(6.101) “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!” Allah göyləri və yeri mükəmməl biçimdə yaratmışdır. O, onları bütün başqa məxluqlarına bənzər etməmiş, onlara gözəl sima vermiş və onlarda mütləq qaydalar qoymuşdur. Hətta ən dərin zəka sahibləri də bunlardan daha gözəl, heyranedici şeylərin oxşarını belə yarada bilməzlər. Allah isə onları heç bir nümunə olmadan, kiminsə iştirakı olmadan, təkbaşına yaratmışdır.
Mütləq Rəbb olan və heç nəyə ehtiyacı olmayan Allahın uşağı necə ola bilər? Onun zövcəsi yoxdur, O, Öz yaratdıqlarına möhtac deyil, amma onların hamısı bütün hallarda Ona kəskin ehtiyac duyurlar. Uşaq hökmən öz valideyninə oxşamalıdır. Allah isə bütün varlığın Xaliqidir və yaratdıqları arasında eləsi yoxdur ki, Onun ilahi sifətlərindən heç olmazsa birinə oxşar sifətə malik olsun.
Bütün məxluqların Onun tərəfindən yaradıldığını xatırlatdıqdan sonra, Allah Özünün hərşeyiəhatəedən elmi haqqında xəbər verir. Bu barədə yaradılışdan sonra yada salma özlüyündə Allahın elminin lehinə olan məntiqi dəlillərdəndir, çünki Kainatda mövcud olan mükəmməl intizam və məxluqlarının valehedici görünüşü Yaradanın hüdudsuz biliyinə və Onun müdrikliyinin kamilliyinə sübutdur. Fövqəluca Allah buyurur: “Məgər Yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (Mülk, 67/14);
“...Əlbəttə (qadirdir). (Hər şeyi) Yaradan, (hər şeyi) Bilən Odur!” (Yasin, 36/81).
Budur məxluqları yaradan və hadisələri öncədən müəyyənləşdirən Allah!