(5.81) “Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, kafirləri özlərinə köməkçi və dost götürməzdilər. Lakin onların əksəriyyəti fasiqlərdir”. Allaha, Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilənə iman, qulu Allahı sevməyi, Onun sevimli qulları ilə dostluq etməyi və Ona iman gətirməkdən boyun qaçıran, Onunla düşmənçilik edən və günaha batanların hamısı ilə düşmənçilik etməyi zəruriləşdirir. Allahın düşmənləri ilə dostluğu rədd etmək, Ona məhəbbətin və Ona imanın labüd tələblərindəndir. Fasiqlər isə bu tələbləri yerinə yetirmirlər və bu o deməkdir ki, onlar Allaha inanmırlar. Onların əksəriyyəti Allaha itaətdən yayınırlar, Ona və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmək istəmirlər. Allahın düşmənləri ilə dostluq isə onların fasiqliyi və günahkarlığının ancaq bir təzahürüdür.
(5.82) “Sən hökmən yəhudiləri və müşrikləri möminlərin ən qatı düşmənləri kimi görəcəksən. Sən həm də mütləq görəcəksən ki, möminlərə məhəbbət bəsləyənlər arasında ən yaxın olanlar: “Biz xristianlarıq” – deyənlərdir. Bu ona görə belədir ki, onların təkəbbürlülük göstərməyən və Allahı sevən keşişləri və rahibləri vardır”.
(5.83) “Onlar Elçiyə nazil ediləni eşidərkən sən onların gözlərinin yaşla dolduğunu görərsən. Bu, onların haqqı tanıdıqlarına görədir. Onlar deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi şahidlərlə birlikdə yaz”.