ÖN SÖZ
Qarşımda Sərraf Şiruyənin seçilmiş əsərlərinin VII
cildinin kompüter yazısı durur. Əsəri başdan-ayağa oxuyub
qurtarmışam. Əsərlə üzbəüz dayanmışam. Fikir, xəyal məni
qoynuna alıb, bilmirəm haradan başlayım, necə başlayım.
Doğrusu bu əsər qarşısında özümü aciz və çox gücsüz he-
sab edirəm. Elə hesab edirəm ki, bu əsər bir universitetdir.
Mən isə bir abituriyent. Fikirləşirəm ki, bu universitetə ne-
cə daxil olum. Bu universitetin şöbələri də məni məndən
alıb. Hər şöbə bəşər tarixindən də qabağa başlayıb.
İmam Zaman Əlehissalamın zühuruna qədər nələr ola-
cağından xəbər verir. Dünya hikmətindən, həyat fəlsəfəsin-
dən, insanlıq aləmindən, Vətən, torpaq sevgisindən, insanlı-
ğın əməl və amalından daha nələrdən-nələrdən xəbər verir.
Elə bil anbaan insanı silkələyib oyadır, onu düzlüyə, haqqa,
ədalətə çağırır. Ona görə bu universiteti oxuyub başa vur-
maq böyük qəhrəmanlıqdır. Əgər oxumaq, oxuduqca məna-
ları anlayıb özünə dərs götürmək qəhrəmanlıqdırsa, onda
gör bu dərsi verən hansı qəhrəmanlığa layiqdir.
Burada yadıma şairin çoxdan əzbərlədiyim bir şeiri
düşür:
Mənim könlüm fəlsəfəmi,
Hər kimsənə qana bilməz.
Heç kimsənə mənim kimi,
Vətən, eli ana bilməz.
Yazılmışam sinəsinə,
Tarix məni dana bilməz.
103
Doğrudan da hər yetən Şiruyə fəlsəfəsini qana bilməz
və tarix də bunu dana bilməz.
İndi baxaq bu universitetin şöbələrinə; təcnislər, diva-
nilər, qoşmalar, məsnəvilər, təmsillər, üçlüklər, tək bəndlər,
qoşa sətirlər, müxəmməslər, kiçik həcmli poemalar, daha
neçə qeyri formalı şeirlər.
Bu yazıları oxuyub, hər sözün, hər sətirin hikmətinə va-
randan sonra Sərraf Şiruyəni mən bir bal arısı hesab etdim.
Özü də hər gün işlək olan bal arısı. Bu arı şanı elə doldurub
ki, bir zərrə yer boş qalmayıb. Dediklərimiz üçün şeirlərə
müraciət edək:
Könül quşum qonub bu sərvinaza,
Daha sevə bilməz özgə yar, ana.
Onun da ürəyi mənə bağlıdır,
İnana bilmərəm özgə yar ana.
(“Yarana” təcnisi)
və ya:
Neştər götür paxıl qəlbi ov, elə,
Sərt dalğa ol, sahilləri ov elə,
Ov edəndə bacar halal ov elə,
Cəsarətdə pələngə çək, şirə çək.
(“Şirə çək” təcnisi)
Başqa birisinə nəzər salaq:
Bədnəzər, bədnəfəs uzaşa məndən,
Düşəm nə qovğaya, nə qala, qala.
Sərraf nə qala-qala
Düşdüm nə qala-qala.
104
Sən eldən eylik götür
Yerdə nə qala-qala.
Tanrı yamanlardan özü qorusun,
Görüm nə bürc, hasar, nə qala-qala.
(“Nə qala-qala” təcnisi)
Eləcə də:
Təbiətin qoynundayam,
Təbiətdi atam indi.
Qış oğlum yəhərdən düşdü,
Bahar qızım ata mindi.
(“Ata mindi” təcnisi)
Səhər-səhər bağda gəzən
Bir yaqutdu, bir incidi.
İnci gözəl bəzənsə də,
Yaqut ondan birincidi.
(“Bir incidi” təcnisi)
Sərraf Şiruyənin I cild seçilmiş əsərləri təcnislərə və
cinas bayatılara həsr olunub. Bu kitabda verilən təcnislər
sonradan yazılanlardır. Gəlin fikir verək cinaslara, məna
verək sətirlərə, hər bir söz, hər bir sətir yerində işlənib, özü
də heç bir şərhə ehtiyac yoxdur. Adama elə gəlir ki, adi
sözlərdi, bunu hamı deyə bilər. Ancaq yada salaq ki, gəraylı
təcnis çox az-az şairin, aşığın yaradıcılığında təsadüf olu-
nur. Eləcə də cığalı təcnis.
Divanilər şöbəsi məni çox səmtə çəkir, dünya hikmə-
tinə, həyat fəlsəfəsinə, axirət aləminə, ərlərin-ərənlərin keç-
diyi ömür yoluna.
Dediklərimizdən nümunələr gətirək;
105
Ya Qəhhar, ya Qüddus, Bismillahir rəhmanir-rəhim,
“Allah Əkbər”, la şəriki haqdı dini Məhəmməd.
O, pənci ali-əba – hər iki dünya sərvəri,
Millətinə şəfadardı, məhşər günü Məhəmməd.
(“Məhəmməd” divanisi)
və ya:
Odu pambıqda gizləmə, tüstüsü göz çıxarar,
Yalançının adətidi, özündən söz çıxarar,
Ehtiyac odsuz, alovsuz canından köz çıxarar,
Qəza gəlib tutsa səni, zinətin əldən gedər.
(“Əldən gedər” divanisi)
Eləcə də:
Mərd igidlər meydan açar, igidlikdən san verər,
Hatəm əhli süfrə salar, halalından nan verər.
Ataların dür sözüdür, mən deyirəm, sən eşit:
Hiylə ilə mətləb uman, töhmət ilə can verər.
Bu yazıların sayını onlarla yox, yüzlərlə artırmaq olar.
Bundan ötəri gərək böyük bir kitab yazasan. Yazılan diva-
nilərin hər birinin də mövzusu, deyimi forması bir-birindən
tamam fərqli. Ancaq hamısı insanlığı, Vətən, millət, el sev-
gisini, həyat eşqini, bu dünya və axirət aləmini tərənnüm
edir, oxucunu silkələyib ayıldır.
Şeirin başqa növlərinə baxaq, görək Sərraf Şiruyə nə
deyib və necə deyir. Mən şeirləri şərh eləməyəcəm, ona
görə ki, Şiruyə elə sadə dildə, elə aydın yazıb ki, bunu hamı
başa düşə bilər, başa düşməyən varsa, onun da poeziyadan,
həyat hikmətlərindən deməli xəbəri yoxdur.
106
Vətənə keşik çəkib, oyaq olmamısansa,
Düşməni susduracaq yaraq olmamısansa,
El-obaya dar gündə dayaq olmamısansa,
Elin üstünə qayğın, azarın niyə düşsün?
Və ya
Xalq sevəni xaliq sevər, xalq xaliqdi, xalqa üz tut,
İgidlikdən başlanır xalq, xalqa çıraq, xalqa köz tut.
Xalq özünsən, ürəyində gümanını xalqa düz tut,
Onda xaliq, onda Vətən, onda cahan sevər səni,
Tarix yazar yaddaşına zaman-zaman sevər səni.
Eləcə də:
Eşqi, istəyimi – görən günəşin,
Bu qədər torpağı yandırır-yaxır?
Sevgi vəfasımı – odun, atəşin,?
Altında bu torpaq günəşə baxır.
Belə istəklisə bu günəş, bu yer,
Niyə soyuyurlar görəsən qışda?
Bu da bir möcüzə – di gəl cavab ver,
Bəlkə küsüşürlər yağmur-yağışda...
Yerlə göy məhəbbətini gör Sərraf Şiruyə necə verə bi-
lib. Bu sevgini, məhəbbət aləmini necə aça bilib. Yuxarıda-
kı şeirləri şərh etməyə mənə elə gəlir ki, ehtiyac yoxdur.
Qanan insanın oxuyub, özünə dərs götürməsi kifayətdir.
107
Sərraf Şiruyənin şəhidlər şahı İmam Hüseynə həsr elə-
diyi iki şeir tamamilə məni məndən alıb. Şiruyənin bu de-
yimlərinə heyran olmuşam, bu kimin ağlına gələ bilərdi.
Şiruyəyəm, Haqq bilir, günahımı, cəbrimi,
Taki görüm ağamı, bol eyləsin səbrimi.
Gen qazın, dolduracam göz yaşımla qəbrimi,
Mehdi zühurunadək ağlaram Hüseynimə.
Təkcə bu bir bənd böyük kitabın şərhidir. Fikir verin
şair deyir ki, mənim bu dünyada ağlamağım azdır, mən o
dünyada da Hüseyni ağlayacam, ona görə mənim qəbrimi
gen qazın ki, göz yaşımdan qəbir dolmasın. Taki Mehdiyəl
Sahibəl Zaman zühur edib İmam Hüseyni görənə kimi mən
ağlayacam, onu görəndə onu ziyarət edəcəm. İmam Hüseyn
aşiqi olan şair Sərraf Şiruyə İmamın başının səcdəsinə gə-
lənləri gör necə təsvir edir:
Bu gecə Hüseynimi görməyə Fəttah gələcək,
Babası ali-əba, ol Həbubullah gələcək.
Burada şair bütün peyğəmbərlərin, möminlərin hətta
mələklərin bu kəsilmiş başın səcdəsinə gəldiyini göstərir.
Şiruyənin başqa şeirlərinə nəzər salaq:
Sözü şəkər,
Özü şəkər,
Can alansan,
Desəm əgər –
bəs demə.
108
Şiruyəyəm,
Görüş alım,
Dodağından
Gülüş alım,
Qol dolayım
Gərdəninə,
Yanağından,
Öpüş alım –
bəs demə,
bəs demə.
Bax, budur eşq-məhəbbət, bax budur ülfət-ünsiyyət. Bu
şeirdə nələr deyilmir, oxucu özü görəcək.
Eləcə də:
Bəhsana ötürdüyüm,
Əbədi itirdiyim,
İllər məndən küsübdü.
Qolundan tutmadığım,
Hayına çatmadığım,
Ellər məndən küsübdü.
Üç sətir formasında yazılan bu şeirdə oxucu şairin daha
nələri, kimləri küsdürdüyünü çox yaxşı görəcəkdi.
Sərraf Şiruyənin təmsillərinə əl ataq:
Çoxlu görüb yalını,
Bir gün qudurdu köpək.
Azaltdılar yalını,
Sakit oturdu köpək.
109
və ya:
Bülbül oxuyan zaman,
Qurbağa quruldadı.
Dedi: – a bülbül qardaş
Baxma yerin ucadı.
Mənim səsim, zənguləm
Səninkindən şirindi.
Forması öz yerində,
Mənası da dərindi.
Tısbağa bacoğlunun
Sözünü təsdiq etdi.
Qurbağanın sözündən,
Bülbül yaralı getdi.
Portretlər şöbəsinə nəzər salaq.
I
Vəzifəyə qalxantək,
Qan uddurdu çoxuna.
Katibədən qeyrini,
Buraxmadı yaxına.
II
Vəzifəyə qalxantək
Eynək taxtı gözünə.
Durub güzgü önündə
Baxdı özü-özünə.
– Yada düşməmişəm mən
İndiyədək nə üçün,
Anam məni doğubmuş
Əsl müdirlik üçün.
110
I
Bir saçlı, şalvarlıya
Söz atırdı arxadan.
Dönüb baxanda gördü –
Bığıburma bir oğlan.
II
Söz atırdı arxadan –
Könlümün dildarıdı.
Baxışlar birləşəndə
Gördü qoca qarıdı.
(Şorgöz oğlanlara)
Külünü-zibilini,
Qonşu səmtə atardı.
Yatanda da acıqnan,
Özgə səmtə yatardı.
(Paxıl qonşu)
Əziz oxucum, doğrudan mən çətin halda qalmışam,
hansı bəndi oxuyuramsa ondan kömək istəmirəm. Deyimlər
aydın, forma gözəl, ləməklər hikmətlə dolu, şərhə nə ehti-
yac var. Sərraf Şiruyənin şeir şöbələri qurtarmır. Hamısı da
bir-birindən seçimli, bir-birindən deyimli.
Məsnəvi formasında deyilmiş şeirlərə baxaq:
Hamı incik qalıbdı,
Sən dünyaya gələndə.
Ananda alçalıbdır,
Sən dünyaya gələndə.
Niyə qız oldu – deyə,
Qohumlar ağız büzdü,
111
– Günahsız bir ananı,
Hamı ötəri süzdü.
Soruşmadı halını,
Qaynana, nə qaynata.
Dedi – çıxarın bunu
Bu evdən bir saata.
Gedin qaytarın geri
Molladan da nəziri,
Görüm lənətə gəlsin,
O ocağı, o piri.
(“Günahsız körpə” şeiri)
Və ya
Kim deyir ki, əyilməzəm,
Həqiqətə əyilənəm.
Gözəlliyə, ülviyyətə,
Sədaqətə əyilənəm.
Əyilməzəm – hər şöhrətə,
Əyilməzəm – güc-qüvvətə,
...Kərəm yanan, Əsli yanan,
Məhəbbətə əyilənəm.
(“Əyilənəm” şeiri)
Məni ən çox fikrə qərq eləyib, həyəcanlandıran şairin
fizika-riyaziyyat teorem və düsturlarını şeirlə verməsidir.
Bu böyük bir şöbədir, oxucular oxuyub görəcəklər. Tək
bəndlər, müxəmməslər şöbəsinə baş vurmaq istəmirəm.
Bunu oxucuların ixtiyarına verirəm. Fikirlərimi cəmləşdirib
belə demək istəyirəm: Allah Şiruyəyə öz qüdrətindən daha
çox pay verib. Şiruyə təpədən-dırnağa anadangəlmə şairdir.
Özü də Şiruyə yaradıcılığını təkcə aşıq yaradıcılığı ilə
112
bağlamaq əsla düzgün olmaz, çünki, Şiruyə böyük həcmli
iyirmiyə yaxın poemanın müəllifidir.
Şiruyənin əsərlərini oxuyanda özünü böyük hikmət
aləmində hiss edirsən. Özünün dediyi kimi:
Göz yaşımla yazdım əsərlərimi,
Hikmətlə bəzədim sətirlərimi.
Duyub, dərk etsəniz dediklərimi
Görərsiz zamanın Sədisi mənəm.
Mən, Şiruyəyə cansağlığı arzulayıram, bu sehrli qırx
otaqlı şöbənin bir neçəsinə baş vura bildim. Onların hamı-
sına baş vurmaq üçün təkrar-təkrar müraciət gərəkdir.
İnanıram ki, bu kitab oxucular üçün bir hikmət boğçası
olacaqdır.
113
Arif MƏMMƏDLİ,
Şair, publisist
HƏLƏ AYRILIQLAR SONA ÇATMAYIB
Yer kürəsində bir-birini təkrarlayan iki insan tapmaq
mümkün deyil. Ən oxşar talelərin belə fərqli çalarları möv-
cuddur. Bu müxtəlifliyə baxmayaraq hər kəs özü ilə maraq
dairələrində, ideya və düşüncələrində, həyata baxışlarında
bənzərlik olan insanları daha çox yaxına buraxır. Bəlkə ona
görədir ki, insanların çoxu hələ uşaqlığından istiqamətini
müəyyənləşdirir, seçimini edir.
Elə mən də taleyimin qisməti ilə kiçik yaşlarımdan
şairləri, yazıçıları özümə həmişə yaxın bilib, ömrümü poe-
ziyaya bağlamışam.
Bütün bunları səbəbsiz xatırlamadım. Şair dostum Qıl-
man İmanlı tanınmış şair Sərraf Şiruyənin “Ayrılığın sonu
varmış” kitabına ön söz yazmağı mənə təklif edəndə, bir
qədər tərəddüd etdim. Sonra fikirləşdim ki, şairi şəxsən ta-
nımasam da, onun şeirləri ilə tanışlığım 30-35 il əvvələ ge-
dib çıxır. El şənliklərində xanəndələrin, aşıqların oxuduqla-
rı qoşmaların, gəraylıların, təcnislərin möhürbəndində adı
çəkilən şair Sərraf Şiruyənin kitabına nə vaxtsa ön söz ya-
zacağım heç ağlıma da gəlməzdi. O, zaman şeirlərinin çapı-
na qadağa qoyulması, haqqında gəzən söhbətlər şairə mə-
həbbətimizi daha da artırırdı.
İndi isə Şərraf Şiruyənin böyük həcmli poeması qarşım-
dadır. Oxucunun poemayla tanışlığının ön sözdən başlanaca-
ğını nəzərə alıb üzərimə düşən missiyanın ağırlığını hiss edir,
məsuliyyətimi anlayıram. Amma, mütləq etiraf etməliyəm ki,
mənim məsuliyyətim tarixi bir mövzunu qələmə almaqla ulu
keçmişimizə bu günün baxış bucağından baxan, tarixi hadi-
114
sələrin poetik təsvirini verən, qəhrəmanları çətin sınaqlardan
keçirən şairin məsuliyyətindən qat-qat kiçikdir.
Məsuliyyətinin böyüklüyünü yaxşı başa düşən müəllif
ilk xeyir duasını da böyük Allahdan almaq istəyir və ilk di-
ləyini də ulu Tanrıdan diləyir:
Eşit mənim diləyimi, xəlq eyləyən kainatı,
Sən vermisən bu qisməti, bu bəxşişi, bu sovqatı.
Məni yolçu eyləmisən bu sənətin yollarına,
Köməyim ol, sinə gərim bu yolun zavallarına.
Mənə dözüm, mənə dil ver, mənə zəka, təfəkkür ver,
Söz mülkündən qismət elə – mənə gövhər, inci, dürr ver.
Yaxın uzaq keçmişimizin ağlı-qaralı, qalibiyyət, məğ-
lubiyyət dolu səhifələrini vərəqləyən şair ayrı-ayrı zaman
kəsiyində adları tarixin yaddaşına, həkk olunan qəhrəman-
ları xatırlayır, itirdiklərimizin qazandıqlarımızdan çox oldu-
ğuna təəssüflənir və hələ də gerçəkləşməyən arzularını dilə
gətirir.
“Ayrılığın sonu varmış” kitabı “Yurddan yurda gedən
köç” və “Qəm qatarı” hissələrindən ibarətdir. Birinci hissə-
də hadisələr Göyçə mahalında cərəyan edir. Burada Şah İs-
mayıl Xətainin Miskin Abdal ocağını ziyarət etməsi, Mur-
saqullar tayfasının həyat tərzi, tayfanın adlı-sanlı şəxsiyyət-
ləri haqqında məlumat, onların yurddan yurda köçünün üz-
ləşdikləri çətinliklərin, tarixi faktlara söykənən hadisələrin
təsviri öz əksini tapıb.
Erməni daşnaklarına və onların havadarlarına qarşı ar-
dıcıl mübarizə də əsərin əsas süjet xətlərindədir. Düşmən-
ləri məğlubiyyətə uğratmaq üçün ən azı yaxın regionlarda
qüvvələri birləşdirmək zərurəti yaranırdı. Laçında Sultan
bəyin başçılıq etdiyi dəstənin “Zabux” dərəsində ermənini qı-
rıb tökməsi səhnəsi oxucuda qürur və sevinc hissləri doğurur:
115
Qanlı dərə salmış düşməni tora,
Murdar ermənilər getmişdir gora.
Andranik qorxmuş öz həyatından,
Keçmiş bəyin paçasının altından.
Poemanın məzmununu bütövlükdə şərh etməyi qarşımıza
məqsəd qoymamışıq və buna ehtiyac da yoxdu. Sadəcə olaraq
baş qəhrəman Saleh və onun ətrafında baş verən hadisələrlə
oxucunun şəxsi tanışlığını vacib sayırıq. Əsərdə saf sevgi
duyğularına da geniş yer ayrıldığını xatırlatmaqla yanaşı, əzə-
li və əbədi düşmənlərimiz olan ermənilərin xəyanətlərinin qa-
bardılmasını xüsusi ilə yada salırıq.
“Qəm karvanı” hissəsində erməni məkiri nəticəsində həbs
olunan, sürgünə göndərilən Salehin ağır sınaqlara sinə gər-
məsi, ruhdan düşməməsi, sonda öz ailəsinə qovuşması inan-
dırıcı epizodlarla və uğurlu bədii vasitələrlə qələmə alınıb.
Yurddan yurda, hətta ölkələrdən ölkələrə köçlər, dözül-
məz məhrumiyyətlər, bir nəsil artımının qarşısını ala bilməyib.
Bu gün həmin nəslin, tayfanın timsalında Azərbaycan xal-
qının daim yaşayacağını, qurub yaradacağını və əcdadlarının
ruhu dolaşan dədə-baba torpaqlarında əbədi məskən salaca-
ğını dosta da, düşmənə də, xatırlatmaq müəllifin əsas məra-
mıdır. Kitabın adı da təsadüfi seçilməyib: “Ayrılığın sonu
varmış”.
Amma gərək unutmayaq ki, ayrılıqlar hələ sona çatma-
yıb. Qərbi Azərbaycandan, Qarabağdan, didərgin düşən
doğma yurd yerlərinin həsrəti ilə ürəkləri alışıb yanan in-
sanların bu ayrılıqları sona çatdırmağa inamları tükənməyib.
İnanırıq ki, biz də tezliklə şairin gəldiyi qənaəti təsdiqləyib
deyə biləcəyik: Doğrudan da ayrılığın sonu varmış...
“Ayrılığın sonu varmış”,
Bakı, “Nurlan”, 2006-cı il
116
Mütəllim HƏSƏNOV,
Şair, publisist
ÖN SÖZ
Azərbaycan xalqı zaman-zaman qüdrətli sənətkarları,
cəsur, vətənpərvər oğulları, müdrik ağsaqqal və ağbirçək-
ləri, qeyrət rəmzi qız-gəlinləri ilə fəxr etmiş, onları özləri-
nin həyat kredosuna çevirmişlər. İllər ötdükcə həmin şəx-
siyyətlərin həyatı sənətkarlarımızın nəzər-diqqətini cəlb et-
miş, bu Vətən oğullarının qısa ömür tarixçəsi poetik misra-
larda öz bədii həllini taparaq geniş oxucu auditoriyasının
ixtiyarına verilmişdir.
Mənsub olduğu xalqın mənəvi bütövlüyünü, əzmini,
dözümünü, düşmənə nifrətini, doğulub boya-başa çatdığı
yurda sevgisini, onun ağrılı-acılı, keşməkeşli, iztirablı gün-
lərini qələmə alıb gələcəyə ünvanlayan, duyğular səltənəti-
nə hakim kəsilən, poeziya arenasında öz sözü və yeri olan
Sərraf Şiruyə də məhz belə söz xiridarlarındandır.
Mən şair Sərraf Şiruyənin yaradıcılığı ilə çoxdan ta-
nışam, hələ kitablarını oxumazdan əvvəl, yaradıcılığından
eşitdiyim şeirlərdən onun böyük ilham və coşqu sahibi oldu-
ğunu dərk etmişəm. Bu gün də Sərraf Şiruyənin əsərlərini
oxumaqdan xüsusi zövq alıram. Sərraf Şiruyə sevilən, xoş-
bəxt şairlərdəndir. Bunun əsas səbəbi isə “adi əhvalatlarda
böyük həqiqətlər”i əks etdirmək gücünə malik olmasıdır.
Müəllifin yenicə araya-ərsəyə gətirdiyi “Oğul dağı”
poeması da, bir çox əsərlərində olduğu kimi tarixin ayrı-ay-
rı dönəmlərində yaşayan müxtəlif taleli insanların həyatına,
onların məişət tərzinə həsr edilmişdir. İki hissədən ibarət
olan bu əsərdə ucqar kəndlərdən birində – Xıdırlıda sakit
həyat şəraiti keçirən iki qardaşın, – müxtəlif xarakterli, eyni
117
taleli Cəmillə Temirin simasında şair öz əqidə və amalına
sadiq qalan, rus şovinizminin qurbanlarına çevrilən, qaran-
lıq zindan və sürgünlərin vahiməsi qarşısında qorxub çəkin-
məyən, iradəli Vətən oğullarının obrazını yaradır. Onların
həyatı nümunəsində XX əsrin əvvələrində xalqımızın başı-
na gətirilən faciələr ön plana çəkilir.
Əsərdə diqqət mərkəzində dayanan surətlərdən biri də
Xeyransa anadır. O, sanki dünyaya dərd çəkmək üçün gəl-
mişdir. Lakin içindəki məğrurluq, soy-kökünə bağlılıq,
paklıq və təmizlik onu gələcəyə ümidlə baxmağa çağırır.
Həyatı sıxıntılar içərisində keçsə də bədbinləşmir, əyilmir.
Temirin və Cəmilin övladlarına dayaq olur. Onların yolun-
da şam çırağa çevrilir. Cabbarın ölümündən sonra bir nəslin
həm ağsaqqalına, həm də ağbirçəyinə dönür, bütün keyfiy-
yətləri ilə Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazı
səviyyəsinə qədər yüksəlir.
Poemada bir nəslin keçmişinin və bugününün canlı və
rəngarəng bir dillə təsvir edilməsi, müxtəlif zaman kəsiyin-
də onların uğur və müvəffəqiyyətlərinin təsviri əsəri daha
da oxunaqlı edir. Böyük məhəbbətlə yazılmış “Oğul da-
ğı”nın sevilməsinə inanıram. Çünki əsərdəki hadisə və ob-
razlar həyatidir. Poemada kənd lövhələri, insanların qurub-
yaratmaq eşqi, bir kəndin adət-ənənələri, etnoqrafiyası da
qısa və tutarlı bir dillə oxucuya çatdırılır.
Məlumdur ki, repressiya qurbanları, onların ailələrinin
sonrakı taleyi haqqında ədəbiyyatımızda bir çox bədii və ta-
rixi əsərlər yaradılmışdır. Sərraf Şiruyənin gərgin əməyinin
məhsulu olan “Oğul dağı”nın da bu seriyaya daxil olan tək-
rarsız və bənzərsiz bir mənbə olacağı təkzibedilməzdir.
Kitabda verilmiş “Ayrılığın sonu varmış” poemasında
da bir nəslin keçdiyi şərəfli yoldan, onların qarşılaşdığı,
məruz qaldığı “Qırmızı terror”un acı nəticələrindən bəhs
118
edilir. Lakin mövzu yaxınlığı olmasına baxmayaraq “Oğul
dağı” əsəri ilə “Ayrılığın sonu varmış” poemaları ayrı-ayrı-
lıqda təkrarsızlığı ilə diqqəti çəkir. Epik-lirik təsvirlərlə
zəngin olan “Ayrılığın sonu varmış” poemasında “Mursa-
qullar” tayfası, onların keçdiyi ağrılı-acılı həyat yolu, bütün
çətinliklərə baxmayaraq bu nəslin hər cür çətinliklərə sinə
gərərək yaşamaq və yaşatmaq ehtirası poetik bir dillə qə-
ləmə alınır. Şair öz fikrini oxucularına daha ətraflı çatdır-
maq üçün bəzən lirik ricətlərdən də istifadə etməyi unut-
mur. Əsərin əvvəlində Səfəvilər dövrünə ekskurs edən
müəllif Şah İsmayıl Xətainin Göyçəyə gəlməsini, Miskin
Abdalla görüşüb ona canişinlik verməsini tarixi faktlar əsa-
sında qələmə alır. Şura dövrünə qədər davam edən bu cani-
şinliyin son varisi Böyük Ağanın bu ocağa bağlılığını, Ça-
xırlı (Qızıl bulaq) kəndində hamı tərəfindən sevilməsini,
türkqanlı, türkcanlı olduğuna görə ermənilər tərəfindən zə-
hərlənib öldürülməsini həyati lövhələrlə əks etdirir.
Şair bütün bunlardan əsl məqsədinə nail olmaq üçün bir
ədəbi fənd kimi istifadə edir, söhbəti birbaşa Mursaqullar
tayfasının təsvir və tərənnümünə yönəldir. Tanrı adamı olan
iki qardaşın, – Yavıx və Mursaqulun həyat tarixçəsini və-
rəqləyir. Dövrün adət-ənənələrinə uyğun olaraq Mursaqul
kişi öz oğluna da bu adı verir. Əsəri oxuyarkən görürük ki,
bu nəsildə sonralar dünyaya gələn bir oğlan uşağını da bu
adla çağırırlar. Əsərdə müəllif onu Musa kimi təqdim edir.
– Oxucum, üçüncü Mursaquldu bu,
Atasının xidmətində quldu bu.
Musa deyəcəyik bu Mursaqula,
Hər an çıxacağıq onunla yola.
Musanın gəncliyi mənfur qonşularımızın işğalçılıq si-
yasətinin vüsət aldığı, türklərin daşnaklar tərəfindən şər-
119
lənərək həbs edildiyi, günahsız yerə öldürüldükləri bir döv-
rə təsadüf edir. Erməni vəhşiliyi ölkədə baş alıb gedir. Öz
ağalarına
1
güvənən bu quldurların qansızlığını göstərmək
üçün şair Aşıq Nəcəfin və oğlanlarının öldürülməsini ya-
nıqlı, ürəkləri göynədən bir dillə qələmə alır. Bunula ermə-
ni məkrindən didərgin düşüb başqa mahal və kəndlərə
köçənlərə haqq qazandırmağa çalışır. Əsərdə verilmiş belə
səhnələr istər-istəməz oxucunu XX əsrin əvvəllərindən bu
günə gətirir. Bu zaman kəsiklərində hadisələrin oxşarlığı,
tarixin yenidən təkrarlanması onları narahat etməyə bilmir.
Musa (Mursaqul) da öz uşaqlarının taleyindən narahat oldu-
ğu üçün Toğlucaya köçmək məcburiyyətində qalır, burada
yaşayır. Övladlarını igid və cəsur insanlar kimi böyüdür.
Əsərdəki obrazlardan biri də Mustafadır. O, Musa kişinin
ömür davamı, “Mursaqullar” tayfasının ağsaqqallarından bi-
ridir. Hörmət, izzət sahibi, sözükeçəndir. Dostluğa sədaqət-
liyi ilə yadda qalır. Bu nüans onun Hacı Rəhim Şəfi oğlu ilə
münasibətlərində daha qabarıq görünür. O Hacı Rəhim ki,
erməni generalı Selikovun başını “uf” demədən kəsmişdi.
Əsəri oxunaqlı edən səhnələrdən biri də nəslin ağsaq-
qallıq estafetini Mustafanın ölümündən sonra davam etdi-
rən Salehin başına gələn macəralardır. Bu mənada əsərdəki
Saleh-Leyla, Saleh-Tərlan, Saleh-Cəfər, Saleh-İsmixan,
Saleh-Samson kimi süjet xətləri əsərin daha canlı, emo-
sional və yaddaqalan səhnələrdir. Müəllif Leyla və Tərlan
obrazları ilə əsl Azərbaycan qadınlarına xas olan keyfiy-
yətləri, onların mənəvi bütövlüyünü, tamlığını gələcək
nəsillərə örnək səviyyəsində göstərməyi bacarır. Leyla ölər-
kən belə Salehin Sibir sürgünündən sağ-salamat dönəcəyi
inamı ilə ərindən yadigar qalan papağı ona göstərib deyir:
1
Rus imperiyasına.
120
– Deyir, daha ömrüm yetişir sona,
Məni həsrətlitək ağlayın, doyun.
Papağı sinəmin üstünə qoyun.
Üstündən çəkdirin bax bu kəfəni.
Sonra axirətə göndərin məni.
“Mursaqullar” tayfası həyatda bir çox fəlakətlərlə üz-
ləşsə də, bütün maneələri dəf edir. Saleh sürgündən qayıdır.
Nəslin bütün üzvləri firavan həyat sürməyə başlayır. Əsər
nikbin bir finalla başa çatır.
“Ümid adlı yol yoldaşı ilə yola çıxıb, inam adlı bələd-
çisinə” arxalanan şairin yaradıcılığında “Loğman dağı”
poemasının da müstəsna yeri vardır. Əsər tanınmış cərrah-
travmatoloq Bəxtiyar Namaz oğlu Əsgərovun həyat və
fəaliyyətinə həsr edilmişdir.
Poemada Fədainin Bəxtiyarından tutmuş şair Bəxtiyara
qədər Bəxtiyarlardan hörmətlə söz açan şair, nəhayət sözü
“Hippokrat andı”na sadiq, xəstələrin sevimlisi, nur dolu
ürək sahibi B.N.Əsgərovdan söz açır, onun orta məktəb,
institutut illərindən ehtiramla danışır. Qəhrəmanını novator
həkim, gözəl ailə başçısı, gözü-könlü tox bir insan kimi
təqdim edir. Antipodlara qarşı mübarizədə həyat sınağından
alnıaçıq, üzüağ çıxır. Müəllif əsərin qəhrəmanı Bəxtiyarı
fərdiləşmədən daha çox ümumiləşdirilmiş surət kimi verə-
rək eyni zamanda təmiz vicdanlı, elmli, savadlı, intellektual
səviyyəli ağ xalatlı həkimlərimizin bədii obrazını yaradır.
Hər üç əsərdə müəllif incə insan hisslərini dərin və
səmimi bədii obrazlar vəsitəsi ilə verir, xalq həyatını canlı,
təbii boyalarla əks etdirir.
İnanıram ki, gələcəyə ünvanlanan hər üç əsər oxucular
tərəfindən rəğbətlə qarşılanacaq, Şiruyəsevənlər ondan çox
şey öyrənəcəklər.
“Seçilmiş əsərləri”, III cild (Poemalar),
Bakı, “Nurlan”, 2008-ci il
|