(5.92) “Həm Allaha, həm də Elçisinə itaət edin və özünüzü gözləyin! Lakin üz çevirsəniz, bilin ki, Elçimizə düşən təkcə açıq-aydın ayələrimizi təbliğ etməkdir”
(5.92) “Həm Allaha, həm də Elçisinə itaət edin və özünüzü gözləyin! Lakin üz çevirsəniz, bilin ki, Elçimizə düşən təkcə açıq-aydın ayələrimizi təbliğ etməkdir”. Allaha itaət Elçiyə (ona Allahın salavatı və salamı olsun!) itaətdən heç nə ilə fərqlənmir. Allaha itaət edən Elçiyə (ona Allahın salavatı və salamı olsun!) də itaət edir. Elçiyə (ona Allahın salavatı və salamı olsun!) itaət edənlər isə əslində Allaha itaət etmiş olur. Bu o deməkdir ki, müsəlman Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmr etdikləri və dedikləri bütün işləri və sözləri qəlbi və bədəni ilə yerinə yetirməlidir. O, dinin, Allah və Onun məxluqları qarşısındakı vəzifələri ilə bağlı vacib (fərz) və nafilə (könüllü) hökmlərini yerinə yetirməli və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qadağan etdikləri hər şeydən uzaq durmalıdır.
Bütün dini hökmlərdən məhz bu hökm geniş mənaya malikdir. Çox asanlıqla əmin ola bilərik ki, bu hökm qəlb və bədənə aid nə kimi hökm və qadağalar varsa, özündə ehtiva edir.
Sonra Allah əmr edir ki, yaradılmışlar Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərməkdən çəkinsinlər, çünki itaətsizlik əsil bəladır və onun ardınca şübhəsiz bir ziyan gələcəkdir. Lakin əgər insanlar bu hökmləri və qadağaları qəbul etməsələr, bilməlidirlər ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara təkcə haqqı çatdırmaq əmr olunmuşdu və o, ona həvalə edilmiş vəzifəsini artıq yerinə yetirmişdir. Əgər onlar düz yolla getsələr, ancaq özləri üçün xeyirli olar və əgər günah etməyə başlasalar, təkcə özlərinə zərər vurarlar. Onlar Allahın Özü qarşısında cavab verməli olacaq, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə öz vəzifəsini artıq yerinə yetirmiş və onu layiqincə həyata keçirmişdir.
(5.93) “İman gətirmişlərə və xeyirxah işlər görmüşlərə, təqvalı olduqlarına, etiqad etdiklərinə və yaxşı əməllər işlətdiklərinə görə, əgər onlar bundan sonra yenə də təqvalı və imanlı qalmışlarsa və əgər onlar yenə də təqvalı olmuş və xeyirxahlıq etmişlərsə, onda onların (əvvəllər) nə yedikləri günah deyil. Axı Allah xeyirxahlıq edənləri sevir”. Çaxırın və sərxoşedici içkilərin qəti qadağası nazil edildikdən və bu əməllə bağlı qorxunc xəbərdarlıqdan sonra, bəzi möminlər, İslamı qəbul edəndən sonra çaxır içən və o, qadağan olunana qədər vəfat edən qardaşlarının vəziyyətinin necə olduğunu bilmək istəyirdilər. Allah onda bu ayəni nazil etdi və xəbər verdi ki, iman gətirmiş və xeyirxah əməllər işlətmiş möminlər haram edilənə qədər çaxır içdiklərinə və qumar oynadıqlarına görə sıxıntı çəkməyəcəklər.
Möminlərin əvvəllər yediklərinə görə günahları olmadığı haqqında xatırlatmanın həm sadalanan haram edilmiş ərzaq məhsullarına və həm də hər hansı digər qida maddələrinə aid olduğu üçün, Fövqəluca Allah bu ayənin mənasını dəqiqləşdirir və onu itaətsizlikdən qaçanlar və xeyirxah işlər görən və bu yoldan dönməyə qoymayan doğru əqidəyə malik olanlarla bağlayır. İnsanda bu keyfiyyətlərin özünü hərdən bir göstərməsi, onun günahlardan qaçmasına səbəb ola bilməz. O, ömrünün sonuna qədər belə qalmalı və daima yaxşılıqlar etməlidir, çünki Allah Yaradana səmimi ibadət edən və Onun qullarına kömək göstərən xeyirxah qullarını sevir.
Bu kəramətli ayə həmçinin qadağan olunması nazil edildikdən sonra haram ərzaq məhsulu yemiş və qadağan olunmuş işlər görmüş, lakin sonra günahını etiraf edərək Allah qarşısında tövbə etmiş, Ondan qorxmuş və yaxşı işlər görməyə başlamış insanlara da aid edilmişdir. Allah belə insanları bağışlayır və onları törətdikləri əməllərdən xilas edir.
(5.94) “Ey iman gətirmişlər! Allah, Onu görmədən Ondan qorxanları (və ya insanlardan gizlicə), əllərinizin və nizələrinizin çata biləcəyi ov ilə hökmən sınayacaqdır. Bundan sonra həddi aşanlara dəhşətli əzab hazırlanacaqdır”. Allah qullarına mərhəmət göstərərək, Onun yazdığı qədərə və taleyə uyğun olaraq nə baş verəcəyi haqqında xəbər verir. O, bunu ona görə edir ki, qulları Ona itaət etsinlər və şüurlu surətdə davransınlar, həlak olanlar da bunu aydın başa düşsünlər və sağ qalanlar da öz qismətini tam bilərək yaşasınlar.
Allah möminlərə xəbər verir ki, onların imanını mütləq sınaqdan keçirəcək. Lakin O, Öz lütfkarlığı sayəsində bu sınağı asan etmişdir. Söhbət ovla bağlıdır. İnsanlar onu əllə tuta və ya öz nizələri ilə ovlaya bilərlər. Sınaq ancaq bu halda əhəmiyyət kəsb edir, çünki ov heyvanı insanın onu tuta bilməyəcəyi və ya silahla vura bilməyəcəyi uzaq məsafədə olsaydı, onda belə sınaq öz əhəmiyyətini itirərdi.
Sonra Allah bildirir ki, belə azdırma və sınaqlar Ona Öz qullarını elə ayırd etməyə imkan verir ki, onların həm özləri üçün bu aydın olsun və həm də qullarının bəzilərini mükafatlandırsın və bəzilərini də cəzalandırsın. Bunun sayəsində Allah ondan qorxanları və haram əməllər işlətmək imkanı olduğu halda onlardan çəkinənləri tanısın. Belə insanları Allah böyük səxavətlə mükafatlandırır. O, həm də təklikdə qalarkən öz Rəbbindən qorxmayan, sadəcə, özünü insanlar qarşısında Ondan qorxan kimi göstərənləri üzə çıxardır. Onlar məxluqlar qarşısında qorxduqlarına görə belə rəftar edirlər və heç bir mükafata layiq deyillər.
(5.95) “Ey iman gətirmişlər! Ehramda olarkən ovlanmasına yol verilən heyvanı öldürməyin. Əgər sizdən kimsə qəsdlə onu öldürərsə, kəffarəsi tələf etdiyi heyvana bərabər olmalıdır. Bu barədə (qurbanlıq heyvanın ovlanana bərabər olması haqqında) qərarı sizdən iki nəfər ədalətli kişi çıxarır və o qurbanlıq Kəbəyə çatdırılmalıdır və yaxud günahın yuyulması üçün kasıblar yedizdirilməli və ya bərabər miqdarda oruc tutulmalıdır ki, (günahkar) əməlinin ziyanını dada bilsin. Allah keçmiş günahları bağışlayır, lakin kimsə buna qayıdarsa, Allah ondan qisas alar. Allah Qüdrətlidir və Qisasalandır”. Allah, həcc və ya ümrə ziyarəti zamanı ehramda olarkən ovlanmasına icazə verilmiş heyvanı öldürməyi haram etmişdir. Bu qadağan ovlanmasına yol verilən heyvanların öldürülməsinə səbəb olan istənilən əmələ şamil edilir və buna görə zəvvar ehramda olarkən ovda iştirak edə, onu nişan verə, göstərə və onun öldürülməsində yardımçı ola bilməz. Bundan başqa, o, onun üçün tutulmuş və ya öldürülmüş ovu yeyə bilməz. Bir sözlə, ehramda olan müsəlmana, ehrama girənə qədər ovlanmasına yol verilən heyvanları öldürmək və ya ovlamaq qadağan edilir və bu qadağa bu əzəmətli mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.
Əgər zəvvar ov heyvanını qəsdlə öldürərsə, onda o, kəffarə ödəmək məqsədilə bir baş dəvə, inək və ya qoyun kəsməli və sonra onu qurbanlıq kimi paylamalıdır. Qurban kəsilən heyvan ovda öldürülənə oxşamalı və bu barədə hökm verənlər iki nəfər ədalətli, dini qanunları və heyvanların oxşarlığını ayırd edə bilən müsəlman olmalıdır.
Həm də bu məsələdə səhabələrin rəylərinə istinad olunmalıdır. Onlar müəyyən etmişlər ki, göyərçinin öldürülməsinə görə - qoyun, dəvəquşuna görə - dişi dəvə, vəhşi inəyin öldürülməsinə görə isə inək qurban kəsilməlidir. Beləliklə, hər öldürülən heyvan üçün ona bərabər qurban kəsilməlidir. Əgər öldürülən heyvanın heyvanlar arasında bənzəri yoxdursa, onda onun kəffarəsi kimi, onun dəyəri ianə edilir. Bu qayda məhv edilmiş istənilən mülkiyyətə aid edilir.
Əgər zəvvar bu günahını yumaq üçün qurban verməyə hazırlaşırsa, o, qurbanlıq heyvanı Məscidülharamda kəsməlidir. Öldürülmüş heyvanın oxşarı olan heyvanı qurban vermək əvəzinə kasıbları yedizdirməyə icazə verilir. İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, qurban kəsilməli heyvanın növü müəyyənləşdirildikdən sonra, zəvvar onun dəyəri miqdarında ərzaq məhsulları almalı və hər bir kasıba əla növlü bir mudd buğda və ya başqa növ ərzaqdan yarım saa verməlidir. Bunun əvəzində, zəvvara, yedizdirməli olduğu hər kasıb üçün bir gün oruc tutmasına icazə verilir. Bu əvəzetməyə ona görə icazə verilir ki, insan törətdiyi əməlin nə dərəcədə ziyanlı olduğunu dərk edə bilsin.
Bu ayədə ovlanmasına icazə verilən heyvanın təkcə qəsdən öldürülməsi xatırlanır, hərçənd zəvvar heyvanı səhvən belə öldürərsə də, törətdiyi əməlin əvəzini ödəməlidir. Bu qayda, insanların toxunulmaz olan sağlamlığına və ya əmlakına zərər vuran şəxslərin hamısına şamil edilir. Əgər bir adam, heç bir haqqı olmadan şüurlu surətdə bir başqasını şikəst edərsə və ya onun malını məhv edərsə, o, törətdiyi əmələ görə məsuliyyət daşıyır və buna görə Allah belə hallar üçün müvafiq cəza və əvəz müəyyənləşdirmişdir. Əgər insan bu əməli qəsdlə etməmişdirsə, onda o, ancaq etdiyinin əvəzini verir, cəza isə almır. İslam alimlərinin əksəriyyəti bu rəyi dəstəkləyirlər. Buna baxmayaraq, bu ayənin aydın mənasına istinad edən ən səhih rəyə görə, ovlanmasına yol verilən heyvanın qərəzsiz öldürülməsi günah deyil və ona görə zəvvardan günah yuyan əməllər yerinə yetirməsi tələb olunmur.
(5.96) “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!” Ovlanan heyvanlara həm quruda və həm də dənizdə yaşayan heyvanların aid olduğunu nəzərə alaraq, Fövqəluca Allah ovlanan dəniz heyvanlarını istisna edir və ehramda olarkən onları ovlamağa icazə verir. Ovlanan dəniz heyvanları adı altında diri dəniz heyvanları, dəniz qidası adı altında isə dənizin ölü məskunları nəzərdə tutulur. Bu o deməkdir ki, dəniz cəmdəkləri (leşləri) ilə qidalanmaq olar. Allah bu nemətlərlə qidalanmağı insanlara ona görə icazə verir ki, onlar öz həmkarları ilə birlikdə bundan faydalana bilsinlər. Lakin onlara quru ərazidə ehramda olduqları müddət ərzində ov etmək qadağan olunmuşdur.
Ərəb sözü olan “seyd”-i (“ov qəniməti”) leksik baxımdan təhlil edərkən nəzərə almaq lazımdır ki, burada söhbət ancaq vəhşi heyvanlardan gedir, çünki ev heyvanlarını ovlamırlar. Bunlar, ətinin yeyilməsinə icazə verilmiş heyvanlar olmalıdır, çünki ətinin yeyilməsi haram edilmiş heyvanları ov heyvanı adlandırmaq olmaz.
Bunu izah etdikdən sonra Allah insanlara əmr edir ki, dini hökmləri yerinə yetirərkən və Onun qadağalarını pozmaqdan çəkinərək, Ondan qorxsunlar. İnsanlara bunu başa düşməyə, onların Onun hüzurunda toplanacaqları xəbəri kömək göstərə bilər və o zaman O, Allahdan qorxan təqvalıları hədiyyələrlə mükafatlandıracaq və belə olmayanları isə cəzaya layiq görəcəkdir.
(5.97) “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!” Fövqəluca Allah xəbər verir ki, Beytülhəram insanlar üçün istinadgahdır, çünki ona ehtiram göstərməklə onlar öz ruhani və dünyəvi əmin-amanlığının qayğısına qalırlar, İslama olan bağlılıqlarını kamilləşdirir və günahlarının yükündən xilas olurlar. Beytülharama ziyarətə gedərək insanlar çoxlu mükafata və böyük nemətlərə nail olur, öz mallarını qurban verir və böyük çətinliklərin üstündən adlayıb keçirlər. Müxtəlif millətlərdən olan müsəlmanlar ən geniş yollarla axın kimi oraya axışıb gəlir, bir-biriləri ilə tanış olur, bir-birilərinə kömək edir, birlikdə ümumi problemləri müzakirə edir və onlara dini və dünyəvi işlərində faydalı olan möhkəm əlaqələr yaradır. Fövqəluca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər)...”(Həcc, 22/28).
Kəbənin insanlar üçün istinadgah olmasına görə bəzi alimlər hesab edirdilər ki, hər il həccə getmək bütün müsəlman milləti üçün məcburi hökmdür və əgər müsəlmanlardan heç kim həccə getməsə, buna görə ziyarətə getməyə imkanı olan hər bir kəsin üstünə günah düşəcəkdir. Bundan başqa, əgər müsəlmanlardan heç kim həccə getməsə, onda onlar öz istinadgahından məhrum olarlar və belə olduqda, Qiyamət günü başlayar.
Qurbanlıq heyvanlar və ən layiqli qurban sayılan boyunbağı taxılmış heyvanlar da həmçinin insanların istinad edəcəkləri vasitələrdəndir, çünki o heyvanlar onlara böyük fayda və nəhəng mükafatlar gətirəcək. Allah bu hökmləri ona görə vermişdir ki, onlar yerdə və göydə olan hər şeyin Ona məlum olduğunu başa düşsünlər. O, Müqəddəs məscidi Öz qullarının xeyri üçün yaratmışdır. Axı, Ona məlum idi ki, o, onlara dini və dünyəvi işlərində fayda gətirəcəkdir.