(7.196) “Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!”
Fövqəluca Allah Onunla bərabər məxluqlara dua edən müşriklərə müraciət edir. Bütlərin və bütpərəstlərin arasında böyük oxşarlıq mövcuddur, çünki onların hamısı Allahın qullarıdır və Onun iradəsinə tabedirlər.
Ey müşriklər! Əgər sizin bütləriniz doğrudan da, sizin iddia etdiyiniz kimi ibadətə layiqdirlərsə, onda onları köməyə çağırın və qoy onlar sizin dualarınıza cavab versinlər. Əgər onlar bunu etməsələr və siz də istədiyinizi ala bilməsəniz, onda bilin ki, siz yalan danışırsınız və Allaha böyük iftira atırsınız.
Həqiqəti aydınlaşdırmaq üçün sizin əlavə izahata ehtiyacınız yoxdur, çünki sizə öz “ilahlarınıza” baxmaq kifayət edər ki, onların sizə fayda verməyə qadir olmadıqlarını anlayasınız. Onlar yeriyə bilmirlər, çünki ayaqları yoxdur. Onlar tuta bilmirlər, çünki əlləri yoxdur. Onlar görə bilmirlər, çünki gözləri yoxdur. Onlar eşidə bilmirlər, çünki qulaqları yoxdur. Onlar insanın malik olduğu orqan və bacarıqlardan məhrumdurlar. Əgər onlar sizin dualarınıza cavab verməyə qadir deyillərsə, onda bu o deməkdir ki, onlar da sizin kimi qullardır. Bundan başqa, siz – daha kamil məxluqlarsınız və onlardan daha bacarıqlı varlıqlarsınız. Bəs niyə siz onlara ibadət edirsiniz?
Ey Peyğəmbər! Müşriklərə de: “Öz şəriklərinizlə birləşib, mənə pislik etməyə cəhr göstərin və ya zərər vurun. Tələsin və mənə möhlət də verməyin. Həqiqətən, siz mənə heç bir pislik edə bilməzsiniz, çünki mənə himayə edən Allahın Özüdür. O, mənim qayğımı çəkir, mənə əmin-amanlıq bəxş edir və məni pisliklərdən qoruyur. O, mənə haqq təlimdən, şəfa və nurdan ibarət olan Kitab nazil etmişdir. Onun nazil edilməsi Allahın seçilmiş qullarına göstərdiyi qayğısının təzahürüdür. O, niyyətləri, əməlləri və sözləri doğru olan bütün möminlərin Himayəçisidir”.
Fövqəluca Allah buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 2/257).
İman gətirmiş saleh insanlar Allahı özlərinə Hami seçmiş, Ona iman gətirmiş və təqva yoluna qədəm qoymuşlar. Onlar özləri üçün başqa himayədarlar axtarmamışlar və buna görə də Allah onlara hamilik etmiş, onlara lütfkarlıq göstərmiş və onlara dünyəvi və dini işlərində xeyir və nemət qazanmağa kömək etmiş və həmçinin onları hər cür bəladan qorumuşdur. O buyurur: “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (Həcc, 22/38).
Dostları ilə paylaş: |