ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   2   3   4   5   6   7   8   9   ...   20

Maşallah XUDUBƏYLİ, 
tədqiqatçı-jurnalist 
 
SƏRRAF ŞİRUYƏ 
 
Uşaqlıq illəri ömrün ən təmiz, ən büllur vaxtlarıdı. Hə-
yatın  bir-birindən  təlatümlü  axar-baxarından  keçməmiş, 
könül  dəftərinin  ləkəsiz,  boyasız  vərəqlərinə  yazılanların 
hamısı şirin bir xatirə kimi ömür boyu unudulmaz olur.  
Dünya  görmüş  müdriklərin: –  “İnsanın  gələcək  həyat 
yolu  uşaqlıqdan  bəllidir”  fikrinə  mən  həmişə  tərəfdar  ol-
muşam. Və sən demə, zənnimdə yanılmamışam. Çünki öm-
rümün ən qayğılı çağlarında qələm-dəftərə sarılmaqla təsəl-
li tapmış, daxili duyğularımı onunla izhar etmişəm. 
Ulu  Göyçənin  bəxtəvərli  günlərində,  qohum-qonşunun 
çal-çağırlı  məclislərində  görüb-götürdüklərim  sonralar 
sənət  yollarındakı  axtarışlarımda  daim  gərəyim  olub.  Belə 
ki, o vaxtlar əlim təzəcə qələm tutanda eşitdiklərimə biganə 
qalmaz,  xəlvəti  də  olsa  məni  tutan  hər  hansı  bir  hikməti, 
ibrətamizliyi,  hətta  ən  adi  bir  misranın  timsalında  da  olsa 
cib dəftərimə yazar, uşaqlığımın “Sandıq ədəbiyyatı”na da-
xil edərdim.  
Yenə  o  qədim  diyarın  el-obası  yerində  olduğu  günlər-
də, arif-qanan məclislərinin birini aşıq aparırdı. Onun “Orta 
Sarıtel”  üstündə  oxuduğu  “Bu  fələknən  nərd  atasan” 
misrası  ilə  başlayan  gəraylı  ilk  eşidimdəcə  uşaqlıq  diq-
qətimi bütünlüklə özünə cəlb elədi. Onu sona qədər beləcə 
dinləməli oldum.  
 
Bu fələknən nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola. 

 
33 
 
Söz yığasan demək üçün
Dost tapasan kömək üçün,  
Bu dünyanı yemək üçün, 
Ağlın, huşun dərin ola. 
 
Ürəyini bənd etməyə, 
Ləblərini qənd etməyə, 
Zülfünü kəmənd etməyə, 
Mələk misal pərin ola. 
 
Ay Şiruyə, al geyəsən,  
Yaman gözə gəlməyəsən, 
Bir deyənə beş deyəsən, 
Arxanda bir nərin ola. 
 
Dinlədim  və  yadımda  qalan  bəzi  misraları  hafizəmdən 
dəftərçəmə köçürdüm. 
“Söz yığasan demək üçün” misrasını bir neçə dəfə öz-
özümə pünhanca pıçıldadım: 
 –  “Nə  yaxşı  deyib  Şiruyə”  –  fikirləşdim  özlüyümdə. 
“Deməli,  söz  yığmaq  yaxşı  şeydi  ki,  onu  sonralar,  yeri 
gəldikcə işlədəsən…” 
Bax,  beləcə  də,  elə  o  vaxtdan  həyat  dəftərimin  səhifə-
lərinə gələcək günlərimdə izinə düşəcəyim bir şairin də adı, 
ünvanı yazıldı… 
 
Ataların dürr sözüdür: 
Ağ gün ağardar insanı, 
Qara gün çəkər qaraya, 
Yəqin qaraldar insanı. 
 

 
34 
Yaxşı insan könül yapar, 
Şər deyəni şər də tapar, 
Babalardan bir söz də var: 
Zəhmət ucaldar insanı. 
 
Ay Şiruyə, çəkmə aman, 
Mətləb üstə yaxşı dayan. 
Yağlı gəlir, şöhrətlə şan
Bəzən qudurdar insanı. 
 
İlk baxışda adi səslənən bu sadə misralar kiməsə məna 
çalarında  olduğu  kimi  görünməyə  də  bilər.  Lakin  yadda 
saxlamaq  lazımdır  ki,  el  sənətinin  gözəlliyi  onun  sadə  de-
yimlərinin fövqündə mənalı fikirlərin tərənnümü ilə sıx su-
rətdə  bağlıdır.  Xalqa,  elə,  obaya  bağlı  sənət  zərrələri  hə-
mişə  “mürəkkəb  ifadə”  xatirinə  deyilən  ibarəlikdən  uzaq 
olmuşdur. 
Şiruyənin  yaradıcılığı  da  belədir.  Göyçə  ədəbi  mühi-
tindən  qaynaqlanan  bu  misraların  ən  dəyərli  cəhəti  onun 
yaddaqalımlığıdır.  Əgər  şifahi  deyim  və  ya  avazdakı  ifa 
tərzində  eşitdiyin  qoşqulardan  bir-iki  misra  belə  yaddan 
çıxmayacaq  qədər  hafizəndə  həkk  olunursa,  deməli  o  təb-
liğə layiqdir. 
Sərraf Şiruyənin bütün mövzuları həyatilik baxımından 
ünvanlıdır. Hələ gəncliyindən bir əhli-hal müdrikliyinə xas 
olan  təbiətindəki  müdriklik  onun  yaradıcılığında  da  öz  ək-
sini tapır. Nə deyirsə, aqillərin kamalına söykənir, nə yazır-
sa, hər kəlməsində qananların ürəyinə yol tapır. 
Belə  hallarda  Sərraf  Şiruyə  bir  sənətkar  kimi  zamanın 
nəbzini  tutmağa,  onun  əhvali-ruhiyyəsinə  şərik  olmağa 
çalışır. Və əksər hallarda buna nail olur. 

 
35 
El təəssübü, Vətən qeyrəti, torpaq istəyi! Bütün bu bə-
şəri  ideyalar  bir  fərdin  mərdliyi,  mübarizliyi  və  üzüdön-
məzliyi  timsalında  təşəkkül  tapır,  şairin  özünəməxsus  de-
yim tərziynən qafiyələr axınında Vətən övladlarının çağırış 
harayına dönür. 
 
Hünər meydanına çağırın eli, 
Hər körpə uşağı gərəkdir bizə. 
Hiyləgər qurdlardan qorunmaq üçün, 
Çobanın çombağı gərəkdir bizə. 
 
Aqil ataların nəsihətləri, 
Alimin, şairin dilavərləri. 
İgidlər hünəri, ərlər hünəri, 
Köhləni, yarağı gərəkdir bizə. 
 
Əqidə birliyi, məslək birliyi, 
Həqiqət birliyi, dilək birliyi, 
Sədaqət birliyi, ürək birliyi, 
Birliyin bayrağı gərəkdir bizə. 
 
Gərəyə gəlmirsə, əl bizim deyil, 
Birliyi olmayan el bizim deyil, 
Heç kim ayrılığa salmasın meyil, 
Birliyin qaynağı gərəkdir bizə. 
 
Nə aman yeridi, nə ün yeridi, 
Nə qeybət yeridi, nə kin yeridi
Şiruyə, Vətənin çətin yeridi, 
Tərlanlar caynağı gərəkdir bizə. 
 

 
36 
Əgər bu və ya başqa bir sənətkar yaşadığı mühitdə Və-
tən adlı dünyasının mövcud hadisələrindən kənarda qalırsa, 
beləsinin yaradıcılığı bəşəri amallara qovuşa bilməz. 
Sərraf  Şiruyə  bu  fərdilikdən  uzaqdır  ki,  onun  misrala-
rındakı mənalar da, ümumbəşəri ideyalarla çulğaşır. 
Şair  olan  kəs  hansı  mövzuya  üz  tutsa,  onun  qayəsi 
müəllifin  həyat  amalına,  onun  fərdi  ideyasına  xidmət  edə-
cəkdir. Özü bunu istəsə də, istəməsə də, bu yaradıcılıq prin-
sipinin qanunauyğunluğundan kənara çıxa bilməz. Deməli, 
xarakter hər kəsin dilindən və əlindən çıxan, qəlbinin dərin-
liklərindən  süzülüb  gələn  nişanələrində  öz  təsirini  göstər-
məmiş  deyil.  Təkcə  bir  şərtlə  ki,  sənətkar  həyatda  olduğu 
kimi, sənət tərənnümlərində də eləcə görünsün, eyni amala 
xidmət eləsin. 
Əks  təqdirdə,  belə  sənət  nümunələri  səmimiyyətdən 
uzaq  olar.  Bu  mənada  Şiruyə  müəllimin  şeirlərində  bir 
təbiilik  mövcuddur.  Göyçə  ədəbi  mühitinə  xas  olan  örnək 
dərsinin  təsirilə,  onun  şəxsi  xarakterindəki  əlamətlərinin 
vəhdətindən  yaranan  bu  şeiriyyət  vərdişi  onun  yaradı-
cılığına öz təsirini göstərmişdir. Həm də belə hallarda şairin 
söz inciləri tərəddüddən uzaq olur.  
Vətənpərvərliyində 
dönməzlik, 
nəsihətamizliyində 
müdriklik,  məhəbbətində  çəkdiyi  əzabları  özünə  xoş  bil-
mək, təmiz eşqin səmimi etirafı, sevgi zülmünün bolluğun-
dan həzz almaq kimi aşiqlik vərdişi… 
 
Yar sevincdə, yar şadlıqda, mən qəmdə, 
Könlüm üçün bu da əziz, bu da xoş. 
Od tutmuşam, bir afətin eşqindən, 
Yanmalıyam bu atəşə, oda xoş. 
 
 

 
37 
Nə xoşbəxtəm, olduğumtək duyulsam, 
Yar əliynən neştərlənib soyulsam. 
“Of” demərəm yüz yerimdən oyulsam
Yar çəkdirən xata, bala, qada, xoş. 
 
Şəxsi mütaliəsi sayəsində klassik ədəbiyyatımızın qay-
naqlarından bəhrələnən Şiruyə Həsənoğlu bu nəzəri axtarış-
larından  faydalandıqca,  şeirlərinə  yeni  kamillik,  qafiyə-
lərinə axarılıq gətirmişdir. Türk dünyasının böyük sənətkarı 
Qaracaoğlanın  solmaz  inciləriynən  səsləşən  rədif-qafiyələ-
rindəki məna və məzmun vəhdəti də bununla həmahəngdir. 
 
Min bir nazla baxan gözəl,  
Bir də mənə baxmazmola, 
Qara qaşlar ədalanıb, 
Ürəyimi yaxmazmola. 
 
Bal dodağın gülüşləri, 
Şirin-şirin öpüşləri. 
Yarın asta yerişləri, 
Biz tərəfə axmazmola. 
 
Atamı əhdi, peymanı, 
Satamı dini, imanı. 
Bəs onda eşqi, hicranı, 
Şiruyəni yıxmazmola?! 
 
Şiruyə  müəllimin vətənpərvərlik ruhunda pərvəriş tap-
ması,  bu  amallar  üstündə  boya-başa  yetib  əhli-hallar  cər-
gəsinə  qarışması  bir  şair  kimi  onun  yaradıcılığında  ayrıca 
yer  tutur.  Qədim  azəri  ellərimizin  halal  ocaqlarından  olan 
ulu Göyçədə dünyaya gəlib ilkin dərsini o sazlı-sözlü diyar-

 
38 
dan alan şairin sonrakı doğma Qarabağımızla, böyük Niza-
mi  Gəncəvinin  təbirincə  “Yazı  da,  qışı  da  gül,  çiçək  olan” 
Bərdə obasındakı həyatı ilə bağlı Vətən ayrılmazlığı, torpaq 
bütövlüyü  onun  qələmində  səmimi  canıyananlıqla  təsvir 
edilir. 
 
Qoşalaşıb həsrətimin düyünü, 
Biri Qarabağdı, biri də Göyçə. 
İki nisgili var qəmli könlümün, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Biri sol qolumdu, biri sağ qolum
Biri sol yolumdu, biri sağ yolum, 
Mənim aran yolum, mənim dağ yolum, 
Biri Qarabağdı, biri də Göyçə.  
 
Sərraf Şiruyəyəm, bu bir cüt sözüm, 
Bu bir cüt sevgilim, bu bir cüt gözüm. 
Bu bir cüt müqəddəs ocağım, közüm, 
Biri Qarabağdı, biri də Göyçə.  
 
Şiruyə  müəllimin  mövzuları  çox  əhatəli  olduğu  kimi, 
onun  şeirləri  forma  baxımından  da  zəngindir.  Şifahi  xalq 
ədəbiyyatımızın  bitib-tükənməyən  söz  xəzinəsindən  mə-
nimsədiyi  sənət  dərsləri  öz  nəticəsini  verib.  El  deyim-
lərimizin  bütün  janrlarında  yazıb-yaradan  istedadlı  şair  bu 
sərnədə hansı yönə müraciət edibsə, məqsədinə nail olub. 
Şairin divaniləri silsiləsindən olan söz imkanlarının ka-
milliyi də bu sıradandır… 
 
Şölə çəkən bir şam idi, məşəl idi ürəyim, 
Təkcə sənə bağlanmışdı, təmiz arzu, diləyim. 

 
39 
Şöhrətlərə, sərvətlərə sən qul oldun, mələyim, 
Yad əliylə yad neştəri ürəyimə yeritdin.  
 
Düzüm-düzüm  qoşmalar,  gəraylılar,  təcnislər,  müxəm-
məslər,  divanilər,  yeddiliklər  müəllifi  olan  Sərraf  Şiruyə 
Həsənoğlunun  təcnisləri  oxunaqlıdı,  ürəyəyatımlıdır.  Azəri 
şeir dilinin ən maraqlı, zəngin və mürəkkəb formalarından 
olan  təcnis  deyimlərində  kamillik  məqsədinə  yetməyin  hər 
sənətkara  nəsib  olmadığını  yaxşı  bilən  Şiruyə  müəllim  bu 
məsuliyyətin öhdəsindən ustalıqla gəlir. Onun seçdiyi cinas 
qafiyələr  mənalıdır,  təmkinlidir.  Formanın  bütün  qanun-
larına  riayət edən şairin cinas qafiyələrindəki bu  əlamətlər 
onun  yaradıcılığına  bütövlük  gətirir.  Şair  bu  cinasların 
düzümündə  alınma  sözlərə  meyil  etmir,  sırf  azəri  dilinin 
zəngin  çalarına  məxsus  olan  sinonimlərdən  özünəməxsus 
ustalıqla yeni mənalar ala bilir. 
 
Ovu bərəsində vurmayan ovçu
Ha çalışsa, ovu gəlməz bir ələ. 
Adil hökmdarsan, ay Allah-taala, 
Möhtac qoyma sən bir əli, bir ələ! 
 
Günəş sönüb, bənzər olub Ay ağa, 
Bəxtim kimi qəddim düşüb ayağa, 
Günahkaram, qur divanı, ay ağa, 
Tök xəlbirə, əməlimi bir ələ. 
 
Şair eyni deyim üslubuna cığalı qafiyələrin tapıntısında 
da nail olub. Klassik el sənətimizin ustadlarına istinad edər-
kən  öz  yaradıcılıq  üslubuynan  cığalı  təcnislərindəki  nəsi-
hətamizlik meyarı diqqətdən yayınmır. Ondakı axıcılıq təzə 
cinas tapıntıların məna məqsədinə xidmət etməsilə bağlıdır. 

 
40 
 
Şeyda bülbül fəğan edir bağçada, 
Xəbər tuta, qönçə gülü oyana. 
Sərraf deyər, o yana,  
O odlana, o yana, 
Vüsal nəsib olmadı, 
Bisütunu oyana. 
İltimas eyləyin, aman günüdür, 
Qəmzəsilə bağrım başın oyana. 
 
Hər kimə taleyi, iqbalı yardı, 
Görərsən sevinci, kədəri yardı. 
Sərraf deyər, o yardı, 
O rəqibdi, o, yardı, 
Çəkdi qanlı neştəri, 
Kal yaramı o, yardı. 
Təbibim, loğmanım, dərmanım yardı, 
Naşı təbib, çək neştərin o yana. 
 
Ta  qədimdən  bəri  Göyçə  ədəbi  mühitinin  saz  şeiri  üs-
tündə bərqərar olub inkişaf etməsi tədqiqat aləminə çoxdan 
məlumdur. Amma necə deyərlər, “beş barmağın beşi də bir 
olmadığı”  kimi,  bu  mühitdə  yetişən  sənət  adamları  da  ya-
radıcılıq nöqteyi-nəzərindən fərqli olmuşlar. Onların dərini 
də  var,  dayazı  da.  Kamil  yaradıcılıq  imkanlarına  malik 
olanı da var, üzdən gedəni də. Bütün bunlar əvvəl də olub, 
indi də belədi. Bu gün yaradıcılığının ən gözəl dövrünü ya-
şayan, hər iki Vətən kəsiyindən, düşmən tapdağında inildə-
yən Göyçəsindən və sinəsi yaralı Qarabağından sarı gecəsi-
gündüzü  nigarançılıq  içində  keçən  Şiruyə  Həsənoğlu  müa-
sir yazarlarımız arasında öz yeri, öz dəst-xəti olan bir sənət-
kardır. Klassik ənənələrdən öz qədərincə yük tutmağı baca-

 
41 
ran şairin deyim tərzində öncüllər cərgəsində adı çəkilməyə 
layiq  olan  cəhətlər  çoxdur  və  onun  hər  biri  ayrıca  tədqiq 
olunmağa, təbliğ edilməyə layiqdir.  
Şiruyə  Həsənoğlu  şeirin  azman  sərnəsinə  qədəm  qoy-
duğu gündən məhdud çərçivəyə qapılmayıb. Şifahi deyim-
lərimizin  bütün  janrlarında  özünü  sınaqdan  çıxaran  el  sə-
nətkarı  yazılı  ədəbiyyatımızın  söz  dünyasında  da  şair  qə-
ləmiynən  neçə-neçə  sənət  inciləri  yaradıb.  Dedikcə  dila-
vərləşib,  yazdıqca  püxtələşib.  Onun  poemaları,  qəzəlləri, 
beşlikləri,  yeddilikləri  və  bu  kimi  müxtəlif  səpkili  şeirləri 
dolğundur, bitkindir.  
 
Xəzan vurub bağları, 
Ağla, bülbülüm, ağla, 
Solub gül yarpaqları, 
Ağla, bülbülüm, ağla. 
 
Xar tutub solu-sağı, 
Artıb hicranın dağı. 
Eşqimiz bizə yağı, 
Ağla, bülbülüm, ağla. 
 
Bu eldən bir ün keçdi
Taleyi küskün keçdi, 
Şiruyəyəm, gün keçdi, 
Ağla, bülbülüm, ağla. 
 
Şiruyə  müəllimin  bu  yeddiliyini  mənim  şəxsi  kitab-
xanamda  olan  “Ağlama,  bülbül,  ağlama”  kitabından  oxu-
yanda  həmin  kitabın  tərtibatı  ilə  bağlı  təəssüflərimi  istər-
istəməz yenidən təkrarladım. 

 
42 
1994-cü  ildə  “Gəncə”  nəşriyyatı  tərəfindən  20  çap  və-
rəqi həcmində dərc edilən “Ağlama, bülbül, ağlama” kitabı 
məna və məzmun baxımından nə qədər könül oxşayandırsa, 
tərtibat  baxımından  o  qədər  ürəyə  yatımsızdır.  Bu  barədə 
geniş izahata ehtiyac duymuram. Təkcə orası narazılıq üçün 
kifayətdir ki, ön sözün səhifəsinin ikinci üzündə (yeni sətir-
dən başlamaq əvəzinə) yeni səhifə açılmadan şairin şeirləri 
dərc edilib… 
Sonluqda  isə  böyük  bir  kitabın  içindəkilərdən  əsər-
əlamət yoxdur… 
“Ağlama,  bülbül,  ağlama”  şeir  toplusunun  dərcində 
müəllifə, oxuculara diqqətsizliyin bu kimi çox tərəfi var ki, 
şairin  qalan  kitablarında  bu  nöqsanları  hər  hansı  bir 
nəşriyyat tərəfindən təkrar edilməsini arzulamazdım… 
Və  elə  bu  yerdəcə  şairin  həmin  kitabda  ikicə  misrası 
gəldi dilimə: 
 
Könlümü anlayıb duymayanlara, 
Əlbəttə, naşıdan naşı deyirəm. 
 
Bax, beləcə onu dərindən duymayanlarla həyatda, sənət 
yollarında  və  ümumiyyətlə,  mənəvi  aləmdə  naşılarla  heç 
vaxt hesablaşmayıb Şiruyə müəllim. 
Adı  ulu  Göyçənin  klassikləri  sırasında  daim  hörmətlə 
çəkilən el sənətkarı Daşkəndli Həsən Xəyallının atalıq çeş-
məsindən  su  içib,  onun  yoluynan  inamla  addımlayan  şair 
oğlu Şiruyənin dili bu minvalnan şeirləşib, bayatılaşıb… 
 
Sərrafam, yara bax, 
Qəlbimdəki yara, bax, 
Mən can verrəm, yar deyə, 
Sən bəzənən yara bax. 
 

 
43 
Sərrafam, yarasına, 
Yar gərək yara sına. 
Yar gəlsin məlhəm qoysun,  
Eşqimin yarasına. 
 
Sərrafam, güldən əsər, 
Bağlaram güldən əsər. 
Bülbüldə günah yoxdu, 
Yamanlıq güldən əsər. 
 
Sərrafam, nərdən olar, 
Nər oğul, nərdən olar. 
Mayanı bada verən, 
Bir gün də nərdən olar. 
 
Şiruyə  Həsənoğlu  çoxlarının  yaradıcılıq  qismətinə  nə-
sib olmayan cığalı bayatılarında da klassik örnəklərə sadiq 
qalaraq ona yeni nəfəs gətirib.  
Şairin cinas düzümündəki fitri istedadının bəhrəsi olan 
qafiyələr  beləcə  axıb  onun  sinəsindən  kağızlara.  Məhəb-
bətin  tərənnümündən  mərdliyin  üzüdönməzliyinə  yan  alan 
cinasları bu qaydaynan oxşayar gözümüzü, könlümüzü.  
 
Əzizim, sinə bağı, 
Gəzmişəm sinə bağı, 
Əlimlə açılaydı, 
Sinənin sinə bağı. 
 
Əzizim, xalı yaxşı, 
Döşənib xalı yaxşı. 
Yarımın dodağı bal, 
Üzündə xalı yaxşı. 

 
44 
 
Əzizim, mərd əvəzi, 
Mərd igid mərd əvəzi. 
Yüz namərd ola bilməz, 
Eldə bir mərd əvəzi. 
 
Ömür  vəfa  edərsə  gələcək  günlərdə  yenidən  bu  möv-
zuya qayıtmaq ümidilə “Bir gövdənin birinci budağı” haq-
qında birinci yazımı burada saxlayıram, əziz oxucum! 
“Mənim sazlı-sözlü dünyam” (II kitab), 
Bakı, “Elm və təhsil”, 2010-cu il 
 
 
 

 
45 
Eldar İSMAYIL, 
Əməkdar jurnalist 
 
SÖZÜN QÜDRƏTİ – ŞAİRİN BÖYÜKLÜYÜ 
 
Bir dəfə tanınmış bir şairə keçmiş məktəb yoldaşı deyir 
ki,  şair,  mən  dərslərimdə  səndən  qabaqda  idim,  necə  oldu 
ki,  mən  şair  ola  bilmədim,  sən  oldun?  Şair  cavab  verir  ki, 
dostum, sənə dərs verən müəllimin adı Xəlil, mənim müəl-
limimin adı isə Cəlil idi. Şairin dostu təəccüb dolu bir nə-
zərlə onun üzünə baxır və soruşur;  
– Necə yəni, ikimizə də Xəlil müəllim dərs demirdi? 
–  Deyirdi,  –  deyə  şair  onun  sualını  cavablandırır.  An-
caq səndən fərqli olaraq, şairlik dərsini mənə ustadlar usta-
dı,  bir  adı  Cəlil  olan  böyük  Allahımız  keçib.  Dostu  şairin 
əlini sıxıb, ona öz razılığını bildirir. 
Söhbət əsl şairdən, əsl istedaddan gedir. Şairlik adı bö-
yük addır.  Bu adı  nümunə  olaraq  yaşatmaq bəzən hər şeir 
yazana  qismət  olmur.  Əsl  şair  şəxsiyyət  olmalıdı.  Onun 
məğrurluğu,  kişi  söhbəti  qələminin  ucuna  qanından  gəl-
məlidir.  Şair  dünya  varı  üçün  əyiləndə  onun  yazdıqları  da 
elin  nəzərində  öz  dəyərini  itirir.  Şairin  sözü  ilə  əməli  tən 
gələndə o, əbədiyaşarlıq qazanır.  
Sərraf  Şiruyənin  “Könlüm  Göyçəni  istər”  kitabının 
kompüter  variantı  qarşımdadır.  Şeirləri  oxuyandan  sonra 
mən öz yazıma yuxarıdakı sətirlərlə başladım. Şeirlərin ru-
hundan, cismindən süzülüb gələn şəhdi-şəkər kəlmələri, əl-
van  çalarları,  məna  dolğunluğunu  görüb,  duyub,  dərk  edib 
ilhamını haqqın qüdrəti ilə cilalamış Sərraf Şiruyənin yara-
dıcılığı  ilə  üz-üzə  dayandım.  Mən  şairin  yaradıcılığı  ilə 
uzun illər bundan əvvəl tanış idim. Onun aşıqlar tərəfindən 

 
46 
oxunan dillər əzbəri olmuş şeirləri məni həmişə özünə cəlb 
etmişdir. 
Bir  atalar  sözündə  deyilir:  “Ustad  oğlu  şəyird  olmaz”. 
Göyçə kimi  müqəddəs,  müqtədir bir sənət ocağında böyük 
sənətkarlarla  çiyin-çiyinə  duran  şair  Həsən  Xəyallı  kimi 
fitri  istedada  malik  bir  şairin  ailəsində  böyüyən,  canında 
onun qanını daşıyan Şiruyəni bir şair kimi başqa cür təsəv-
vür etmək də mümkün deyil. Sazın-sözün qədir-qiyməti hə-
mişə  uca  tutalan  bir  ailədə,  qətiyyətsiz  şair  olmaq  olmaz, 
ancaq Şiruyə olmaq mümkündür. 
 
Haqq nur verib diləyimə,  
Çatıb hər an gərəyimə.  
Şiruyəyəm, ürəyimə,  
Allahsızlıq qona bilməz. 
 
Şiruyənin lirikası oynaq, zərif, yığcam, mənalı və təra-
vətlidir.  Şair  hər  hansı  bir  şeirini  qələmə  alarkən  çətinlik 
çəkmir,  çünki  qaynar  təbi,  coşqun  ilhamı  həmişə  onun  ya-
nındadı.  Şair  şeir  yazmaq  xatirinə  masa  arxasına  keçmir. 
Göyçə  sənətkarlarına  məxsus  bir  təblə  şeirini  yolda-izdə, 
dağda-daşda,  çöldə-çəməndə,  daha  doğrusu,  harada  gəldi 
orada kağıza köçürür.  
Şiruyə  bədii  təsvir  vasitələrindən  yerində  istifadə  et-
məklə  yeni  söz  axtarışında  olan  və  ondan  zərgər  dəqiqliyi 
ilə istifadə edən şairdir. Qədim oğuz eli Göyçənin düşmən 
işğalında olması şairin ən böyük çəkilməz dərdidi. O, bir an 
da olsun Göyçə həsrətini  yadından çıxara bilmir. Od tutur, 
alışıb-yanır.  Vətən  deyəndə  ağzından  od  püskürür.  Şeir 
yazmaq xatirinə Vətən demir. Şiruyənin Vətən sevgisi Kə-
rəm yanğılı, Məcnun sevdalı bir istəkdir, məhəbbətdir.  
 

 
47 
 
 
 
 
Vətən, eyliyini unutsam əgər,  
 
 
Mənə oğul demə, mənə mən demə.  
 
 
Adına bir ləkə gətirsəm əgər,  
 
 
Haqlısan, döşündən süd əmən demə,  
 
 
Mənə oğul demə, mənə mən demə. 
 
Təbiidir,  gözəldir,  ürəkdən  gələn  deyimlərdir.  Şiruyə 
Göyçə  dərdini,  Zəngəzur,  Vedibasar,  Dərəçiçək,  Ağbaba, 
Qarabağ dərdindən ayırmır. Əvvəla bir şair kimi ixtiyarı da 
yoxdur. Namuslu şair, vətəndaş üçün Azərbaycanın hər qa-
rış torpağı eyni müqəddəsliyə söykənir. Şair öz əsərlərində 
uzun  illərdən  bəridir  ki,  itən  torpaqlarımızı  ürək  ağrısı  ilə 
xatırlayır və bu torpaqlar uğrunda çarpışmadığımız təqdirdə 
özünü qınayır. Daha doğrusu haray çəkib bütün xalqı oyan-
mağa çağırır. Nə deyəsən, haqlı söz üçün, şair qınağı haqq 
qınağıdır.  
 
 
 
 
Yoxdur hünərimiz sevinmək üçün,  
Döyüş paltarını geyinmək üçün, 
Yadlar qabağında öyünmək üçün, 
Allah, bu millətin dili qalıbmı?! 
 
Kitaba  salınmış  poema  rus-erməni  istilaçılarının  birgə 
xəyanəti  nəticəsində  biz  türklərin  başına  gətirilən  bəlalar 
yanğı  ilə  qələmə  alınır  və  bundan  nəticə  çıxarmağın  va-
cibliyi ortaya qoyulur. Zaman-zaman müəyyən coğrafi əra-
zidə yaşamış xalqın dilində səslənən yer-yurd adları, o tor-
pağın əzəli sakinlərinin kimliyini təsdiq edir.  
Müxəmməs üstündə yazılmış “Yaraşır” başlıqlı iri həc-
mli şeir (həcminə görə poema da adlandırmaq olar) şairin 

 
48 
doğulduğu  Daşkənd  kəndinə  həsr  olunmuşdur.  Əsər  boyu 
oxucu dağ, təpə, dərə, çay, bulaq, qaya adları ilə tanış olur. 
Hətta Daşkəndin örüşündə bitən çeşidli bitki adları da unu-
dulmur. Bütün bunlar şairin düşmən əlinə keçmiş vətəninə, 
onun varlığına, naz-nemətinə olan məhəbbətinin təcəssümü 
olsa da, bugünkü oxucu üçün, gələcək nəsillər üçün nə qə-
dər  maraqlı  və  gərəkli  olacağını  dərk  etməmək  mümkün 
deyil.  
Klassik  aşıq  poeziyasından,  zəngin  folklor  nümunələ-
rindən  bəhrələnən  Sərraf  Şiruyə  özündən  razı  olan  qələm 
əhli deyil. Həmişə böyük sənətkarlar  yaradıcılığına tənqidi 
nöqteyi-nəzərdən  yanaşıb. Təsadüfi deyil ki, bu tələbkarlıq 
Şiruyə  üçün  gözəl  sənət  nümunələri  yaratmağa  meydan 
verib.  Şiruyənin  poeziya  dili  aydın,  səlis,  oxunaqlıdır.  Bu 
aydınlıqdan  fəlsəfi  məntiq,  dərin  məzmun  oxucunu  daim 
düşündürür,  gözəlliyə,  səadətə,  ülvi  bir  məhəbbətə  qovuş-
durur.  
İnamla deyə bilərəm ki, uzun illərdən bəri şeirsevərlə-
rin  qəlbini  riqqətə  gətirən,  Vətən,  millət,  el-oba  təəssüblü 
şairimiz  Sərraf  Şiruyənin  “Könlüm  Göyçəni  istər”  şeirlər 
kitabı bundan əvvəlki  əsərləri kimi öz oxucularını sevindi-
rəcəkdir.  
“Könlüm Göyçəni istər”, 
Bakı, “Nurlan”, 2006-cı il 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin