə təsdiq edilən şahidlik edir ki, Allaha şərik qoşmadan təkcə Ona ibadət etmək lazımdır. Qoy indi hər kəs bu şahidliyi, ağılları bulanıq, qarma-qarışıq etiqadlı, sağlam təfəkkürlü insanlarda gülüş doğuran qüsurlu baxışlara malik və yaramaz xasiyyətli müşriklərin şahidliyi ilə müqayisə etsin. Onların şahidliyi nöqsansız təhtəlşüura31 əksdir, onların Allahla bərabər digər allahların mövcudluğu haqqındakı bəyanatları isə ziddiyyətlidir. Onların gətirdikləri “sübutlarına” nəinki tamamilə inandırıcı deyil deməyə, onları hətta şübhəli adlandırmağa belə ehtiyac yoxdur.
Qoy ağıllı qərar qəbul etməyə qadir olan hər kəs bu şahidliklərdən birinə üstünlük versin. Biz isə üstünlüyü Allahın üstün tutduğu Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) veririk ki, bizə onun yolu ilə getmək əmr olunmuşdur. Biz, bir Allahın varlığını qəbul edirik ki, Ondan başqa ibadətə və sitayişə layiq olan yoxdur və Ondan başqa digər yaradanlar və hökmdarlar da yoxdur. Biz, Allaha şərik qoşulan hər hansı bütü, heykəli və digər uydurulmuş tanrıçaları inkar edirik. Bu etiraf – Tək Allahın ilahiliyinin etirafı və qalan bütün yaradılmışların ilahiliyinin inkarı – həqiqi tövhidin mahiyyətidir.