(5.84) “Biz niyə də Allaha və bizə gələn haqqa iman gətirməyək? Axı istədiyimiz Rəbbimizin bizi mömin insanlarla birlikdə Cənnətə daxil etməsidir”. Fövqəluca Allah insanlardan müsəlmanlara daha yaxın olanların kimlər olduğunu və onlarla daha tez dostluq etməyə və onları sevməyə hazır olduqlarını və kimlərin də bundan uzaq olduqlarını izah edir. Yəhudilər və müşriklər İslamın və müsəlmanların ən qatı düşmənləridir və onlar müsəlmanlara hamıdan çox ziyan vurmağa can atırlar. Bunun səbəbi onların müsəlmanlara bəslədikləri nifrətdə, özlərinin zalımlığında, paxıllığında, inadkarlığında və kafirliyindədir. Müsəlmanlara daha yaxın olanlar isə özlərini xristian adlandıranlardır. Fövqəluca Allah bunun bir sıra səbəblərini bildirir.
Birincisi, keşişlərin və rahiblərin, yəni onların alimlərinin və tərkidünya həyat tərzi sürən adamlarının arasında hücrə və monastırlarda özlərini ibadətə həsr edənlər vardır. Biliklər, tərkidünyalıq və ibadət insanın qəlbini yumşaldır və xeyirxah edir və həm də onu kobudluqdan və amansızlıqdan xilas edir. Buna görə keşişlərə və rahiblərə yəhudilərin kobudluğu və müşriklərin rəhmsizliyi xas olan sifət deyil.
İkincisi, onlar haqq qarşısında təkəbbürlük etmirlər və öz dikbaşlıqları üzündən haqqa itaətdən yayınmırlar. Bu keyfiyyətlər onları müsəlmanlarla yaxınlaşdırır və onlara bir-biri ilə tez dostlaşmağa imkan verir. Həqiqətən, təvazökar insan xeyirxahlığa təkəbbürlü lovğadan həmişə yaxındır.
Üçüncüsü, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilən vəhylər onlara elə təsir göstərir ki, onlar o ayələrin qarşısında mütiləşir və gözləri yaşla dolur. Onlar qəti əmin olduqları haqqı eşidərək ona iman gətirir və onu qəbul edirlər. Onlar Allaha dua edirlər ki, onları da şəhadət verənlər kimi qəbul etsin.
Bu şahidlər – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ardıcıllarıdır. Onlar Allahın Vahidliyi və Onun bütün elçilərinin peyğəmbərliyinə şəhadət gətirirlər. Onlar elçilərin gətirdiklərinin hamısının doğru olduğunu təsdiq edir və əvvəlki xalqların lehinə və ya əleyhinə şahidlik edirlər. Onlar, şahidlikləri qəbul edilən ədalətli insanlardır. Fövqəluca Allah buyurur: “Biz sizi orta yolu tutan ümmət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Elçi isə sizə şahidlik etsin...”(Bəqərə, 2/143).
Onlar sanki ləngimədən iman gətirdiklərinə görə onları qınayanların ittihamına cavab verərək, belə deyirlər: “Bizə Rəbbimizdən şübhə edilməsi mümkün olmayan haqq gəldiyi zaman Allaha iman gətirməyimizə nə mane olur ki? Biz iman gətirdik, haqqa itaət edirik və Allaha dua edirik ki, bizi möminlərlə birlikdə Cənnət bağlarına daxil etsin. Niyə biz bunu etməməliyik? Məgər bizdə kifayət qədər səbəblər yoxdurmu ki, ləngimədən iman gətirək və hamısından geriyə qalmayaq?”