(6.85) “Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi”. Doğru yolla aparılanlar arasında Zəkəriyyə (ə), onun oğlu Yəhya (ə), (Məryəm oğlu) İsa (ə) və İlyas (ə) da vardı. Onların hamısı mömin insanlardılar, çünki öz keyfiyyətlərinə, əməllərinə və biliklərinə görə fərqlənirdilər. Bundan başqa, onlar möminlərin təqlid edilməyə layiq olan başçıları və rəhbərləri idilər.
(6.86) “Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq”. Allah İsmaili (ə) də doğru yolla aparmışdı. O (ə), İbrahim peyğəmbərin (ə) oğlu və yerdə yaşayan xalqların ən şərəflisi olan ərəblərin ulu babası idi və onun birbaşa nəslindən olan isə Adəmin bütün oğullarının ağası Muhəmməd Peyğəmbərdir (ona Allahın salavatı və salamı olsun!).
Eləcə də Yunus – Mattanın oğlu və Lut – Haranın oğlu və İbrahim peyğəmbərin (ə) qohumu36 doğru yolla getdilər. Onlar, Allahın başqa insanların üzərində ucaltdığı peyğəmbərlər və elçilər idilər.
Bilmək lazımdır ki, Fövqəluca Allahın aşağıdakı ayəsində xatırlanan dörd üstünlük dərəcəsi vardır: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 4/69).
Bu ayələrdə adları keçən qullar ən yüksək dərəcəyə mənsubdurlar. Bundan başqa, onlar Allahın elçiləri arasında ən ləyaqətliləridir, çünki Allahın Öz Kitabında xəbər verdiyi elçilər, Onun tarixçələrini danışmadığı elçilərdən üstündürlər və buna heç bir şübhə yoxdur.
(6.87) “Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik”.