(6.69) “Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməllərdən çəkinsinlər”. Bu ayədən aydın olur ki, moizələr və öyüd-nəsihət verilən zaman dəvətçi elə sözlərdən istifadə etməlidir ki, onlar onun qarşısına qoyduğu məqsədə nail olmağa kömək göstərsin və insanlarda Allahdan qorxu hissi oyatsın. Bundan başqa, əgər moizələr və nəsihətlər öyüd veriləni daha ağır cinayətlər törətməyə sövq edirsə, onda dəvətçi onlardan əl çəkməlidir, çünki əgər törədilmiş əməl dəvətçini qoyulmuş məqsəddən uzaqlaşdırırsa, onda o, həmin əməli rədd etməlidir.
(6.70) “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (Cəhənnəm içkisi “həmim”) və şiddətli əzab gözləyir!” Qullardan tələb olunanlar Allaha səmimiyyətlə qulluq etmək, təkcə Ona ibadət etmək və şərik qoşmamaq, bütün gücü ilə Onun mərhəmətini və məhəbbətini qazanmaqdır. Bundan ötrü qullar bütün varlığı ilə Allaha yönəlməli və Ona can atmalıdırlar. Onlar səylə çalışmalı və faydalı işlər görməli, günü əyləncə ilə keçirməməlidirlər. Onlar xeyirxah əməlləri ətrafdakılara nümayiş etdirmək və şöhrətpərəstlik naminə deyil, səmimi qəlbdən Onun xatirinə yerinə yetirməlidirlər. Ancaq belə din əsil dindir və ümumiyyətlə, din adlandırılmağa layiqdir.
Əgər insan özünün düzgün davrandığını güman edirsə və özünü dindar və təqvalı sayırsa, lakin bununla yanaşı dinini əyləncəyə və kef məclislərinə çevirirsə, əgər onun ürəyi Allaha məhəbbətdən, Onu dərk etməyə can atmaqdan məhrumdursa, əgər o, özünü ona zərər verən şeyə həsr edirsə və öz yanlış baxışlarına sevinirsə, əgər onun səyləri adicə bir əyləncədirsə, - Allaha xatirinə edilməyən bütün səy və əməllər belə adlandırmaq olar, - onda belə adamdan uzaq olmaq və çəkinmək lazımdır. Fövqəluca Allah belə insanlardan kənar gəzməyi və onların sözlərinə aldanmamağı, onların halını düşünməyi, əməllərindən çəkinməyi və onların xatirinə insanı Allaha yaxınlaşdıran şeylərdən boyun qaçırmamağı buyurmuşdur.
O, həmçinin qullarına Müqəddəs Quranla nəsihət verməyi, onlara xeyir verən şeyə onları dəvət etməyi, belə əməlləri onlara izah etməyi, onların gözəlliyini və onlarla əlaqədar yaxşı keyfiyyətləri xüsusilə vurğulamağı, həmçinin onları özlərinə zərər vura biləcək hər şeydən çəkindirməyi, hər insandan çəkinməsi tələb olunan yaramaz hərəkətləri və onlarla bağlı qüsurlu keyfiyyətləri onlara başa salmağı əmr etmişdir.
Bütün bunlar ona görə edilir ki, qulun əməlləri onu məhvə məhkum etməsin. Əgər o, günah işlədir və özünü təhlükəyə ataraq ötkəmliklə Qeybibilən Allahın əleyhinə çıxırsa, onda ona nəsihət vermək və xəbərdarlıq etmək lazımdır ki, o, sakitləşsin və itaətsizlikdən əl götürsün. Günahları onu hər tərəfdən bürüyərsə, onda məxluqlardan heç kim ona fayda verə bilməz. Nə qohumları, nə dostları Allahın yerinə ona himayəçilik etməzlər və Onun qarşısında ona havadar çıxmazlar. Hətta o özü cəzadan qurtarmaq üçün Yer kürəsi həcmində qızıl fidyə verməyə cəhd göstərsə də, bu ona heç bir fayda verməz, çünki ödəniş ondan qəbul edilməyəcəkdir.
Belə keyfiyyətlərə malik olan insanlar özlərini məhvə məhkum edir və hər cür xeyrə ümid bəsləməkdən məhrum olurlar və bunun səbəbi onların əməlləri və qazandıqlarıdır. Onların nəsibi son həddə qədər qızdırılmış qaynar su olacaqdır. O su onların üzünü yandıracaq, bağırsaqlarını dağıdacaq – kafir olduqları üçün onları işgəncəli cəzaya məruz qoyacaqlar.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(6.71) “De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilib” Ey Elçi! Allaha şərik qoşan müşriklər və Onun yerinə başqa tanrıçalara dua edənlər sizi öz dinlərinə çağırırlar və öz tanrıçalarının keyfiyyətlərini sizə izah edirlər. Axı onların haqqında bir xatırlatma bəs edər ki, ağıllı insan onlara ibadət etməkdən boyun qaçırsın. Dərrakəli insana müşriklərin baxışları ilə sadəcə tanış olmaq kifayətdir ki, hələ təkzibedilməz dəlillər əldə edilənə qədər, onların qüsurluluğuna əmin olsun.
Doğrudanmı onlar güman edirlər ki, siz Allahdan başqa hələ sizə kömək edə və ya zərər vura bilməyən məxluqlara ibadət edəcəksiniz? Bu keyfiyyətlər Allahdan başqa ibadət edilən məxluqların hamısına məxsusdur, çünki yaradılmışlar kiməsə özbaşına xeyir gətirməyə və ya zərər verməyə qadir deyillər. Kainatda baş verənlər onların sərəncamında deyil, çünki hakimiyyət bütövlükdə bir olan Allaha məxsusdur. Doğrudanmı onlar elə fikirləşirlər ki, O, sizi doğru yola yönəltdikdən sonra siz geriyə dönəcəksiniz? Doğrudanmı onlar elə düşünürlər ki, siz azğınlıq xatirinə hidayət yolundan əl çəkəcəksiniz və işgəncəli cəzalara aparan yollar xatirinə Cənnət bağları səadətinə aparan yoldan dönəcəksiniz? Ağlı başında olan adam heç vaxt bu seçimlə razılaşmaz, çünki belə edən şəxs şeytanların yerdə azdırdığı, düz yoldan çıxartdığı, arzu edilən məqsəddən uzaqlaşdırdıqları kəslər ola bilər ki, onlar xeyirlə şərin dəvətçiləri arasında tərəddüd içində qalaraq nə edəcəklərini bilmirlər.
Fövqəluca Allahın qoruduqlarından başqa yerdə qalan bütün insanların vəziyyətini belə səciyyələndirmək olar, çünki adamlar həmişə ziddiyyətli maraqlara malik olur və müxtəlif qüvvələrin təsiri altına düşürlər. Bir tərəfdən, onlar insanları doğru yolla getməyə və böyük yüksəkliklərə qalxmağa çağıran peyğəmbər təliminin, sağlam düşüncənin və qüsursuz təhtəlşüurun təsirini hiss edirlər. Digər tərəfdən isə onlar şeytanın, onun ardıcıllarının və öz nəfslərinin pislik törətmək çağırışının təsirinə məruz qalırlar. Bu amillər insanları azğınlığa itələyir və onları Cəhənnəmin lap dibinə sürükləyirlər. İnsanlar arasında elələri var ki, həmişə və ya əksər hallarda doğru yolu göstərənlərin çağırışlarını dinləyirlər. Onların arasında elələri də var ki, əksinə davranırlar. Elələri də var ki, hər iki çağırışa qulaq asırlar və bir- birinə zidd olan hər iki tərəfin eyni dərəcədə təsiri altındadırlar. Bu meyarı bildikdən sonra və ondan istifadə edərək xoşbəxt möminləri və bədbəxt günahkarları ayırd etmək mümkündür.
Allah qeyd edir ki, yeganə doğru yol, Onun Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dili ilə qanuniləşdirdiyi yoldur, çünki bütün qalan yollar azğınlığa və məhvə doğru aparır. Müsəlmanlara tövhidə etiqad etmək, dini hökmlərə və qadağalara riayət etmək və öz Rəbbinə ibadət etmək əmr olunmuşdur. Həqiqətən, bu, Allahın qullarına göstərdiyi ən əzəmətli və mükəmməl qayğısının təzahürüdür.